18.02.2017

Metodika:Tarix dərslərində şagirdlərin yazılı nitq bacarığının inkişaf etdirilməsi imkanları

İlhamə MƏMMƏDOVA,

Astara şəhər Ceyhun Babayev adına 3 nömrəli tam orta məktəbin tarix müəllimi 

Yazı savadının şüura təsirindən bəhs edən alimlər təsdiq edirlər ki, danışıq dilini yazıda ifadə etmək bacarığı təfəkkür qabiliyyətinə böyük təsir göstərir. Lurianın məşhur nəzəriyyəsinə görə, yazı mədəniyyəti olmayan xalqlar dünyadan xəbərsiz, dar düşüncəli, yalnız işlətdikləri dil çərçivəsində fikirləşməyə qabil olan insanlar olur. Oxuyub-yazmağı bacaran xalqlar isə, əksinə öz fikirlərini yazıb saxlaya bilir, onları müzakirə edir, təkmilləşdirir. Beləliklə, düşüncə və təfəkkürün yeni inkişaf səviyyələrinə qalxırlar.

Əsasən bilikyönümlü istiqamətdə təşkil olunan, yaddaşa, diqqətə, təfəkkürün inkişaf səviyyəsinə uyğun olan nəticələrlə kifayətlənən ənənəvi təlimdə tarix dərsi daha çox şifahi üsullarla- müəllimin şifahi şərhini dinləmə, mövzunu oxuyub yadda saxlama və yadda qalanı danışma, xronologiyanı əzbərləmə və s. öyrədilirdi. Çox nadir hallarda verilən yazılı tapşırıqlar axtarış-tədqiqat prosesini əks etdirmir, yalnız dərslikdən istifadə etməklə həyata keçirilirdi. Şəxsiyyətyönümlü müasir təlim isə yaddaşı, diqqəti, təfəkkürü  inkişaf etdirərək tarix dərslərində şagirdlərin yazılı nitq bacarıqlarına tez-tez istinad edir. Həm evdə fərdi şəkildə ev tapşırığının icrası, həm də kiçik və ya böyük qruplarla iş zamanı şagirdlərin marağını və müşahidə qabiliyyətini üzə çıxarır, sinifdəki birlik ruhunu cilalayır və möhkəmləndirir.
Yazılı nitq vərdişlərindən istifadə etməklə şagirdlər istənilən tarixi hadisə haqqında müxtəlif sənədlər - məktublar, qanun layihələri, sərəncamlar, fərmanlar, müxtəlif məzmunlu və xarakterli müqavilələr tərtib edə, hekayə və esselər yaza bilərlər. Sənədlər əsasında sxem, cədvəl hazırlanması kimi tapşırıqların verilməsi dərin düşüncə formalaşdırır, qrup daxilində intensiv təcrübə mübadiləsi, qarşılıqlı anlaşma yaradır.

V-VI siniflərdə müxtəlif mövzularla əlaqədar esse yazılması, kiçik hekayə qurulması, "Cədvəli dəftərinə çək və tamamla" tipli yazılı tapşırıqlar, sxemlərin qurulması (məsələn, Həsən bəy Zərdabinin fəaliyyətini dəftərində sxem şəklində yaz), mətnin əsas yerlərinin seçilib dəftərə yazılması (Hacı Zeynalabdin Tağıyevin gördüyü xeyriyyəçilik tədbirlərini dəftərinə yaz) qəhrəmanların oxşar və fərqli cəhətlərinin seçilib Venn diaqramı şəklində göstərilməsi (Səttərxanla Babəkin oxşar və fərqli cəhətlərini dəftərində yaz), müxtəlif mənbələrdən istifadə etməklə təqdimat hazırlama və internet-axtarış sisteminə müraciət etməklə açar sözlərin izahının verilməsi kimi yazılı tapşırıqlar təlim prosesinə tədqiqat xarakteri verir, müstəqil nəticələr çıxarmaq bacarığı formalaşdırır, şagirdin çətinliklərin öhdəsindən gələ bilmək inamı və əminliyini artırır.
Şagirdlərin müstəqil olaraq öz fikirlərini formalaşdırmaq, öz təcrübələrindən və düşüncələrindən məntiqi nəticə çıxarmaq, fikirlərini aydın ifadə etmək, bir-birlərinin fikirlərindən yararlanmaq, İKT-dən məqsədyönlü istifadə etməyi təmin etmək üçün yazılı tapşırıqlar üzərində işləmək zəruridir. Müxtəlif tipli yazılı tapşırıqlar şagirdlərdə müəlliflik sevinci oyadır, gündəlik müşahidələrini ümumiləşdirməsinə, dinləyici qarşısında məsuliyyətini dərk etməsinə səbəb olur.


Təcrübəli tarix müəllimləri yazılı nitq bacarıqlarını formalaşdırarkən saysız-hesabsız informasiya içindən şagirdə yalnız lazım olanı seçə bilməsinə, əhəmiyyətli anlayışı oxşar anlayışlardan fərqləndirə bilməsini təmin etməyə çalışır, məzmunun formadan üstün olduğunu göstərir, yazının (esse, referat) standart formasını öyrətmək üçün müxtəlif imkanlar axtarır və şagirdi inandırırlar ki, formaya aludə olub fikir və ideyaların rabitəsizliyinə göz yummaq olmaz.

Mənbə:"Azərbaycan müəllimi" qəzeti № 43 7 noyabr 2014 il.