Əslində Türklər həm gündoğar, həm də günbatarda eyni vaxtda “Vura!” sədaları ilə tarixin ilk səhifələrini açmışlar. Bunlar Hun və Şumer türkləridir Şumerlərin ulu qədimlərin zülmətində məşəl kimi yanan sivilizasiyası daşa dönmüş gil lövhəciklərdə bizim günlərə kimi gəlib çıxdığı halda, Hunların dəri və taxta üzərində yazılan mədəniyyət və tarixi zamanın tozu altında çürüyüb getmişdir.
Lakin, ulu Tanrı böyük əməllər sahibini yaradanda onun ölməzliyi qayğısına qalmağıda unutmur. Kimin ağlına gələrdi ki, eramızdan əvvəl 145-ci ildə-Metenin ölümündən cəmi 30 il sonra Hun-Çin müharibələrinin ən qızğın bir dövründə Çinin Xançen əyalətində bir oğlan dünyaya gələcək və öz xalqının düşmənlərinin tarixini olduğu kimi, bəzəksiz-düzəksiz əks etdirib gələcək bütün türkdilli xalqlar üçün misilsiz xidmət göstərəcək. Bu, Sıma Syan idi.