Lüdviq van Bethoven (Ludwig van Beethoven) (17 dekabr 1770 – 26 mart 1827) – dahi alman bəstəkarı.
Bethoven dünya musiqi tarixinin ən görkəmli bəstəkarından biri, Avropa klassik musiqisində klassizmdən romantizmə keçid dövrünün həlledici fiqurudur. Bethoven musiqisi özündən sonra gələn bəstəkarlar nəslinin formalaşmasında misilsiz rol oynamışdır.
Adı daha çox bəstəkar kimi hallansa da, Bethoven dövrünün məşhur pianoçusu da olmuşdur. Almaniyanın Bonn şəhərində anadan olan Bethoven sonralar Vyanaya köçür. Burada dövrünün digər böyük bəstəkarı Yozef Haydnla birgə təhsil almış və tezliklə mahir pianoçu şöhrəti qazanmışdır. İyirmi yaşlarından etibarən eşitmə qabiliyyətini tədricən, sonralar isə tamamilə itirməsinə baxmayaraq bu onu klassik musiqinin ən möhtəşəm əsərlərini yaratmaqdan yayındıra bilməmişdir. Bethoven abunəli konsertlər təşkil etməklə, yazdığı əsərlərı naşirlərə satmışdır. Bir sıra zəngin insanlardan maliyyə dəstəyi almaqla tam asudə bir şəkildə yazıb yaratmış, heç vaxt saray və ya kilsədə işləməli olmamışdır.
Balaca istedad
Bethovenin ilk müəllimi atası, Bonn hakiminin saray tenoru Yohan van Bethoven olmuşdur. Sonralar atası Tobias Pifer adlı dostundan oğluna musiqi dərsləri verməsini xahiş etmişdir. Deyilənə görə atası və müəllimi evə gecə yarı içkili vəziyyətdə dönər və balaca Bethoveni yataqdan durğuzaraq səhər sübhə qədər məşq etməyə məcbur edirdilər.
Bethovenin musiqi istedadı özünü çox erkən yaşlarından göstərməyə başlayır. Bethoven artıq səkkiz yaşında piano ilə yanaşı orqan və skripka dərsləri də alır. Bonnda Bethovenin formalaşmasında ən böyük rol oynamış şəxs, saray orqan ifaçısı Kristian Gotleb Nife olmuşdur. Nifenin köməkliyi ilə Bethoven özünün ilk əsərini – pianoda variyasiyalarını nəşr etdirir. 1787-ci ildə gənc Bethoven ilk dəfə olaraq dahi Motsartdan dərs almaq ümidi ilə Vyanaya yollanır. Lakin Bethovenin Motsartla görüşüb-görüşməməsi dəqiq məlum deyildir. Vyanaya gəlişindən cəmi iki həftə sonra anasının xəstələnməsi onu vətənə dönməyə məcbur edir, Bethovenin anası 1787-ci ilin 17 iyulunda vərəm xəstəliyindən vəfat edir. Belə ki, atasının getdikcə içkiyə aludəçiliyi səbəbindən o iki körpə qardaşının qayğılarını öz üzərinə götürür.
1792-ci ildə Bethoven yenidən Vyanaya qayıdır və burada bir müddət Jozef Haydndan musiqi dərsləri alır. Bethoven Motsartla görüşmək, ondan musiqi dərsləri almaq istəsə də, Motsartın bir il öncə vəfatı Bethovenə bu arzusunu həyata keçirməyə imkan vermir. Bu müddətdə Bethoven Yohan Georg Albrextsbergerden (Vyananın tanınmış kontrapunkt ifaçısı və pedaqoqu) və Antonio Salyeridən musiqi dərsləri alır. 1793-cu ildə Bethoven Vyanada mahir pianoçu kimi ad qazanır. Bethoven tədricən o vaxtlar hamının üz tutduğu kilsə və kral saraylarından tamamilə uzaqşıb müstəqil fəaliyyətə başlayır. Yaşayışını isə illik təqaüd və ayrı-ayrı əyanların təltif etdiyi mükafatlar, konsert və verdiyi dərslərdən gələn gəlirlə təmin edə biliir.
Bethovenin hamiləri onun musiqisinin vurğunları olsalar da, dahi bəstəkarın qayğılarına çox vaxt etinasızlıq göstərirdilər. Bethoven daha çox qraf Franz Jozef Kinski, Şahzadə Jozef Franz Maksimilian Lobkovits və Karl Aloiz Yohann-Nepomuk Vinsenzlərin himayəsinə bel bağlayırdı. Hamiləri həyatdan köçdükcə və ya sözlərinə dönük çıxdıqca Bethoven borclara düşürdü.
1807-ci ildə şahzadə Lobkovits Bethovenə Kral Teatrında yenicə açılmış bəstəkar postuna müraciət etməsini məsləhət görür, lakin teatr rəhbərliyi dahi bəstəkara cavab məktubu belə yazmır. Bu vaxtlarda Bethoven Vyananı tərk etmək barədə düşünür. 1808-ci ilin payızında ona Vestfaliya kralı Jerom Bonapartin sarayında xor kapellasına rəhbər vəzifə təklif olunur və o bu təklifi qəbul edir.
Dahi bəstəkarın Vyanadan gedişinin qarşısını almaq üçün bəstəkarın dostları Hersoq Rudolfu, Qraf Kinskini və Şahzadə Lobkovitsi bəstəkarı 4000 florin illik təqaüdlə təmin etməyə razı sala bilirlər. Lakin bəstəkara vəd edilmiş təqaüd lazımınca ödənilmir, yalnız Hersoq Rudolf öhdəsinə düşən məbləği sona qədər ödəyir. Qraf Kinski sonralar orduya çağrılır və təqaüdün ödənişini dayandırır və bir qədər sonra həlak olur. Lobkovits isə təqaüdü yalnız 1811-ci ilin sentyabrına qədər ödəyir, Bu əyanların xələfləri isə təqaüdün ödənilməsindən tamamilə imtina edirlər. Bethoven əsərlərinin müəlliflik hüquqlarını satmaq və 1815-ci ildən onun üçün ayrılmış cüzi təqaüdlə dolanmalı olur.
Təxminən 1796-ci ildən etibarən Bethoven eşitmə qabiliyyətini yavaş-yavaş itirməyə başlayır. Qulaqlarındakı kəskin cingilti səsləri ona musiqi səslərini ayırd etməkdə maneçilik törətməyə başlayır. Bethoven tədricən insanlardan ünsiyyətdən də yayınmağa başlayır. O bir müddət Vyananı tərk edib Heylingestad adlı şəhərcikdə yaşayır və burada eyniadlı əsərini – "Heylingestad vəsiyyəti" əsərini yazır. O tezliklə bütün çətinliklərə baxmayaraq sənəti üçün yaşamağa qərar verir. Bəstəkarın eşitmə qabiliyəti vaxtaşırı kəskin pisləşir, hətta bununla bağlı mötəbər bir məlumatda bir qeydə də rast gəlmək olar. Doqquzuncu simfoniyasının premyerasının sonunda Bethoven tamaşaçıların atəşli alqışlarını görmək üçün geriyə dönür. Lakin heç nə eşitmədiyini anlayıb hönkür-hönkür ağlamağa başlayır. Eşitmə qabilliyəti onun istedadına heç cür təsir edə bilməsə də, əsas gəlir mənbəyi olan konsertlərinin təşkilini həddən artıq mürrəkkəbləşdirir.
Bethoven konsertləri zamanı səsləri ayırmaq üçün pianosunun səs lövhəsindən asdığı xüsusi çubuqdan istifadə edirdi. Bəstəkarın konsertlərində istifadə etdiyi bu cür köməkçi vasitələr onun Bonn şəhərindəki ev muzeyində nümayiş olunmaqdadır. 1814-cü ildə Bethoven eşitmə qabiliyyətini tamamilə itirir. Tamaşaçılar bəstəkarın uca səslə ifa etdiyi arpeciosunu eşidib biri birlərinə "Ist es nicht schön?" ("Gözel deyilmi?") deyə heyrətlərini və dahi Bethovenə dərin məhəbbətlərini ifadə edir, onun cəsarət və yumor hissinə heyran qalırdılar.
Bethovenin eşitmə qabiliyyətinin itməsi günümzə olduqca qiymətli tarixi yazıların gəlib çıxmasına səbəb olmuşdur. Bu danışıq kitablarında bəstəkarın dostları ilə musiqi və başqa mövzularda apardığı müzakirələr əks olunmaqla bəstəkarın düşüncələrini duymaq baxımından olduqca qiymətli mənbə hesab olunur. Müasir günümüzdə belə, bu danışıq kitabları bəstəkarın musiqini necə ifadə etmək və onun sənətə münasibətini öyrənmək baxımından baza-material rolunu oynayır. Bu kitablardan bəziləri sonralar Anton Sindler adlı şəxs tərəfindən ya təhrif edilmiş, ya da tamamilə məhv edilmişdir.
Xəstəlik və vəfatı
Qardaşı oğlu üzərindəki qəyyumluq hüququnu itirdikdən sonra Bethovenin səhhəti pisləşməyə başlayır və bu bəstəkarın 26 mart, 1827-ci il tarixində vəfatı ilə nəticələnir.
Vyana patoloqu və məhkəmə eksperti Kristian Röyter (Vyana Tibb Universitetinin məhkəmə ekspertizası fakultəsinin rəhbəri ) bəstəkarın ölümünə Andreas Varvux adlı həkimin diqqətsizliyini əsas səbəb kimi gətirmişdir. Röyterin fikirincə Varvux qurğuşundan zəhərlənmiş Bethovenə qarın boşluğunun yuyulması əməliyyatından sonra qarın nahiyəsi üzərinə isti qurğuşun qoymaqla vəziyyəti daha da ağırlaşdırmışdır. Bethovenin qurğuşundan necə zəhərlənməsi faktını isə müəyyən etmək uçün saysız-hesabsız cəhdlər edilmişdir.