E.ə. IV əsrin 30-cu illərində bütün Şərqdə
yeni fateh - Makedoniyalı İsgəndər güclü ordu ilə Əhəməni İran dövlətinə qarşı
hücuma keçmiş və bir neçə döyüşdə bu dövlətin qoşunlarını sarsıdıcı məğlubiyyətə
uğradaraq, Şərqə doğru yürüşünü davam etdirmişdir. İsgəndər qısa müddət ərzində
Aralıq dənizinin Hind çayına qədər ərazilərini zəbt etmişdir. Bütün Şərq
hökmdarları arasında təkcə Atropat adlı şəxs onunla dil tapa bilmişdir. Vaxtilə
Əhəmini qoşunları ilə birgə makedoniyalılara qarşı vuruşmasına baxmayaraq, İsgəndər
onu yerli hakim kimi tanımış və onun iran torpaqlarına, indiki Cənubi Azərbaycan
ərazisinə toxunmamışdır. Atropat öz torpaqlarını iqtisadi və mədəni baxımdan
inkişaf etdirmişdir. E.ə. 323-cü ildə İsgəndər vəfat edəndə və onun dövləti
parçalananda Atropat öz dövləti – Atropatenanın müstəqilliyini bəyan edir və
tezliklə Atropatena regionun ən qüdrətli dövlətinə çevrilir.
Azərbaycan tarixinə Atropat çətin
tarixi şəraitdə müstəqillik qazanmış hökmdar və mərkəzləşmiş dövlət tərəfdarı
olan siyasi xadim kimi daxil olmuşdur.
(e.ə. VI əsr)
Atropat adının kökü "Ater",
yəni "od, alov" deməkdir. Atropat Kiçik Midiya adı ilə tanınan Cənubi
Azərbaycanda zadəgan ailəsində dünyaya göz açmışdır. Midiya adı ilə e.ə. 672 -
550-ci illərdə mövcud olmuş möhtəşəm bir dövlət tanınır. Bu dövlətin ərazisi
Araz çayından İran körfəzinədək, Kiçik Asiyadan indiki Əfqanıstanadək uzanırdı.
Onun Kiçik Midiya adlanan hissəsi dövlətin mərkəzi olan Cənubi Azərbaycana aid
idi. E.ə. 550-ci ildən başlayaraq Əhəməni dövləti Midiyanı əvəz etdi, əvvəlki
kimi Kiçik Midiya adlanan Cənubi Azərbaycan bu dövlətin tərkibinə qatıldı. Əhəmənilərin
Şimali Azərbaycanı zəbt etmək məqsədlərinin qarşısı Tomrisin başçılığı ilə
massagetlər tərəfindən alındı.
Döyüşçü kimi fərqləndiyi üçün Atropat
dəstə başçısı təyin edilir və hərbi vəzifələrlə tədricən daha yüksək pillələrə
qalxırdı. E.ə. IV əsrin 30-cu illərində o, Kiçik Midiyanın satrapı təyin
edilir. "Satrap" anlayışı "canişin" mənasını verməklə vilayət
başçısı demək idi. Vilayətin bütün qanunverici, icraedici, məhkəmə
hakimiyyəti
satrapın əlində idi, üstəlik, o, vilayətin qoşunlarının başçısı və bəzən də
dini başçısı hesab edilirdi. Bu zaman Kiçik Midiyada atəşpərəstlik yayılmışdı.
Atropatın vilayəti digər vilayətlərə nisbətən daha sabit idi və iqtisadi baxımdan
inkişaf etmişdi. İri quldarları itaət altına alan Atropat əhalini vergilərlə
incitməyə imkan vermir, ədalətsizliklərin qarşısını alır, ölkədə sənətkarlıq və
ticarəti inkişaf etdirirdi. Onun nüfuzu təkcə Kiçik Midiyada deyil, həm də
Arazdan şimalda, indiki Şimali Azərbaycanda da böyük idi. Atropatın qoşunlarında
döyüşçü qadınlardan ibarət Arazın şimalından toplanmış xüsusi dəstə var idi ki,
bu dəstənin döyüşçülərinə Avropa müəllifləri "amazonka"lar deyirdilər.
Əhəməni dövlətinin başçısı III
Dara dövlətin bütün varidatını özünün və əyanlarının əyləncələrinə sərf edir, təmtəraqlı
saraylar və imarətlər tikdirirdi. Artan xərcləri ödəmək üçün o, vergiləri artırırdı.
E.ə. 336-cı ildə Makedoniyalı İsgəndər Əhəməni dövlətinə hücum edəndə III Daranın
əmri ilə Atropat başqa satraplarla bərabər düşmənə qarşı vuruşa gedir. Qranik və
İss döyüşlərində Əhəməni qoşunları məğlub olsalar da, Atropat özünü bacarıqlı sərkərdə
və merd döyüşçü kimi göstərir. E.ə. 331-ci ildə həlledici Qavqamela döyüşünə o
öz qoşunları ilə bərabər. Arazdan şimalda yerləşən alban, sak, massaget
tayfalarının döyüşçülərini aparmışdı. Atropatın başçılıq etdiyi dəstələr düşmənin
bir cinahını əzir, lakin III Daranın qorxaqlığı və vaxtından əvvəl döyüş meydanını
tərk etməsi nəticəsində döyüş məğlubiyyətlə başa çatır. Xəzərin cənub sahillərinə
çatdıqda III Dara silahdaşlarından biri tərəfindən öldürülür və beləliklə, Əhəməni
imperiyası süquta uğrayır. Yeni dövlət - Makedoniya imperiyası formalaşmağa başlayır.
Makedoniyalı İsgəndərin qoşunları
Kiçik Midiyaya çatdıqda onun Atropat barəsində fikri mənfi idi. Belə ki,
Atropat Əhəmənilərin satrapı olmuş, onlara xidmət etmiş, neçə-neçə makedoniyalı
döyüşçünü öldürmüşdü. Bu zaman dağ vilayətlərində olan Atropat gizlənib canını
qurtara bilərdi. Lakin o, qırılmaq təhlükəsi ilə üzləşmiş xalqını xilas etmək qərarına
gəlir. Kiçik bir dəstə ilə o, Makedoniyalı İsgəndərin hərbi düşərgəsinə gəlir və
cəzasını çəkməyə hazır olduğunu bildirir. Tarixdə ədalətli hökmdar kimi tanınan
Makedoniyalı İsgəndər bu hərəkətdən heyrətlənir. O başa düşür ki, Atropat əslində
vətənpərvər hökmdar və qorxmaz insandır. İsgəndər Atropata toxunmur və Kiçik
Midiyaya qoşun yeritmədən Şərqə doğru yürüşünü davam etdirir.
İsgəndər tərəfindən Kiçik
Midiyaya satrap təyin olunmuş Atropatın adamlarından biri ölkəni idarə edə
bilmir, iqtisadiyyat dağılır, insanların narazılığı artır, quldur və canilərin
sayı artır. Vəzifədən kənarlaşdırılan, lakin xalq arasında böyük nüfuza malik
olan Atropat quldur dəstələrini məhv edir. E.ə. 328-ci ildə İsgəndərlə Atropat
görüşürlər və İsgəndər onu yenidən Kiçik Midiyanın satrapı təyin edir. Vilayətin
vəziyyətini sabitləşdirəcəyinə söz verən Atropat Kiçik
Midiyaya
Makedoniya qoşunlarının yeridilməməsini xahiş edir və İsgəndər bununla razılaşır.
Bir sıra tədbirlər nəticəsində
Atropat iqtisadiyyatı bərpa edir. Çay vadilərində, Urmiya gölü ətrafında yerləşən
torpaqlarda əkinçilik, bağçılıq və üzümçülük inkişaf edir. Dağ ərazilərində
yaylaq maldarlığı yayılır, mal-qara və at ilxılarının sayı günü-gündən artır. Dəmir,
qızıl, gümüş, mis yataqlarının işlənməsi genişləndirilir, "Midiya yağı"
adı ilə tanınan neft uzaq ölkələrə göndərilirdi; neftdən çıraqlarda və hərb işində
istifadə edilirdi. Qazaka, Fraaspa, Fanaspa, Aqnazana, Vera şəhərləri regionun
on iri sənətkarlıq və ticarət mərkəzləri kimi tanınırdı. Bu baxımdan Atropatın
iqamətgahı yerləşən Qazaka şəhəri xüsusilə fərqlənmişdi. Arxeoloji qazıntılar nəticəsində
müəyyən edilmişdir ki, sənətkarlar yüksək keyfiyyəti ilə seçilən silahlar,
metal və gil qablar, parçalar, bəzək əşyaları və s. düzəldirdilər. Vilayətdə
Makedoniyalı İsgəndərin pul sikkələri geniş istifadə edilirdi.
Qədim müəlliflər Strabon,
Plutarx, Ptolemey və digərləri Atropatın mədəni inkişafa böyük diqqət yetirməsini
xüsusi qeyd edirlər. Sonrakı dövr müəllifləri Kiçik Midiya əhalisinin azəri
dilində danışdığını qeyd edir, yazıda isə yunan yazılarından istifadə etmələrini
xəbər verirlər.
E.ə. 323-cü ildə Makedoniyalı İsgəndər
vəfat edir və onun imperiyası parçalanmağa başlayır. Atropatın güclü ordusu peşəkar
döyüşçülərdən və bacarıqlı sərkərdələrdən ibarət idi. Arazdan şimalda yaşayan
tayfalarla yenidən əlaqələri genişləndirən Atropat hərbi qüdrətini daha da artırır.
Bütün görülmüş tədbirlər nəticəsində Atropat Kiçik Midiyanı tabe etməyə çalışan
makedoniyalıların qarşısını ala bilir.
Öz mövqelərini gücləndirdikdən
sonra o, Kiçik Midiyanı "Atropatena dövləti" adı ilə müstəqil dövlət
elan edir. Dövlətin paytaxtı Qazaka şəhərində müstəqilliyin rəmzlərindən biri
olan pul sikkələri buraxılır. Həmin dövlətin ərazisi indiki Cənubi Azərbaycan
torpaqlarını və Şimali Azərbaycanın bəzi rayonlarını əhatə edirdi.
Atropatena
dövlətinin yaradılması Azərbaycan xalqının tarixində əlamətdar hadisə idi. Ona
görə ki, yenidən dövlətçilik ənənələrimiz bərpa edilir, dövlət rəmzlərimiz,
milli ordumuz formalaşır. Azəri dili dövlət dili səviyyəsində inkişaf
etdirilir. "Atropatena" sözü tədricən dəyişərək
"Aderbayqan" sözü kimi işlənir və sonralar "Azərbaycan"
termininə çevrilir. "Azərbaycan" sözü isə "Od allahının qoruduğu
məkan" deməkdir.