Tarixə adı
türk-islam dünyasında Makedoniyalı İsgəndər, Qərbdə isə Aleksandr Makedonski
kimi düşən bu məşhur sərkərdə eramızdan əvvəl 356-cı ildə Makedoniya çarı II
Filippin ailəsində anadan olmuşdu. Filippin vaxtilə Yunanıstanı idarə edən
Heraklın nəslindən (Arqead) olduğu ehtimal edilir.
Filipp tanınmış dövlət
xadimi və istənilən nəzəriyyəni reallaşdırmağı bacaran bir təşkilatçı idi.
Anası isə olduqca temperamentli, çevik, eyni zamanda qəribə, özü barədə sirli
bir adam təsiri bağışlayan, tez-tez qarabasmalara məruz qalan və bu halı ilə ətrafındakılarda
dəhşət doğuran güclü və iradəli bir qadın idi. İsgəndərin iyul və ya oktyabr
ayında anadan olduğu ehtimal edilir. Həmin dövrdə çar II Filipp hər vasitə ilə
Yunanıstanda hakimiyyəti ələ almaq və müstəqil olmaq istəyən dövlət-şəhərlərin
mübarizəsinə başçılıq edirdi. Əsas məqsəd Yunanıstan və Makedoniyanı güclü bir
dövlət başçısının rəhbərliyi altında birləşdirmək və Fars imperiyasından gələn
təhlükəni aradan qaldırmaq idi.
Belə bir mühitdə böyüyən İsgəndər də uşaq
yaşlarından müxtəlif planlar hazırlayır, yaxın və uzaq ölkələrə hərbi yürüşlər
təşkil etmək arzusu ilə yaşayırdı.Bəlaca İsgəndərin şəxsiyyət kimi
formalaşmasında iki adam mühüm rol oynadı. Onlardan biri İsgəndərin müəllimi
Lisimax, digəri isə Leonid idi. O dövrün ən görkəmli adamlarından hesab edilən
Lisimax İsgəndərdə Homerə sevgi və məhəbbət formalaşdıra bildi.
İsgəndəri Homer
qəhrəmanlarının ruhunda tərbiyə edən Lisimax ana tərəfdən Axillanın nəslindən olduğuna
gələcək imperatoru inandıra bildi. İsgəndərin hərbi tərbiyəsinə rəhbərlik edən
Leonid isə onu o dövrdə qəhrəmanlıq məktəbi hesab edilən spartalıların adət-ənənələrinə
uyğun yetişdirməyə və döyüşün bütün sirlərini öyrətməyə nail oldu. Bütün bunlar
isə İsgəndərin gələcək həyatını müəyyən edən və onu zəfər zirvələrinə aparan
yolda atılan ilk, ancaq olduqca uğurlu addımlar idi. İsgəndər 14 yaşına girəndə
atası o dövrün məşhur filosoflarından olan Aristoteli saraya dəvət etdi.
Aristotel İsgəndərə biliklərini təkmilləşdirməkdə yardım etdı və onun mənəvi cəhətdən
daha da kamilləşməsində əvəzsiz rol oynadı. Bu da İsgəndərin gələcəkdə hər şeydən
xəbərdar olan, elmə, sənətə qiymət verməyi bacaran mahir dövlət xadimi kimi
yetişməsində əsl həyat məktəbi oldu. Amma həmin dövrdə İsgəndər artıq mahir sərkərdə
kimi də yetişməkdə idi. Qılınc oynatmaqda, ox atmaqda, at
çapmaqda, güləşməkdə onun qarşısına heç kim çıxa bilmirdi. Bunu görən II Filipp
16 yaşlı İsgəndəri ölkənin şimalında üsyan qaldıran dağlı qəbilələrin üzərinə
göndərdiyi (e.ə.339-cu il) qoşuna komandan təyin etdi. İsgəndər bu vəzifənin
öhdəsindən bacarıqla və şərəflə gəldi. Bundan bir il sonra, e.ə. 338-ci ildə
İsgəndər üsyan qaldıran Fiva şəhəri üzərinə edilən hücumun rəhbəri oldu.
Xeroney ətrafında baş verən qızğın döyüşlərdən sonra Fiva şəhərinin seçmə əsgərlərindən
təşkil edilən “Müqəddəs Lenta” adlı qoşun darmadağın edildi. Dalbadal qazanılan
iki qələbə İsgəndərə ilk böyük şöhrət gətirdi.Amma bu arada İsgəndərin atası ilə
anası arasında anlaşılmazlıq baş verdi.
Eramızdan əvvəl 337-ci ildə II Filipp
ailə münaqişəsi əsasında İsgəndərin anası Olimpiadanı boşayaraq, Kleopatra adlı
qadınla evləndi. İsgəndər anası ilə onun vətəni olan Epirə getməyə məcbur oldu.
Amma bir müddət sonra İsgəndər geriyə, atasının yanına qayıtdı və onlar
barışdılar. Lakin artıq ata və oğulun arasında bir soyuqluq hiss edilməkdə idi.
Filippin o biri arvadı hamilə idi və onun tezliklə yeni vəliəhd dünyaya gətirəcəyi
gözlənilirdi. Bu isə İsgəndəri taxt-tacdan məhrum edə bilərdi. Bu arada sarayda
Kariya satrapı (rəhbəri) Piksodarın ailəsi ilə İsgəndərin qohum olması və onun
adıçəkilən əyalət başçısının qızı ilə evlənməsi barədə danışıqlar gedirdi. Bu,
İsgəndərlə atası arasında münaqişəyə səbəb olsa da, İsgəndər atasının əmrindən
çıxa bilməyərək evlənməyi qərara aldı.
Eramızdan əvvəl 336-cı ildə bütün
Makedoniya və Yunanıstandan əyalət rəhbərləri Eqaxa-İsgəndərin toyuna gəlmişdilər.
Amma gözlənilmədən toyda Filippə sui-qəsd təşkil edərək öldürdülər. Sui-qəsddə
İsgəndərin əli olduğu barədə çoxlu sayda ehtimallar var. Lakin inanmaq çətindir
ki, Lisimax, Aristotel kimi müəllimlərdən və Leonid kimi mahir döyüş ustasından
dərs alan və onların tərbiyəsi altında yetişən İsgəndər belə bir alçaqlığa əl
atsın. Bununla belə, İsgəndərin həmin qəsddə əlinin olması ağlabatan idi. Çünki
İsgəndər hakimiyyətə can atırdı və bu yolda yeni doğulan vəliəhdin onun
qarşısında maneə olacağı aydın idi. Filipp, şübhəsiz ki, İsgəndəri deyil,yeni vəliəhdi
özünün varisi elan edəcəkdi və o, sağ olduqca İsgəndərin hakimiyyətə gəlməsi
mümkün olmayacaqdı. Bu baxımdan İsgəndərin anasının göstərişləri əsasında hərəkət
edə biləcəyi, onun qisasını atasından almaq, həm də hakimiyyətə gəlmək üçün bu
sui-qəsdin arxasında dayanması məntiqi cəhətdən ağlabatan görünür. Filippin
öldürülməsindən sonra İsgəndərin özünə rəqib bildiyi adamları tələm-tələsik
edam etdirməsi də İsgəndərin ata qatili olması barədə şübhələri daha da
artırdı.Atasının öldürülməsindən sonra İsgəndərin taxt-taca gedən yolu yenə də
bağlı idi. Çünki ondan başqa, taxt-taca sahib ola biləcək II Filippin
Kleopatradan olan körpə oğlu Aminta da var idi. Ancaq İsgəndər ordunun köməyi
ilə hakimiyyəti ələ keçirdi və ögey qardaşını öldürtdü. II Filipp öldürülməsi ərəfəsində
İranla müharibəyə hazırlaşırdı. İsgəndər taxta çıxan zaman bu məqsədlə
hazırlanan ordunun bir hissəsi bərələrlə Kiçik Asiyaya keçmiş və oradakı
Qellespont adlı yerdə mövqe tutmuşdular. II Filippin öldürülməsindən sonra
orduda çaşqınlıq əmələ gəlmiş, vaxtilə silah gücünə tabe etdirilmiş yunan şəhər
dövlətləri müstəqillik eşqinə düşmüşdülər. Ölkənin şimalındakı dağlıq ərazilərdə
yaşayan əhali də yenidən hökumət əleyhinə baş qaldırmışdı. Amma İsgəndər dərhal
istənilən üsyanı silah gücünə və amansızcasına yatırdacağını nümayiş etdirdi.
İsgəndərin bu qətiyyətini görən Yunanıstan dərhal yumşalmağa məcbur oldu və onu
İrana qarşı mübarizədə dəstəkləyəcəklərini bəyan etdi. Korinf şəhərində keçirilən
Şurada yunanlar İsgəndəri baş komandan kimi tanıdıqlarını bəyan etdilər.
Eramızdan
əvvəl 335-ci ildə İsgəndər Makedoniyadan Balkanlara keçərək üsyan qaldıran
dağlı qəbilələri darmadağın etdi. Bu döyüşlərdə qeyri-adı sərkərdəlik qabiliyyəti
nümayiş etdirən İsgəndər sonra triballar ölkəsi (Rumeli) vasitəsilə Dunaya
yürüşə çıxdı və buradakı tayfaları özünə tabe etdi. İsgəndər buradakı qetlərin
şəhərini yandırdı. Bu arada isə illiriyalılar üsyan qaldırdılar. İsgəndər
illiriyalıların da üsyanını yatırdı, onların Peliy şəhərini yandırdı. Amma bu dəfə
fivalılar İsgəndər əleyhinə baş qaldırdılar. İsgəndər qoşunu geriyə çevirərək,
Fivanı da darmadağın etdi və şəhəri ələ keçirərək yandırdı. Bundan sonra İsgəndər
arxada sakitliyi təmin etdi və qoşunlarının üzünü İrana qarşı çevirdi.E.ə.
334-cü ildə onun qoşunları Kiçik Asiyaya soxuldu. E.ə. 334-cü ildə İss, 333-cü
ildə Qranikdöyüşündəİsgəndər qalib gəldi. Çoxlu sərvət ələ keçirdi. III Daranın
anası, arvadı, iki qızı və körpə oğlu əsir alındı. Tir şəhəriuzun mühasirədən
sonra təslim oldu. Misir vuruşmasız tutuldu. Misir kahinləri onu firon elan edərək
Amon allahının oğlu kimi tanıtdılar. E.ə. 332-ci ildə İsgəndəriyyəşəhərinin əsası
qoyuldu. İran şahı III Dara çoxlu qoşun topladı. E.ə. 331-ci il oktyabrın 1-də
Qavqamel (Cancal) düzənliyində III Daranın qoşunları İsgəndərin ordusu ilə
üz-üzə gəldi. İran qoşunlarının başı qənimət ələ keçirməyə qarışdı və bundan
istifadə edən İsgəndər qalib gəldi. III Dara Midiyaya qaçdı. Bu vuruşmada Azərbaycandan
kaspilər, albanlar, sakaşinlər və başqa tayfalar da iştirak etmişdi. Albanların
adı ilk dəfə bu döyüşdə çəkilmişdi. Bu döyüşdəki məğlubiyyət nəticəsində e.ə.
330-cu ildə İran Əhəmənilər dövlətinin süqutu başa çatdı.
Baktriya canişini
Bess III Daranı öldürüb özünü Əhəməni imperatoru elan etdi. İsgəndər onu tutub
asdırdı, III Daranı dəfn etdirdi. İsgəndər Əhəmənilər dövlətinin paytaxtı
Persepolu yandırdı. Suz, Babil, Ekbatan şəhərlərini işğal etdi. E.ə. 327-ci ildə
İsgəndər Mərkəzi Asiyada Baktiriya və Soqdu ələ keçirdi. Soqdalı Roksana ilə
evləndi. Həmin il o, Hindistana soxuldu. E.ə. 324-cü ildə çətinliklə
Mesopotamiyaya qayıtdı. Qərbdə Balkan yarımadası və Misirdən, Şərqdə Hind
çayına qədər ərazini əhatə edən Makedoniyalı İsgəndər imperiyasını yaratdı.
Babil şəhəri paytaxt elan edildi. İsgəndər həmişəlik şərqdə qalmaq istəyirdi.
O, döyüşçüləri ilə yerli qızların nikah bağlamalarına çalışırdı. Məşhur Suz təntənələrində
10 min yunan-makedoniyalı döyüşçüsü yerli qızlarla nigah bağlamışdı. Atropatın
qızı İsgəndərin görkəmli sərkərdəsi Perdikkiyə ərə getdi. Lakin İsgəndər e.ə.
323-cü ildə qızdırma xəstəliyindən öldü və İsgəndəriyyədə dəfn edildi. Onun ölümündən
sonra Makedoniyalı İsgəndər imperiyası Misir, Makedoniya və Suriya padşahlığına
parçalandı.