20.12.2012

Ibn Sina (Avisenna)



Məqaləni 8"a"sinfinin şagirdi Ağarəhimova Almaz hazırladı

 


 Əbu Əli Hüseyn İbn Sina Abdullah (latınlaşdırılmış adı Avisena) Buxara yaxınlığındakı Əfşanakda 980-ci ildə anadan olmuş, 18 iyun 1037-ci ildə Həmədan şəhərində vəfat etmişdir.

      Alim filosof, dünyanın ən böyük həkimi,  Şərqdə aristotelçiliyin ən qabaqcıl nümayəndəsidir. İbn Sina Orta Asiyada  və İranda; Təbriz və Həmədanda yaşamış, ömrünün axırlarında saray həkimi və vəzir kimi fəaliyyət göstərmişdir. İbn Sina öz sələfi Əl-Fərabinin fəlsəfi fikrini inkişaf etdirərək “ Kitab ül-işarət və tənbihat ” , “Danişnamə”, “ Kitabi əl- insaf” kimi kitablar yazmışdır.



      Materialist meyillərlə teoloji-idealist prinsipləri uzlaşdırmaq da İbn Sinaya məxsusdur. Onun fikrincə, aləm qarşısı alınmaz zərurətdən yaranmışdır. İbn Sinaya görə, aləm maddidir və Allah kimi əbədidir. İbn Sina “Danişnamə” əsərində göstərir ki, varliğin hüdudu yoxdur. Varlıq substansiya və aksidensiyalara bölünmüşdür.



        İbn Sinaya görə, substansiyanın mövcudluğunu mənbənin özündə axtarmaq lazımdır. Materiyasız abstrakt cismin forması yoxdur. Cismin forması materiyanın özündə olub, ondan törəyir. Hərəkət də potensial şəkildə materiyada yerləşir. Bu, əslində İbn Sinanın materiyanı iki şəkildə qəbul etməsi idi. 

        İbn  Sinaya görə, aləmdə təbii obyektiv qanunauyğunluq baş verir, təbiət hadisələri qarşılıqlı səbəbiyyət əlaqəsində bir-biri ilə bağlıdır.

        İbn Sina zəkanı maddilikdən ayırmış, “zəkalı canı” ölməz hesab etmişdir. O, elmlərin orijinal təsnifatını vermiş, onları əməli və nəzəri elmlərə ayırmışdır.

        İbn Sinaya görə əməli elmlərə şəhərləri idarə etməyi, öz evinə, ailəsinə və əmlakına münasibəti, insanın özü haqqında elmlər aid idi. İbn Sina nəzəri elmlərə riyaziyyat, astronomiya, bütün təbii elmi bilikləri ümumiləşdirən fizikanı daxil edirdi. O, fəlsəfəni insan zəkasına əsaslanan elm hesab edirdi.  İbn Sinaya görə, ədalətli olmaq ən yüksək insani keyfiyyətdir, bütün qalan müsbət keyfiyyətlər bundan doğur.İbn Sinaya görə məntiq təfəkkürü formalaşdıran elmdir.

    İbn Sina dünya tibb elminə əvəzsiz töhfələr bəxş etmişdir, “Əl-qanun fi-tibb”, “Kitab əş-şəfa”, “Kitabi ün-nicat” kitablarında tibbi görüşləri inkişaf etdirmişdir.

   İbn Sinanın 5 cilddən ibarət tibb ensikiopediyası, “Tibb elminin qanunu” əsəri dünya şöhrəti qazanmış, bir çox xalqların dillərinə tərcümə edilmişdir. Latın dilinə tərcümə edildikdən sonra bir çox əsrlər boyu Şərqdə və Avropada tibb üzrə əsas dərslik olmuşdur. Məhz bu əsərdə tibbin nəzəri əsasları, qan, limfa, ödün, habelə müxtəlif bədən qurluşlarının öyrənilməsi, xəstəliklərin səbəbləri, əlamətləri və s. təsvir edilir.

    Ibn Sina  müxtəlif xəstəliklərin törəmə səbəblərini öyrənməklə yanaşı,eyni zamanda,xarici amillərin orqanizmə təsirinə də ciddi əhəmiyyət verirdi. O, su, hava vasitəsilə yayılan qızdırma ilə müşayiət olunan xastəliklərin görünməyən törədiciləri haqqında fərziyyələr irəli sürmüş, bir sıra xəstəliklərin düzgün klinik mərəzlərini təsvir etmişdir.

    İbn Sina bir çox poemaların və şeirlərin müəllifi kimi də tanınır. Onun bu əsərlərinin hər bir beytində də elmilik duyulur.

   Azərbaycan alimi Ə.Bəhmənyar İbn Sinanın şagirdi və davamçısı olmuşdur. İbn Sinanın 250-dən çox əsəri dövrümüzə qədər saxlanılmışdır.

    Məhşur Azərbaycan heykəltəraşı F.Ədürrəhmanovun yaratdığı Buxarada ucalan heykəli,İranın Həmədan şəhərində qoyulan abidə İbn Sinanı canlandırır. İbn Sina əsərlərinin 12 cildi, o cümlədən “Əl-qanun fi-tibbi” əsərinin 6 əlyazma nüsxəsi Azərbaycan EA yazmaları fondunda saxlanılır. İbn Sinaya görə“1000 dərd, hər dərdin isə 1001 dərmanı var”. Bu o demekdir ki,eyni ağrı müxtəlif səbələrdən baş verə bilər



İbn Sinanın məzar məqbərəsi.




Mənbə: