01.06.2013

Janna Dark

Janna Dark (1412 - 31) - Fransa milli qəhrəmanı. Janna Fransanın şimalşərqindəki
Domremi kəndində dindar kəndli ailəsində anadan olmuşdur. 13 yaşı tamam olanda müqəddəslərin səslərini eşitməyə başlamışdı. 18 yaşına çatanda isə o, vətənini ingilislərdən azad etmək üçün bu səsləri yuxarıdan deyilən göstəriş kimi qəbul etməyə başladı.







     
Onda Janna kral qoşunlarının kapitanı ilə görüşə nail ola və  zabiti inandıra bildi ki, onu Fransa kralının oğlunun qəsrinə aparsın. Kralın oğlu Karl taxtı özünə qaytarmaq üçün uğursuz cəhdlər göstərdiyi bir məqamda Janna onun qəsrinə gəlib çıxdı. Karl ingilislər tərəfindən mühasirəyə alınmış Orleana çatmaq üçün Jannaya kiçik bir dəstə ayırdı. Janna ingilislərə qarşı bir neçə uğurlu
hücuma başçılıq etdi və nəticədə 1429-cu il mayın 8-də Orlean mühasirədən azad oldu. Bu qələbədən ruhlanan xalq ona "Orlean qızı" ləqəbini verdi. Sonra Janna öz ordusu ilə Reymsi ingilislərdən azad etdi. Karl bundan sonra tac qoyaraq VII Karl adı ilə Fransanın kralı oldu. Tacqoymadan sonra Janna kralı artıq 10 il ingilislərin əlində olan Paris üzərinə hücum etməyə inandıra bildi. Lakin onun uğursuz hücumundan sonra Karl Jannanı Luara vadisinə çağırdı. 6 aylıq bekarçılıqdan sonra Janna kiçik dəstə ilə yenidən Paris üzərinə hücum etdi. 1430-cu il mayın 23- də Janna Kompyen qalası yanında burqundlara hücum edərkən əsir götürüldü.
Burqundiyalılar Jannanı ingilislərə satdılar, onlar isə Jannanı özlərinin nəzarət etdikləri Fransa inkvizisiyası və Paris universitetinin ilahiyyatçılarına verdilər. Məhkəmə gənc qızı "islahedilməz bidətçi" kimi məhkum etdi və o, 1431-ci il mayın 30-da Ruan şəhərində tonqalda yandırıldı. Fransa kralı VII Karl Jannanın xilas edilməsi üçün heç bir tədbirə əl atmadı. 1455-ci ildə kilsə məhkəməsi Jannaya qarşı irəli sürülmüş bütün ittihamları rodd etdi. 1920-ci ildə katolik kilsəsi tərəfindən Janna müqəddəs elan olundu.