20.07.2012

Tarixi terminlər lüğəti.


                                  

Abbası — XVII-XVIII əsrlərdə Iran və Cənubi Qafqazda işlədilmiş gümüş sikkə.

Səfəvi Şahı I Abbasın hakimiyyəti dövründə təsis olunmuş və onun adı ilə adlandırılmışdır.

Abbasilər — Məhəmməd peyğəmbərin əmisi Abbasın adı ilə adlanan ərəb xəlifələri sülaləsi (750— 1258). Ərəb xilafəti çox vaxt Abbasilər xilafəti adlandırılmışdır.

Abbat — katolik kilsəsində monastır rahibi.

Abdallar — Laçın şəhərinin keçmiş adı (1923-cü ilədək)

Abeskun — orta əsrlərdə Xəzər dənizinin cənub-şərqində eyniadlı adada liman şəhəri. Bu şəhərin adı ilə Xəzər dənizinə Abeskun dənizi də deyilirdi. Xarabalığı su altındadır.

Abidə — 1) sənət və tarixi dəyəri olan tikili; 2) şəxsiyyət və hadisələrin şərəfinə yaradılan heykəltəraşlıq və memarlıq əsəri.

Abituriyent (latınca) — "getməyə hazırlaşan". Bir çox ölkələrdə orta məktəbi bitirən şəxs və ya ali və orta ixtisas məktəbinə daxil olmaq istəyən şəxs.

Abolisionist (ingiliscə) — quldarlığın ləğv edilməsi tərəfdarı. Bu ad ABŞ-da quldarlığın ləğv edilməsi tərəfdarlarına verilmişdi.

Abordaj (fransızca) — "gəmi bortu". Avarlı və yelkənli gəmilərlə döyüş üsulu.Hücum edən gəmi qarmaqla o birinə bağlanır və döyüşün nəticəsi əlbəyaxa vuruşmadan asılı olurdu. Uzaqvuran topların və buxarla işləyən gəmilərin meydana çıxması ilə XIX əsrdən abordaj üsulu öz əhəmiyyətini itirmişdi.

Aborigenlər (latınca, əzəldən) ölkənin qədim, yerli sakinləri.

Açıq qapı — 1899-cu ildə ABŞ dövlət katibi hey verdiyi notada "açıq qapı" doktrinasını elan etdi. Burada tələb edilirdi ki, Çindəki dövlətlərin bütün "nüfuz dairələri" şimali Amerika mallarının gətirilməsi üçün açıq olmalıdır. Bununla ABŞ rəqiblərini Çindən sıxışdırıb çıxarmaq istəyirdi.

Aeropaq (yunanca) — Attikanı idarə edən ağsaqqallar şurası.

Ağbil türbələri — Quba rayonunun Ağbil kəndində XVI əsrə aid memarlıq abidələri.

Ağməscid — indiki Simferopol şəhəri.

Axill — qədim yunan mifologiyasında Troya müharibəsi dövründə ən güclü qəhrəmanlardan biri.

Axill dabanı — "ən zəif yer" mənasında işlənir. Əfsanəyə görə Axillin anası dəniz ilahəsi Fetida oğlunu ölməz və yenilməz etmək üçün onu Yeraltı Stiks çayının müqəddəs suyuna salmışdır. Anası onun dabanından tutduğuna görə ora müqəddəs su dəyməmiş və dabanı Axillin yeganə zəif yeri olmuşdur. Parisin atdığı zəhərli ox dabanına dəyərək onu öldürmüşdür.

Aid — qədim yunanlarda yeraltı səltənətə hökmranlıq edən allah. Guya bu səltənətə ölən insanların ruhları köçürmüş. Aidin ayaqları altında oturmuş üçbaşlı

köpək hamını yeraltı səltənətə buraxır, lakin heç kimi oradan qayıtmağa qoymurmuş.

Akademiya — qədim yunan əsatirinin qəhrəmanı Akademikin adındandır. Alim Platonun məktəbinə verilən ad. Sonradan bu ad yüksək elmi təşkilata verilmişdir.

Akın — Qazaxıstanda və Mərkəzi Asiyada xalq nəğməkarı.

Akropol (yunanca) — "yuxarı şəhər" təpənin üzərində yerləşir, şah sarayı və adlısanlı adamların evləri burada ucalırdı.

Aqora — Afinanın ən izdihamlı və səs-küylü yeri, bazar meydanı.

Aqrar — 1) torpaq sahibliyinə, torpaqdan istifadəyə aidiyyəti bildirir; 2) kənd təsərrüfatı istehsalının sənayedən üstün olmasını səciyyələndirir.

Aqrar çevriliş — təsərrüfatında muzdlu əməyin kütləvi şəkildə tətbiqi nəticəsində kapitalist münasibətlərinin bərqərar olması.

Alanlar — Kuban ətrafında yaşayan tayfalar.

Alagöz yaylaqları — oğuzlar Göyçə gölü ilə Arpa çayı arasındakı dağları "Alagöz yaylaqları" adlandırırdılar. Hazırda Ermənistan ərazisində olan bu ərazinin adını

erməni daşnakları saxtakarcasına dəyişərək "Vardenis" adlandırmışlar.

Ali baş komandan — müharibə zamanı, bəzən isə dinc şəraitdə ən yüksək hərbi vəzifə. İlk dəfə 1914-cü ildə Rusiyada təsis edilmişdir. Bir sıra ölkədə konstitusiyaya uyğun olaraq Ali baş komandan prezident (ABŞ, Fransa,Azərbaycan), kansler (AFR) və b. icra edir.

Alkald — Latın Amerikasındakı müstəmləkələrdə şəhər şurasının sədri.

Alternativ (latınca) — "ikisindən biri", iki imkandan birini seçmək zərurəti.

Amfiteatr — 1) Qədim Romada qladiator döyüşləri üçün tikilən müasir sirklərə

oxşar tikililər; 2) müasir teatrın tamaşa zalında parterdən müəyyən hündürlükdə

yerləşən və pillə-pillə qalxan oturacaq yerləri.

Amfora (yunanca) — Attikada zeytun yağı və şərab saxlamaq üçün istifadə olunan ikiqulplu dar boğazlı qab.

Amil ərəblər dövründə mülki işlərə baxan şəxs.

Amildar — Moğol imperatorluğu dövründə hərbi xidmət müqabilində şərti torpaq sahibliyinə malik olan sərkərdə.

Anadolu — hərfi mənası şərq. Kiçik Asiyanın qədim adı. Hazırda Türkiyənin Asiya hissəsi Anadolu adlanır.

Anayasa (türkcə) əsas qanun, konstitusiya deməkdir. Türkiyə Cümhuriyyətinin konstitusiyası belə adlanır.

Antanta (fransızca) — razılıq, saziş deməkdir. İngiltərə, Fransa və Rusiyanın yaratdıqları blok ("Üçlər sazişi"). Bu blok "Üçlər ittifaqına qarşı yaradılmışdı. Birinci Dünya müharibəsi "Üçlər ittifaqı" ilə "Antanta" bloku və onun müttəfiqləri arasında baş vermişdir.

Antik (latınca) — "qədim" deməkdir.

Antik mədəniyyət — qədim yunanların və romalıların mədəniyyəti.

Antisemitizm — Almaniya nasistlərinin yəhudilərə qarşı tətbiq etdikləri milli və dini ayrı-seçkiliyin ifrat forması.

Antropologiya — insan haqqında elm. "Antropos" — insan, "loqos" öyrənirəm —sözündəndir.

Anşlaq (almanca) — afişa, elan. Teatr, kino, sirk tamaşalarına, konsertə və s.biletlərin satılıb qurtardığını bildirən elan.

Anşlyüs (almanca) — almanlar yaşayan ərazilərin dinc yolla Almaniyaya birləşdirilməsi siyasəti.

Anubis — qədim Misirdə ölüm allahı.

Aparteid (ayrı yaşamaq) CAR (Cənubi Afrika Respublikası) hakim dairələrinin yerli Afrika əhalisinə, "rənglilərə" və Asiyadan köçüb gələnlərə qarşı apardıqları sərt irqi ayrı-seçkilik siyasəti.

Apollon — qədim yunan və Roma dinlərində işıq və incəsənət allahı.

Arabesk — kəsişən xətlərdən yaranmış mürəkkəb və yaraşıqlı naxışlar. İslam memarlığında geniş istifadə olunmuşdur.

Arbalet — qundaqlı yay, ox. Orta əsrlərdə istifadə edilmişdir.

Arena — Amfiteatrın mərkəzində qum tökülmüş meydança.

Ares — qədim yunanlarda müharibə allahı.

Arxeologiya (yunanca) insanların həyatını maddi mənbələr əsasında öyrənən elm, "arxaos" — qədim, "loqos" — elm deməkdir.

Arxeoloq — arxeologiya ilə məşğul olan, qazıntı işləri aparıb maddi mənbəni öyrənən alim.

Arxont (yunanca) — Afinanı idarə etmək üçün ağsaqqallar şurası tərəfindən seçilmiş vəzifəli şəxs.

Aristokrat (yunanca) — qədim Attikada adlı-sanlı adam.

Aristokratiya (yunanca) — "yaxşıların hakimiyyəti" deməkdir. Qədim zamanlarda adlı-sanlı yunanlar öz idarə üsullarını bu cür adlandırırdılar.

Armada (ispanca) — böyük donanma deməkdir. İspanlar öz donanmalarını belə adlandırırdılar.

Arşın (türkcə) — metrik ölçü sistemi qəbul olunanadək Rusiya, Əfqanıstan, İran,Türkiyə, Bolqarıstan və s. ölkələrdə işlədilən uzunluq ölçüsü. Azərbaycanda təxminən 75 sm götürülürdü.

"Aslanlar yuvası" və "qan şəhəri" — Assuriya (Aşşur) imperiyasının paytaxtı Nineviyanı belə adlandırırdılar.

Atanarix sədləri — indiki Moldova ərazisində hunların hücumlarının qarşısını almaq üçün tikilən sədlər.

Ateizm (yunanca) inkar şəkilçisi, teos-allah, hərfi mənası allahsızlıq. Hər cür dini və dini təsəvvürləri inkar edən baxışlar sistemi.

Atlantida — rəvayətə görə Atlantik okeanında Cəbəlüttariq boğazından qərbdə atlantlar tayfasının yaşadığı böyük ada. Güman edilir ki, Atlantidanın torpaqları məhsuldar, əhalisi qüdrətli və mədəni olmuşdur. Atlantida güclü zəlzələ nəticəsində okean suları altında qalmışdır. Atlantidanın həqiqətən mövcud olubolmaması məsələsi indiyədək həll edilməmişdir.

Atlas (coğrafi) — müəyyən sistemdə yığılıb, ümumi proqram əsasında albom və ya kitab şəklində tərtib edilən coğrafiya xəritələri məcmusu. Müasir atlasların banisi II əsrdə yaşamış qədim yunan alimi Klavdi Ptolomey hesab edilir.

Atlaz (ərəbcə) — hamar deməkdir. Hamar, parlaq səthli, sıx toxunmuş ipək və ya yarımipək parça.

Aul — Qazax köçərilərinin birliyi.

Autodafe İspaniyada bidətçilikdə təqsirləndirilənlərin tonqalda yandırılması.

Avanqard (fransızca) — qabaqda, mühafizə, öndə gedən, qabaqcıl.

Avans — iş görülməzdən, əmlak verilməzdən, xidmət göstərilməzdən qabaq verilən ödəmə. Behdən fərqli olaraq müqavilə yerinə yetirilmədikdə alınan avans qaytarılmalıdır.

Avarlar — Dağıstanda və Azərbaycanın Zaqatala və Balakən rayonlarında yaşayan türk soylu xalq.

Aventin — Qədim Roma şəhərinin salındığı 7 təpədən biri. Patrisilərlə mübarizə zamanı plebeylərin sığınacaq yeri.

Aventin bloku İtaliyada Mussolininin faşist diktaturasına qarşı müxalifətdə olmuş parlament bloku.

"Avesta" — Zərdüştlüyün müqəddəs kitablar külliyyatı.

Avgi tövlələri — qədim yunan mifologiyasına görə Herakl Elida padşahı Avginin çox çirkli və nəhəng tövlələrini çayların suyunu tövlədən axıtmaqla bir gündə təmizləmişdir. Sonralar bu ifadə həddən artıq bərbadlıq, səliqəsizlik rəmzinə çevrilmişdir.

Aviasiya (latınca) — "quş" deməkdir. Havadan ağır aparatlarla yerətrafı hava fəzasında uçuş.

Avisenna (Avetisina) — görkəmli türk alimi İbn Sinanın latınlaşdırılmış adı.

Avrora — Qədim Roma mifologiyasına görə dan şəfəqi ilahəsi.

Avtorgiya (özünə firavanlıq yaratmaq) təcavüzkar və işğalçı müharibələrə hazırlaşan dövlətlərin öz ölkələrini dünya bazarından asılı olmayacaq bir hala gətirmək üçün yeritdikləri iqtisadi siyasət.

Avtoqraf — 1) imza, xatirə qeydi; 2) əsərin müəllif əlyazması.

Avtoritarizm (latınca) — hakimiyyət, nüfuz, siyasi hökmdarlığın antidemokratik sistemi.

Avtoritar (latınca) — kor-koranə Ģəkildə tabeçiliyə əsaslanan tam hakimiyyət.

Avtoritet — nüfuz.

Azadlar — Sasanilər imperiyasında və Qafqaz Albaniyası dövlətində xırda və orta mülkədarlar təbəqəsi.

Aznaur — Gürcüstanda iri feodallar.

Azıxantrop — "Azıx adamı" mənasını verir. Azıx mağarasının ən qədim sakinini elmdə belə adlandırmışlar.
Əkbər Qocayev,Şəhya Quliyeva,Sev"Tarixi anlayış və terminlərin izahlı lüğəti "kitabından