05.07.2013

Admiral Nelson

Horatsio Nelson keşiş oğlu idi. Ümumiyyətlə, onların bütün qohum-qardaşları kilsə xadimləri idilər. Ona görə belə ailədən dənizçi çıxması gözlənilməz idi. Lakin bu işdə sözsüz gəmi kapitanı olan dayısının mühüm rolu olmuşdu. Onun balaca Horatsioya 7 yaşında ikən itirdiyi anasının dənizçi olan ulu babalarının macəraları haqqında söhbətləri də unudulmaz təsir bağışlamışdı. Buna görə 12 yaşı olanda Horatsio dayısı Sanqlinqin kapitan olduğu «Trayemfom» keşikçi gəmisində qulluğa girdi. Lakin dayısı onu Hindistana gedən ticarət gəmisinə düzəltdi. İki il çəkən bu səfərdən qayıdan 15 yaşlı Nelson artıq mahir dənizçi idi.

1773-cü ildə o, Şimal qütbünə ekspedisiyaya gedən hərbi gəmilərin birində səfər etdi. Bu səfərdən sonra Nelson 18 aylıq İran körfəzinə və Hindistana yola düşdü. Həmin səfər zamanı o, vətəni üçün qəhrəman olacağına and içdi. Qayıtdıqdan sonra Nelson dayısının köməyi ilə 64 düyməli «Uorçester» hərbi gəmisində dördüncü leytenant kimi qulluğa başladı. Elə həmin ildə o, imtahan verib leytenant rütbəsini aldı.
Nelsonun dövründə ingilis hərbi gəmiləri bir neçə dərəcəyə bölünürdü. Birinci dərəcə 100 toplu 2000-2600 tonluq su tutumu və 850-950 nəfər heyəti olan gəmilər böyük müharibələrdə iştirak edirdilər. Elə həmin illərdə də ingilis gəmiləri yeni tipli daha güclü toplarla silahlandı. Bu topların lülələri əvvəlkilərindən qısa, dağıdıcı zərbələri qat-qat artıq idi.
Dördüncü dərəcəli gəmilər freqatlar adlanırdı və Nelson onları «donanmanın gözü» hesab edirdi. Bu gəmilər çox çevik olub kəşfiyyatla məşğul olur və eskadra komandirləri arasında əlaqə vasitəsi sayılırdı. Freqatlar donanma admirallarının tapşırıqlarını yerinə yetirir, eyni zamanda yeri gələndə düşmən gəmiləri ilə döyüşə də girirdi.
Nelson «Lovestov» freqatına təyinat alır və burada kapitan Uilyam Lokerin başçılığı ilə özünün bütün qabiliyyətlərini göstərir. Həmin illərdə ingilislərlə onların Şimali Amerika müstəmləkələri arasında istiqlaliyyət müharibəsi başlayır. «Vest-Hind»də ikən gənc leytenantın ixtiyarına əyri yelkənli, iki dor ağaclı gəmi — şxuna verilir və o, Karib dənizində adaları bir-birindən ayıran saysız körfəzlərdən keçib manevr sənətini bütün incəliklərinə qədər mənimsəyir.
Bir dəfə güclü fırtına zamanı Nelsonun qulluq etdiyi freqat Amerikanın silahlı mülkü gəmisi ilə rastlaşır və Nelson bu çətin şəraitdə düşmən gəmisinin göyərtəsinə keçib onun ələ keçirilməsinə nail olur. Nəhayət, 1779-cu ildə hələ 21 yaşı tamam olmayan Nelson «Xincinbrük» freqatına kapitan təyin olunur. O dövrdə düşmən gəmilərini tutub ələ keçirmək böyük hünər sayılır və Admiralteys tərəfindən hər cür həvəsləndirilirdi. Hər ələ keçirilən qənimət üçün mükafat verilirdi.
1780-ci ildə özünü müstəqil elan etmiş Amerika Birləşmiş Ştatları ilə İngiltərə arasında müharibə gedirdi. Əvvəlcə Fransa, sonra isə İspaniya və Hollandiya da ABŞ-la birləşirlər. Bu zaman Yamayka qubernatorunun təklifi ilə Nelson Mərkəzi Amerikada mühüm bir əməliyyat həyata keçirir və özü də ağır xəstələnir. Lakin güclü iradəsi sayəsində sağalıb 1781-ci ildə «Albemarl» freqatına kapitan təyin olunur. Bu ələ keçirilən fransız ticarət gəmisi idi. Bir neçə il burada komandanlıq edəndən sonra Nelson başqa bir freqata — «Boreas»a kapitan təyin olunur. O, 1787-ci ildə varlı dul qadına evlənir, lakin dənizi tərk etmək istəmir.
İngiltərə-Fransa sülh müqaviləsindən sonra gəmilərin çoxu işsiz dayanır. Nelson istər-istəməz dənizi tərk etməli olur. Bu işdə onun Admiralteys rəhbərləri ilə konflikti də az rol oynamır. Nəhayət, uzun mübahisə və mübarizədən sonra 1793-cü ildə o, 64 düyməli «Aqamemnon» xətli gəmiyə kapitan təyin olunur. Həmin illərdə Fransa inqilabi hadisələr burulğanından çıxıb qəribə olsa da aqressiv siyasət yeritməyə başlamışdı. Nəticədə iki ölkə yenidən düşmənə çevrilmişdi.
1793-cü ildə ingilis eskadrası fransız gəmilərinə Tulon limanından çıxmaq imkanı verməmək üçün Aralıq dənizinə çıxdı. Burada onlar çox güclü İspan donanması ilə toqquşdular. Və bu toqquşmada Nelson öz qeyri-adı hərbi istedadını bir daha sübut etdi. Əhvalat belə olmuşdur.
1797-ci il fevralın 14-də admiral Con Cervisin komandası altında 15 ingilis xətt gəmisindən ibarət eskadra Portuqaliyanın San-Visenti boğazı yanında 18 və 8 ispan gəmilərindən ibarət iki eskadra ilə rastlaşır. İngilis admiralı kiçik dəstə gəlməmiş ispanların böyük dəstəsinə hücum edib onu məhv etmək qərarına gəlir. Bir neçə manevrdən sonra Cervis öz gəmilərinə dönüb düşmən gəmilərini təqib etmək əmrini verir. İngilis gəmiləri bir-birinin dalınca düzülüb ispanların aryerqardına doğru irəliləyir. Nelsonun gəmisi arxadan üçüncü olur. Nelson görür ki, bu cür taktika eskadranı məhvə aparır. Buna görə əmr gözləmədən irəli çıxıb rəqibin qabaq gəmilərinin yolunu kəsir. Nelsonun o dövrün ən böyük hərbi gəmisi olan 74 düyməli gəmisi ispanların 30 düyməli «Santissima Trinidad»ına hücum edir. Bu açıq-aşkar admiralın əmrinin pozulması deməkdi. Lakin ağıllı Cervis Nelsonun düz hərəkət etdiyini başa düşür və o, kapitan Kollinqvurda Nelsona kömək etməyi əmr edir.
Beləliklə, ingilislər düşmənin dörd xətt gəmisini ələ keçirir. Qalanları qaçır. Nelson özü iki düşmən gəmisini admiralla bərabər çəkib aparır. Və o vaxtdan bu cür manevr «Nelson korpusu» adlanır. Bu qələbədən sonra Cervis qraf dərəcəsini, Nelson isə kontr-admiral rütbəsini və zadəgan dərəcəsini alırlar.


Horatsio Nelsonun qələbələrinin sayı-hesabı yoxdur. Hesablamalara görə bu məğlubedilməz admiral ömrü uzunu 250-ə qədər döyüşdə qələbə çalmışdı və onların tacı Trafalqar döyüşüdür. Həmin tarix döyüşdə Nelson fransız-ispan birləşmiş donanmasına demək olar ki, darmadağın etmişdi. Həmin döyüşün təsviri belədir:
1805-ci ildə fransızlar ispanlarla birləşib Britaniya adalarına girmək planını hazırlayırlar. Təkcə fransızlar bunun üçün böyüklü-kiçikli iki min beş yüz gəmi hazırlaya bilirlər. Bu xəbəri eşidib bütün Britaniya həyəcana düşür. Napoleonun Avropadakı qələbələri, onun İtaliyanı bir zərbə ilə fəth etməsi onsuz da hamını sarsıtmışdı. Fransızlar İngiltərəyə desant çıxarmaq üçün 120 min seçmə əsgər hazırlamışdılar.
Nelson artıq əvvəlki döyüşlərində bir gözünü və bir qolunu itirmişdi. Buna baxmayaraq İngiltərə hökuməti onu Böyük Britaniyanın hərbi dəniz qüvvələrinin baş komandanı təsdiq etdi. 1805-ci il sentyabrın 13-də Nelson Marton limanını tərk edib Portsmuta — onu gözləyən flaqman gəmisi «Viktoriyaya» gəlib elə həmin gün göyərtəyə çıxdı.
Fransa-İspaniya gəmilərinin sayı ingilis gəmilərindən çox idi. Lakin Nelson bilirdi ki, ingilis zabit və dənizçiləri fransızlardan və xüsusilə ispanlardan qat-qat təcrübəli və dözümlüdürlər. Döyüş planını Nelson oktyabrın 21-də «Viktoriya»nın göyərtəsində hazırladı.
Admiral Kollinqvud ikinci flaqman gəmisi ilə düşmən gəmiləri arasına girib onu parçalamalı, sonra isə Nelsonun dəstəsi döyüşə girib onun taleyini həll etməli idi. Nelsonun 27, müttəfiqlərin isə 38 gəmisi döyüşə çıxmışdı. Topların sayınca da müttəfiqlər irəlidə idilər. Donanmalar Cəbəllütariq yanındakı Trafalqar burnunda üz-üzə gəldilər. Fransızlar gəmilərini aypara şəklində düzmüşdülər. İngilislər Konlinqvudu irəli verib ağır-ağır onun ardınca irəlilədilər. Döyüş başlananda onlar planı dəyişdilər və Nelsonla Kollinqvud əlbir şəkildə fransızların mərkəzinə doğru hücuma keçdilər.
Nelson admiral geyimində, sinəsində parıldayan ordenlər «Viktoriya»nın göyərtəsində idi. Ona yerini, ya da planlarını dəyişməyi təklif etdilərsə də razı olmadı. Döyüş başlandı. Kollinqvud irəli getdi. Düşmənlər «Viktoriya»nı görüb atəşə tutdular. İngilis gəmiləri rəqiblərin cərgələrini pozdular. Fransız topçularının atəşlərindən «Viktoriya»nın göyərtəsindəki bütün matros və zabitlər həlak oldu. Yalnız kapitan Xardi ilə Nelson sağ qaldılar.
İngilis gəmiləri daha sərrast atəş açırdı və düşmən gəmilərinin itkisi daha çox idi. Xardi bir də dönüb baxanda dəhşət içində Nelsonun yıxıldığını gördü. Admiral Nelson ona çatan Xardiyə dedi: «Onlar nəhayət ki, mənim axırıma çıxdılar». Saat 2-də fransız flaqmanı bayrağını endirdi və baş komandan Vilnov əsir alındı. Nelsonu təbrik edib xəbər verdilər ki, 15 düşmən gəmisi əsir alınıb. Beləliklə, Nelson 250-ci qələbəsini görüb sonra gözlərini yumdu. Bu, dünya hərb tarixində ən böyük qələbələrdən biri idi. Döyüşdə 6 min rəqib və 3 min ingilis dənizçisi həlak oldu. Yalnız 11 düşmən gəmisi geri qayıda bildi.


http://alisanicat.wordpress.com/2011/04/29/admiral-nelson/#more-188