Azərbaycan qadınlarının taleyi, o zamankı kölə vəziyyətindən xilas yolu XX əsrin əvvəllərindəki mətbuatda böyük ictimai-siyasi problem kimi müzakirə olunurdu. Qadınlarımızın son dərəcə ağır maddi-mənəvi vəziyyəti, onların bütün insani hüquqlardan məhrum olmaları ziyalılarımızı, xüsusən də qələm əhlini daha çox narahat edirdi. Odur ki, başda "Molla Nəsrəddin" olmaqla dövrün əksər milliruhlu mətbuatı bu məsələnin həllinə can atırdı. Çox çətin də olsa, qadınlarımızı təhsilə, elmə, yeniliyə cəlb etmək, cəhalətdən, avamlıqdan qurtarmaq üçün onların maariflənməsi məsələsini daha kəsərli şəkildə qoyurdular.
İllər keçirdi. Artıq az da olsa savadlı, ziyalı qadınlar yetişərək ölkənin mədəni həyatında iştirak edirdilər. Məktəb, səhiyyə sahələri ilə yanaşı, mətbuatımızda da qadın müəlliflərə rast gəlmək olurdu. Belə qadınlarımızdan biri də XX əsrin əvvəllərində yaşayıb-yaratmış, Azərbaycanın ilk qadın maarifpərvər xadimi, publisist, yazıçı, xeyriyyəçi Şəfiqə xanım Əfəndizadə olub. Ş.Əfəndizadə dövrünün tanınmış ziyalıları ilə birlikdə xalqın maariflənməsində, azadlığa qovuşmasında mübarizə aparıb. Həm bir müəllim, həm də bir publisist kimi ölkəni ağır vəziyyətdən çıxarmaq üçün dövrün vətənpərvər ziyalılarına hər sahədə dəstək olub. Müəllimliklə, xeyriyyəçiliklə yanaşı, qələmi ilə də xalqının maariflənməsinə, tərəqqi etməsinə çalışıb.
Şəfiqə xanım Əfəndizadə 1882-ci ildə Gürcüstanın Astxuri kəndində dövrünün görkəmli pedaqoqu və ziyalısı sayılan Məmmədəmin Şeyxzadənin ailəsində dünyaya göz açıb. Atası tanınmış pedaqoqlardan olmaqla yanaşı, Şərq və Avropa ədəbiyyatını gözəl öyrənmişdi. O zaman Tiflisdə, Bakıda, Krımda nəşr olunan "Kəşkül", "Tərcüman", "Kaspi" kimi mətbu orqanları mütəmadi alır, Qafqazdavə dünyada baş verən hadisələrlə, yeniliklərlə ailəsini də xəbərdar edirdi.
Beləliklə, balaca Şəfiqədə mətbuata maraq oyanıb. Kiçik məqalələr, hekayələr yazaraq atasına oxuyardı. Bunun ötəri olmadığını görən Məmmədəmin qızına məsləhətlər verir, daha çox mütaliəyə istiqamətləndirirdi. Məmmədəmin intellektual səviyyəyə malik bir ziyalı kimi ailəsinin də savadlanmasına imkan yaratmışdı. Qızları Səidə və Şəfiqə elə ilk təhsillərini də atalarından alaraq ərəb, fars, rusdillərini öyrənmişdilər. Hər ikisinin də savadlı, milli ruhlu ziyalı kimi yetişməsində atanın çox böyük köməyi olub. Hələ on dörd yaşında ikən Şəfiqə xanım atasının Şəkidə işlədiyi Darrüssiyada qızlar üçünaçılmış xüsusi qrupda dərs deməyə başlayıb.
1901-ci ildə Tiflis Zaqafqaziya Ruhani İdarəsində imtahan verərək müəllimlik attestatı aldıqdan sonra H.Z.Tağıyevin və N.Nərimanovun təşəbbüsü ilə Bakıya dəvət olunub. Bu haqda tədqiqatçı alimSabir Məmmədov "Azərbaycanın maarifpərvər qadınları" əsərində yazıb: "...Faytonçu Məmmədəmin kişiyə bir məktub uzadaraq dedi: - Bakıdan Nəriman Nərimanov göndərib".
Məmmədəmin faytonçunu yola salaraq məktubu açdı. Orada yazılmışdı: "Bu yaxınlarda Bakıda müsəlman qız məktəbi açılacaqdır. Buraya müəllimələr lazımdır. Yaxşı olardı ki, öz qızın Şəfiqəni buməktəb üçün müəllimə hazırlayasan".
1901-ci ildə Bakıda ilk rus-müsəlman qız məktəbinin təntənəli açılışı oldu. Bu, xalq təhsili tarixində mühüm mərhələ idi. H.B.Zərdabinin köməyi ilə xalqımızın böyük oğlu H.Z.Tağıyev Rusiyaimperatorunun arvadının şərəfinə "Aleksandrinskaya" adlandırılan qız məktəbi açdı. H.Z.Tağıyev bu işi həyata keçirmək üçün 1896-cı ildən müxtəlif hakim dairələrə, hətta imperatora müraciət etmiş və nəhayət, beş ildən sonra onun açılmasına nail olmuşdu.
Bu məktəbin çox gözəl bir ənənəsi vardı ki, kasıb ailədən olan qızlar ödənişdən azad idilər. Təhsilin birinci ilində (1901-ci il) 57 şagirddən 35-i pulsuz təhsil və tərbiyə alırdı.
Məktəbin ilk pedaqoqlarından biri də Şəfiqə xanım Əfəndizadə oldu. Atası Məmmədəmin məktəb açılarkən qızını Bakıya, qız məktəbinin ilk müdiri Hənifə xanım Məlikovanın yanına gətirir. Beləliklə, Şəfiqə xanım məktəbdə fəaliyyətə başlayır.
XX əsrin əvvəllərində Hənifə Məlikova, Məryəm Sulkeviç, Xədicə Ağayeva, Sara Vəzirova, Gövhər Tağıyeva, Qumru və Nabat Nərimanovalar, Səyidə Şeyxzadə (Şəfiqə xanımın bacısı) və Şəfiqə Əfəndizadə Azərbaycan təhsilinin görkəmli qadın nümayəndələri idilər. Onların fəaliyyəti üçün Tağıyevin qız məktəbi böyük əhəmiyyət daşıyırdı. Bu məktəb Azərbaycanda "rus-tatar" məktəbləri üçün bir növpedaqoji kadrlar yetişdirən mərkəz rolunu oynayırdı.
Tərəqqipərvər, millətsevər ziyalılarımızdan H.B.Zərdabi, H.Z.Tağıyev, S.M.Qənizadə tez-tez qız məktəbinə gələr və öz dəyərli məsləhətlərini verərdilər. Bir gün də H.B.Zərdabi Şəfiqə xanımın dərs dediyi otağa daxil olub və əlindəki məcmuəni ona uzadaraq deyib: "Qızım, bu, faydalı məcmuədir. Qızlarımıza bundan da oxuyun".
H.Zərdabinin məktəbə "Dəbistan"ı gətirməsi Şəfiqə xanımın da jurnalla əməkdaşlığına yol açdı. Müəllimə xanım nəinki özünün, hətta şagirdlərinin yazılarının də bu jurnalda çap olunmasına şərait yaratdı. "Dəbistan"ın 7-ci sayını Şəfiqə xanım daha böyük sevinclə qarşıladı və məktəbə gətirdi. Burada onun şagirdi Nabat Nərimanovanın məqaləsi dərc olunmuşdu.
Göründüyü kimi, burada bir balaca yanlışlığa yol verilib. Nabat xanımdan əvvəl "Dəbistan"la əməkdaşlığa Şəfiqə xanım başlamışdı. Şəfiqə xanımın tövsiyələri və köməyi nəticəsində şagirdi Nabatxanımın da məqaləsi jurnalda çap olunmuşdu.
Ş.Əfəndizadənin "Dəbistan"la əməkdaşlığı haqqında həmin əsərdə belə məlumat verilir: "İlk Azərbaycan qadın jurnalisti Şəfiqə Əfəndizadə bu məcmuədə (1906-1908-ci illərdə) fəal iştirak etmişdir". Əlbəttə, o zaman qadınların mətbuatla əməkdaşlıq etməsində da maarifçiliyin çox böyük rolu oldu. Qadınlar savadlandıqca həyata daha acıq gözlə baxır, hadisələrdən nəticə cıxarmaq üçün ağılla hərəkət edirdilər. Burada Hacı Zeynalabdinin ilk dəfə Bakıda açdırdığı qız məktəbinin rolu daha çox oldu. Hacının bu xeyirxahlığı dövrün ziyalı təbəqəsi tərəfindən ruh yüksəkliyi və sevinclə qarşılandı. O dövrdə Hacıdan soruşublar ki, niyə məhz qadınlar üçün məktəb açdırmaq qərarına gəldiniz? Cavab verib ki, kişi təhsil alarsa, o, sadəcə, təhsilli, dünyagörüşlü insan olacaq. Təhsilli qadın isə savadlı insan olmaqlayanaşı, elmli, dünyagörüşlü anadır. Bizim belə oxumuş qadınlara ehtiyacımız böyükdür. Çünki qadınlar, analar nə qədər təhsilli olsalar, bu, bir o qədər elmli, savadlı gəncliyin yetişməsi deməkdir. Bununla dabelə bir məktəbin fəaliyyətə başlaması müsəlman Şərqində qadınların yüksək təhsil almasının, eləcə də öz hüquqları uğrunda mübarizəyə başlamasının təməlini qoydu.
Ş.Əfəndizadə müəllimliklə yanaşı, ictimai işlərlə də məşğul olurdu. O, Hacının qızlar məktəbində dərs deyən zaman müəllimə rəfiqələri - Hənifə xanım Məlikova, Səkinə Axundzadə, Sara Vəzirova ilə birlikdə dram dərnəyi yaratmışdı. Eyni zamanda qızlara teatr mədəniyyəti, aktyorluq sənəti barədə məlumatlar verir, onları o dövrdə çıxan mətbuat xülasələri ilə tanış edirdi.
1917-ci ilin aprelində Bakıda "İsmailiyyə" binasında Zaqafqaziya müsəlmanlarının qurultayı keçirilib. Qurultayda müxtəlif təbəqələrdən olan kişilərlə yanaşı, cəmi üç qadın - Tiflisdən Sara Talışinskaya, Bakıdan Şəfiqə Əfəndizadə və Sara Vəzirova iştirak ediblər. Fars, rus və ərəb dillərini yaxşı bilən, Şərq ədəbiyyatını mükəmməl öyrənən, Avropa mədəniyyəti ilə yaxından tanış olan Şəfiqə xanımın səlis, aydın və savadlı çıxışı hamını heyran edir. Şəfiqə xanım çıxışının sonunda qadınların maariflənməsi üçün yeni məktəblərin və teatrların açılmasını tələb edir. Onun çıxışı salonda böyük əks-səda doğurur.
Tarixçi M.Oruclu bu barədə yazır: "Şəfiqə Əfəndizadə və Sona Talışxanova adlı iki azərbaycanlı qadının çıxışından sonra vəziyyət nümayəndələri qadın məsələsinə ciddi münasibət bildirməyə vadaretdi. Qadınların çıxışından sonra keçmiş Bakı qazısı Ağa Məhəmməd Kərim tribunaya çıxaraq onları şəriət qanunlarına zidd olaraq kişilər qarşısında çıxış etdiklərinə görə mühakimə etdi. Bu zaman bütün zalqızışaraq kimin kimlə savaşdığı məlum olmadı. Maarifpərvər ziyalılar aranı sakitləşdirərək qadınları gizlincə dal qapıdan cıxarmağa nail oldular".
Şəfiqə xanım Əfəndizadə xeyriyyə cəmiyyətləri ilə də sıx əlaqə saxlayırdı. Böyük həvəs və enerji ilə gənc qızların savadlanmasına, maariflənməsinə çalışan Şəfiqə xanım onlarda dövrün bütün ictimai-siyasi, mədəni hadisələrinə maraq yarada bilirdi. Ona görə də onun ictimai fəaliyyətində xeyriyyəciliyi də mühüm yer tuturdu.
Şəfiqə Əfəndizadə qızları, qadınları elmə, yeniliyə sövq edərdi. 1910-cu ilə kimi Hacının qızlar məktəbində dərs deyən Şəfiqə xanım 1910-1920-ci illərdə şəhər rus-tatar qadın məktəbində Azərbaycan dili və ədəbiyyatını tədris etdi.
XX əsrin əvvəllərində Azərbaycanda baş verən bütün hadisələrə münasibət bildirən, cəmiyyətin ictimai-siyasi həyatında iştirak etməyə çalışan Şəfiqə xanım fikir və mülahizələrini, təklif və rəylərini xalqa çatdırmaq üçün mətbuat orqanları ilə də əməkdaşlığı unutmurdu. Azərbaycanın ilk qadın jurnalistlərindən olan Şəfiqə Əfəndizadə ilk mətbu çıxışını "Şərqi-rus"da edib.
Ş.Əfəndizadə həm bir jurnalist, həm də bir pedaqoq kimi maarifin, elmin əhəmiyyətini "Dəbistan", "Rəhbər", "Məktəb" jurnallarında təbliğ edərdi. Hər üç jurnalın nəşrində Şəfiqə xanım Əfəndizadənin çox böyük rolu olub.
Şəfiqə Əfəndizadənin jurnalistika və publisistika sahəsində tanınması əsasən 1911-1912-ci illərdə çap olunan "İşıq" qəzeti ilə bağlıdır. 1911-1912-ci illərdə Azərbaycan qadınının jurnalistika mühitinə cəlb edilməsində bu qəzetin mühüm rolu olmuşdur. Şəfiqə xanımın yaradıcılığında qadın azadlığı ən aktual və daha çox müraciət etdiyi mövzu olub. Onun publisistik məqalə və hekayələrində əsasən qadına münasibət, qadının cəmiyyətdə rolu və s. məsələlərdən bəhs olunurdu. 1914-cü ildə xanım publisistin "İki yetim, yaxud Kərimin hümməti" adlı bədii kitabı nəşr olunub.
C.Məmmədquluzadənin "Ölülər" pyesi ilk dəfə Bakıda 1916-cı ildə tamaşaya qoyulub. Tamaşa zamanı Şəfiqə xanım salonda bir qadının ağladığını görərək ona yaxınlaşıb. Nə ücün ağladığını soruşandaqadın "Bu ki mənim həyatımdır, cəkdiyim əzablardır", - deyə həyəcanla cavab verib. "Ağlama, baçım. Bu, təkcə sənin yox, bütün Azərbaycan qadınlarının həyatıdır", - deyə Şəfiqə xanım onu sakitləşdirib. Buhadisə onu çox təsirləndirib. "Açıq söz" qəzetində "Ölülər" pyesi haqqında məqalə yazıb.
Şəfiqə xanım sonralar "Açıq söz", "İstiqlal", "Bəsirət" və "Əfkari-mütəllimin" kimi tanınmış mətbu orqanlarda müntəzəm çıxış etməyə başlayıb. Ş.Əfəndizadənin fikrincə, qadına hər şeydən irəli elm və təhsil lazımdır. O, savadı, biliyi hər şeydən üstün tuturdu.
1918-ci ilin martında ermənilər tərəfindən törədilən mart faciəsi Şəfiqə xanımın da həyatına ağır zərbələr vurub. Bu qanlı olayda Şəfiqə xanımın başına bəlalar gəlib. Bir müddət Qubada, Azqurda və İstanbulda yaşayıb. Lakin Azərbaycanda baş verən hadisələri mütəmadi olaraq izləyib və münasibət bildirib. Azərbaycan Xalq Cümhuriyyətinin qələbəsindən sonra 1919-cu ilin aprelində Bakıya qayıdan Şəfiqə xanım yenidən pedaqoji işinə bərpa olunub. Bununla yanaşı, dövri mətbuatla da müntəzəm əlaqə saxlayaraq əməkdaşlıq edib.
Şəfiqə Əfəndizadənin ədəbi irsi ilə tanış olarkən bir daha bəlli olur ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə xanım publisist xüsusi bir şövqlə, həvəslə, istəklə yazıb-yaradıb. Onun məqalələrində, hekayə və bədii yazılarında tərbiyəvi mövzular, qadın azadlığı, vətənpərvərlik daha çox üstünlük təşkil edib.
Şəfiqə Əfəndizadə sovet dövründə də müəllimliklə yanaşı, publisistik fəaliyyətini davam etdirib. 1923-cü ildə nəşrə başlayan "Şərq qadını" jurnalının redaksiya heyətinin üzvü seçilib, jurnalın məsul katibi və bədii ədəbiyyat şöbəsinin müdiri olub. Jurnal o zaman onun haqqında yazırdı: "Şəfiqə xanım bütün Zaqafqaziyada ilk Azərbaycan dili müəlliməsi və bununla yanaşı, ilk Azərbaycan qadın jurnalistivə publisisti olmuşdur".
Tədqiqatçıların yazdığına görə, 1932-ci ilə qədər pedaqoji fəaliyyətlə məşğul olan Şəfiqə xanım Zaqafqaziyada, Qafqazda, Moskvada keçirilən qadın konfrans və qurultaylarında nümayəndə kimi iştirakedirdi. Bütün ömrünü Azərbaycan qadınının maariflənməsinə, azadlığına həsr edən Şəfiqə xanım Əfəndizadə 1959-cu ildə Bakıda dünyasını dəyişib. Görkəmli Azərbaycan ziyalısının xatirəsi daim ehtiramlayad edilir, onun şərəfli ömür yolu gənc nəslə örnək kimi təbliğ olunur. Hazırda Bakı şəhəri Yasamal rayonunun 13 saylı orta məktəbi Şəfiqə xanım Əfəndizadənin adını daşıyır.
Qərənfil DÜNYAMİNQIZI,
BDU-nun Mətbuat tarixi və
ideoloji iş kafedrasının müəllimi
http://anl.az/down/meqale/azerbaycan/2011/iyul/192321.htm