13.07.2013

BAKININ YAŞI VƏ XƏZƏR


                       Bакıdа İçərişəhər аdlаnаn ərаzidə Аzərbаycаnın tаnınmış аrхеоlоqlаrının аpаrdıqlаrı аrхеоlоji qаzıntılаr zаmаnı аşкаr еdilən zəngin mаddi-mədəniyyət nümunələrinin və tiкinti qаlıqlаrının yаzılı mənbələrlə müqаyisəli təhlili оnu söyləməyə əsаs vеrir кi, IХ-ХV əsrlərdə Bакı sıх məsкunlаşmış güclü iqtisаdi, siyаsi və mədəni mərкəz оlmuşdur.

İçərişəhərdə XX əsrin əvvəllərindən indiyədək aparılan arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş maddi-mədəniyyət abidələri haqqında tədqiqatçılar - V.V.Bartold, E.A.Paxomov, V.N.Leviatov, İ.E.Şeblıkin, B.M.Sısoyev, Ö.Ş.İsmizadə, S.B.Aşurbəyli, F.Ə.İbrahimov, N.B.Minkeviç-Mustafayeva, V.P.Fomenko, S.Hüseynova, və başqaları dəyərli əsərlər yazmışlar.

Tədqiqatçılardan bəziləri Bakının şəhər kimi formalaşmasına qədərki qədim yaşayış yerinin Dağüstü parkın ərazisində, bəziləri müasir Sovet küçəsi rayonunda, bəziləri 190 saylı məktəbin yerləşdiyi sahədə, bir çoxları isə Qız qalası ətrafında olması barədə müxtəlif fikirlər söyləmişlər.

Qeyd etmək lazımdır ki, hələ də bəzi alim və mütəxəssislərimiz Bakının antik dövrü  məsələsinə çox ehtiyatla yanaşırlar. Bu da   İçərişəhərdən  indiyədək antik dövrə aid maddi-mədəniyyət nümunələrinin az tapılması ilə izah oluna bilər. Lakin tədqiqatçılardan Sara Aшurbəyli, Davud Axundov, Fərhad İbrahimov və başqaları Bakının antik dövr yaşayış məskəni olduğu haqda öz əsərlərində dəyərli məlumatlar vermişlər. İçərişəhərdən aşkar edilən yeni arxeoloji materiallar bunu bir daha sübut etdi.

İçərişəhərdə keçən əsrin əvvəllərindən 60-cı illərə kimi qısamüddətli, 1961-cı ildən etibarən isə stasionar arxeoloji qazıntılar aparılaraq 3 mədəni təbəqənin olduğu müəyyən edilmişdir. I mədəni təbəqə antik dövrdən IX əsrdək olan dövrü, II mədəni təbəqə IX-XIII əsrləri, III mədəni təbəqə XIII-XVII əsrləri əhatə edir. İçərişəhərdə 1980-ci illərin ortalarınadək aparılan arxeoloji tədqiqatlar nəticəsində əldə edilən maddi-mədəniyyət qalıqları Bakı şəhərinin tarixini IX əsrdən qədimə aparmırdı. Bu isə arxeoloji qazıntıların əsasən səhərin yüksək yerındə - təpədə aparılması ilə əlaqədar idi. Qədim Bakı - yəni Içərişəhər çox möhtəşəm və dənizə doğru maili bir qayalıq üzərində yerləşmişdir. Şirvanşahlar sarayı və ətraf ərazisi həmin qayalıq sahənin ən hündür yeridir. İçərişəhərin 1904-cü ildə rus mühəndisləri tərəfindən şəkilmiş planında bu, aydın görünür. Uzun illərin arxeoloji qazıntıları da bunu sübut edir. Qazıntılar göstərir ki, 4,5 m qalınlığında mədəni təbəqədən altda təbii qayalıq yerləşir. Bu ərazidən IX-XVII əsrləri əhatə edən - yəni Bakının inkişaf etmiş və son orta əsrlər tarixini əks etdirən arxeoloji materiallar tapılır.

Qayalıq digər hündür hissəsi də - Multan karvansarayı və Qız qalası rayonunda özünü göstərir. Multan karvansarayı altındakı (otaqların altında) təbəqə 3 m.-dən dərinə getmir.  Lakin bəlli olur ki, Qız qalası sahilə yaxın olan ən hundür və dənizə maili qayanın üzərində inşa edilmişdir. Bu şərti üçbucağı İçərişəhərin maketi üzərində daha aydın görmək olar. Üçbucağı təşkil edən bucaqlardan biri – cənub, qərb bucağı isə qayanın ən alçaq yerinə təsadüf edir. Burada torpağın yer səviyyəsindən dərinliyi 12 m.-dən çoxdur. Maraqlı olan fakt budur ki, şəhərin antik dövr tarixi haqda bizə məlumat verən arxeoloji maddi-mədəniyyət nümunələri A.Zeynallı küçəsi boyu Qız qalası və Məhəmməd məscidi rayonu ərazisindən, məhz sahilboyu rayondan aşkar olunmuşdur.                                    

İçərişəhər Abşeronun  yaranmasında xüsusi mövqeyə malik bir ərazidə yerləşdiyindən, belə mülahizə söyləmək mümkündür ki, burada məskunlaşma qədim zamanlarda – e.ə. II-I minilliklərdə də olmuşdur.

Bir tərəfdən Bakı buxtası ilə qonşuluqdakı Qobustan abidələri, digər tərəfdən Abşeron yarımadasındakı türkmənşəli tayfalara məxsus tunc, ilk dəmir dövrü yaşayış yerləri, kurqanları, eləcə də ilk orta əsr abidələri belə bir fikir doğurur ki, İçərişəhərdə və ətraf ərazilərdə də qədimdə - antik dövrdə yaşayış olmuşdur.

Qədim xəritələri nəzərdən keçirsək, Xəzər dənizinin suyunun səviyyəsi müxtəlif dövrlərdə müxtəlif cür təsvir edilmişdir. Hətta belə bir fərziyyənin olduğu məlumdur ki, b.e.ə. II minilliyin ortalarında Xəzər dənizində suyun səviyyəsi o qədər yüksək idi ki, Kür-Araz ovalığı suyun altında qalmışdır. A.B.Şnitnikov 1957-ci ildə çap etdirdiyi məqalədə bu fikri təsdiq edir .

 Suyun səviyyəsi 1000 il sonra – yəni təqribən antik dövrlərdə kəskin enmişdir. Fərz etmək olar ki, Xəzər dənizində suyun səviyyəsi təqribən hər neçə yüz ildən bir təbii  ardıcıllıqla qalxıb-enir. S. Vəliyev yazır ki, son 3600 il ərzində Xəzər dənizinin səviyyəsi hər 450-500 il arasında artıb - azalır. Yəni bu qalxıb-enmə davamlı silsilə təşkil edir. Tədqiqatçılar Xəzər dənizinin qalxıb-enmə silsiləsini 8 dövrə ayırırlar:1. B.e.ə. XIII əsrin ortaları; 2. B.e.ə. XIII əsrin ortaları – b.e.ə. VIII əsr; 3. B.e.ə. VII əsrin ortaları – b.e.ə. III əsr; 4 B.e.ə. III əsrin ortaları  - b.e. II əsri; 5. B.e. II əsrin ortaları – b.e. VII əsrin ortaları; 6. B.e. VII əsrin ortaları – b.e. XII əsri; 7. B.e. XII əsrin ortaları – b.e. XVI əsri; 8. B.e. XVII əsri – b.e. XXI əsri. 

Arxeoloji tədqiqatlar və Xəzər çöküntülərinin dəqiq yaşı əsasında ayrı-ayrı əsrlərdə Xəzərin səviyyəsinin  bərpa olunması və tarixi zamanda dənizin səviyyə dəyişilməsində 500 illik dövrün  aşkara çıxması təsdiqləndi.

 L.Qumelyov 1963-cü ildə çap etdirdiyi “Arxeologiyaya tarixi-coğrafi yanaşma” adlı məqaləsində  yazır ki, e.ə. IV-II əsrlərdə Xəzər dənizində suyun səviyyəsi çox aşağı olmuşdur. Eratosfenin e.ə. II əsrdə tərtib etdiyi dünya xəritəsində Xəzər dənizinin sərhədləri aydın göstərilmişdir. Xəritədən məlum olur ki, Xəzərin suyunun  səviyyəsi antik dövrdə xeyli aşağı düşmüşdür. Makedoniyalı İsgəndərin silahdaşı, tarixçi Aristobulun da verdiyi məlumata görə e.ə. IV-II əsrlərdə Xəzər dənizinin səviyyəsi çox aşağı olmuşdur. E.ə. III əsrdə yaşamış dəniz səyahətçisi Patrokol da eyni məlumatları verir. Patrokolun ekspedisiyası Abşeron yarımadası sahillləri boyu üzmüş və Xəzərin dünya okeanı ilə əlaqəsi olduğu qənaətinə gəlmişdir. Bartolda görə, Plutarx, Eratosfen və Strabon da bu fikri təsdiqləyiblər.

Xəzər dənizinin dunya okean səviyyəsinə görə artıb-azalma qrafikindən də göründüyü kimi, əhalinin sahilboyu məskunlaşması məhz dəniz suyunun artıb-azalmasıyla bilavasitə əlaqədar olmuşdur. Demək, dəniz çəkildiyi zaman bu ərazidə insanlar məskunlaşmış, əsrlər sonra su səviyyəsi qalxdığı zaman məskunlaşmış ərazi su altında qalmışdı.  Sualtı arxeoloji ekspedisiyanın Xəzərdə, sahilboyu aşkar etdiyi Bəndovan I (Güştəsbi), Bəndovan II (Muğan), Amburan burnu, Gürgan (Balıqdaş) kimi hal-hazırda su altında qalmış  orta əsr yaşayış yerləri buna misaldır. Yeni aşkar olunmuş maddi-mədəniyyət nümunələrinə istinadən demək olar ki, Bakı buxtasında – vaxtilə Bayıl qəsrinin yerləşdiyi ada ilə sahil arasında əsaslı sualtı arxeoloji qazıntılar aparılarsa şəhərin antik dövrü haqda zəngin arxeoloji material aşkar etmək olar. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, bu yaxınlarda Bayıl adası ətrafında arxeoloq İ.Əliyevin təşəbbüsü ilə aparılan sualtı arxeoloji kəşfiyyat işləri zamanı aydın olmuşdur ki, bu ərazidə dənizin dibi həddən artıq çirklənmiş və qalın mazut təbəqəsi ilə örtülmüşdür. Bu da hidroarxeoloji qazıntıların aparılmasını çətinləşdirir.

 Antik dövrün yazılı mənbələrində Qafqaz Albaniyasının qonşu ərazilərlə əlaqələri barədə məlumatın az olmasına baxmayaraq Strabon Kaspinin qərb sahili boyu cənubdan gələn karvan yolundan bəhs edərək yazırdı: “onlar – aorslar dəvələrlə Hindistan və Babilistan malları daşıyaraq ticarətlə məşğul olurdular”. Güman edirik ki, Qobustan qayalarında təsviri saxlanmış dəvə karvanlarının keçdiyi yollar da bu məlumata daxil ola bilər. Quru yol – qədim karvan yolu ilə bağlı eramızın II əsrinin müəllifi Klavdiy Elianın məlumatı da maraqlıdır. O yazır ki, Kaspi dənizində uzunburun balıq yetişir, onların piyindən müxtəlif sürtgü yağları (maz), içalatından şəffaf yapışqan düzəldirlər, özlərini isə duzlayıb qurudur və dəvələrə yükləyib Ekbatana aparırlar. Buradan aydın olur ki, qədim karvan yolları Albaniyadan, Midiyaya, İrana qədər gedirmiş.

Qobustan sahillərilə sıx bağlı ticarət yolu – su yolu barədə Strabonda məlumata rast gəlirik. O, Aristobul və Eratosfenə istinad edərək göstərir ki, onlar bu yol barədə məlumatı Kaspi dənizinin qərb sahilini öyrənən ekspedisiyanın rəhbəri Patrokldan götürmüşlər. Bu su yolu barədə Böyük Plinidə də məlumat vardır. O yazır ki, ticarət karvanı Hindistandan 7 günə Baktriya və Əmudərya çayına tökülən Oks çayına çatır, oradan Kaspi vasitəsilə Kürə gətirilmiş mal 5 gündən gec olmayaraq quru yolu vasitəsilə Fasidaya, Pont dənizinə və Pont ölkəsinə aparılır.

 Abşeron ərazisində uzunmüddətli arxeoloji qazıntılar nəticəsində aydın olmuşdur ki, bu ərazidə antik dövr tarixinə dair arxeoloji material, demək olar ki tapılmamışdır. Bu o demək deyildir ki, həmin dövrdə bu ərazilərdə insanlar yaşamamışlar. İçərişəhərdən aşkar olunan antik dövr materialları onu deməyə əsas verir ki,   həmin dövrdə bu ərazidə məskunlaşma Xəzər dənizi sahillərində, məhz Bakı buxtasında olmuşdur.

Arxeoloji kəşfiyyat və nəzarət işləri nəticəsində İçərişəhərin cənub-qərb qala divarları yaxınlığından yeni aşkar olunan qədim Bakının tarixini əks etdirən maddi-mədəniyyət nümunələri və son 30 il ərzində arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş antik dövr maddi-mədəniyyət nümunələri, habelə İçərişəhərin sahilə yaxın hissəsinin təhlili, analizi və təsnifatı belə bir fikir söyləməyə əsas verir ki, şəhərin qədim yaşayış yeri konkret olaraq sahilə yaxın, məhz ən qədim yazılı memarlıq abidəsi olan Məhəmməd məscidi və Qız qalası yerləşən ərazi və Baki buxtası olmuşdur. Yeni tapıntılar  söylənilən bu fikri bir daha təsdiq etdi.

Xəzər dənizi suyunun səviyyəsinin tarixən artıb-azalmasıyla bağlı elmi araşdırmalar və İçərişəhərin cənib-qərb hissəsindən yeni aşkar olunmuş qədim şəhərimizin tarixini əks etdirən maddi-mədəniyyət nümunələrinin təsnifatı Bakının yaşının təyin olunmasında  əvəzsiz  rol oynayır.

K.İbrahimov. Bakının yaşı və Xəzər -Elm və həyat.