11.07.2013

Kauridən manata qədər

Hələ qədim zamanlardan insanlar pulsuz yaşamağın mümkünsüzlüyü anlayıblar. Əcdadlarımız pul əvəzinə başqa mubadilə vasitələrindən istifadə edərək, öz tələbatlarını ödəyiblər. O dövrdə natural əlaqələr mövcud olduğundan insanlar yaşadıqları ərazilərdə mubadilə forması kimi ərzaq məhsulları və digər vasitələrdən yararlanıblar. Məsələn, Abşeron yarımadasında duz, balıq, digər bölgələrdə isə mal-qara pul əvəzi kimi işlənib.


Azərbaycanda ilk mübadilə vasitəsi kimi tunc bilərzik, ox ucluq və kauridən istifadə olunub. Hind Okeanı sahillərində “balıqqulağı” mənasını verən kauri Asiya və Avropanın müxtəlif bölgələrində pul əvəzinə işlədilib. Ölkə ərazisində aparılan qazıntılar zamanı çoxlu miqdarda tunc və bürünc halqalar aşkara çıxarılıb. Arxeoloqların fikrincə, halqalar xüsusi çəkiyə malik olduğundan mübadilə vasitəsi kimi onlara üstünlük verilib.
Azərbaycan numizmatikasının əsasını qoymuş Yevgeni Aleksandroviç Paxomov hələ ötən əsrin XX illərində halqaları 10, 20, 30 və 40 qram çəki vahidlərinə bölərək, onları siql adlandırmışdı. Maraqlıdır ki, Mesopotamiyada və qədim Misirdə də belə halqalardan istifadə olunub. Lakin mis, gümüş və qızıl külçələr daha rahat olduğundan metal külçələr bir müddətdən sonra öz əmtəə xüsusiyyətini itirib. İlk pullar e.ə. VII əsrdə Çin, Lidiya və Yunanıstanda kəsilib. Lidiyanın zəngin qızıl ehtiyatları tarixdə silinməz iz qoyub. Ölkə çarı Krez o qədər varlı idi ki, hətta ondan sonra uzun illər Şərqdə varlı-karlı adamlar haqqında “Krez kimi zəngindir” ifadəsi işlədilib. Lidiyanın ərazisindən keçən Pakto çayı (indiki Sərabad) qızıl yataqları ilə zəngin olub. Krezin zərb etdirdiyi sikkələrin tərkibinin 40 faizi qızıl, 60 faizi isə gümüşdən ibarət idi.
Yeri gəlmişkən, dünyada ilk pul yaranandan bir qədər sonra saxta pullar meydana çıxmağa başlayıb. Günlərin birində Krez anlayır ki, sikkələrin tərkibindəki qızılın çəkisi süni şəkildə azaldılır, gümüş isə artırılır. Belə olduqda o, qızıl və gümüş sikkələrin ayrılıqda zərbini əmr edir. Maraqlıdır ki, həmin illərdə yaşamış yunan filosofu Solon saxta pulun dövlətə və iqtisadiyyata böyük zərbə vuracağını anlayaraq, qəlp pul kəsənlərin ölüm hökmü ilə cəzalandırılmasını tələb edirdi.
O dövrdə pul zərb edənlər bir neçə məqamı nəzərə alırdılar: onu saxtalaşdırmaq mümkün olmasın, xırdalana bilsin, dayanıqlı və yekcins olsun.

Azərbaycanda ilk zərbxanalar
Qafqazda, o cümlədən Azərbaycanda sikkələrin zərb edilməsi barədə məlumatlara Avropa və rus alimlərinin əsərlərində tez-tez rast gəlinir. Doro, Bartolomey, Fren, Markov və digərləri öz kitablarında Azərbaycan ərazisində zərb edilən pul və zərbxanaların adlarını çəkiblər. E.A.Paxomov Azərbaycan ərazisində aşkar edilən sikkələrin Dövlət Tarix Muzeyində toplanmasının və burada numizmatika fondunun yaradılmasının təşəbbüskarı olub. Məhz onun sayəsində Azərbaycanın ilk sikkə kolleksiyasının toplanılmasına başlanılıb.
Paxomov əsərlərində qeyd edir ki, Azərbaycanda ilk sikkələr hələ eramızdan əvvəl IV əsrdə zərb olunub. Eramızdan əvvəl IV əsrdə Makedoniyalı İsgəndərin imperiyasına daxil olan Azərbaycan ərazisində imperiyanın pul vahidi olan draxma və tetradraxmalar yayılmağa başlamışdı. Lakin işğal edilən ərazilər böyüdükcə pula tələbat artır. Nəticədə işğal edilən ərazilərdə, o cümlədən Azərbaycanda zərbxanalar yaradılır. Məhz bu dövrdə Azərbaycanda Makedoniyalı İsgəndər dövlətinin pullarına bənzər sikkələr dövriyyəyə buraxılır.
Makedoniyalı İsgəndərin ölümündən sonra Selevki hökmdarları da böyük sərkərdənin adı həkk olunmuş pulları dövriyyəyə buraxmağa davam edirlər. Eramızdan əvvəl III əsrdə Azərbaycan və İran əraziləri əsası Arşakilər tərəfindən qoyulmuş Parfiya dövlətinin (e.ə. 247-b.e.226) tərkibinə daxil olunur. Onların zərb etdirdikləri pulların üzərində zərbxananın adı da göstərilirdi. Məsələn, Atropatena zərbxanasında kəsilən pullarının üzərində “A”, onun üstündə isə “T” hərfi yazılırdı.
Arşakilər dövləti süquta uğradıqdan sonra Azərbaycan ərazisində yaranan Sasani dövləti öz sikkələrini zərb etdirməyə başlayır. Attika sisteminə uyğun hazırlanan gümüş pulların bir üzündə şahənşahın təsviri və zərbxananın adı, digər tərəfində Atəşgah təsvir olunurdu.
VII əsrdə yeni imperiya - Ərəb xilafəti yarandı. Məhz bu dövrdə Azərbaycanda xilafət zərbxanalarının sayı artdı. Bərdə, Dərbənd, Bakı, Şamaxı, Qəbələ və digər şəhərlərdə qızıl, gümüş və mis sikkələr buraxılırdı. Ərəblərin Azərbaycanda zərb etdirdikləri qızıl pullar dinar, gümüş pullar dirhəm, mis pullar isə fels və ya fulus adlanırdı.
Xilafət zəiflədikdən sonra yeni feodal dövlətlərin yaranması dövrü başladı. Onlardan ən qüvvətlisi Şirvanşahlar idi. 861-ci ildə Azərbaycan canişini olan Məzyədilər sülaləsinin nümayəndəsi Heysan ibn Xalid Şirvanşahlar titulunu qəbul edib, sikkə kəsdirməyə başladı.
Qeyd edək ki, Xilafət zəiflədiyi dövrdə Yaxın Şərq, o cümlədən Azərbaycan gümüş böhranı ilə üzləşmişdi. Professor Məhəmməd Seyfəddinin fikrincə, buna səbəb gümüş yataqlarının itirilmiş ərazilərdə qalması idi. Vəziyyətdən çıxış yolu kimi sikkələri misdən zərb etdirib, dövriyyəyə buraxıblar. Onların üzərində fars dilində “sim” (gümüş) və ya “dirhəm” sözü yazılırmış. Böhran nəticəsində Azərbaycanda bir neçə zərbxana bağlanır. Hətta monqolların dövründə xəzinəyə gümüş axınını gücləndirmək üçün Keyxatu xan 1294-cü ildə Azərbaycanda ilk dəfə kağız pul dövriyyəyə buraxır. Yeri gəlmişkən, kağız pul ilk dəfə Çində tut ağacının qabığından hazırlanıb.
Monqolların Azərbaycanda buraxdıqları pul çao adlanırdı. Üzərində ərəb və uyğur dillərində nominal göstərici və islam simvolikası yazılırdı. Kağız pulların dövriyyəyə buraxılması vəziyyəti heç də yaxşılaşdırmır, Təbriz bazarları bağlanılır. Çünki Keyxatu xanın istehsal etdiyi kağız pullar zamanın tələblərinə uyğun gəlmirdi. O dövrün tacirləri pulun dövriyyə mahiyyətini, nominal ölçü vahidini, əmanət kimi yığım qabiliyyətini və dünya ticarət bazarında onun qiymətini müəyyən edən amilləri dəqiq müəyyənləşdirə bildikləri üçün dükanları bağlayıb şəhərdən gedirdilər. Bunu görən Keyxatu xan qanunu ləğv etmək məcburiyyətində qalır.
Səfəvilər dövləti (1501-1736) yaranandan sonra dövriyyəyə qızıl və gümüş abbasi, şahi, həmçinin mis feyslər buraxılır.

1747-ci ildə Nadir şah öldürüldükdən sonra Azərbaycan ərazisində kiçik feodal dövlətlər – xanlıqlar dövrü başlayır. Vaxtilə Nadir şah tərəfindən təyin olunan canişinlər özlərini xan elan edirlər. Beləcə, Şimali Azərbaycanda Şəki, Qarabağ, Şamaxı, Bakı, Quba, Salyan, Gəncə, Talış, Naxçıvan, İrəvan, cənubda isə Xoy, Təbriz, Maku, Urmiya, Marağa, Sərab və digər xanlıqlar yaranır. Hər xanlıq öz dövlətinin rəmzi olan pullar buraxmağa başlayır. Onlar etalon kimi Səfəvi dövlətinin pullarını götürürdülər. Amma xanlıqların hərəsinin öz çəki sistemi olduğundan sikkələr müxtəlif ağırlıq və əyarda idilər. Sikkələrin üzərində xanların adları həkk olunmurdu. Pullar ya Nadir şahın, ya da digər Səfəvi şahları və şiə imamlarının adlarına zərb edilirdi. Yeri gəlmişkən, imamların adı olan sikkələrə “imam pulları” deyilirdi. Sikkələrin üzərində zərbxananın adının qeyd olunması mütləq idi.
Bir məqamı da qeyd edək ki, Nadir şahın adını əbədiləşdirən pullar onun ölümündən 30 il sonra da buraxılırdı. Onun Hindistana yürüşündən sonra zərb etdirdiyi sikkələrin üzərinə fil şəkli vurulurdu. O vaxt Azərbaycan zərbxanaları Gəncə və Şamaxı şəhərlərində yerləşirdi. Xanlıqlar dövründə isə zərb edilən mis pulların üzərinə müxtəlif heyvan təsvirləri döyülürdü. Bu, əsasən, şiri-xurşid (kürəyində doğan günəş təsviri olan şir), at, tovuz quşu, pələng, it, dovşan və balıq idi. Hər bir xanlığın sikkəsində dövlətin seçdiyi rəmzə uyğun nişan qoyulurdu. Məsələn, Qubada surələri, Şirvanda tovuz quşu və qılınc, Yeni Şamaxıda (Ağsuda) Həzrəti Əlinin Zülfüqar qılıncı, Şəkidə şiəlik rəmzləri, Gəncədə at və tovuz quşu, Qarabağda Pənahəli və İbrahim xanın damğaları, Bakıda şir, at, tovuzquşu, İrəvanda şiri-xurşud, Naxçıvanda dini rəmzlər və quş təsvirləri əks olunurdu. Hər xanlığın ərazisində öz istehsal etdirdiyi pullar keçərli sayılırdı. Xanlıqların gömrüklərində pul dəyişmə məntəqələri var idi. Şəhərə daxil olanlar öz xanlığından gətirdiyi pulu yerli dövriyyə vahidinə dəyişə bilərdi.
1828-ci ildə Türkmənçay müqaviləsindən sonra xanlıqların pul sistemi ləğv olunur. Rusiya imperiyasının pul vahidi Azərbaycan ərazisində əsas mübadilə vasitəsinə çevrilir. Yalnız 1918-ci ildə imperiyanın süqutundan və Azərbaycan Demokratik Respublikasının yaranmasından sonra dövlət rəmzlərindən sayılan manat dövriyyəyə buraxılır.



Müəllif:Lətif ABBAS  
Mənbə:http://bona-mente.az/az/index.php?newsid=501