Aprelin 11-də rayonun Sığırlı kəndində aprelin 1-dən
2-sinə keçən gecə cəbhənin Tərtər rayonu istiqamətində erməni silahlı qüvvələrinin
torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhramancasına
şəhid olan Azərbaycan Ordusunun Giziri Qurbanov Tural Gürşad oğlunun dəfn mərasimi
keçirilib.
Mərasimdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı
Ceyhun Cəfərov, Millət Vəkili Rəfael Hüseynov, rayonun hüquq-mühafizə
orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları, Qarabağ
müharibəsi veteranları və on minlərlə kürdəmirli iştirak etdilər.
Dəfn mərasimində çıxış edən Millət Vəkili Rəfael
Hüseynov, Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov şəhidin ailəsinə
dərin hüznlə başsağlığı vermiş və bildirdilər ki, torpaqlarımızın müdafiəsi
uğrunda şəhid olmuş bütün əsgərlərimizin qisası güclü və qüdrətli ordumuz tərəfindən
düşməndən alınır və alınacaqdır. Möhtərəm Prezidentimiz Ali Baş Komandan cənab
İlham Əliyevin rəhbərliyi altında üç rəngli bayrağımız Şuşada, Laçında, Xankəndində,
eləcə də Dağlıq Qarabağın hər bir güşəsində dalğalanacaqdır.
Mərasimdə şəhidin atası və bibisi çıxış edərək övladı
Turalın şəhid olduğundan qürur duyduqlarını bildirdilər.
Şəhid Gizir Tural Qurabanovun nəşi Sığırlı kənd qəbristanlığında
torpağa tapşırıldı. Onun tabutu üzərindəki bayraq əbədi saxlanılmaq üçün atası
Gürşad Qurbanova təqdim edildi, Dövlət Himni səsləndirildi.
Dəfn mərasimində
“Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid əsgər yaylım
atəşləri altında son mənzilə yola salındı.
Yekunda mərasim
iştirakçıları şəhidin qəbri üzərinə tər
çiçək dəstələri düzdülər.