Məqalə "Azərbaycan müəllimi" qəzetinin 2015 il 21 №-sindən götürülüb.
Fəranə ƏLİYEVA,
Qərb Universiteti nəzdində orta məktəbin tarix fənn müəllimi, edu.mimio.az saytının tarix və coğrafiya fənləri üzrə eksperti
Qərb Universiteti nəzdində orta məktəbin tarix fənn müəllimi, edu.mimio.az saytının tarix və coğrafiya fənləri üzrə eksperti
Ülviyyə ƏHMƏDOVA,
"Smart Technologies" şirkətinin direktoru
"Smart Technologies" şirkətinin direktoru
Ötən məqaləmizdə müasir dərsin və interaktiv resursların vacib mərhələləri olan motivasiya və tədqiqat sualının qoyulması məsələləri şərh olunmuşdu. Bu yazımızda isə interaktiv tapşırıqların hazırlanmasına və dərsin digər mərhələlərinə dair qeydlərimizi təqdim edirik.
Rəqəmsal interaktiv tədris resurslarında interaktivlik amili vacib rol oynayır. İnteraktiv tapşırıqları hazırlayarkən müəllim unutmamalıdır ki, bu tapşırıqlar müasir təlimə uyğun hazırlanmalı, dərsin məqsədlərinə, eyni zamanda dərsin nəticəsinin alınmasına xidmət etməlidir.
Bəzən müəllim tapşırıqları köhnə ənənəvi formatda qurur: interaktiv alətlərin funksiyaları tətbiq olunmur, tapşırıqlar sadəcə sual-cavab şəklində verilir, tapşırıqların həlli asan - şifahi üsul ilə nəzərdə tutulur, düzgün (gizli şəkildə) cavabın verilməsi unudulur. Şagirdə verilən sual və ya tapşırıq slaydda aydın və dəqiq öz əksini tapmalıdır. Rəqəmsal dərsin məzmununa tapşırığın həlledilmə üsulları və lazım olduqda həll üçün ayrılmış sahə, ehtiyac varsa, müəllimin qeydləri (əlavə sahədə), cavab variantı daxil edilməlidir. Beləliklə, şagird və ya qrup tapşırığı həll etdikdən sonra düzgün cavab dərhal yoxlanıla bilir, bu da qiymətləndirmənin şəffaf aparılmasına imkan yaradır. Məsələn, nümunə üçün təqdim olunan slaydda düzgün və səhv cavablar qeyd olunub.
Təəssüf ki, müəllimlərimizin bir qismi hələ də interaktiv rəqəmsal və təqdimat dərs resursları arasında prinsipial fərqi aydın dərk etmir. İnteraktiv avadanlıq və proqram təminatı təqdimat üçün deyil, interaktiv dərs tədrisi üçün yaradılıb və istifadə olunmalıdır. İnteraktiv resurs hazırlayarkən, müəllim vacib amili daim nəzərə almalıdır: ənənəvi elektron resurslardan fərqli olaraq (məsələn, PowerPoint proqramında hazırlanmış təqdimat resurslarından) interaktiv resurs şagirdin lövhədə müstəqil və sərbəst çalışması üçün düşünülüb hazırlanmalıdır. Bu amil interaktiv resursun və interaktiv dərsin təməl prinsipidir.
İnteraktiv tapşırıqlar hazırlayarkən müasir təlim üsullarından - əqli hücüm, Venn diaqramı, klaster, fərqli cədvəl və diaqram formalardan, "zaman xətti" və s. geniş istifadə olunması məqsədəuyğundur.
Zaman xəttindən istifadəyə nümunələr:
Venn diaqramından istifadəyə nümunələr:
Bəzən çox acınacaqlı hallara rast gəlinir: müəllim resursunda Venn diaqramı, klaster və s. "qrafik organayzer" yardımçı vəsaitləri - təlim üsullarının bir növü kimi deyil, sadəcə bir "yaraşıq" kimi, slayda dizayn vermək üçün istifadə edir. Bu da ondan xəbər verir ki, dünya pedaqogikasında artıq uzun zaman istifadə edilən təlim üsullarından və onların istifadə qaydalarından müəllimin heç xəbəri belə yoxdur.
Məlumdur ki, tarix fənni üzrə resurslarda xəritələrin yeri çox mühümdür. Dərs resursunda yerləşdirilən xəritənin (və ümumiyyətlə hər bir multimedia materialının) keyfiyyəti nəzərə alınmalıdır.
Dərsdə alınmış bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi üçün ən geniş yayılmış sərbəst iş forması - ev tapşırıqlarıdır. Onların daha çox tədqiqat və yaradıcılıq elementləri (müxtəlif yaradıcı işlər, referatlar, layihələr və s.) ilə zəngin olmasına diqqət yetirilməlidir. Məsələn, bu formada:
Təəssüf ki, bəzən hazırlanmış tapşırıqlarda bağışlanmaz kobud elmi səhvlərə yol verilir.
Fəndaxili və fənlərarası inteqrasiya da formal qeyd olunmalarına rəğmən çox vaxt dərsdə istifadə edilmir. Halbuki, bu mərhələdə də müəllim yaradıcılıq imkanlarını tətbiq edərkən maraqlı nümunələr nümayiş etdirə bilər.
İnteraktiv resurslarda hazırlanmış materiallarla yanaşı müxtəlif mənbələrdən əldə edilmiş məlumat, görüntü və s. də istifadə olunur. Lakin media və internet resursları, digər əlavə materialların istifadəsi əsaslandırılmış və dərsin məqsədinə uyğun olmalıdır.
Əlavə materiallardan istifadə zamanı müəlliflik hüquqlarının qorunmasına riayət edərək istifadə olunan materiallar və istinad edilən mənbələr dərs resursunun son slaydında mütləq dəqiq qeyd olunmalıdır.
Dərsliklərə gəlincə buradakı səhvlər müəllimlər üçün bəzən ciddi problemlər yaradır. Bir araşdırmanın nəticəsini qeyd etmək istərdik. Tariximizdə baş vermiş "Qızılqaya xəyanəti"ndə iştirak etmiş xanlıqlar dərslikdə düzgün göstərilməmişdir. Belə ki, IX sinif "Azərbaycan tarixi" dərsliklərində (2012-ci il nəşri, §25, səh. 98, 2013-cü il nəşri, §25, səh.98) həmin tarixi hadisənin iştirakçıları sırasında Xoy xanlığının adına rast gəlinir.
Əslində bu tarixi hadisədə iştirakçı olmayan Xoy xanlığının hansı səbəbdən dərslik mətninə salınması bilinmir.
Başqa misal. VIII sinif "Azərbaycan tarixi" dərsliyində belə səhvə rast gəlirik. Qaraqoyunlu tayfa ittifaqının yaranması mövzusunu keçərkən artıq mətndə Qaraqoyunlu dövlətinin yaranmasının qeyd olunduğuna rast gəlirik. (2012-ci il nəşri, səh. 91, §25). 7-ci sinif "Azərbaycan tarixi" dərsliyində "Qaraqoyunlu dövləti" mövzusunda da kobud səhvə rast gəlirik: "Qaraqoyunlu dövlətini paytaxt Van şəhəri olmaqla Qara Məhəmməd" və "Qaraqoyunlu dövlətini paytaxt Təbriz olmaqla Qara Yusif yaratmışdı" (2014-cü il nəşri, §20, səh. 100 və 102).
Təbii ki, dərs prosesində şagird üçün əsas istinad edilən mənbə dərslikdir. Bu mənbədə bu cür uyğunsuzluq və ciddi elmi səhvlər mövcud olduğu halda müəllim şagirdin qarşısında aciz qalır.
Belə vəziyyətdə müəllim öz elmliliyinə və peşəkarlıq təcrübəsinə əsaslanaraq vəziyyətdən çıxa bilir. Lakin pedaqoji stajı az olan müəllim buna əhəmiyyət vermədən dərslikdəki səhvi təkrarlamış olur.
Təhsil portalında yerləşdirilən dərs resursu kurikuluma uyğun olaraq müəyyən dərs mövzusunun üzərində qurulmalı və onu tam əhatə etməlidir. Mövzunun mənimsənilməsi və cavablandırılma prosesi üçün yığılmış interaktiv resursun həcmi və hazırlanmış slaydların sayı müəllimin bölgü saatına və dərsin vaxtına uyğun olmalıdır. Təbii ki, hər bir müəllim dərs zamanı öz istəyi və tələbinə görə həmkarının hazırladığı materialdan yararlanaraq rəqəmsal resursu tam və ya qismən istifadə edə bilər.
Müəllimlərin hazırladığı resurslara mütəxəssislər tərəfindən baxılır və ehtiyac varsa, onlara tövsiyələr verilir. Artıq bu tövsiyələr nəticəsində müəllim tərəfindən işlənmiş dərs saytda yerləşdirilir. Bəzən (əslində çox nadir hallarda) müəllim hazırladığı dərsinə rəy və tövsiyələr aldıqdan sonra dərsin üzərində işi davam etməkdən imtina edir və bu təqdirdə dərs saytda yerləşdirilmir.
Bu gün şagirdlərdən məntiq, yaradıcı fəaliyyət, sərbəst düşüncə, mühakimə yürütmək, müşahidə aparmaq, başqalarının fikrinə qarşı öz rəyini bildirmək, fikrini və ya mövqeyini aydın ifadə etmək və onu müdafiə etmək, qərar qəbul etmək kimi bacarıqlar tələb olunur. Bu da cəmiyyətin həyatında fəal iştirak edə bilən kamil vətəndaş yetişdirmək deməkdir. "Şagirdə hazır biliklər vermək" anlayışı qaldı keçmişdə, XXI əsrdə daha çox şagirdlərdə yüksək səviyyəli düşünmə qabiliyyətlərinin, təfəkkür tərzinin informasiya əsrinin tələblərinə uyğun inkişaf etdirilməsinə yönəltmək daha üstündür. Yeni texnologiyalar da bu məqsədlərə çatmaq üçün effektiv vasitə kimi mükəmməl istifadə olunmalıdır. Vətəndaş yetişdirmək üçün bu günün müəllimi müasir tələblərə cavab verməlidir və bu istiqamətdə çalışmağı rəhbər tutmalıdır.
P.S. Məqalədə aşağıda adları verilən müəllimlərin hazırladığı resurslardan istifadə olunub: Nuriyyə İlyasova "Şəki xanlığı"; Sevinc Əliyeva "...Gülüstan qalası, yoxsa Azərbaycan"; Leyla Bayramova "Azərbaycan - ən qədim yaşayış məskəni"; Hamlet Əliyev "Ərəb xilafətinin yaranması və onun tənəzzülü"; Elçin Atakişiyev "İkinci Dünya müharibəsi", Şəbnəm İmamverdiyeva "İlk müstəqil Azərbaycan xanlığı"; Ülviyyə İsmayılova "Qədim Misir"; Şirincan Məmmədova "Finikiya"; İlhamə Rəhimova "Tunc dövrü"; Təranə Bədəlova "Qirdimanskoe qosudarstvo. Djavanşir"; Zümrüd Həsənquliyeva "XV əsrdə Azərbaycanda ictimai-iqtisadi həyat və mədəniyyət"; Elnarə Rüstəmova "Azərbaycan xanlıqları"; Əzət Balayeva "Səfəvilər dövləti"; Leyla Əhmədova "Quba xanlığı"; Vüsalə Şahmuradova "Zaxvat azerbaydjanskix zemel"; Gülbəniz İbrahimova "Yunan şəhər - dövlətlərinin tənəzzülü. Makedoniyalı İsgəndər"; Amənə Kərbəlayeva - "Qədim Roma dövləti" (resurs saytda yerləşdirilməyib).
http://muallim.edu.az/arxiv/2015/20/35.htm
http://muallim.edu.az/arxiv/2015/20/35.htm