06.06.2013

SEVİNMƏYİN DÜŞMƏNLƏR, İNDİ ÜSTÜNÜZƏ TOPAL TEYMUR GƏLİR !

Alaçığın divarı boyu üzüyuxarı bir qarışqa özündən böyük yük daşıyırdı. Hərdən hamar yerə düşəndə ayağı sürüşür, bir az dayanıb sanki nəfəsini dərirdi, sonra yenə özünə həkk gəlirdi...
Teymur gözünü qarışqadan çəkmirdi. Sanki yaralarının ağrısını unutmuşdu. Əslinə qalsa, qolu daha ağrımırdı, daha doğrusu, sağ qolunu heç hiss etmirdi. Sağ ayağını tərpədəndə isə kəskin ağrıdan bağırmaq istəyirdi.


Bir neçə gün əvvəl Sistan qoşunu ilə döyüşdə ayağından və biləyindən ox yarası almış Teymuru sadiq silahdaşları Gərmsir vilayətinə gətirmişdilər. Artıq ikinci gün idi ki, o, alaçığından çıxmırdı. Girişin ağzında duran keşikçilər onun əmri ilə təbibdən başqa heç kimi içəri buraxmır, özləri də qorxudan girmirdilər. Hərdən içəridən inilti səsi kəsiləndə yavaşca keçəni aralayıb taxta uzanmış Teymura baxırdılar: "Birdən sərdar özünə qəsd eləyər".

Bu günlər ərzində sərkərdənin yaralarına məlhəm qoyan təbib "Yaram sağalacaqmı, yeriyə biləcəyəmmi?" soruşan Teymuru "İnşallah, hər şey yaxşı olar " deyə sakitləşdirirdi. Nəhayət, bu gün səhər o qorxa-qorxa sərdara dəhşətli həqiqəti söylədi: qolu işləməyəcək, ayağı axsayacaq.

Deməli, hər şey bitdi. Puç oldu o xülyalar - yenilməz sərkərdə, qüdrətli hökmdar olmaq arzusu. Harada görünüb ki, şikəst adam hökmdar olsun?! İran şahları oğul-uşaqlarını şikəst edirlər ki, onların yerini tutan olmasın. İndi sən gəl bir qol, bir ayaqla, Çingiz soyundan olmaya-olmaya hakimiyyət uğrunda mübarizə apar, ölkələr fəth elə! Şikəst sərkərdənin arxasınca hansı döyüşçü gedər?! İlahi, kimə lazımdır bu həyat?! Pərvərdigara, nə idi günahım, niyə bu oxları ürəyimə yönəltmədin?!

... Divardakı qarışqa yerində zarımaqdan yorulub sağa yönəldi. Bir qədər gedib dayandı. Yenə üzünü yuxarı çevirdi, bığcıqlarını ora-bura tərpədib yenidən yuxarı dırmanmağa başladı.

Görəsən nə var orada, yuxarıda, bu həşərat özünü belə həlak edir? Allah bilir, bəlkə də tanrı bütün canlıları elə yaradıb ki, hamısı yuxarıya, nəyinsə zirvəsinə çatmaq istəyir. Mən də istəyirdim...

Teymur 1336-cı ildə Amudərya ilə Sırdərya arasında yerləşən Mavəraünnəhrdə, Xacə İlqar deyilən bir kənddə dünyaya gəlmişdi. Atası Turğay, Barlas bəylərindən idi. Uşaq yaşlarından at çapmaqda, ox atmaqda mahir olan Teymur erkən gəncliyindən tayfalararası döyüşlərdə, hərbi yürüşlərdə iştirak etməyə başlamışdı. Çox illər sonra, fatehliyinin zirvəsinə çatan sərkərdə öz tərcümeyi-halında bu sözləri həkk etmişdi: "Mən on iki yaşımda ikən özümdə fövqəladə fərasət və əzəmət hiss etdim. On səkkiz yaşımda isə at çapmaq və ovçuluqda olan ustalıqlarım barədə düşünməyə başladım. Əksər vaxtımı Quran oxumaqda, şahmat oynamaqda və xüsusən at çapmaq məşğələlərində keçirirdim".

Teymurun cəsarətini və bacarığını görən bir neçə dəliqanlı onun başına yığışdı. Düşmən tayfalara qarşı hərb meydanına atılanda onun dəstəsində cəmi on adam vardı. Onlardan yeddisi atlı, üçü piyada idi. Sonra piyadalar bu kiçik dəstənin üç atını qaçırdılar. Kiçicik dəstə ilə qalan

Teymur düşmənlərinin hücumuna məruz qaldı. Onu əsir tutub zindana atdılar. Gənc Teymur 62 gün zindan həyatı yaşadı. Nəhayət, o, fürsət tapıb keşikçini öldürdü və azadlığa çıxdı.

Bu zamanlar monqol xanı Tuğluq Teymur Mavəraünnəhr üzərinə hücum edib bu varlı ölkəni ələ keçirmişdi. O, 25 yaşlı Teymuru Keş vilayətinə hakim təyin etdi. Monqolustana qayıdan Tuğluq Teymuru Mavəraünnəhrdə onun oğlu İlyas Xacə əvəz etdi.

Nüfuzlu bir türk əmirinin nəvəsi ilə evlənən Teymur İlyas Xacəyə qulluq etmək istəmədi. O, qayını Hüseynlə hərbi ittifaq bağladı. Bu ittifaq Mavəraünnəhrdə İlyas Xacəni devirə biləcək bir gücə malik idi. Qohumlar öz aralarında tez-tez ölkədə hakimiyyəti ələ keçirmək barədə danışırdılar. Ancaq bu arada Sistan döyüşü baş verdi.

Lənətə gəlmiş Sistan valisi! Məndən düşmənlərinə qarşı yardım istədi. Dedi ki, qalalarını azad etsəm, altı ay qoşunumu ərzaqla təmin edəcək. Sən demə, fikri başqa imiş, məni gücdən salıb məhv etmək istəyirmiş, Beş qalasını azad etdim, o isə mənə arxadan zərbə vurdu. Xain! Rəqibə inanmaq lazım deyil, onu əzmək lazımdır. Bax, bu qarışqa kimi.

Teymur bir azca dikəlib var gücü ilə divardakı qarışqaya tərəf üfürdü. Qarışqa yox oldu. Teymur taxtdan əyilib yerə nəzər saldı. Orada da həşəratı görmədi. Qarışqanın simasında sanki özünə həmdərd tapan sərdar elə bil bir az sakitləşdi. Bu neçə gün ərzində ilk dəfə mürgülədi,

... Nə qədər yatdığını özü də bilmirdi. Göz qapaqlarını açanda qarşısında kiçik qara bir nöqtənin tərpəndiyini gördü. Bir-iki dəfə gözünü açıb-yumdu və bir daha diqqətlə baxdı. Qarışqa divarda, həmin yerində idi və əvvəlki kimi üzüyuxarı dırmanırdı.

Nə inadkar məxluqdur bu. Düz yeri qoyub divara dırmanır. Bəlkə, belə lazımdı? Bəlkə, xoşbəxtlik zirvəyə çatmaqda deyil, ona can atmaqdadır? Bəlkə, yol daha çətin olduqca insan da bir o qədər xoşbəxt olur? Onda mən niyə zarıyıram?! Yəni bu qarışqa qədər də olmadım?! Böyük iş olub, ayağım axsayacaq! Guya ki, ölkələri qaça-qaça fəth edəcəkdim. Ağlım yerində, qüdrətimi itirməmişəm. Yaralanmış ayaqla Sistan qoşununu məğlub etdim... Yox, sevinməyin, düşmənlər. İndi üstünüzə Topal Teymur gəlir, O sizdən mərhəmət diləmir, lakin siz də ondan aman gözləməyin.

Teymur salamat qoluna dirsəklənib taxtda oturdu. Ağrılara baxmayaraq yaralı ayağını yavaş-yavaş taxtdan aşağı salladı. Ayağa qalxdı, ancaq yeriyə bilmədi. Bütün ətrafı lərzəyə gətirən bir səslə qışqırdı:

- Ey, kim var orada?



ÇİNGİZ NƏSLİNDƏN OLMAYAN TEYMUR HAKİMİYYƏTƏ GƏLİR !

İki ay Gərmsirdə qalıb yaralarını sağaldan Teymur Bəlx dağlarına çəkilib silahdaşlarını başına yığdı. Bu dövrdə onun dəstəsində üç yüzdən artıq döyüşçü var idi. Mavəraünnəhr uğrunda İlyas Xacəyə qarşı mübarizə aparmaq üçün o yenidən qayını Hüseynlə birləşdi.

365-ci ildə indiki Daşkənd yaxınlığında tarixə Cəngi Loy adı ilə daxil olmuş bir döyüş baş verdi. Ilyas Xacənin qoşunu ilə Teymur və Hüseynin birləşmiş dəstələri qarşı-qarşıya gəldilər, Döyüşdən qabaq leysan yağışı yağmışdı. Atlar zarıyır, süvarilər müvazinətini itirib palçığa yıxılırdılar. ölümün gözünə dik baxmağa alışmış Teymur irəli atılaraq öz dəstəsini düşmənin içərilərinə doğru aparırdı. Lakin Hüseynin hərbi qüvvələri onun hücumunu dəstəkləmədi, yavaş-yavaş geri çəkilməyə başladı. Teymur bu döyüşdə az qala mühasirəyə düşəcəkdi. Yalnız öz şücaətinə və döyüş bacarığına görə o, silahdaşları ilə düşmənin əhatəsindən çıxıb Hüseynin dəstəsi ilə birləşə bildi. Qohumlar cənuba, Amudəryaya tərəf üz tutdular, çayı keçib yenidən Bəlx vilayətində köç saldılar,

Teymur qayını Hüseynin hərəkətindən narazılığını bir kəlmə ilə də büruzə vermədi. Lakin o, artıq başa düşmüşdü ki, dar ayaqda Hüseynə arxa çevirmək olmaz. Bu andan etibarən qohumların münasibətində soyuqluq yarandı.

Artıq İlyas Xacə üçün Səmərqəndə yol açıq idi. Lakin bu zaman monqol xanlarının hakimiyyətinə qarşı çıxan sərbadarlar Səmərqənd mədrəsəsinin tələbəsi Mövlanzadənin başçılığı ilə İlyas Xacəyə qarşı müqavimət göstərməyə qərar verdilər. Səmərqəndə yaxınlaşan monqol xanının ordusu sərbadarların qurduğı tələyə düşdü və böyük itki verərək geri çəkildi,

1366-cı ilin yazında qoşunla Səmərqəndə yaxınlaşan Teymur və Hüseyn şəhər ətrafında düşərgə salıb sərbadarlara elçi göndərdilər və görüşmək istədiklərini bildirdilər. Görüş zamanı onlar sərbadarların qəhrəmanlığını təriflədilər və onların şərəfinə ziyafət verdilər. Lakin ertəsi gün Hüseynin əmri ilə sərbadarların başçıları tutulub qətlə yetirildi. Mövlanzadəyə qahmar çıxan Teymur yalnız onun azad buraxılmasına nail oldu.

Beləliklə, Teymur və Hüseyn Səmərqəndi tutub şəhərə sahib oldular. Lakin qohumların münasibətləri gün-gündən pisləşirdi. O dövrdə bəylər, xanlar arasında olan çəkişmələr artıq hamını - torpaq sahiblərini, tacirləri, ruhaniləri bezdirmişdi. Teymur bunu yaxşı başa düşür, onları inandırırdı ki, hakimiyyət başına gəlsə, bütün ölkəni birləşdirəcək və hərci-mərciliyə son qoyacaq. Bütün bunlara görə Mavəraünnəhrdə Teymurun nüfuzu daha güclü idi və əgər istəsəydi, o, ölkənin hakimi ola bilərdi. Lakin Çingiz xanın soyundan olmadığına görə Teymur hökmdar taxtına əyləşməyə tələsmirdi. Buna görə də o, taxta həmin soydan olan Soyurqatmış xanı çıxardı.

Teymurun arvadı öldükdən sonra onun Hüseynlə münasibətləri artıq düşmənçiliyə çevrilmişdi. Zəkalı və tədbirli Teymurun nüfuzunu qəbul etməyən və ona paxıllıq edən Hüseyn Bəlx qalasına köçdü, xəzinəsini bura gətirdi və qalanı möhkəmləndirməyə başladı. Bunun nə demək olduğunu başa düşən Teymur artıq Hüseynin güclənməsini gözləyə bilməzdi. 1370-ci ildə öz qoşunu ilə Bəlx şəhərini mühasirəyə alan Teymur böyük itki hesabına olsa da, qalanı ələ keçirdi. Onun müttəfiqi Keyxosrov Hüseyni öldürdü. Teymur Hüseynin xəzinəsinə sahib oldu və döyüşçülərinə şəhəri talamağa icazə verdi. Tarixçilərin yazdığına görə döyüş qabağı məkkəli üləma Seyid Bərkə bu savaşın Teymur üçün uğurlu olacağını demiş və ona öz əli ilə hakimiyyət rəmzi olan təbil və bayraq vermişdi.

1370-ci il aprelin 9-da Bəlxdə toplanan türk minbaşılarının və tümən başçılarının qurultayında Teymur türk ənənələri ilə ağ keçə üzərində yuxarıya qaldırıldı və üləma Seyid Bərkənin oxuduğu duadan sonra Mavəraünnəhr ölkəsinin əmiri elan edildi. Əmir Teymur Səmərqənd şəhərini özünə paytaxt seçdi. O, dərhal uzun müddətdən bəri tamamilə dağıdılmış ölkədə quruculuq işlərinə başladı və tez bir zamanda nizam-intizamı və asayişi bərpa etdi.

Teymur Çingiz xan nəslindən olmadığına görə "xan" titulu daşıya bilməzdi, buna görə də Əmir Teymur olaraq qaldı.



GÖYDƏ TƏK OLAN ALLAH KİMİ, YERİN HAKİMİ DƏ TƏK OLMALIDIR!

Mavəraünnəhr hakiminə doqquz il lazım gəldi ki, cığatay ulusunun bütün ərazilərini tabe edib öz imperiyasını yaratsın. Ən çox müqavimət göstərən Cənubi Xarəzm oldu. Buranın hakimi Yusif Sufi hər dəfə Teymurun şərtlərini qəbul edib o gedəndən sonra bildiyini edirdi. Nəhayət, 1379-cu ildə Xarəzm Teymurun imperiyasına qatıldı. Hərçənd bundan doqquz il sonra Xarəzmdə Süleyman Sufinin başçılığı ilə yenidən üsyan qalxdı. Bu dəfə Teymur üsyanı amansızlıqla yatırdı: Sufi sülaləsinin kökünü kəsdi, ticarət mərkəzi olan Urgənci yerlə-yeksan etdi, əhalisini Səmərqəndə köçürtdü.

Ölkə daxilində hərbi-siyasi birliyi bərpa edən Teymuru indi ən çox narahat edən qonşu Cuçi ulusu idi. Burada möhkəmlənən Urus xan Qızıl Ordanı da özünə tabe edib böyük xaqanlıq yaratmaq istəyirdi. Əgər bu birlik baş tutsaydı, Teymurun dövləti üçün ciddi təhlükə yarana bilərdi. Buna görə də o, Urus xanın səylərinə mane olmaq üçün bəhanə axtarırdı. Nəhayət, belə bir bəhanə onun əlinə düşdü.

1376-cı ildə Cuçi ulusundan Toxtamış adlı birisi Urus xanın əlindən qaçıb Teymurun yanına gəldi. Xan onun atasını itaətsizliyə görə öldürmüşdü. Toxtamış Əmir Teymurdan intiqam üçün qoşun istədi. Teymur düşündü ki, Toxtamışa kömək edib, onu hakimiyyətə gətirsə, bu xaqanlığı özünə ən azı müttəfiq edər. Bu fikirlə o, Toxtamışa qoşun verib yola saldı. Lakin Toxtamış Urus xanla döyüşdə məğlub oldu. Belə olduqda Teymur öz ordusu ilə hücuma keçib Urus xanı öldürdü və Toxtamışı taxta oturtdu. Lakin az keçməmiş Urus xanın siyasətini davam etdirən Toxtamış Qızıl Ordanı özünə tabe edib güclü dövlət yaratdı. Onun ordusu qonşu dövlətlərə Rusiyaya, Qafqaza, Azərbaycana, hətta Teymurun hökmranlıq etdiyi Mavəraünnəhrə hücumlar etdi.

1395-ci ildə Şimali Qafqazda, Terek sahillərində Toxtamışın ordusu ilə döyüşə girən Teymur onu darmadağın etdi. Bu döyüşdən sonra Qızıl Ordanın Volqa sahillərindəki, Krımdakı, Şimali Qafqazdakı bir çox şəhərləri talan edildi, əhalisi əsir alınıb qul kimi satıldı.

Əmir Teymurun Xarəzmə və Qızıl Ordaya qarşı yürüşləri Orta Asiyada möhkəmlənmək və güclü dövlət yaratmaq məqsədi güdürdü. Lakin Teymur bununla kifayətlənmirdi. Böyük qənimətlər əldə etmək, imperiyasının hərbi və siyasi qüdrətini artırmaq üçün o, İrana, Azərbaycana, Kiçik Asiyaya, Hindistana müzəffər yürüşlər etdi.

İranın tam zəbt edilməsi iyirmi il çəkdi. Teymurun İsfahanda törətdiyi kütləvi qətl tarixin yaddaşında tayı-bərabəri olmayan bir qırğın kimi qaldı. Şəhəri tutmuş Teymur onu məhəllələrə bölüb əmirlərinə tapşırmışdı ki, əhalidən xərac yığsınlar. Lakin əhali üsyan qaldırıb bütün məmurları öldürdü. Bundan qəzəblənən Teymur şəhəri yenidən tutub qoşununa əmr etdi ki, hər bir döyüşçü ona ən azı bir isfahanlı başı gətirsin. Bu qırğında 70000 İsfahan sakini qətlə yetirildi. Teymur bu kəllələrdən qüllələr düzəltməyi əmr etdi ki, başqalarına da görk olsun.

Bu zaman Azərbaycanda Əmir Teymura itaət göstərməyən əsas qüvvə Qaraqoyunlular idi. Qaraqoyunlu Qara Məhəmməd Teymurun göndərdiyi ordunu məğlub etmişdi. Əmir Teymur Azərbaycan uğrunda gedən döyüşlərdə Qaraqoyunlu əmirlərinin müqavimətini axıra qədər qıra bilmədi. Qara Yusifin ciddi müqaviməti və itaət göstərməməsi Teymuru daha da qəzəbləndirmişdi. Sonralar azərbaycanlı sərkərdənin ildırım Bayazidə sığınması Əmir Teymurla Osmanlı Sultanı arasında münasibətlərin pisləşməsinə və müharibəyə səbəb olmuşdu. 1402-ci ildə Ankara yaxınlığında Əmir Teymurla ildırım Bəyazidin orduları arasında həlledici döyüş oldu. Hər tərəfdən iki yüz min döyüşçünün iştirak etdiyi bu savaşda Osmanlı ordusu darmadağın edildi və qüdrətli türk Sultanı əsir alındı. Türkün türkü qırdığı bu qanlı döyüş Konstantinopolun alınmasını 50 il yubatdı.

Əmir Teymur düşmənə qarşı amansız idi, lakin onunla açıq döyüşə girən igid sərkərdələri yüksək qiymətləndirirdi. O, Fars hakimi Şah Mənsuru məğlub edib öldürsə də, onun haqqında demişdi: "Qırx ildən bəri savaş görmüş qəhrəmanlarla döyüşdüm. Ancaq Şah Mənsurun göstərdiyi şücaət və cürəti kimsədə görmədim". Azərbaycanda Əmir Altın cəmi üç yüz nəfərlik qüvvə ilə uzun müddət Əlincə qalasını Teymurun ordusundan müdafiə etmişdi. Onun Mərənd hakimi tərəfindən xaincəsinə öldürüldüyünü eşidən Teymur buna təəssüflənmiş, qatili həbs edib edam etdirmişdi. Böyük fateh əsir götürdüyü İldırım Bəyazidlə də ehtiramla davranırdı. Onunla tez-tez fəlsəfi söhbətlər edir, şahmat oynayırdı.

1399-cu ildə Əmir Teymur çoxdan bəri heç bir fatehin ayağı dəymədiyi Hindistana yürüş etdi. Dehli sultanı Mahmud ona qarşı 50 minlik qoşun və 120 döyüş fili çıxardı. Döyüş fəndlərindən məharətlə istifadə edən Teymur bu döyüşdə də qalib gəldi və xeyli hindlini əsir götürdü.

Uğurlu hərbi yürüşlərindən vəcdə gələn Teymur düşünürdü ki, əgər göydə allah təkdirsə, yerdə də hakim tək olmalıdır. Lakin qarşıda fəth olunmamış çox ölkələr dururdu. Onlardan biri də nağıllar ölkəsi Çin idi.



MƏN, TANRININ QULU TEYMUR..

1405-ci ilin soyuq fevral gecələrindən biri idi. Asiyanın yarısını fəth etmiş 69 yaşlı Əmir Teymur qədim Otrar şəhərində, ölüm yatağında idi. O hələ də həkimi Fəzlullahın onu ölümün pəncəsindən xilas edəcəyinə inanırdı. Buna görə də, Çinə hərbi səfərin təxirə salınması haqda fikirləri qəti rədd edirdi. Teymur həmişə olduğu kimi, yenə də ulu Tanrıya bu səfərin də zəfərlə başa çatması üçün dualar edir, ondan möhlət istəyirdi.

Ömrümün 57 ilini at belində keçirdim. 25 yaşımda yaralanıb qolumu itirdim, topal qaldım... Mənə Teymurləng deyirlər. Topal Teymur deyən də var. Ancaq bu ad heç kimdə istehza doğurmur. Əksinə, çoxlarının canına üşütmə salır. On yeddi hərbi yürüş etdim. Əvəzsiz bahadırlar sayəsində çox yerlər fəth etdim. 27 ölkənin xaqanı oldum...Turan, İran, Rum, Məğrib, Suriya, Misir, Iraqi-Ərəb, Iraqi-Əcəm, Mazandaran, Gilan, Şirvan, Azərbaycan, Fars, Xorasan, Dəşti-Qıpçaq, Böyük Tatarıstan, Xarəzm, Xütən, Kabulistan, Baxtərzəmin, Hindistan... İsgəndərdən bəri heç kim bu qədər əraziyə sahib olmamışdı... Deyirlər çox qəddaram, amansızam. Elə bilirlər, adam öldürməkdən ləzzət alıram. Düzdür, yeddi sülalənin kökünü kəsdim, yüz minlərlə adamı qətlə yetirdim. Ancaq birini göstərsinlər ki, nahaq yerə qanını tökmüşəm. Məni aldadırdılar, mənə xəyanət edirdilər, mən də öldürürdüm. Belə olmasa, bu boyda islam dünyasına hakim ola bilərdimmi? Mən heç kimi aldatmamışam, həmişə sözümün üstündə durmuşam, hətta hücumdan qabaq xəbərdarlıq etmişəm. Elə olub ki, düşmənimi igidliyinə görə bağışlamışam. Şairlərə, üləmalara, tacirlərə himayədar olmuşam.

Teymurun yadına şair Əhməd Kirmani düşdü. Qoca fatehin saralmış sifətində xəfif təbəssüm göründü.

Bir dəfə ədiblərin məclisində Əmir Teymurla şair Kirmani arasında belə bir əhvalat olmuşdu. Söhbət insan şəxsiyyətini necə qiymətləndirməkdən gedirdi. Əmir Teymur Kirmaniyə xitabən soruşdu:

Əgər mən satılası olsaydım, sən məni neçə paraya qiymətləndirərdin?

25 quruşa! - deyə şair cavab verdi.

Şair, sən bilirsən ki, mənim yalnız qurşağım bu qiymətə dəyər.

- Zatən mən də elə onu nəzərdə tuturam. Sonralar "Teymurnamə" əsərini yazmış şairin bu zarafatına Teymur ürəkdən gülmüşdü.

Yüz minlərlə müsəlmanı qılıncdan keçirmiş Teymur Allaha dərindən inanır, daim yanında quran gəzdirir və onu mütaliə edirdi. Ustadı Seyid Bərkə onun ən yaxın adamı və məsləhətçisi idi, Teymurun qılınc hesabına nail olduğunu o, duaları ilə möhkəmləndirirdi, Böyük fateh öz məktublarını "Mən, Tanrının qulu Teymur “ sözləri ilə başlayırdı.

Əmir Teymur uzaqgörən dövlət xadimi idi. İşğal etdiyi ölkələrdə alimlərə, sənətkarlara, tacirlərə toxunmazdı, fəth etdiyi ölkələrdən Səmərqəndə yalnız qiymətli daş-qaşlar gətirmirdi. Nadir kitablar, əlyazmalarla birgə şair və sənətkarları, xəttatları və nəqqaşları da imperiyanın paytaxtına yığırdı. Bu gün dünyanı heyran qoyan məşhur Səmərqənd abidələrinin bir çoxu Teymurun vaxtında ucaldılmışdı.

Əmir Teymur İmperiyanın ayrı-ayrı vilayətləri arasında əlaqə yaradılmasında tacirlərin roluna xüsusi qiymət verirdi. O, Avropa hakimlərinə məktublarında yazırdı: "Bütün aləm ancaq tacirlərin əməyi sayəsində gülşən olur. Tacirlərin sıxışdırılması yolverilməzdir. Mən istərdim ki, biz bu yerlərdə firəng tacirlərini necə himayə ediriksə, bizim tacirlərimizə də o yerlərdə eyni cür münasibət bəslənilsin". Teymur eyni zamanda tacirlərin azğınlaşmasına, xalqın soyulub-talanmasına da yol vermirdi.

...Artıq fevralın 17-si idi. Səhər Fəzlullah özündə cəsarət tapıb Əmirə demişdi ki, vəsiyyətini eləsin, yoxsa gec olar. Deyirlər, ölümqabağı insanın bütün həyatı gözləri önündən keçir. Teymurun yadına isə daşlar düşdü... Hər dəfə yürüşə çıxanda onun döyüşçüləri yolda bir yerə hərəsi bir daş atırdı. Böyük bir daş təpəsi yaranırdı. Səfərdən qayıdanda hərəsi bu təpədən bir daş götürürdü. Təpə balacalanırdı. Ancaq yerdə daşlar qalırdı. Teymur ayaq saxlayıb həmin daşların önündə xəyala dalırdı, həlak olanların ruhuna dua oxuyurdu...

Görəsən, mənim daşımın üstündə ağlayan olacaqmı?

Teymurun yaxınları artıq onun yatağı önünə yığışmışdılar. Güclə danışan Əmir yalnız bir neçə söz deyə bildi: "Məni Seyid Bərkənin ayağı altında basdırın... Bir də ki... Nə olursa olsun, qılıncı əlinizdə möhkəm tutun... Zəifliyi qəlbinizə yaxın buraxmayın. Zəiflik ağlınızı çaşdırar, ruhunuzu məhv edər, qoymaz məqsədinizə çatasınız. Eşidirsiniz? Zəif olan məqsədinə çatmayacaq..."




http://kitabklubu.org/arxiv/elektron_kitabxana/emir_teymurleng.htm