Ən yaxşı müəllimin dərs nümunəsi
Şirincan MƏMMƏDOVA,
Bakı şəhəri T.Heybətov adına 126 nömrəli tam orta məktəbin
tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015) qalibi
Ümumtəhsil məktəblərində tədris olunan hər bir fənnin
özünəməxsus imkanları və qarşıda duran vəzifələri vardır. Bu baxımdan, gələcək
nəslin hərtərəfli vətəndaş kimi formalaşmasında tarix fənninin üzərinə daha
böyük vəzifələr düşür. Bu, bir tərəfdən fənnin öz məqsədləri ilə bağlıdırsa,
digər tərəfdən ölkəmizin geosiyasi və geocoğrafi məkandakı yeri ilə əlaqədardır.
Belə ki, şimalla cənubun, şərqlə qərbin qovşağında yerləşən, xarici maraqların
toqquşduğu bir bölgənin ayıq düşünən vətəndaşını yetişdirmək biz müəllimlərdən
ikiqat məsuliyyət tələb edir. Təsadüfi deyil ki, Abasqulu ağa Bakıxanov
yazırdı: “Tarix elə bir danışmayan natiqdir ki, gələcəkdə baş verə biləcək
hadisələri keçmişin libasında bir ibrət kimi insanların nəzərinə çatdırır”.
Ona görə də mən tarixdən keçdiyim hər bir mövzuya
şagirdin dərketmə fəallığı baxımından yanaşıram. Axı həqiqəti dərk etməyin
praktik yolu konkret müşahidədən mücərrəd təfəkkürə, ordan da praktikaya keçid
hesab olunur. Bu baxımdan, şagirdlərin vaxtaşırı muzeylərə, tarixi yerlərə
ekskursiyaya aparılması xeyli kömək edir. Belə ki, ibtidai siniflərdə şagirdlər
daha çox nağıl, hekayə və şeir öyrənirlər. Yuxarı siniflərə keçdikdə isə
onlarda çox vaxt hadisələri tarixi fakt, gerçəklik kimi deyil, bir nağıl kimi
qavramaq meyli hiss olunur. Elə buna görə də inteqrasiya imkanları şagirdləri məhz
bu tendensiyadan uzaqlaşdırır, həyati düşüncəyə təhrik edir.
Mən dərslərimi müasir metodlarla, interaktivlik əsasında
keçməyə çalışıram ki, şagirdlərin biliklərə yiyələnməsində yüksək nəticə əldə
edə bilim. Bu baxımdan X “b” sinfində keçdiyim “Neft sənayesi və onunla bağlı
sahələr” mövzusunda dərsin icmalını təqdim edirəm:
Fənn - Azərbaycan
tarixi
Sinif - X sinif
Mövzu: Neft sənayesi
və onunla bağlı olan sahələr.
Standart: 1.1.2.
Ölkələrdə baş verən oxşar sosial-iqtisadi hadisə və prosesləri zaman baxımından
tarixi şəraitlə əlaqədə müqayisə edir və dəyərləndirir.
1.1.4. Dünyada və
Azərbaycanda baş verən hadisə, proses və təzahürlər arasında əlaqələri tarixi
zaman baxımından izah edir.
3.1.2. Geosiyasi
dəyişikliklərin cəmiyyətin sosial-iqtisadi həyatına təsirini şərh edir.
5.1.2. Aqrar (ənənəvi)
və sənaye cəmiyyətlərinin mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələrə
təsirini əsaslandırır.
Məqsəd:
1. XIX əsrin
sonunda xarici kapitalın neft sənayesinə nüfuz etməsinin hansı yeniliklərə səbəb
olmasını müəyyən edir.
2. Bakı neftinin
beynəlxalq aləmdə yerini və rolunu dəyərləndirir.
3. Təbii sərvətlərdən
kortəbii istifadənin hansı ekoloji problemlərə yol açmasını izah edir.
4. Təbii sərvətlərdən
düzgün istifadənin əhəmiyyətini izah edir.
İnteqrasiya:
Kimya, fizika, coğrafiya, ədəbiyyat.
İş forması: Cütlərlə
iş
İş üsulu: Venn
diaqramı, çarpaz müzakirə, “əqli hücum”
Resurslar: Dərslik,
elektron dərs vəsaiti, xəritə, iş vərəqləri, dəftərxana ləvazimatı.
İnternet
resursları: www.tarix.az
www.tarix.info
Dərsin gedişi: Dərsə
şagirdlərin xorla ifasında M.Arazın aşağıdakı şeir parçası ilə başlayıram:
Azərbaycan
mayası nur, qayəsi nur ki,
Hər daşından
alov dilli ox ola bilər.
Azərbaycan deyiləndə
ayağa dur ki,
Ana yurdun ürəyinə
toxuna bilər!
Problem
situasiya yaratmaq məqsədi ilə slayd 1-də göstərilən təsvirlə bağlı suallar
verirəm:
- Nə üçün bu
çıraq qara çıraq adlanır?
- O dövrdə hələ
ağ neft emal olunmadığından qarışıq neft yanarkən ayrılan tüstü ətrafdakı əşyaları
qara hisə batırırdı.
- Bu çıraq nə
vaxt sönür?
- Neft qarışığı
tükənəndə.
- Deməli, neft nədir?
- Enerji mənbəyidir.
- Enerjiyə tələbat
nə zaman artdı?
- XIX əsrdə
alman mühəndisləri Daymler, Dizel daxili yanacaqla işləyən mühərrik ixtira
etdilər. Amerikalı Edison isə elektrik lampasını kəşf etdi. Bütün bunlar
enerjiyə tələbatı kəskin şəkildə artırdı.
- Bu dövlətlər
kapitalizmə nə zaman keçmişlər?
- XVII əsrdə
Niderland burjua inqilabından sonra.
- Bəs,
gördüyünüz təsvirlərlə (bax: slayd 2) bu körpüdən keçib kapitalizmə getmək niyə
mümkünsüz görünür?
- Çünki burada hər
şey əl əməyinə əsaslanır.
- “Bəxtiyar”
filmi ilə bu təsvirlər arasında nə kimi əlaqə görürsünüz?
- Filmdə Ağabala
müəllim qeyri-peşə sahiblərindən özfəaliyyət dərnəyi düzəltmək istəyir.
Şagirdlər filmdəki
epizodlardan bəzi dialoqları səsləndirirlər.
- Sizcə,
Ağabalanı vəziyyətdən kim çıxartdı?
- Peşəkar
neftçi-müğənni.
- Bəs, bu təsvirdəki
ağır əmək şəraiti necə dəyişə bilər?
- İstehsalatda
yeni texnika və texnologiyalar tətbiq etməklə.
Bu mülahizələr əsasında
aşağıdakı tədqiqat sualı çıxarılır.
Tədqiqat sualı:
XIX əsrin sonlarında enerjiyə tələbatın artması Azərbaycan neft sənayesində
hansı yeniliklərə yol açmışdır?
Tədqiqata
başlamazdan əvvəl fənlərarası əlaqə yaratmaq məqsədilə aşağıdakı sualları verirəm:
- Neftin hansı
fiziki xassələri var?
- Ədəbiyyatımızda
neft mövzusu necə əks olunmuşdur?
- Neftin nə kimi
kimyəvi xassələri var?
- Dünyanın hansı
bölgələrində neft çıxarılır?
- Neft necə əmələ
gəlir?
Bundan sonra
şagirdlər cütlərə ayrılır və hər cütə 3, 4 və 5-ci slaydlardakı kimi iş vərəqləri
təqdim edirəm.
“Qara qızıl”
bizi həmişə “ağ gün”ə çıxarıb?” mövzusunda “hə” və “yox” deməklə çarpaz müzakirə
təşkil edirəm.
Nəzərə alsaq ki,
dövlətçiliyimizin qorunması gələcəkdə bir vətəndaş olaraq bugünkü şagirdlərimizin
çiyinlərinə düşəcək, onda onlar cəmiyyətdə təzahür edən proseslərdən baş çıxarmağı
bacarmalıdırlar. Bu məqsədlə sərvətlərimizin xalqa məxsus olduğu prizmasından
çıxış edərək, özünü qiymətləndirmə məqsədilə sorğu keçirirəm.
İnformasiya
mübadiləsi və müzakirəsi: Tədqiqatlar təqdim olunur, təqdim olunan işlərin təhlili
aparılır.
Nəticə və ümumiləşdirmə:
Neft Azərbaycanı
tanıdan və inkişaf etdirən təbii sərvətdir. Böyük dövlətlər onu ələ keçirmək
uğrunda zaman-zaman mübarizə aparmışlar. XIX əsrin sonunda baş verən yeniliklər
neftə marağı daha da artırdı. Bir müstəmləkə olaraq o illərdə biz yalnız
Rusiyanın xammal əlavəsi idik. Lakin bu gün müstəqil Azərbaycan Respublikası sərvətlərimizin
tam sahibidir. Neftin heç də tükənməz olmadığına rəğmən hökumət gələcək Azərbaycanın
neft strategiyasını məqsədyönlü şəkildə həyata keçirir.
Qiymətləndirmə:
Sonda müvafiq cədvəl üzrə qiymətləndirmə aparılır.
Ev tapşırığı: Evə
neft milyonçuları haqqında məlumat hazırlamaq, Məhəmməd Əsəd bəyin “Şərqdə neft
və qan” əsərini (“Əbədi odun yurdunda” bölməsi) oxumaq, BTC-nın çəkilişi zamanı
tapılmış maddi-mədəniyyət nümunələri haqqında internetdən məlumat toplamaq tapşırılır.
Dərsin sonunda Xəzər
dənizinin statusuna dair videogörüntü izlənir.
Müasir dərsin “rəngi”:
rəngarənglik
Həbibullah
ƏZİZOV,
Qubadlı Rayon Təhsil
Şöbəsinin tarix üzrə metodisti
Son illər təhsil
sahəsində ən çox mübahisə və diskussiyaya səbəb olan mövzulardan biri də müasir
dərsin necə olmasıdır. Bu haqda təhsilə aid ədəbiyyatlarda, jurnal və qəzetlərdə
kifayət qədər material vardır. Müasir dərs dedikdə, ilk düşünülən fikirlərdən
biri də rəngarənglikdir. Rəngarənglik isə daxilində bir çox aspektləri ehtiva
edir. Doğrudur, müasir dərs rəngarəng olmalıdır. Əslində müasir dərsin ənənəvi
dərsdən bir fərqi də rəngarəng olmasındadır. Bəs dərsin rəngarəng keçməsi üçün
biz təhsilverənlər nələri həyata keçirməliyik?
Resurs zənginliyi.
Təhsilverənlər və təhsilalanlar dərs zamanı resurslardan mövzuya uyğun olaraq
kifayət qədər və səmərəli istifadə etməlidirlər. Resurslar mövzunun mənimsənilməsində
şagirdə və müəllimə yardım edən əhəmiyyətli vasitələrdəndir. Sadə, mürəkkəb və
bəsit olmasından asılı olmayaraq resurslar öyrənmə prosesi zamanı zənginlik
yaradan vacib məsələlərdəndir.
Sərbəstlik.
Müasir dövrün təhsilalanı dərsdə sərbəst olmalıdır. Bu zamanın və təhsilə aid
müvafiq qaydaların tələbidir. Ancaq bu zaman mövzu, mühüt, milli dəyərlər və
şagird psixologiyası nəzərə alınmalıdır. Sinif rəhbərləri, məktəb psixoloqları,
UBR-i və məktəb rəhbərləri sərbəstlik dedikdə şagirdə, bu sərbəstliyin fikirlərin
sərbəstliyi olduğunu anlatmalıdırlar. Belə ki, şagirdlərə aşılamaq lazımdır ki,
dərsdə sərbəstlik dedikdə dərs zamanı bildiklərini söyləmələri, kompleksdən
uzaq olmaları, fikirlərini ifadə etmələri və rahat olmalarıdır. Sərbəstlik nə
“istəsəm deyərəm və edərəm” şəklində deyil, düşündüklərimi və şəxsi fikirlərimi
müəyyən etik və milli dəyərlərimizə uyğun şəkildə ifadə etməkdir.
İKT və internet.
Müasir dərsi İKT və internetsiz təsəvvür etmək çətindir. Ancaq bu da mövzunun tələblərinə
uyğun olmalıdır. Ola bilər ki, hər hansı bir mövzunun tədrisində İKT, internet
və digər texnologiyalara ehtiyac olmasın. Bu zaman hər hansı bir texnologiyadan
kortəbii istifadə dərsin səmərəli keçməsinə maneçilik törədər. Buna görə də müəllim
qarşısına qoyduğu məqsədlərə çatmaya bilər və bu hal dərsin gedişinə əngəl
yaradar. Bütün bunların öncədən təsbit edilməsi müəllimin üstünə düşən vəzifələrdəndir.
Bundan başqa, İKT, internet və digər texnologiyalardan müəllim və şagirdlər
resurs kimi də istifadə edə bilərlər.
Tədqiqat və
araşdırma. Müasir dərsdə informasiyalar daha çox şagird tərəfindən toplansa və
tədqiq edilsə, bu dərslə bərabər şagirdin də dünyagörüşündə rəngarənglik
yaradar. Şagirdin tədqiqat və araşdırmaya yönləndirilməsi onun gələcək təhsil həyatında
da ona yardım edəcək. Biz pedaqoqlar şagirdlərə öyrənməyi öyrətməliyik. Əgər
biz şagirdi hər zaman hazır məlumatlarla təmin etsək gələcək təhsil həyatında
onu kim informasiyalarla təmin edəcək? Tədqiqatçılıq şagirdlərdə dərs zamanı dərsin
cansıxıcı olmasını əngəlləyir. “Rəngarəng” dərsdə müəllimlər və şagirdlər dərsin
necə keçdiyini, necə bitdiyini “bilmirlər”. “Solğun” dərsdə isə müəllimlər və
şagirdlərin gözü saatda qalır. “Rəngarəng” və müasir dərs tənəffüs olmasına
baxmayaraq şagirdlərin müəllimi əhatəyə alaraq “dərsə davam etdikləri” dərsdir.
Rəhbərlik
faktoru. Müasir dərsin səmərəli keçməsində məktəb rəhbərliyinin də rolu vardır.
Əslində məktəb avtokratik deyil, demokratik üsullarla, metodlarla idarə edilməlidir.
Müəllimin dərsinin səmərəli, rəngarəng və müasir tələblərə uyğun davam etməsinə
məktəb rəhbərliyi maksimum imkan yaratmalıdır və müəllimlərlə bərabər şagirdləri
də dəstəkləməlidir.
Valideyn
faktoru. Dərslərin səmrəli keçməsində valideyn faktoru danılmazdır. Müasir
dövrdə valideynlər şagirdin bir şəxsiyyət kimi formalaşmasında və təlim-tərbiyəsində
daim məktəb və müəllimlərlə təmasda olmalıdırlar. Çünki yaşadığı dövrdən asılı
olmayaraq istər avropalı mütəxəssislər, istərsə də orta əsr filosof və mütəfəkkirləri,
N.Tusi, Bəhmənyar və bu kimi filosoflar uşağın bir şəxsiyyət kimi yetişməsində
mühit-məktəb-valideyn birliyini həmişə vurğulamışlar. Ona görə də indiki zamanda
bu “üçbucağın” daha da möhkəm bağlarla bir-birinə bağlanmasının əhəmiyyəti daha
çoxdur. Müşahidələr göstərir ki, uzun müddət ənənəvi, avtokratik və bunun kimi
mühitdə təhsil almış bəzi valideynlər bəzən müasir qiymətləndirmə, şəxsiyyətyönümlülük,
sərbəstlik kimi anlayışları qəbul etmək istəmirlər. Bu bəzi valideynlərin həmin
mövzuda məlumatsızlığından irəli gəlir.
Əməkdaşlıq və
dialoq. Müasir dərsin daha da səmərəli, rəngarəng və şəxsiyyətyönümlü olması
üçün əməkdaşlıq və dialoq şərtdir. Bu əməkdaşlıq və dialoq müəllim-şagird
arasında olduğu kimi şagirdlər arasında da olmalıdır. Burada müəllimin istiqamətverici
və ya fasilitasiya bacarığı şərtdir. Müasir dərsdə əməkdaşlıq və dialoq ən
vacib məsələlərdəndir. Bu zaman şagirdlər arasında ünsiyyət və qarşılıqlı
münasibətlər yaranır. Onlar hər hansı problemin həllində əməkdaşlığın necə
yaxşı nəticə verdiyini görürlər. Əməkdaşlıq birgə əməkdir. Bu birgə əmək zamanı
müəllimin fasilitasiya bacarıqları sayəsində şagirdlər bir-birlərinə yardım edərək
problemin həllində birlikdə səy göstərir, problemin həlli yollarını birlikdə
arayırlar. Bu ənənəvi təhsildə az-az qarşılaşılan bir haldır. Əməkdaşlıq və
dialoq fəal təlimin prinsiplərindəndir. İstər əməkdaşlıq, istərsə də dialoq
zamanı şagirdlərdə ünsiyyət yaranır. Ünsiyyət və geniş mənada ünsiyyətsizlik isə
zamanəmizin sosial və ciddi problemlərindəndir. Biz pedaqoqlar şagirdlər
arasında və geniş mənada cəmiyyətdə bu kimi neqativ halların yaranmamasının
qarşısını məktəbdən almalıyıq. Bu haqda görkəmli psixoloq Ə.Əlizadə bunları
söyləmişdir: “Əvvəlki mədəniyyət monoloji mədəniyyət idi, diferensiasiyaya əsaslanırdı.
İnsan isə onun üçün vasitə idi. Müasir mədəniyyət isə dialoji mədəniyyətdir,
inteqrasiyaya əsaslanır, insan üçün vasitə deyil, məqsəddir”. (Ə.Əlizadə.
Yeni təfəkkür (psixopedaqoji araşdırmalar). Bakı “Adiloğlu”, 2001”.
Müasir məktəbdə dərsin səmərəli və rəngarəng davam
etməsi üçün təhsil müəssisələrində demokratik, şəxsiyyətyönümlü və humanist
mühit olmalıdır. Bu işdə məktəb rəhbərləri və digər idarəçilər müəllimlərə
yardım etməli və bərabər çalışmalıdırlar.
Mənbə:"Azərbaycan müəllimi "qəzeti,06.02.2016/№5