Xoyski
Fətəli Xan İskəndər Xan oğlu (1875-1920) — Azərbaycan Demokratik Respublikası
hökumətinin başçısı, ADR-in Daxili İşlər Naziri (28.05.1918 – 17.06.1918),
ADR-in Xarici İşlər Naziri (26.12.1918 - 14.03.1919) (24.12.1919 - 01.04.1920).
Fətəli Xan Xoyski 1875-ci il dekabrın 7-də Şəki şəhərində
anadan olmuşdur. Atası rus ordusunun general-leytenantı idi. Onların əsli Cənubi
Azərbaycanın Xoy şəhərindəndir. Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli
ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə – Üçmiədzinə sığınmışdı.
1803-1806-cı illər Rus-İran müharibələri dövründə rus
qoşunlarına qoşulan Cəfərqulu xan imperator I Aleksandr tərəfindən təltif
edilmişdi. O, 22 dekabr 1806-cı il tarixdə Şəki xanı təyin olunmuş və
general-leytenant rütbəsinə layiq görülmüşdür. Cəfərqulu xan 3 sentyabr 1814-cü
il tarixdə vəfat etdikdən sonra Şəki xanlığını onun oğlu İsmayıl idarə edir.
1819-cu ildə İsmayılın vəfatından sonra Şəki xanlığı ləğv edilir və Rusiyanın tərkibinə
qatılır.
Bu nəsildən görkəmli sərkərdələr, dövlət xadimləri və
ziyalılar çıxmışdır. Bunlardan biri də Fətəli xan Xoyskidir. O, Gəncə klasik
gimnaziyasını, 1901-ci ildə isə Moskva Universitetinin hüquq fakültəsini
bitirmişdir. Fətəli xan əvvəlcə Gəncədə, sonra Suxumi, Batumi və Kutaisi dairə
məhkəmələrində müxtəlif vəzifələrdə işləmişdir. Yekaterinador dairə məhkəməsində
prokuror müavini təyin edilməsi Xoyskinin ictimai-siyasi fəaliyyətində yeni mərhələ
olmuşdur. O, Yelizavetpol (Gəncə) quberniyasından II Dövlət dumasına deputat
seçilmişdir. Fevralın 2-də Peterburqun məşhur Tavriya sarayında toplanan Rusiya
parlamentinin iclaslarında çıxış edən Fətəli xan çar hökumətinin Zaqafqaziyada
və Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə tuturdu. O,
kadet partiyasına üzv olmasına baxmayaraq, dumanın müsəlman deputat
fraksiyasına daxil idi. F. Xoyski Rusiyanın müstəmləkəsindəki xalqlara məhəlli
muxtariyyət verilməsini hökumətdən tələb edirdi.
O, sonralar müxtəlif illərdə Bakı və Gəncə dairə məhkəmələrində
iş kəsmək üzrə andçı - müvəkkil vəzifəsini icra etmişdir.
Fətəli xan Xoyski 19 iyun 1920-ci ildə Tiflisdə erməni
terrorçuları Aram Erkayan və Misak Qriqoryan tərəfindən qətlə yetirilib. Terror
aktı nəticəsində Xəlil bəy Xasməmmədov (Cümhuriyyətin ədliyyə və daxili işlər
naziri) ağır yaralanıb.
Siyasi fəaliyyəti
Anadan
olmasının 120 illiyi münasibəti ilə buraxılmış marka
1917-ci ildə Rusiyada Fevral burjua inqilabı baş
verdi. Fətəli xan Xoyski martın 27-də Bakıda yaranmış Milli Müsəlman Şurasının
Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmişdir. O, həmin ilin aprelində Bakıda
çağırılan Qafqaz müsəlmanlarının qurultayında iştirak etmişdir.
F. Xoyski burjua inqilabından sonra heç bir partiyaya
mənsub olmasa da, 1917-ci il oktyabrın 26-dan 31-dək Bakıda keçirilən Türk Ədəmi
- mərkəziyyət partiyası Musavatın birinci qurultayında çıxış və iştirak etmiş və
həmin qurultayda irəli sürülən Azərbaycana muxtariyyət şüarını qızğın müdafiə
etmişdir. O, 1917-ci ilin dekabrında yaranan Zaqafqaziya seyminin üzvü və müstəqil
Zaqafqaziya Federativ Respublikası hökumətinin ədliyyə naziri olmuşdur.
1918-ci il mayın 28-də Azərbaycan Demokratik
Respublikası elan olundu. Təkcə türkdilli xalqlar arasına deyil, bütün islam aləmində
ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoyan Azərbaycan xalqının ilk
müstəqil hökumətini təşkil etmək bitərəf Fətəli xan Xoyskiyə tapşırıldı. O,
hökumətdə həm nazirlər şurasının sədri, həm də daxili işlər naziri vəzifəsini
tuturdu. 1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasının göstərişinə əsasən
Fətəli xan Xoyskinin başçılığı ilə ikinci hökumət kabinəsi təşkil olundu.
1918-ci il sentyabrın 15-də Bakının oyuncaq
Sentrokaspi qüvvələrindən təmizlənməsi münasibətilə Fətəli xan Xoyski çıxış edərək
demişdir: "Bizim də həyatda yaşamağa, bizim də azad yaşamağa hüququmuz
vardır. Heç bir zirehli maşın, hidroplan, aeroplan, kanonerka, məftilli çəpər,
mina və sairə texniki qurğu, heç bir qüvvə və onların havadarları tarixin təbii
axarına mane ola bilmədilər. Bakının 50 minlik qoşun və texnika ilə birlikdə
kiçik bir qüvvənin həmləsi qarşısında süqutu başqasının fəlakəti üzərində öz
xoşbəxtliyini qurmaq istəyənlərə ibrət dərsi olmalıdır." (Azərbaycan qəzeti,
19. IX. 1918. № 2)Professor V. İ. Razumoskinin 1922-ci ildə çap etdirdiyi
"Bakı şəhərində universitetin əsasının qoyulması" adlı məqaləsində məlum
olur ki, Azərbaycan Dövlət Universitetinin yaranması təşəbbüsü Fətəli xan
Xoyskiyə məxsusdur.
F. Xoyski 1918-ci il dekabrın 26-da təşkil etdiyi III
hökumət kabinəsində də Nazirlər Şurasının sədri və Xarici İşlər naziri vəzifəsini
tuturdu. Məhz onun dövründə Azərbaycan dövlət orqanlarının özülü qoyulmuşdu.
Müstəmləkə siyasətinin rəmzi olan Yelizavetpol şəhəri və quberniyasının yenidən
Gəncə və Gəncə quberniyası adlandırılması, Qaryagin qəzasının Cəbrail qəzası
adı ilə əvəz edilməsi, çoxpartiyalı parlament sisteminin yaradılması, Azərbaycan
Respublikasının pul və poçt markalarının buraxılması, ana dilində məktəb və
seminariyaların açılması və digər mütərəqqi tədbirlər Xoyskinin rəhbərlik etdiyi
hökumət kabinələri dövründə həyata keçirilməyə başlanmışdı.
1919-cu ilin mart ayında Fətəli xan Xoyskinin başçılıq
etdiyi hökumət istefaya çıxdı.
Fətəli xan Xoyski Nazirlər Şurasının sədri N. Yusifbəylinin
təşkil etdiyi ikinci hökumət kabinəsində Xarici İşlər naziri vəzifəsinə icra
etmişdir. Azərbaycan Demokratik Respublikasının beynəlxalq aləmdə və xarici
dövlətlər tərəfindən tanınmasında Fətəli xan Xoyskinin müəyyən xidmətləri
olmuşdur.
1920-ci il yanvarın 2-də RSFSR-in Xarici İşlər üzrə
Xalq Komissarı G. V. Çiçerin ağqvardiyaçı general Denikinə qarşı vahid cəbhə
yaratmaq üçün Xoyskiyə nota ilə müraciət etdi. Ayın 19-da Xoyskinin verdiyi
cavabda göstərilirdi ki, Azərbaycan Respublikası Sovet Rusiyasının daxili işlərinə
qarışmır və bu məsələdə bitərəfdir.
G.V. Çiçerin 23 yanvar tarixli ikinci notasında yenə həmin
məsələyə qayıdaraq, Azərbaycanı RSFSR-ilə əməkdaşlığa dəvət edir və yazırdı ki,
biz həmişə bir səma altında, bir yerdə yaşamışıq və yenə də bir yerdə
yaşamalıyıq. Xoyski fevralın 1-də Çiçerinə öz hökumətinin rəsmi fikrini
bildirmiş və onun təklifini rədd etmişdir.
1920-ci il fevralın 20-də Çiçerinin üçüncü notası və
martın 7-də Xoyskinin cavabı eyni məsələyə həsr olunmuşdur. Martın axırında
Çiçerin sonuncu notasını göndərmiş, aprelin 27-də Xoyski Azərbaycan
parlamentində cavab notasını oxuyarkən XI Qızıl Ordunun Bakıya yaxınlaşdığı xəbəri
alınmışdır. Bu hadisələrdən sonra Fətəli xan öz ailəsi ilə birlikdə Tiflisə
getmişdir. 1920-ci ilin iyunun 19-da erməni milliyətcisi, qatil Aram
Yerganian[5] (Ermənistan Milli Qəhrəmanı) tərəfindən arxadan güllə ilə vurulmuş
və M. F. Axundovun yanında dəfn edilmişdir.
http://az.wikipedia.org/wiki/Fətəli_xan_Xoyski