04.02.2013

Buğurd qalası

HÜSEYN CIDDI
ORTA ƏSR ŞAMAXI ŞƏHƏRİNİN
MÜDAFİƏ İSTEHKAMLARI VƏ
BUĞURT QALASININ TİKiLMƏSİ ZƏRURƏTİ

Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində dəniz sahilindən 749 m hündürlükdə yerləşən Şamaxını şərqdən Pirsaat çayı, şimal və şimal-qərbdən
Pirdirəyi və Qız qalası dağları, qərbdən Xınıslı kəndi və Meysəri dağı, cənubdan Zoğalavay çayı əhatə edir. Şamaxı dağlıq rayonda yerləşdiyi üçün onu ətraf
sahələrdən də müxtəlif dağ silsilələri əhatəyə almışlar.


Şimal və şimal-qərb tərəfdən Binaslı, Tənə, Niyaldağ və Fitdağ silsilələri, qərb, cənub-qərbdən Ləngəbiz dağı ilə yanaşı Ağsunun uçurumları şəhərin ətraf təbii maneələri hesab edilir. Müxtəlif hündürlüklərə malik olan bu dağlardan axan çaylar, saysız-hesabsız şirin bulaqlar ən qədim dövrlərdən bu ərazidə insan yaşayışı üçün şərait
yaratmışdır. Təsadüfi deyildir ki, Şamaxı ərazisinin hər guşəsində zəngin mədəniyyət qalıqlarına, vaxtilə əzəmətli bürcləri buludlara çatan qalalara, müxtəlif
türbə və məqbərələrə rast gəlmək olar. Arxeoloji tədqiqatın nəticələri hələ 2500 il bundan əvvəl Şamaxının indiki ərazisinə yaxın yerlərdə şəhər həyatına müvafiq yaşayış olmasından xəbər verir. Məhz buna görə də tədqiqatçılar antik ədəbiyyatda adı çəkilən “Kemaxeya”nın Şamaxı olduğunu söyləyirlər.
Tovusun gözəl qanadları başına bəla olduğu kimi Şamaxının da zəngin təbii şəraiti, sərvəti və əlverişli coğrafi mövqeyi onu tarix boyu işğalçıların hücumuna
məruz qoymuşdur. Bir zaman Sasani şahlarının mərzbanları bu ərazinin strateji əhəmiyyətli nahiyələrini özlərinin müdafiə məntəqəsinə çevirmiş, sonra ərəb
canişinləri Şamaxını hərbi idarəedici mərkəz etmişlər. Sasanilər öz imperiyasını qorumaq məqsədi ilə Şirvan ərazisində bir sıra müdafiə istehkamları tikmişlərsə,
ərəb canişinləri həmin istehkamların bəzisini bərpa və təmir etməklə kifayətlənmişlər. Sonrakı dövrlərdə yerli feodal dövlətlərinin yaranması ilə əlaqədar bir sıra müdafiə qalaları, o cümlədən Buğurt qalası tikilmişdir. Həmin istehkamların meydana çıxması zərurətini aydınlaşdırmaq üçün dövrün qısa tarixi icmalını nəzərdən keçirmək lazımdır.Ərəb işğalı ərəfəsində Şirvan hökmdarı Şəhryar idi. O, işğalçılara qarşı müqavimət göstərmiş, nəhayət, bac verməmək şərti ilə təslim olmağa razılıq vermişdir. VII-VIII əsrlərdə ərəb işğalına qarşı mübarizə davam etmiş, nəhayət, bu mübarizə IX-X əsrlərdə xilafətə qarşı müstəqil feodal dövlətlərinin yaranması ilə nəticələnmişdir. Bu dövrdə Şamaxı Azərbaycanın mədəniyyət mərkəzlərindən biri
idi. Bəzi mənbələrdə X-XI əsrlərdə «Yəzidiyyə» Şirvanın mərkəzi kimi göstərilir.Tədqiqat nəticəsində məlum olmuşdur ki, Şamaxı həmin dövrdə məzyədilər
sülaləsinin banisi Yəzidin şərəfinə «Yəzidiyyə» adlanmışdır. Məzyədilər xəlifə Hərun Ərrəşid tərəfindən Azərbaycan və Ermənistanın hakimi təyin edilmiş Yəzid ibn Məzyəd Şeybani nəslindən idi. 861-ci ildə bu
sülalədən olan Haysam ibn Xalid, xilafət əleyhinə baş verən üsyanlardan və xəlifə Mütəvəkkilin ölümündən istifadə edərək özünü müstəqil elan edir. Onun
canişinləri də həmin yolu davam etdirirlər. Bu dövrdə Yəzidiyyə-Şamaxı karvan yolları üzərində məzyədilərin idarəedici mərkəzi kimi inkişaf etməkdə olan feodal
şəhəri idi.X-XI əsrlərdə Şirvan ərazisi şimaldan Sərir və Şandan tayfalarının,cənubdan deyləmilərin hücumuna məruz qalır. Bundan başqa Şirvanşah sarayında
ərəb təsirinə qarşı vəzir Əl-Mərağinin başçılığı altında kəskin mübarizə gedir. XI əsrin II yarısında Səlcuq türklərinin təhlükəsi meydana çıxır.Beləliklə, bir tərəfdən Şirvan hökmdarlarının xilafətə qarşı istiqlaliyyət
meylləri, digər tərəfdən Şirvan ərazisinə müxtəlif tayfaların hücum təhlükəsi,habelə hakimiyyət uğrunda gedən daxili mübarizələr şirvanşahları ehtiyatlı olmağa,
özlərini xarici və daxili düşmənlərdən qorumaq üçün müdafiə istehkamları tikməyə məcbur edirdi. Təsadüfi deyil ki, həmin dövrdə Şirvanşah Qubad, «Yəzidiyyənin»
ətrafına daşla hörülmüş divar çəkdirir. Arxeoloji qazıntılar zamanı Şamaxı ərazisində həmin divarın izləri aşkar edilmişdir. 2,5 m enində olan bu divar
təqribən dairəvi formada şəhərin mərkəzi hissəsini əhatə etmişdir. Şübhəsiz təkcə«Yəzidiyyə» istehkamı Şirvan hökmdarlarını qeyd etdiyimiz daxili və xarici
düşmənlərdən qoruya bilməzdi. Məhz belə bir tələbat Şamaxı yaxınlığında Gülüstan kimi möhkəm bir qalanın meydana çıxmasına şərait yaradır.Mənbələrdən aydın olur ki, IX-XI əsrlərdə «Yəzidiyyə»-Şamaxı Gülüstan
qalası ilə müdafiə olunurdu. Arxeoloji tədqiqatın nəticələri bu dövrdə həmin qalanın mövcud olduğunu söyləməyə imkan verir1. Şəhərin şimal-qərbində ətraf
sahədən 200 m hündürlükdə sıldırım qayalı bir dağın zirvəsində tikilən bu qala hələ XI əsrin əvvəllərində Şirvanşah Yəzid ibn Əhmədin sarayında baş
verən çəkişmələrdə oğlu Ənuşirəvanın müdafiə məntəqəsi rolunu oynamışdır. Bu dövrdə Gülüstan qalası təkcə müdafiə istehkamı deyil, Şirvan hökmdarlarının iqamətgahı idi. Bunu 1067-ci ildə Şirvanşahın xalası Şəmkuyənin Gülüstan
qalasında ölməsi faktı sübut edir.XII-XIII əsrlər Şamaxının orta əsr həyatının çiçəklənməsi dövrü hesab
edilir. Bu dövrdə Şamaxı Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən biri idi.Fələki, Xaqani, Zülfüqar Şirvani kimi sənətkarlar məhz bu dövrdə Şamaxıda yaşamış, öz ölməz əsərlərini yaratmışlar. Həmin şairlərin əsərlərində Şamaxıhaqqında qiymətli məlumatlara rast gəlmək olur. Məsələn, Xaqani1 ikinci
Mənuçöhrə həsr etdiyi tərifnamədə Şirvanşahı Ceyhun qüdrətli bir hökmdar kimi təsvir edib, onun dövründə Şamaxının Səmərqənd ilə bir cərgədə getdiyini və
Buxaranı ötdüyünü belə ifadə etmişdir:
Ceyhun kimi qüdrətlisən,
Seyhun kimi şöhrətlisən,
Bizim bu doğma Şirvanı,
Səmərqəndə çevirmisən.
Buxaraya deməliyəm,
Rövnəqini itirmisən.
XII əsrin əvvəllərində Şirvan dövləti cənubdan Səlcuq, qərbdən Aran,şimaldan isə gürcü və onlarla ittifaqa girmiş qıpçaq ordularının vaxtaşırı hücumlarına məruz qalır. Şirvan hökmdarları, xüsusilə II Mənuçöhr (1120-1149)həmin qüvvələr arasında olan ziddiyyətdən istifadə edərək gah gürcülər vasitəsilə səlcuqları, gah da səlcuqlar vasitəsilə gürcüləri Şirvandan qovaraq XII əsrin
ortalarında Şərqin qapısında qüdrətli bir hakimiyyət yaradır. Bu dövrdə Şirvanşahın sarayında olmuş Fələki II Mənuçöhrü dövrün qüdrətli hökmdarı kimi belə tərif etmişdir:
Hər yanda ordusu hazır durmuşdur.
Zəfər qoşunları çadır qurmuşdur.
O qədər səndə var ayıqlıq, diqqət
Ki, şahin kəkliyə verməz əziyyət.
Himayətin olmuş belə bir dayaq,
Ki, şir ata bilməz ceyrana dırnaq.
Bu şerdən aydın olur ki, XII əsrin əvvəllərində Şirvan dövləti ölkəyə tam hakim bir vəziyyətdə idi. Məhz buna görə Şirvanşah II Mənuçöhrə Xaqani-kəbir ləqəbi verilmiş idi. Tədqiqatçılar təsdiq edirlər ki, Xaqan ləqəbi orta əsrlərdə başqa dövlətlərdən asılı olmayan hökmdarlara verilirdi. Bunu həmin dövrdə Şirvanşahın
adına kəsilmiş sikkələr və yerlərdə oxunan xütbələr də təsdiq edir.II Mənuçöhrün oğlu Axsitan dövründə cənubdan Eldəgizlər dövlətinin,şimaldan Gürcüstan dövlətinin qüvvətlənməsi ilə əlaqədar Şirvan dövləti zəifləyirvə asılı vəziyyətə düşür. Əlbəttə bu vəziyyət Axsitanın hakimiyyətinin (1149-1203)son dövrünə aiddir. Onun hakimiyyətinin ilk dövrlərində Şirvan dövləti qüdrətli olmuşdur. Bu dövrdə Xaqani Axsitan haqqında belə yazırdı:
«Ey Mənuçöhr! Başını torpaqdan qaldır,
Əbülmüzəffərin iqbalını və yeni Şirvanı gör.
Bu elə bir dövlətdir ki, hər saatda.
Yeni qələbə və müvəffəqiyyət əldə edir».
Xaqani hətta başqa bir şerində Axsitanı xəzərlər və alanlara qarşı mübarizədə qalib bir hökmdar kimi göstərərək Abxaz və Rumu fəth etməyə hazırlaşdığını açıq elan edir:«Hamı belə dedi ki, 580-ci: 1184 ildə
Abxazı ələ keçirərsən, Rumu isə fəth edərsən».
XII əsrdə Şirvanda qüdrətli dövlətin yaranması iqtisadiyyatın inkişafına da böyük təsir edir. Arxeoloji qazıntıların nəticələri göstərir ki, XII əsrdə Şamaxı
dövrün mühüm sənətkarlıq mərkəzlərindən biri olmuşdur. Bu dövrdə Şamaxıda Azərbaycan orta əsr şəhərlərinə xas olan müxtəlif sənət sahələri, o cümlədən
dəmirçilik, dülgərlik, misgərlik, sümük işləmə, şüşəçilik, toxuculuq və s. inkişaf etmişdi. XI-XII əsrlərdə Şamaxıda zəngin saxsı qablar istehsal edilirdi ki, onların
oxşarına Azərbaycanın digər orta əsr şəhərlərində çox az təsadüf edilir. Bu cəhətdən cızma üsulu ilə naxışlanmış, bir və ya çox rəngli şirlə boyalanmış həndəsi
və nəbati təsvirli qablar olduqca maraqlıdır .
Şamaxı ustalarının basma üsulu ilə hazırladıqları orijinal naxışlı şirsiz gil qablara baxdıqda dövrün sənətkarlarının bədii zövqü insanı heyrətləndirir. Bu qablara vurulan naxışlar bizi Nizami, Xaqani dövrünün incəsənət motivləri ilə tanış edir .Əldə edilən saxsı məmulatı içərisində oturacağının altında dulus ustalarının
möhürləri olan qablar da çoxdur. Bu möhürlərin bir çoxuna indiyə qədər Azərbaycanın orta əsr şəhərlərində təsadüf edilmədiyi üçün onların Şamaxı dulus
ustalarına xas olduğunu söyləmək olar.
Şamaxı qazıntılarından çoxlu miqdarda Yaxın Şərq ölkələrindən gətirilmiş fayans qablar tapılmışdır. Feodal və zadəganların məişətində geniş yayılmış bu
qablar Şamaxının ticarət əlaqələrini öyrənmək cəhətdən çox maraqlıdır. Eyni sözü Yaxın Şərq ölkələrindən gətirilmiş qablar haqqında da demək olar .
XII əsr, Şirvanda böyük feodal tikintilərinin aparılması dövrü kimi xarakterizə olunur. Bu dövrdə bir çox ictimai, dini abidələrlə yanaşı böyük müdafiə tikintiləri yaradılır. Mənbələrdə biz XII əsrdə Gülüstan qalasının bərpa və təmiri haqqında məlumatlara rast gəlirik. Bunu arxeoloji tədqiqatın nəticələri də sübut etmişdir. Bu dövrdə Şamaxı qala divarı da yenidən tikilmiş və möhkəmləndirilmişdir. 1970-1972-ci illərdə aşkar edilmiş qala bürcü və divarı bu cəhətdən maraqlıdır. Həmin bürcün diametri təqribən 7 m-dir. Onun şərq tərəfində
dördkünc formalı kontrfors tikilmişdir. Qala divarı şərq tərəfə davam etdikcə eyni formalı kontrforslar hər 3,5 m-dən bir təkrar olunur. Dördüncü kontrforsdan sonra
isə divar 6,5 m davam edərək trapesiya formalı bürc ilə qarşılaşır .
Arxeoloji qazıntıların nəticələri həmin divarın XI-XII əsr mədəni təbəqəsi üzərində XII-XIII əsrlər arasında tikildiyini göstərir.Yazılı mənbələrdə qeyd edilir ki, monqol hücumu zamanı Şamaxı əhalisi ilə
monqollar arasında kəskin vuruşma gedir. Şəhər əhalisi təslim olmaq istəmir.Nəhayət, işğalçılar meyitləri bir-birinin üstünə qalayaraq şəhərin xəndəyini və
divarını aşırlar. Çox güman ki, aşkar etdiyimiz istehkam həmin bürc və divarın aşağı hissəsidir. Bürc və divarın quruluşundan, onun azı 10-12 m hündürlükdə
olduğunu ehtimal etmək mümkündür. Azərbaycan EA Tarix İnstitutunun baş elmi işçisi K. Məmmədzadə XVIII-XIX əsrlərdə rus mühəndislərinin Şamaxı qala divarı
qalıqlarından çəkdikləri plan əsasında şəhərin qala divarını bərpa etmişdir .
XIV-XV əsrlərə qədər Şamaxı qala divarı ilə yanaşı Gülüstan qalası da Şirvan hökmdarlarının əsas müdafiə məntəqəsi rolunu oynayır. XIV əsrdə Şirvanşah Kavusun oğlu Hüşəngin tərbiyəçisi olmuş şair Arif Ərdəbili Gülüstan qalasının divarında daşdan yonulmuş insan surətləri olması barədə məlumat verir və onu Axsitan qalası adlandırır.
XV-XVI əsrlərdə Gülüstan qalası yenə də alınmaz istehkam olmuşdur. Belə ki, I İsmayıl Şirvana hücum edib Şamaxı və Bakı şəhərlərini tutursa da Gülüstan
qalasını ala bilmir. O, uzun müddət qalanı mühasirədə saxladıqdan sonra öz hərbi sərkərdələrinə «Sizə Azərbaycan taxtı lazımdır, Gülüstan qalası yox» - deyə
Şirvandan geri qayıdır. Bu dövrdə Şamaxı qala divarı tam əzəməti ilə mövcud olmuşdur. XVII əsrdə Şamaxını görmüş Almaniya alim və rəssamı Adam Oleari
şəhərin divarı və quruluşu barədə belə yazır: «Şəhər təpə üzərindədir... İki ayrıca hissədən ibarətdir. Hər iki hissə divarla əhatə edilir».
Burada şəhərin iki hissədən ibarət olması və hər iki hissənin divarla əhatə edilməsi barədə Olearinin verdiyi məlumat diqqəti cəlb edir. Məlum olduğu kimi
orta əsr Azərbaycan şəhərləri əsasən üç hissə: narınqala, şəhristan və rabaddan ibarət olurdu. Narınqala şəhərin strateji cəhətdən ən əlverişli nöqtəsində, ətraf
nahiyələri nəzarət altında saxlaya bilən nöqtədə tikilirdi. Burada əsasən şəhərin hökmdarı və dövlət orqanları yerləşirdi. Narınqalanın ətrafını əhatə edən şəhristan
hissəsində şəhərin ictimai binaları, bazarlar və tacir dükanları yerləşirdi. Narınqala kimi bu hissə də qala divarı ilə əhatə olunurdu. Divarın ətrafında xəndək qazılırdı.
Rabad həmin istehkamların xaricində olurdu. Rabadda əsasən sənət və zəhmət adamları toplanırdı. Təhlükə vaxtı bunlar şəhərin ilkin müdafiəçiləri idilər. Bəzən
rabad özü də divarla əhatə olunurdu.
Azərbaycanın orta əsr şəhərləri üçün xarakterik olan bu quruluşu nəzərə aldıqda, demək olar ki, A. Olearinin «Yuxarı hissə» adlandırdığı yer şəhərin
narınqalası, digər hissə isə şəhristanı olmuşdur. Onun Leypsiqə oxşatdığı şimal
hissənin divarı çəkdiyi mənzərə rəsmində aydın görünür . Divarın yarımdairəvi bürcləri və geniş darvazası vardır. Yuxarı hissəsi bir çox orta əsr
şəhər divarları kimi diş-dişdir. Narınqaladan bir qədər aralı şəhərin şəhristan hissəsi başlanır. Səyyahın rəsmində şəhristanın ancaq müəyyən hissəsi, narınqalaya yaxın tərəfi görünür. Burada yastı damları olan evlərlə yanaşı hündür minarə də vardır. Çox güman ki, bu minarə Şamaxı Cümə məscidinə aiddir.
Şəhristan hissəsinin divarı narınqalaya nisbətən daha möhkəm və əzəmətli olmuşdur. Bunu A. Olearinin İran-türk müharibələri haqqındakı qeydlərindən də
aydın hiss etmək olur. O, yazır: «O, (I Abbas) düşündü ki, şəhərin ortasında olan qalanın (narınqalanın, H. C.) zərəri xeyrindən çoxdur. O, öz istehkamını daha
möhkəm divarı olan şəhərin cənub tərəfinə apardı». Sonra o, yazır: «Şəhərin 5 darvazası vardır... Onun divarında mən daşdan yonulmuş iki kişi başı təsviri
gördüm. Heç kim bunların nə olduğu barədə mənə bir söz deyə bilmədi».
Bu məlumat XIV əsrdə şair Arif Ərdəbilinin Gülüstan qalası divarları üzərində daşdan yonulmuş insan surətləri haqqında verdiyi məlumata uyğun gəlir.
Şair bu surətləri canlı olmaq etibarı ilə Ərtəng rəsmlərinə oxşatmışdır. Məlum olduğu kimi ən qədim dövrlərdən başlayaraq bir çox şəhərlərin özünə məxsus nişanı olmuşdur. Məsələn, vaxtilə Afina şəhərinin nişanı bayquş,Korinf şəhərinin nişanı qanadlı at, Rodos şəhərinin nişanı isə qızıl gül olmuşdur. Çox ehtimal ki, Gülüstan və Şamaxı qala divarları üzərində olan surətlər şəhərin simvolik nişanı imiş.Beləliklə, orta əsrlərdə Şamaxı şəhərinin ikiqat qala divarı ilə əhatə
olunması aydınlaşır. Bundan başqa şəhərin yaxınlığında olan Gülüstan qalası datəhlükə vaxtı Şirvan hökmdarlarının müdafiə işinə xidmət etmişdir. Lakin XVI-XVII əsrlərdə odlu silahların, xüsusilə topun meydana çıxmasıilə Şamaxı qala divarı və onun yaxınlığında olan Gülüstan qalası Şirvan hökmdarlarının müdafiə
ehtiyacını ödəyə bilmir. Onlar özlərini strateji cəhətdən daha əlverişli yerdə müdafiə etməli idilər. Bu istehkam nəinki Şamaxı qalası, hətta Gülüstan qalasından
da möhtəşəm və alınmaz olmalı idi. Belə bir istehkam ancaq Buğurt qalası ola bilərdi. XVI əsrdən sonra mənbələrdə Buğurt qalası adına geniş təsadüf edilməsini
həmin tələbatın nəticəsi kimi qiymətləndirmək olar.