17.11.2012


Babək
(816-838)

Azərbaycan VIII əsrin əvvəllərində Ərəb xilafətinin tərkibinə daxil edilir. İlk vaxtlar mülayim siyasət yürüdən əsərb xəlifələri artıq VIII əsrin ortalarında xalqa sözün əsl mənasında zülm etməyə başlayırlar. VIII əsrin II yarısından etibarən xalq ayağa qalxır, üsyanlar edir. Ardı-arası kəsilməyən üsyanlar tədricən iri xalq azadlıq hərəkatına çevrilir. Xürrəmi xalq-azadlıq hərəkatı ərəblərə qarşı yönələn ən iri müqavimət hərəkatı olmuşdur. Hərəkatın başına Babək gəldikdən sonra o daha da mütəşəkkil şəkil almış, tədricən azadlıq müharibəsinə çevrilmişdir. Güclü ordu yaradan Babək ərəblərə qarşı 20 il mübarizə aparmışdır. Sonda Babək tutulub edam edilsə də, onun səyləri hədər olmamışdır: bir müddət sonra Azərbaycanda ərəblərin hakimiyyəti devrilmiş və onun yerində müstəqil dövlətlər yaranmışdır.


Azərbaycan tarixinə Babək xalq-azadlıq müharibəsinin başçısı və görkəmli sərkərdə kimi daxil olmuşdur
Ərəb hakimlərinin özbaşınalıqları, talançı vergi siyasətləri Azərbaycanda kəskin narazılığa səbəb olurdu. VIII əsrin ortalarından etibarən ərəblərə qarşı güclü üsyanlar başlandı. 748 və 794-cü illərdə Beyləqanda, 752-ci ildə Şəmkirdə, 793 - 794-cü illərdə Bərdədə baş vermiş üsyanlar çətinliklə yatırıldı.
Tariximizdə azadlıq mübarizəsinin parlaq səhifələrindən biri, bəlkə də ən möhtəşəmi Ərəb xilafətinə qarşı 60 ildən artıq davam etmiş xürrəmilər hərəkatıdır. Xürrəmilərin ("xur" - alov, Günəş) təlimində sosial ədalətsizliyə qarşı mübarizə, azad kəndli icmasının yaradılması ideyaları mühüm rol oynayırdı. Onlar islam ehkamlarını qəbul etmir və Azərbaycanda qədimdə yayılmış atəşpərəstliyə qayıdışı təlqin edirdilər. Xürrəmilərin əsas məqsədləri Azərbaycanı yadellilərdən azad etmək idi. 778-ci və 807 - 808-ci illərdə Azərbaycanda xürrəmi üsyanları baş vermişdir. 816-cı ildən xürrəmi hərəkatının başında Babək dayanmışdır. Babək 798-ci ildə Ərdəbil yaxınlığındakı Bilalabad kəndində kasıb bir ailədə doğulmuşdur. Ərəblərin yazdığına görə, onun adı "Həsən" olmuş, xürrəmilərə qoşulduqdan sonra isə atəşpərəstlik təlimində ən hörmətli adlardan olan "Babək" adını götürmüşdür. Atasını erkən itirən Babək uşaq yaşlarında əvvəlcə çobanlıq eləmiş, sonra sarvan olmuş, daha sonra isə usta köməkçisi işləmişdir. Xürrəmilərin başçısı Cavidan ibn Səhli Babəkin cəsarəti, vətənpərvərliyi cəlb etmiş və onu özünə köməkçi götürmüşdür. Cavidan həlak olduqdan sonra xürrəmilər Babəki özünə başçı seçmişlər. Xürrəmilərin mərkəzi Ərdəbildən 145 km şimal-qərbdə Bəzzeyn dağında qurulmuş Bəzz şəhər-qalası olmuşdur.

Babək ilk gündən zülmkarları məhv edib, əzilənlərə azadlıq verəcək bir mübarizəyə başladığını bəyan etmişdi. Bu şüar onun ətrafına minlərlə məzlum kəndli, sənətkar, şəhər yoxsullarını toplamışdı. Babək onlardan güclü qoşun yaratmağa nail olmuşdu. Bunu gördükdə xəlifəyə düşmən olan bir sıra iri feodallar Babəkə qoşulmuşlar. Xürrəmi qoşunlarının hərbi təşkilatı dövrün tələblərinə cavab verirdi. Qoşunun əsas hissəsi kəndlilərdən təşkil edilmiş piyadalar idi. Süvari hissələr azlıq təşkil edirdi. Qoşunları silahlarla təchiz etmək üçün emalatxanalar açılmışdı. Qoşunlarda kəşfiyyat xidmətinin təşkilinə böyük diqqət yetirilirdi.

Xürrəmi hərəkatının genişlənməsi xəlifə əl-Məmunu Azərbaycana ordu göndərməyə vadar edir. 819-cu ildə sərkərdə Yəhya ibn Müaz Azərbaycana soxulsa da, üsyanı yatıra bilmir. Xəlifə onun yerinə İsa ibn Məhəmmədi komandan təyin edib Azərbaycana göndərir. 821-ci ildə Bərdə döyüşündə Babək qalib gəlir. Xəlifə Züreyq ibn Əli əl-Əzdi və Əhməd ibn əl-Cüneyd əl-Askafinin başçılığı ilə Azərbaycana yeni qoşun göndərir. Babək yenə də qələbə çalır və əl-Askafi xürrəmilər tərəfindən əsir götürülür. Xəlifə bu dəfə ordu komandanı vəzifəsinə ərəblərin on yaxşı sərkərdələrindən olan Məhəmməd ibn Hümeyd ət-Tusini təyin edir. O, 827-ci ildə Azərbaycana qoşun yeridir, lakin 829-cu ilin yayında Həştadsər dağı yaxınlığında (Bəzzdən 6 km aralı) Babək ət-Tusinin ordusunu məğlub edir. 830-cu ildə digər sərkərdə - İbrahim ibn əl-Leys xürrəmilərin üstünə göndərilir, lakin o da məğlub olur.
Məğlubiyyətlər xilafətdə çaşqınlıq yaradır və Babək təşəbbüsü əlinə alır. Onun qoşunları hücum əməliyyatları keçirməyə başlayır. Albanlar yaşayan Şimali Azərbaycan əhalisi də Babəkə qoşulur. 830-cu ildə xürrəmilər Həmədan şəhərini tutur və bunun nəticəsində xilafətin şərq vilayətlərinin mərkəzdən qoparılması təhlükəsi yaranır. Cəzirə, Suriya və Misirdə xalq üsyanları başlayır.

Yeni xəlifə əl-Mötəsim yeni qoşunlar tərtib edir və onların tərkibində türklər çoxluq təşkil edir. Artıq 833-cü ildə İshaq ibn İbrahimin başçılıq etdiyi ərəb qoşunları Həmədan yaxınlığında Nəsr adlı sərkərdənin başçılıq etdiyi xürrəmi qoşunlarının məğlub etməyə müvəffəq olur. Xəlifə Kiçik Asiyada Bizansa qarşı   
aparılan müharibəni dayandırır. O başa düşür ki, xürrəmilərə qarşı mübarizədə dövlətin bütün qüvvələri səfərbər olunmalıdır. Ərəb ordusu yüksək səviyyədə silah və döyüş sursatı ilə təmin edilir. Türk süvarilərindən başqa, qoşunun tərkibində piyada hissələrə geniş yer verilir: qalxandaşıyanlar, oxçular, nefatanlar, yandırıcı mərmi atanlar, mühəndis-dağ dəstələri, qarovul-mühafizə hissələri. Paytaxt Samirə şəhəri ilə cəbhə arasında rabitə xəttinin yaradılmasına böyük diqqət yetirilir. Bütün yolboyu qarovul məntəqələri qurulur. İlk dəfə rabitə göyərçinlərindən istifadə edilməyə başlayırlar.
835-ci ilin yayında Afşin Heydər ibn Kavus ərəb qoşununun komandanı təyin edilir. Bizansla aparılan döyüşlərdə fərqlənən Afşin əslən Usruşana (Fərqanə) türklərindən olmuşdur. Bölgəyə gələn kimi o, Zəncan ilə Ərdəbil arasında olan yolları və yolboyu istehkamları bərpa edir, əvvəlcə Ərdəbildə, sonra isə Bərzənddə qərargah qurur. Bərzənddən Bəzzə qədər olan məsafə 50 km-dir. O, əsas diqqəti kəşfiyyat xidmətinin fəaliyyətinə və xürrəmi kəşfiyyatçılarının zərərsizləşdirilməsinə yönəldir. Xürrəmilər ətrafında istehkamlar zolağı yaradılır. Babək belə şəraitdə partizan xarakterli əməliyyatlara keçir və xırda kəskin zərbələrlə ərəblərin hərəkət sürətini azaldırdı. İşlərin belə getdiyini görən bəzi yerli feodallar xürrəmilərə xəyanət edib bu dəfə ərəblərin tərəfinə keçməyə başlayırlar. Belə ki, Təbriz şəhəri və Şahı qalasının sahibi feodal əl-Baisin xəyanəti nəticəsində bir xürrəmi dəstəsi ərəblər tərəfindən mühasirəyə alınaraq məhv edilir.
835-ci ildə xürrəmilər ərəblərin silah və sursat karvanlarına, xırda dəstələrinə hücumlar edir, ərzaq karvanlarını ələ keçirirlər. Xürrəmi sərkərdəsi Tərxanın iki iri ərəb karvanını məhv etməsi ərəblərə böyük zərər vurur. Babəkin hücumları isə elə gözlənilməz olurdu ki, bəzi hallarda Afşin döyüşçülərinə gecə də atlardan düşməməyi əmr edirdi.
Yerli şəraitdən məharətlə istifadə edən və dağ müharibəsinin qanunlarını mükəmməl bilən xürrəmilər dağlıq ərazilərdə daim qalıb gəlirdilər. Nəticədə Afşin sərkərdələrinə əsas qüvvələrdən aralanıb dağlara hərəkət etməyi qadağan edir. Buna baxmayaraq 836-cı ildə Həştadsər dağı yaxınlığında Babək növbəti qələbəsini qazanır. O, Buğa əl-Kabirin 5 minlik qoşununu məhv edir. 837-ci ildə yeni türk süvari hissələri ilə möhkəmləndirilən Afşin həlledici hücumlara başlayır. Onun Babəklə danışıqlar aparmaq cəhdi Babək tərəfindən qətiyyətlə rədd edilir. Afşin Babəkin əsir düşmüş oğlunun əli ilə yazılmış və təslim olmağa çağıran məktubu Bəzzə göndərir. Cavab məktubunda Babək ona belə yazır: "40 il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq daha üstündür".
837-ci ilin yayında ərəblər Bəzzə tam yaxınlaşır və onu mühasirəyə alır. Xürrəmi qoşunlarının pusqu yerini öyrənən Afşin bu dəstəni məhv edir. Bundan sonra ərəblər atma qurğular və neftatan döyüşçülərin köməyi ilə Bəzzin hücumuna başlayırlar. Xürrəmilər inadla vuruşurlar, lakin qüvvələr nisbəti bərabər deyildi.
837-ci il avqustun 27-də Bəzz qalası süqut edir. Babək xırda dəstə ilə Arrana doğru hərəkət etməyə başlayır. Lakin əvvəllər onun müttəfiqi olmuş alban knyazı Səhl ibn Smbat artıq ərəblərin tərəfinə keçibmiş. Tutulub ərəblərə verilən Babək və onun qardaşı Əbdallah xilafətin mərkəzi şəhəri və xəlifənin iqamətgahı sayılan Samirəyə aparılır. 838-ci il martın 14-də xəlifə əl-Mötəsimin iştirakı ilə Babək və onun qardaşı əzabla edam olunurlar. Ərəb müəllifləri xüsusi olaraq qeyd edirlər ki, Azərbaycanın xalq qəhrəmanı ölümünü mərdliklə qarşılayır.
Xürrəmilərin Babəkin başçılığı ilə apardıqları xalq-azadlıq müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir. İrimiqyaslı və qanlı müharibədə o zaman dünyanın on güclü dövlətlərindən olan Ərəb xilafətinə 20 il müqavimət göstərmiş xürrəmilər təxmini hesablamalara görə düşmənin 200 mindən artıq döyüşçüsünü və onlarca sərkərdəsini məhv etmişdir. Müharibə məğlubiyyətlə nəticələnsə də, Azərbaycanın azad edilməsi üçün zəmin yaranmışdır. Müharibə zəncirvarı reaksiya əsasında digər regionlarda da üsyanlar doğurmuş və son nəticədə Ərəb xilafətinin parçalanmasına səbəb olmuşdur.
Babəkin adı isə Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizə rəmzinə çevrilmişdir