18.12.2017


Müəllif: 

Sanki nağıllar aləmindən gəlmişdi. Hara gedirdisə, heyran baxışlar onu izləyirdi. Bu ucqar əyalət qızı böyük çar imperiyasının mərkəz şəhərinin - Sankt-Peterburqun kübar məclislərinin yaraşığıydı. Haqqında çox eşidib, görmək arzusunda olanlar ilk dəfə qarşılaşanda istər-istəməz təsdiq edirdilər: nağıllardakı pəriləri xatırladan bu gənc qız, doğrudan da, aldığı titula - "Dünya gözəli" adına layiqdir. O, qənirsiz gözəliydi. Sadəcə, 1912-ci ildə ən qabaqcıl şəhərlərindən birində - Parisdə keçirilən mötəbər gözəllik müsabiqəsində Sona xanım Mehmandarovanın dünyanın ən gözəl qızı olduğu rəsmən təsdiq edilmişdi. 

Gözəlliyində elə bil bir sirr, sehr pərdələnmişdi. Onu tanıdıqca bu sirrin, sehrin cavabı tapılırdı. Gözəllik gənc qızın yalnız simasında, canlar alan gözlərində, boy-buxununda, qədd-qamətində deyildi. Daxilindən gələn nəciblik, kübarlıq, məğrurluq onu daha da cazibədar edirdi. 
Sankt-Peterburqdakı əsl-nəcabətli, yaraşıqlı, varlı kişilər ona vurulur, evlənmək təklifi edirdilər. Gənc xanımlar qıza həsrətlə, həsədlə baxırdılar. Tanrının gözəl yaratdığı, belə gənc yaşında şöhrətlənən, diqqət mərkəzində olan, ətrafa sevinc, təravət, şuxluq saçan birinin nə qəmi ola bilərdi ki? 
Hərdən yol çəkən gözlərinin dərinliyindən boylanan kədəri görən olsaydı, belə düşünməzdi. Sona xanım Mehmandarova sevildiyi, əzizləndiyi, qədəminə çiçəklər səpilən bu aləmdə qərib idi. O, bu nağıla başqa bir nağıldan gəlib düşmüşdü. Orada - uzaq Lənkəranda qalmışdı şirin nağılabənzər, qayğısız çağları. 

Nüfuzlu nəslin nümayəndəsi
Onun nağılı biri vardı, biri yoxdu ilə başlamamışdı. Bəxtəvər uşaqlıq illəri yaşayırdı. Məşhur Mehmandarovlar nəslinin bu xanım-xatın, nazlı qızının bütün arzuları dərhal yerinə yetirilirdi. Nağı bəy Mehmandarovun gözəllər gözəli qızı - Sona xanım Mehmandarova tam bir əsilzadə kimi böyüdü. Uşaqlıqdan mükəmməl tərbiyə, təhsil almasına xüsusi diqqət göstərildi. Gimnaziyada oxudu. Oranı bitirdikdən sonra da ali təhsil almaq xəyalı ilə yaşayırdı. Həm ata, həm də ana qohumları arasında o dövrün ən yüksək məktəblərində oxuyanlar, ad-san qazananlar, vəzifə sahibi olanlar çox idi. Sona xanımın babası Mirzə Sadıq bəy Mehmandarov Şuşada mədrəsədə və müctəhid Əbdürrəhman ağa Molla İsmayıl oğlunun şəxsi məktəbində oxuduqdan sonra Peterburq Universitetinin hüquq fakültəsində təhsil almışdı. Fransız, alman, ingilis dillərini bilirdi. Hacı Mir Abbas bəy Talışinski ilə də elə Peterburqda tanış oldu. Tərcüməçi, Lənkəran qəza rəisinin sahə iclasçısı, Muğanda pristav, Lənkəran polis komissarı vəzifələrində çalışdı. 1849-cu ildə əla xidmətinə görə tunc medalla təltif edildi. Həm də xeyirxahlığı, səxavəti ilə hörmət qazanan Mirzə Sadıq bəy 1840-cı ilin yayında Şuşadan gələndə Qaradonlu gömrükxanasında tanış olduğu şamaxılı şair Mirzə İsmayıl Qasiri Lənkərana dəvət edib. Mülkünün bir neçə otağını ona verib, "Üsuli-cədid" məktəbi açması üçün əlli nəfər uşaq toplamağa da köməklik göstərib. 
1911-ci ildə doxsan doqquz yaşında dünyadan köçən Sadıq bəyin Tutu xanımdan on övladı olub. Onların hamısı Mehmandarov soyadına layiq böyüyüb tərbiyə, təhsil alıblar. Oğlanlarından Ələkbər bəy iyirmi bir saylı Qafqaz hərbi taborunda xidmət edib. Səməd bəy isə Bakıda gimnaziya təhsili aldıqdan sonra Peterburq II Konstantinovka Artilleriya Məktəbində oxuyub. Tam artilleriya generalı adına layiq görülən ilk azərbaycanlı olub. Cəsurluğu, qəhrəmanlığıyla əfsanəyə çevrilib. Nağı bəy də yaxşı təhsil alıb. Lənkəran şəhərinin qradonaçalniki - şəhər rəisi vəzifəsinədək yüksəlib. O, Mir Əbülfət xan Talışxanovun qızı Bikə xanımla evlənib. 

Gözəllik böyük qüvvədir
Onların qızı Sona xanım uşaqlıqdan oxumağa həvəsi, ağlı, nəcibliyi ilə seçilirdi. Yeniyetmə çağlarından qapılarını elçilər döyməyə başladı. Çoxları bu gözələ aşiq idi. Sona xanım da, valideynləri də bütün elçilərə "yox" deyirdilər. Ancaq rədd cavabı alanlar ümidlərini kəsmirdilər. Sona xanımla ata-anasının inadını qıracaqları günün gümanı ilə dönə-dönə elçi gəlməkdən yorulmurdular. Aldıqları rədd cavabından qəzəblənənlər, intiqam arzusu ilə yaşayanlar da var idi. Onlardan biri - Əhməd bəy Zeynalov fikrindən daşınmayan atadan intiqam aldı. Gecə yarısı dostu Xəlil bəylə birlikdə Nağı bəyi öz evindən oğurladı. Onu ölümcül yaralayıb dənizə atdılar. 
Cinayət cəzasız qalmadı. Nağı bəy Mehmandarovun qatilləri tapıldı. Cinayətkarlar Sibirə sürgün olundular. Amma Nağı bəyin qətli həyat yoldaşının, qızının qəlbinə sağalmaz yara vurmuşdu. Yaslı Bikə xanım həm də qızının taleyindən narahat idi. Günahkarlar əməllərinə görə cavab versələr də, ana Sona xanımın Lənkəranda qalmasına ürək eləmirdi. O, dərdin belə gözəlliyini soldura, gizlədə bilmədiyi yeniyetmə qızını Bakıda yaşayan qohumlarıgilə yola saldı.
Sona xanım gündən-günə dəyişən, inkişaf edən, həm siyasi-iqtisadi, həm də mədəni həyatında maraqlı hadisələr baş verən bir şəhərlə qarşılaşdı. Buradakı qohumları, təzəcə tanış olduğu rəfiqələri sanki həyatdan qopmuş qızı ovudur, təsəlli verirdilər. Onların qayğısıyla yavaş-yavaş yeni mühitə, Lənkərana bənzəməyən Bakının qaynar həyatına alışmağa başlayırdı. 
Amma burda da rahat yaşamaq arzusu gözündə qaldı. Çox keçmədi ki, gözəlliyi yenə dillərə düşdü. Bakının kübar cavanları arasında onunla görüşmək, evlənmək istəyənlərin sayı getdikcə çoxalırdı. Sona xanımın ürəyinə yol tapan, onu evlənməyə razı sala bilən isə hələ də yox idi.
Bir gün şöhrətli olacağını heç düşünmürdü. Heç 1912-ci ildə "Obşestvennoye sobraniye" adlanan, ictimai tədbirlərin keçirildiyi binada (indiki Azərbaycan Dövlət Filarmoniyası) təşkil olunan gözəllik müsabiqəsinə qatılacağını da ağlına gətirmirdi. Müsabiqədə rəfiqələrinin təkidilə iştirak etdi. Heyrətamiz gözəlliyi onu yenə fərqləndirdi. Münsiflər heyəti bir-birindən gözəl qızların arasından Sona xanım Mehmandarovanı seçdi. Bu qalibiyyətin onun həyatını dəyişəcəyini xəyalına belə gətirmirdi. Sona xanımın gözlədiyinin əksinə olaraq, nə bu müsabiqə, nə də bu uğur sonuncu olmadı. 

Uğura aparan yol
XX əsrin əvvəllərində gözəllik yarışmaları kübar aləmində dəbdəydi. O zaman bu cür müsabiqə Zaqafqaziyanın mərkəzində - Tiflisdə də keçirilirdi. Bakı yarışmasının qalibi həmin müsabiqənin birbaşa iştirakçısı olurdu. Sona xanım Mehmandarovanı Tiflisə qohumları, rəfiqələri yola saldı. Elə bilirdi ki, bir neçə gün sonra geri dönəcək, ilk dəfə gördüyü qədim Tiflis şəhəri barədə doğmalarına danışacaq. Dönüşü olmayan bir yola çıxdığının fərqində deyildi. Hər şey ona yuxu kimi gəlirdi, gözəl Tiflis şəhəri, müsabiqə günü yaşadığı həyəcan və qalibiyyət duyğusu...
Burdan yolu Sankt-Peterburqa olmalıydı. Orda keçirilən "Miss Rusiya" müsabiqəsində də iştirak etməliydi. Və yenə birinci oldu. Başına qoyulan qiymətli tac gözəlliyinə bir əsrarəngizlik qatmışdı. Artıq görə bilirdi: ətrafdakılar ona valeh olmuşdular. Dərk etməyə başladığı gözəlliyi ona güvən gətirirdi. Elə 1912-ci ildə Parisdə keçirilən "Dünya gözəli" final müsabiqəsinə də bu hisslərlə yollandı. Dünyanın mərkəz şəhərlərindən birində - Parisdə güclü rəqibləri də Sona xanım Mehmandarovaya uduzdular. O, "Dünya gözəli" titulunu qazandı. O vaxtın məşhur qəzetlərinin ilk səhifələrində gözəllik müsabiqəsinin baş mükafatçısının - Sona xanım Mehmadarovanın zümrüd taclı şəklini və haqqında yazı dərc etdilər.
Şöhrətinin adı böyük idi. Əyalət qızı "Dünya gözəli"ydi. Vaxt keçdikcə, bu adın, şöhrətin gətirdiyi sıxıntıları da hiss etməyə başladı. Paris qələbəsi keçib gəldiyi bütün yolları bağlamışdı. Artıq Sona xanım Mehmandarova nə Lənkərana, nə də Bakıya dönə bilərdi. Böyük imperiyanın fəxri olan "Dünya gözəli" Sankt-Peterburqda - çarizmin paytaxtında yaşamalıydı. Şöhrəti ona çoxlu sərvət gətirdi, bütün kübar aləmdə, hətta çar ailəsində belə nüfuz qazandırdı. Sankt-Peterburqun mərkəzində təmtəraqlı mülk aldı, şəhərin kübar mühitində tituluna layiq yer tutdu. 

Nəslin süqutu
Yeni şəhərdə yeni-yeni aşiqləri meydana çıxdı. Getdiyi bütün məclislərdə nəzərləri üzərində hiss edirdi. Ona vurulur, ümidsiz sevgiyə düşürdülər. Çünki hər kəsə məlum idi ki, mövcud qaydalara görə, gözəllik müsabiqələrinin qalibləri bir il ərə gedə bilməzlər. Gənc, yaraşıqlı, əsil-nəcabətli, varlı heyranlarının təkliflərinə Sona xanım rədd cavabı vermək məcburiyyətindəydi. 
Birinci Dünya müharibəsinin başlanması çox şeyi dəyişdi. Sona xanım Mehmandarova da, nəhayət, pərəstişkarlarından birinə müsbət cavab verdi. Əslən dağıstanlı olan Uruzovla evləndi. Onun bu qərarı qohumları tərəfindən etirazla qarşılandı. Ancaq Sona xanım heç kimi dinləmədi.
Varlı Uruzovla ailə həyatı da ona uğur gətirmədi. Uşaqları olmadı. 1917-ci ildə baş verən hakimiyyət çevrilişindən sonra isə həyatları tamamilə dəyişdi. Var-dövlətləri əllərindən alındı. Qohumlarının etirazına baxmadan ailə quran Sona xanım Azərbaycan Demokratik Respublikası qurulanda, əmisi Səməd bəy hərbi nazir olanda da vətəninə qayıtmamışdı. İndi isə hər şey dağılmışdı. Bolşevik hakimiyyəti Sona xanımın vətəninə də əl uzatmışdı. Azərbaycanda milli hökumət süquta yetirilmiş, bəylərə, xanlara qarşı mübarizə başlamışdı. Sona xanımın həm ata qohumlarının - Mehmandarovların, həm də ana qohumlarının - Talışinskilərin qara günləri başlamışdı. 
Bolşevik hökuməti Sona xanımın əmisini - Çar ordusunun generalı, Azərbaycan Demokratik Respublikasının hərbi naziri olmuş Səməd bəyi həbs etdi. O, bir müddət Bakıda və Moskvada Butırsk zindanında saxlanıldı. General Əliağa Şıxlinski ilə birlikdə Stalinin məktubuna əsasən həbsdən azad edildi, bir il sonra da Nəriman Nərimanovun səyi nəticəsində Bakıya qaytarıldılar. 1923-cü ildə başqalarına da dərs vermək üçün bir vaxtlar milli hökumətin hərbi naziri işlədiyi (hazırda Azneft kimi tanınan) binanın ətrafını süpürməyə məcbur etdiyi Səməd bəy Mehmandarovun hərbi biliyindən Sovet hökuməti də imtina edə bilmədi. O, Azərbaycan Hərbiyyə məktəbində topçuluqdan dərs dedi. 1928-ci ildə səhhətinə görə istefaya çıxdı. 1931-ci ildə vəfat etdi. Çəmbərəkənd qəbiristanlığında dəfn olundu. Səməd bəydən sonra həyat yoldaşı oğlunu da götürüb Sankt-Peterburqa köçdü. Onları 1937-ci ildə Saratova, 1941-ci ildə isə Sibirə sürgün etdilər. 
1930-cu illərin axırlarında Sergey Mironovıç Kirova heykəl qoyulması üçün Çəmbərəkənd qəbiristanlığı söküləndə dağıdılan qəbirlərdən biri də Səməd bəy Mehmandarovun idi. Qohumlarından kimsə qəbrinin köçürülməsində iştirak edə bilmədi...
Həm ata, həm də ana qohumlarının başına gətirilən müsibətləri eşidən Sona xanım uzaqdan da olsa, onların halına yanırdı. Təhlükə bütün əsilzadələr kimi onun üçün də var idi. Sona xanım Mehmandarova öz sənədlərini, fotoşəkillərini həmin illərdə yandırmalı oldu. 

Unudulan gözəllik
O, 1920-ci illərdən Moskvada yaşadı. Yaxın münasibətdə olduğu, 1929-cu ilədək RSFSR-in maarif naziri işləmiş Anatoli Lunaçarskinin himayəsi yaşayış yerini dəyişməsinin əsas səbəbiydi. 
Bakıya uzun illər sonra - 1966-cı ildə döndü. Bu şəhər 1912-ci ildə onu çox gənc, sağlam, dünya gözəli kimi yola salmışdı. Yarım əsrdən sonra isə dünyanı mat qoyan gözəlliyindən əsər-əlamət qalmamış, xəstə, yorğun, yaşlı bir qadın kimi qarşıladı. Həyat çox acılar çəkdirmişdi Sona xanım Mehmandarovaya. Ən böyük ağrıları isə Sovet hakimiyyəti illərində soykökünə görə yaşamışdı. Dünya bol-bol verdiyi gözəlliyi Sona xanımdan geri almışdı, yalnız səsindəki təravətə toxuna bilməmişdi. Bir də əvvəlki kimi məğrur, kübarıydı. Bir gün vəziyyəti yenə ağırlaşanda qohumları "Təcili yardım" çağırdılar. Ağrıların əldən saldığı Sona xanım belə halda da güzgü və kosmetika istədi. Həkimlərin qarşısına səliqəsiz çıxmadı.
Sona xanım Mehmandarova vətənində çox yaşamadı. Bir neçə il sonra vəfat etdi. Bakı qəbiristanlıqlarının birində dəfn olundu. Bu gün qohumları belə onun məzarının yerini xatırlamırlar. XX əsrdə gözəlliyi ilə dünyanı heyran edən Sona xanım Mehmandarova hazırda hansı bir qəbiristanlıqdasa naməlum məzarda adsız-sansız uyuyur.

Mənbə:http://regionplus.az/az/articles/view/5759