14.04.2013

Azərbaycan Cəlairilərin hakimiyyəti altında.

    Cəlairilər hələ XIII əsrin ortalarında Hülaku xanın Yaxın şərq ölkələrinə yürüşündə iştirak etmiş, Cənubi Qafqaza gəlmişdilər. Onların nümayəndələri Hülakular dövlətinin hərbi və inzibati idarələrində xidmət etmişlər. Şeyx Həsən Cəlairi XIV əsrin birinci rübündə Rumda hakim idi. O, 1336-cı ildə Oyrat qəbiləsindən olan Əmir Əli Padşahı və onun taxta çıxardığı Musa xana qalib gələrək, Hülaku Məhəmməd xanı Rumda padşah elan etdi və bir müddətdən sonra Təbrizə daxil oldu. O, Azərbaycanı və İraqı öz hakimiyyəti altında birləşdirdi. 1338-ci ildə şeyx Həsən Cəlairi daha qorxulu rəqiblə - şeyx Həsən Çobani ilə qarşılaşmalı oldu. Həmin ilin iyul ayının 17-də Çobanilərlə vuruşmada məğlub olmuş şeyx Həsən Cəlairi Sultaniyyənin hakimi kimi tanındı.

O, bir müddətdən sonra Xorasan əmirləri ilə ittifaq bağladı, Toqa Teymur xanı padşah elan etdi və Çobanilərə qarşı mübarizəni gücləndirdi. şeyx Həsən Cəlairi 1339-cu ildə Bağdada çəkilərək Toqa Teymuru hakimiyyətdən məhrum etdi, onun əvəzinə Keyxatu xanın nəslindən olan Cahan Teymuru hakimiyyətə gətirdi. 1340-cı ildə şeyx Həsən Cahan Teymuru taxtdan saldı, özünü padşah elan etdi və beləliklə, Bağdadda Cəlairilər dövlətinin əsası qoyuldu. şeyx Həsən Cəlairi Azərbaycana olan iddialarından əl çəkməmişdi. Onun 1340, 1341 və 1344-cü illərdə Azərbaycanı ələ keçirmək cəhdləri boşa çıxdı. Azərbaycan ərazisi şeyx Həsən Cəlairinin ölümündən sonra, 1359-cu ildə onun oğlu şeyx Üveys tərəfindən Cəlairilər dövlətinin tərkibinə daxil edildi. Çobani əmirlərinin bir hissəsi Naxçıvana toplaşdı və sonradan Əxicuğun başçılığı altında birləşib Arrana gəldi, burada məskən saldı. Onlara qarşı göndərilən Cəlairi qoşunu Əmir Piltənin xəyanəti nəticəsində məğlubiyyətə düçar oldu. Şeyx Üveys Bağdada doğru geri çəkildi. Təbriz yenidən Əxicuğun ixtiyarına keçdi. 1359-cu ilin payızında Fars hakimi Məhəmməd Müzəffər Azərbaycana hücum etdi və Təbrizə daxil oldu. Lakin bir həftədən sonra ġeyx Üveys yenidən Azərbaycana gəldi və Təbrizi tutdu. Beləliklə, Azərbaycan Cəlairilər dövlətinin tərkibinə daxil oldu. Cəlairilər dövlətinin ərazisi Azərbaycan, İraq-i Ərəb, İraq-i Əcəm, Gürcüstan və Ermənistanı əhatə edirdi. Şeyx Üveys dövründə Azərbaycanın təsərrüfat və mədəni həyatında nəzərəçarpacaq canlanma baş verdi. Suvarma kanalları çəkildi, memarlıq abidələri inşa olundu, kənd təsərrüfatını inkişaf etdirmək üçün müəyyən Şərait yaradıldı. Lakin ölkədə vaxtaşırı olaraq üsyanlar baş verir, qiyamlar qalxırdı. 1364-cü ildə Şirvanşah Kavus Cəlairilər dövlətinə qarşı çıxdı və müstəqillik uğrunda mübarizəyə başladı. Bu dövrdə Cəlairilər dövlətinin digər hissəsində - Bağdadda da qiyam baş verdi və buna görə şeyx Üveys ġirvana səfərini təxirə saldı. O, Bağdada getdi və qiyamı yatırdı. Şeyx Üveysin Bağdadda olmasından istifadə edən Şirvanşah Kavus iki dəfə Qarabağa gəldi və əhalinin bir hissəsini (Şirvanın işçi qüvvəsinə olan ehtiyacını ödəmək məqsədilə Şirvana köçürdü. Cəlairi qoşunu Bayram bəyin başçılığı ilə 1367-ci ildə Şirvana daxil oldu və 3 ay ərzində Şirvanda qaldı. Kavus ölkənin vəziyyətini nəzərə alıb Cəlairilərlə danışıqlara başladı. Bayram bəy Şirvanı ələ keçirdi və Kavusu sultanın hüzuruna apardı. Lakin 3 aylıq həbsdən sonra Şeyx Üveys onu yenidən Şirvana hakim təyin etdi. Şeyx Üveysin ölümündən sonra hakimiyyət onun oğlu Sultan Hüseynə (1374-1382) qismət oldu. Cəlairilər dövlətinin daxilində feodal özbaşınalığı gücləndi. Şirazda Şah Şüca, Diyarbəkirdə Qaraqoyunlu Qara Məhəmməd Cəlairilərin hakimiyyətini qəbul etmədilər. Şah Şüca 1376-cı ildə Cəlairi qoşununu məğlubiyyətə uğratdı və Təbrizə daxil oldu. Təbriz şəhəri 4 ay müddətində onun əlində qaldı. Lakin şah Şüca vaxtının çox hissəsini eyş-işrətə sərf etdi, dövlət işləri ilə məşğul olmadı. 0, 1377-ci ildə Azərbaycana qayıtmış Sultan Hüseynə qarşı dura bilmədi və Şiraza döndü. Ucanda keçirilmiş qurultayda Qaraqoyunlu Bayram Xacəyə və Qara Məhəmmədə qarşı mübarizə aparmaq qərarına gəlmiş Cəlairilər yürüşə başladılar və onları itaətə cəlb etdilər. Lakin buna baxmayaraq, Cəlairilər dövləti ərazisində feodal müharibələri kəsilmədi. 1378-ci ildə Bağdad əmirləri mərkəzi hakimiyyətə qarşı çıxdılar, 10 minlik ordu ilə soltanın yay iqamətgahı olan Ucan şəhərinə hücum etdilər. Cəlairi qoşunu vaxtında düşmənin qarşısını aldı və onu məğlubiyyətə uğrada bildi. Azərbaycanı tutmaq niyyətlərindən əl çəkməyən Şiraz hakimi şah Şüca 1381-ci ildə yenidən Təbrizə tərəf irəlilədi. Lakin o, tezliklə ġiraza qayıtmalı oldu. Vəziyyəti sabitləşdirmək, getdikcə artan dövlət xərclərini ödəmək üçün Sultan Hüseyn əhalinin üzərinə vergilər qoydu və varlılardan böyük məbləğdə pul aldı. Vilayət hakimləri, dövlət məmurları və vergi toplayanlar lazımi dövlət nəzarətinin olmaması üzündən əhalini hər vasitə ilə talamağa başladılar. Bu hal xalq kütlələri arasında narazılığın artmasına səbəb oldu. Sultan Hüseynin qardaşı Sultan Əhməd oturaq əhalinin və yerli feodalların narazılığından istifadə edərək hakimiyyətə yiyələnməyə səy göstərdi. O, 1382-ci ildə Muğana və Arrana getdi, tez bir zamanda xeyli qoşun topladı və Təbrizə tərəf irəlilədi. Əhməd qardaşını öldürərək taxtda oturdu və 1410-cu ilə qədər (fasilələrlə) Azərbaycanda hökmranlıq etdi. Sultan Əhmədin hakimiyyətə gəlməsi dövlətin siyasi və iqtisadi həyatında əhəmiyyətli dəyişiklik əmələ gətirmədi. Feodal müharibələri davam edirdi. Sultan Əhmədin qardaşı Sultan Bayazid Təbrizdən qaçdı və Sultaniyyə hakimi olan Əmir Adilin yanına getdi. Adil vəziyyətdən istifadə edərək Bayazidi sultan elan etdi və Təbrizə tərəf irəlilədi. Sultan Əhməd Əmir Adilə müqavimət göstərmək iqtidarında olmadığı üçün Naxçıvana gəldi. Əmir Adil Təbrizə daxil olduqdan sonra Sultan Əhmədi təqib etdi. Lakin onun bir sıra əmirləri Əhmədin tərəfinə keçdilər. Buna görə də Adil Təbrizi tərk edərək geri qayıtdı. Şəhər yenidən Əhmədin ixtiyarına keçdi. Lakin Sultan Əhməd bu dəfə Təbrizdə çox qala bilmədi. Onun ikinci qardaşı Bayazid ġeyx Əli və Əli Barəkin başçılıq etdikləri Bağdad qoşunu ilə birlikdə Azərbaycana soxuldu. Sultan Əhməd Ucana getdi və ordu tədarükü ilə məşğul oldu. Buna baxmayaraq, Sultan Əhməd hərbi qüvvələrə, xüsusilə əmirlərə etibar etmədi. Buna görə də o, Naxçıvana gəldi və Qaraqoyunlu Qara Məhəmmədlə ittifaq bağlayaraq onun qoşunu ilə Bağdad əmirləri üzərinə hücuma keçdi. Tərəflər arasında baş vermiş vuruşmada Şeyx Əli və Barək öldürüldülər, Sultan Əhməd isə Təbrizə qayıtdı. Beləliklə, İraq-i Ərəb yenidən Sultan Əhmədin ixtiyarına keçdi. Tezliklə Sultan Əhməd üçüncü dəfə Təbrizi tərk etməli oldu. Adillə Sultan Bayazidin Təbrizə yürüş etdiklərini eşitmiş Əhməd Qarabağa gedib Muğanda Şirvanşah Huşənglə ittifaq bağladı. Adil və Sultan Bayazid Muğana gələrək Sultan Əhmədə qarşı vuruşdular. Şirvanşah Huşəng qardaşlar arasında danışıqlar aparılmasına nail oldu. Qarşılıqlı razılığa əsasən Azərbaycan (Kürdən cənuba) Sultan Əhmədə, İraq-i Əcəm Sultan Bayazidə verildi. İraq-i Ərəb isə hər iki qardaşın nümayəndələri tərəfindən idarə olunmalı və bölgənin gəliri iki yerə bölünməli idi. Lakin belə bir şərt Əmir Adili qane etmədi. O öz əmirlərini Bağdada göndərdi və şəhərin idarəsini əlinə aldı. Sultan Əhməd Bağdada yürüş təşkil edib, Adili oradan qovdu və Təbrizə qayıtdı. Lakin Adil Təbrizə yürüş edib şəhəri ələ keçirdi. Sultan Əhməd Marağaya çatarkən Adil güclü qoşunla onun qarşısına çıxdı və Neylan adlı yerdə tərəflər arasında vuruşma baş verdi. Tərəflərdən heç biri qələbə əldə etmədi. Adil Sultaniyyəyə, Əhməd isə Marağaya getdi. Adil Müzəffərilər sülaləsindən olan ġah ġüca ilə ittifaq bağlayaraq yenidən Sultan Əhmədin üzərinə yürüş təşkil etmək fıkrinə düşdü, lakin öz məqsədinə nail ola bilmədi. Əhməd onların ittifaqını vədlərlə pozaraq, şah Şücantı öz tərəfinə cəlb edə bildi. Sultaniyyə Bayazidin ixtiyarına keçdi. Lakin onun özbaşınalığı Şəhərdə narazılığa səbəb olduğu üçün Sultan Əhməd buraya gəldi və şəhəri döyüşsüz ələ keçirdi. Beləliklə, Cəlairilər dövlətinin bütün ərazisi 1384-cü ildə yenidən Əhmədin hakimiyyəti altında birləşdi. Mərkəzi Orta Asiyada olan Teymur imperiyasının yaranması və onun qonşu ölkələrə hücumu, Qızıl Orda xanı Toxtamışın Azərbaycanı ələ keçirmək cəhdləri ölkənin vəziyyətini daha da gərginləşdirdi. Nəticədə Azərbaycanın əsas ərazisi Cəlairilər dövlətinin nüfuz dairəsindən çıxdı və Sultan Əhmədin vaxtaşırı cəhdlərinə baxmayaraq, müxtəlif zamanlarda Teymurilərin, bir sıra yerli feodallarının və Qaraqoyunluların sərəncamında oldu. Cəlairilər də bir neçə dəfə Azərbaycana yürüş edərək, Təbrizdə hakimiyyəti ələ aldılar. Əlincə qalası uzun müddət Cəlairi şahzadələrinin əlində qalsa da, onlar 1386-cı ildən Teymurun ölümünədək (1405) Azərbaycanda öz siyasi qurumlarını bərqərar edə bilmədilər.

Mənbə: "AZƏRBAYCAN T A R İX İ "XIII-XVIII əsrlər 
               III cild.