10.07.2015

Müəllimlərin hazırladığı rəqəmsal interaktiv tədris resurslarının (RİTR) təhlili

Məqalə "Azərbaycan müəllimi" qəzetinin 20 saylı nömrəsində dəərc edilmişdir.
Fəranə ƏLİYEVA,
Qərb Universiteti nəzdində orta məktəbin tarix fənn müəllimi,
edu.mimio.az saytının tarix və coğrafiya fənləri üzrə eksperti
Ülviyyə ƏHMƏDOVA,
"Smart Technologies" şirkətinin direktoru
Bu gün təhsildə həm forma, həm də məzmunca ciddi dəyişikliklər gedir: beynəlxalq təcrübənin son nailiyyətlərinə əsaslanan müasir milli təhsil sistemi yaradılır. Hər bir müəllim təhsilin millətin taleyində oynadığı rolu və əhəmiyyətini  dərk edərək üzərinə düşən böyük məsuliyyəti hiss etməlidir. Bu da müəllimdən işinə və icra etdiyi vəzifələrinə daha böyük məsuliyyətlə yanaşmasını tələb edir: peşəkarlıq səviyyəsi üzərində daim çalışmalı, tədris etdiyi fənləri və metodikanı mükəmməl bilməli, yenilikləri daim izləməli və mənimsəməli, geniş erudisiyaya malik olmaqla yanaşı tədris prosesini yüksək səviyyədə təşkil etməyi bacarmalıdır.

İnformasiya-kommunikasiya texnologiyalarının  tədrisin və ümumilikdə, gündəlik həyatımızın ayrılmaz hissəsi olduğu indiki şəraitdə açıq vahid informasiya təhsil məkanının (İTM) yaradılması gündəmdə vacib məsələ kimi durur.  İTM-in əsas vəzifəsi - məktəbəqədər təhsil  pilləsindən başlayaraq, şagird, tələbə, müəllim və yüksək  ixtisaslı mütəxəssislərə qədər - hər bir istifadəçini  müvafiq tədris resurslarından geniş və sərbəst yararlanmaq imkanı ilə təmin etməkdir. Geniş çeşidli və keyfiyyətli tədris kontentinin mövcudluğu, rəqəmsal interaktiv təhsil resurlarının (RİTR) dərsdə istifadəsi  təhsilin keyfiyyətini əks etdirən, eyni zamanda tədrisin inkişafına bilavasitə  öz təsirini göstərən vacib və zəruri amillərdən biridir.
Son illər ərzində Azərbaycanın təhsil ocaqlarının əksəriyyəti yeni nəsl interaktiv avadanlaqlar (interaktiv, elektron, "ağıllı" lövhələr) ilə təchiz olunmuşdur və olunmaqdadır. Bu gün  müəllimlərimizdən bu avadanlıqlarla sərbəst işləmək, eyni zamanda avadanlığın xüsusi proqram təminatından istifadə edərək RİTR hazırlamaq və dərslərində aktiv tədbiq etmək bacarıqları tələb olunur.
2010-cu ildə edu.mimio.az saytı yaradılıb və müəllimlərimizin istifadəsinə verilib. Bu təhsil portalının əsas vəzifəsi ölkəmizin müxtəlif bölgələrinin müəllimləri tərəfindən hazırlanmış interaktiv rəqəmsal dərs resurslarını paylaşaraq portalın sayəsində onları müvafiq tələblərə cavab verən tədris kontenti ilə təmin etməkdən ibarətdir. Bu sahədə əldə edilmiş təcrübəni nəzərə alaraq tarix fənn üzrə interaktiv resursları təhlil etmək istərdik.
Artıq 7-ci sinif daxil olmaqla fənn kurikulumları tətbiq olunur. Təbii ki, hər bir yenilikdə olduğu kimi, bu sistemin də uğurla həyata keçirilməsi çox şərtlərə bağlıdır və bu şərtlərin başında insan amili, yəni müəllimin şəxsiyyəti durur. Etiraf etməliyik ki, bu prosesin təhsilimizdə mükəmməl tətbiq olunması üçün  müəllimin  bəzən müəyyən məsələlərə baxışlarının dəyişilməsi lazımdır. Nə qədər çətin gəlsə də, xüsusi ilə də orta yaşlı müəllimlərimiz üçün, artıq dərsin quruluşunda ənənəvi və ya formal yanaşma unudulmalı, yeni metod və üsullar mənimsənərək gündəlik səriştələrə və davamlı təcrübəyə çevrilməlidir. İndiki dövrün müəllimi işinə, ilk növbədə, yaradıcı yanaşaraq dərsini tədqiqatçılıq zəminində həyata keçirməlidir. Hazırlanmış yüzlərlə interaktiv dərs resursu göstərir ki, müəllimlərimiz böyük yaradıcı potensiala malikdir, onlar yeniliklərə qarşı açıq, yeni ideya və metodları mənimsəməyə hazırdır. Eyni zamanda indiki mərhələdə hələ də müəllimlərimizin yetərincə böyük qisminin  zəif nöqtələri, "zəif bəndləri" var ki, onlara işlərində mane olur.
Tarix fənninin tədrisində müasir dərsin imkanları çox genişdir. Bu imkanlardan mükəmməl yararlanıb tətbiq etmək üçün müəllim lazımı qədər  fənnin tədris metodikasına, dərsin quruluşuna, mərhələlərinin tam və doğru əks olunmasına diqqət yetirməlidir. Təbii ki, eyni zamanda bu vacib məsələlər müəllimin hazırladığı dərs resursunda da öz əksini tapmalıdır.
Məlumdur ki, motivasiya müasir dərsin mühüm mərhələlərindən biridir. Tarix fənninin tədrisində dərsin mərhələlərinin pozulması daha çox motivasiya mərhələsində müşahidə olunur.  Bir çox hallarda müəllim RİTR hazırlayarkən motivasiya olaraq  dərsin mövzusu ilə bilavasitə əlaqəsi olmayan nümunələri verir  və bunu mövzunun Azərbaycan tarixi fənninə aid  olduğu ilə əsaslandırır. Məsələn, 9-cu sinifdə "Quba xanlığı" mövzusunu keçərkən bu cür motivasiyanın verilməsi nə dərəcədə məqsədəuyğundur? Və ya, məsələn, 9-cu sinifdə keçilən "Şəki xanlığı" mövzusunda hazırlanmış dərsə motivasiya olaraq Şəkiyə həsr olunmuş videoçarx yerləşdirilir ki, burada  Şəkinin indiki görüntüləri, gəzməli yerləri, mətbəxi və s. nümayiş olunur. Bu cür motivasiya, məsələn, 5-ci sinifdə verilə bilər, amma 9-cu sinif şagirdləri üçün çox bəsitdir.
Məlumdur ki, motivasiyanın nə qədər maraqlı olmasından dərsin gedişi və nəticəsi, effektiv alınması, şagirdlərin fəallığı və mövzuya maraq göstərməsi birbaşa asılıdır. Bu səbəbdən təlim zamanı motivasiya mərhələsinin uğurlu alınması üçün aşağıdakı şərtlərə əməl olunması məqsədəuyğundur: 1. Motivasiya sualı qeyri-adi, maraqlı, cəlbedici, hətta deyərdik ki, sövqedici olmalıdır. Hazırlanan resursda istifadə edilən video, audio, animasiya, foto, rəsm təsvirləri və s. kimi multimedia materialları bu nöqteyi-nəzərdən seçilməlidir.  2. Dərsin məqsədinə yönəldilməli, bilavasitə məzmuna və mövzuya uyğun qurulmalıdır. Dərsin mövzusu ilə bağlı öncə mənimsənilmiş biliklər nəzərə alınmalıdır. 3. Fərziyyələri söyləmək, mövzunun adını, sonra da tədqiqat sualını müəyyənləşdirmək üçün şagirdlərə imkan verilməli və bunun üçün müəyyən vaxt nəzərə alınmalıdır. Sağdakı sütunda verilmiş şəkillərdə motivasiya üçün 5 nümunə təqdim olunur.
Bəzən müəllim hətta dərsin mövzusunu müəyyənləşdirmədən, qeyd  etməyərək birbaşa tədqiqat sualına keçir. Bu halda  tədqiqat sualının qoyuluşu da düzgün olmur.   
Mövzu açıqlanarkən tədqiqat sualını verməyi müəllimlərimiz bəzən unudur və birbaşa qruplara tapşırıq verirlər. Digər tez-tez rast gəlinən səhv: müəllim tədqiqat sualını  sadəcə formal olaraq resursda qeyd edir, yəni metodiki tərəfdən düzgün müəyyənləşdirib ifadə edə bilmir, sualı dərsin  növbəti mərhələləri ilə, məsələn, nəticənin çıxarılması ilə əlaqələndirmir. Tədqiqat sualının düzgün qoyulması üçün  şəkillər sütununda verilmiş nümunələr müəllimləri istiqamətləndirə bilər.
Maraqlı, yaddaqalan, cəlbedici motivasiya və ya tədqiqat sualı  formal yanaşma ilə alınmaz, müəllim dərsin bu vacib mərhələsini qurarkən yaradıcılığını, geniş erudisiyasını, necə deyərlər, "işə salmalı" və əlbəttə ki, vaxt sərf etməlidir. Bəzən müəllimlərimiz tam orijinal iş hazırlayaraq yüksək səviyyədə yaradıcılıqlarını nümayiş etdirirlər (Şəkillər sütunundakı "Müəllimlərin yaradıcı işi üçün nümunələr"ə bax).
Kobud səhvlərə təlimin forma və üsulları seçilərkən də rast gəlinir. Belə ki, müəllim təlimin formasını "qruplarla iş" kimi qeyd edir, amma dərsin gedişində aydın olur ki, heç qruplar üçün tapşırıqlar hazırlanmayıb.
Bəzən "qrup işi" təlim formasını seçən müəllim qruplara eyni sayda tapşırıq vermir.  Yaxud qruplar üçün nəzərdə tutulan tapşırıqlar fərqli tipli  və fərqli çətinlik səviyyəli  tapşırıqlardan ibarət olur. Məsələn, şəkillər sütunundakı sonuncu iki nümunə kimi.
Məsələn, müəllim dərsdə dörd qrupdan üçünə Venn diaqramı və digər cədvəllərlə iş verir, amma dördüncü qrupa - hekayə yazmağı tapşırır, nəzərə almır ki, bu cür tapşırıq (esse, inşa) müəyyən qədər zaman və hazırlıq tələb etdiyinə görə ümumiyyətlə dərsdə deyil, evə verilsə daha məqsədəuyğun olar.
Qruplar üçün tapşırıq hazırlayarkən, müəllim nəzərdə saxlamalıdır ki, tapşırıqların həlli üçün qruplara eyni vaxt verilir və qrup işləri eyni meyarlar əsasında qiymətləndirilir. Deməli, tapşırıqların sayı, onların növü, çətinlik səviyyəsi, ayrılan vaxt eyni olmalıdır.
Dərsin mərhələlərinin pozulması, düzgün qurulmaması dərsin nəticəsinə necə gətirib çıxara bilər? Belə olduqda, dərs, əlbəttə ki, alınmır və gözlənilən nəticədən heç söhbət gedə bilməz.
Dərsin növbəti mərhələlərinin qurulması və onların interaktiv resursda əks olunması ilə bağlı məsələlər növbəti yazımızda şərh ediləcəkdir. 
P.S.            Məqalədə aşağıda adları verilən müəllimlərin hazırladığı resurslardan istifadə olunub: Nuriyyə İlyasova "Şəki xanlığı"; Sevinc Əliyeva "...Gülüstan qalası, yoxsa Azərbaycan"; Leyla Bayramova "Azərbaycan - ən qədim yaşayış məskəni"; Hamlet Əliyev "Ərəb xilafətinin yaranması və onun tənəzzülü"; Elçin Atakişiyev "İkinci Dünya müharibəsi", Şəbnəm İmamverdiyeva "İlk müstəqil Azərbaycan xanlığı"; Ülviyyə İsmayılova "Qədim Misir"; Şirincan Məmmədova "Finikiya"; İlhamə Rəhimova "Tunc dövrü"; Təranə Bədəlova "Qirdimanskoe qosudarstvo. Djavanşir"; Zümrüd Həsənquliyeva "XV əsrdə Azərbaycanda ictimai-iqtisadi həyat və mədəniyyət"; Elnarə Rüstəmova "Azərbaycan xanlıqları"; Əzət Balayeva "Səfəvilər dövləti"; Leyla Əhmədova "Quba xanlığı"; Vüsalə Şahmuradova "Zaxvat azerbaydjanskix zemel"; Gülbəniz İbrahimova "Yunan şəhər - dövlətlərinin tənəzzülü. Makedoniyalı İsgəndər"; Amənə Kərbəlayeva - "Qədim Roma dövləti" (resurs saytda yerləşdirilməyib).

http://muallim.edu.az/arxiv/2015/20/35.htm