1295-ci ildə daxili çəkişmələr nəticəsində Qazan xan hakimiyyətə gəldi. Onun hakimiyyətə gəldiyi dövrdə Hülakülər dövləti sosial-iqtisadi və siyasi cəhətdən böhran keçirirdi. Qazan xan Hülakülər dövlətini mövcud böhrandan çıxarmaq məqsədilə islahat lahiyəsi hazırladı. Qazan xanın islahatlarının məqsədi:
Maliyyə - vergi sistemini nizamlamaq;
Dövlətin xəzinəsini sabit gəlir mənbələri ilə təmin etmək;
Monqol əyanlarının özbaşınalığına son qoymaq;
Sıravi monqolları torpaqla təmin etmək.
Qazan xan Fəzlullah Rəşidəddinin köməyi ilə torpaq, məhkəmə, rabitə və ticarət sahələrində islahatlar keçirdi.
Torpaq islahatı
Qazan xanın torpaq islahatının əsasını monqolların orta təbəqəsinin və dövlətə xidmət edən yerli əyanların mənafeyinin qorunması təşkil edirdi. Qazan xanın torpaq islahatına əsasən:
Bayrat torpaqları qeydə alındı və onların sahibkarlığı müəyyənləşdirildi;
Sahibsiz torpaqlar divan sərəncamına verildi;
Becərilməyən mülklər satın alınaraq dövlət torpaqlarına qatıldı;
İqta torpaqları alınıb-satıla bilməzdi;
Sahibi öldükdən sonra iqta hərbi xidməti davam etdirən varisə verilirdi;
Becərilməyən torpaqlar yeni sahibkarlara paylandı və onların bu ərazi üzərindəki hüquqları divan sənədləri ilə qanuniləşdirildi;
Orduda xidmət edən monqollara incu, bayrat və divan torpaqları hesabına iqta verilirdi;
Kəndlilər öz torpaqlarını tərk edə bilməzdi(1303-cü il fərmanına əsasən).
Vergi islahatı
Qazan xanın həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də vergi islahatıdır. İslahata əsasən:
Vergi verənlərin siyahısı tutuldu;
Qeyri-qanuni vergilər ləğv edildi;
Hər bir kəndin və ya şəhərin ödəyəcəyi verginin məbləği lövhələrə həkk olunurdu;
Vergilər pulla və ya natura ilə toplana bilərdi;
Əldə edilmiş vergilərin məsrəfi üzərinə ciddi nəzarət qoyuldu;
Vergilərin toplama vaxtı dəqiqləşdirildi;
Vergilərin toplanması Mərkəzi Divana həvalə olundu;
Vilayət hakimləri vergilərin toplanmasına müdaxilə edə bilməzdi;
Vergilərin toplanmasının icarəyə verilməsinə ciddi nəzarət qoyuldu.
Məhkəmə islahatı
Qazan xan ölkədəki rüşvətxorluq, özbaşınalıq və məhkəmə sistemindəki problemləri həll etmək məqsədi ilə islahat keçirdi. İslahata əsasən:
30 illik iddia sənədləri öz qüvvəsini itirdi;
Mühakimələr üçün alınan ödənclər dəqiqləşdirildi;
Şəhər, kənd və mahal qazılarının səlahiyyətləri müəyyənləşdirildi;
Qazı vəzifəsinə təyin olunanlardan qanuna ciddi əməl edəcəkləri barədə iltizam alınırdı.
Rabitə islahatı
Qazan xanın rabitə islahatına əsasən vahid rabitə sistemi yaradıldı. Əsas yollarda hər 20 km-dən bir yamlar qurulurdu. Yamlara aiddir:
Əmirlər tərəfindən idarə edilməsi;
Sərəncamlarında qulluqçuların olması;
Elçilərin qarşılanmasında mühüm rol oynaması.
Pul islahatı
Qazan xanın pul islahatına əsasən:
Vahid pul sistemi yaradıldı;
Çəki və ölçü vahidləri sabitləşdirildi;
Ayrı-ayrı vilayətlərdə işlədilən pullar ləğv edildi.
İslamın qəbul edilməsi
Qazan xan ölkə daxilində birliyi möhkəmləndirmək, müsəlman zadəganları və ruhanilərin dəstəyini qazanmaq üçün İslam dinini qəbul etdi. Qazan xan islam dinini qəbul etdikdən sonra Mahmud adını aldı və “Hicri altıncı əsr İslam dininin islahatçısı” kimi tanınmağa başladı. Qazan xanın islam dininini qəbul etməsilə Azərbaycanda xristianlığın, bütpərəstliyin və digər dinlərin mövqeyi sarsıldı.
Qazan xanın islam dinini qəbul etməsi köçəri monqol əyanlarının narazılığına səbəb oldu. Qazan xana qarşı sui-qəsd hazırlandı. Lakin sui-qəsdin üstü açıldı və onun təşkilatçıları edam edildi. 1297-1298-ci illərdə Qazan xana qarşı baş verən üsyan da yatırıldı.
XIII əsrin 80-90-cı illərində Hülakular dövlətində baş verən siyasi və ictimai-iqtisadi böhran ən yüksək səviyyəyə çatdı. İşğal altındakı ölkələrin müdhiş dağıntılara məruz qalması, arası kəsilməyən feodal çəkişmələri, zəhmətkeş əhalinin amansız şəkildə talan olunması nəticəsində öz yerlərini tərk etməsi və digər amillər kənd təsərrüfatı istehsalının kəskin surətdə azalmasına, şəhərlərin iqtisadi həyatının ölgünləşməsinə gətirib çıxarmışdı. Dövlət xəzinəsinin, feodalların gəlirinin azalması Elxani hökmdarı Qazan xanı (1295-1304) daxili siyasət istiqamətini əsaslı surətdə dəyişməyə, bir sıra mühüm islahatlar keçirməyə məcbur etdi. Qazan xan dövlətin mərkəzləşdirilməsi prosesinə maneçilik törədən monqol mənşəli hərbi-köçəri əyanlara qarşı mübarizədə yerli əyanlara, müsəlman ruhanilərinə, hakim sülalə ilə əlaqədar olan, hakimiyyətin mərkəzləşdirilməsinə tərəfdar çıxan monqol-türk mənşəli köçəri əyanların bir qisminə arxalanırdı. Qazan xan, onun ardınca isə monqol hərbçilərinin əksəriyyəti fəth olunmuş ərazidə öz mövqelərini möhkəmləndirmək üçün islamı qəbul etdilər. İslam yenidən dövlət dini səviyyəsinə yüksəldi. Müsəlman müqəddəslərinə məxsus olan vəqflərə, dini təşkilatlara, ruhanilərə geniş torpaq sahələri bağışlandı. Qazan xanın həyata keçirdiyi islahatların əsas təşəbbüskarı və həyata keçirəni baş vəzir, təbib, dövrün məşhur tarixçisi Fəzlullah Rəşidəddin idi. İslahat vergi sisteminin sabitləşdirilməsi, vergi zülmünün yumşaldılması, vergilərin yığılması prosesində mövcud olan sui-istifadə hallarının aradan qaldırılması vasitəsilə əkinçiliyin və şəhər iqtisadiyyatının yüksəlişini təmin etmək məqsədi güdürdü. Tədbiri həyata keçirən şəxslərin qənaətinə görə, bu islahat dövlət xəzinəsinin sabit şəkildə gəlirlərlə təchiz olunmasını təmin etməli idi. İslahatların əsas hissəsi 1297-1304-cü illər ərzində həyata keçirildi və inzibati aparatın təqribən bütün sahələrini əhatə etdi. Baş verə biləcək müxtəlif qeyri-qanuni əməllərin aradan qaldırılması üçün Qazan xan Elxanilər dövlətinin bütün maliyyə vergi sisteminin yenidən qurulması siyasətini yeritməyə baĢladı. Vergi verməli olan əhalinin siyahısı tərtib olundu, vergilərin növləri, məbləği və vaxtı dəqiq müəyyən edildi. Vergilərin növləri, ödənilmə vaxtı taxta, metal, daş lövhələr üzərində həkk olundu və müxtəlif yaşayış məntəqələrinin nəzərəçarpan yerlərində qoyuldu. Tərtib olunmuş dövlət sənədlərinə düzəlişlərə imkan verməmək məqsədilə həmin sənədlərin əsli ġənbi-Qazanda yerləşmiş xüsusi yerə təhvil verilməli idi. Həyata keçirilən islahata əsasən xərac və qopçur vergilərinin məbləği, ödənilmə vaxtı, qaydası müəyyən edilmişdi. Dövlət torpaqlarından alınan xərac vergisi məhsulun 60 faizini təşkil edirdi, xüsusi torpaq sahələrində isə əldə olunan məhsulun 10 faizi xərac vergisi şəklində ödənilməli idi. Vergi alınarkən tərk edilmiş, uzun müddət ərzində becərilməmiş torpaq sahələrini becərənlərə güzəştlər edilirdi. Bu cür sahələrin sahibləri becərmənin ilk ilində bütün vergilərdən azad olunurdular. Üçüncü ildən etibarən, torpaq becərildikdən sonra, torpağın becərilməsi çətinliyindən asılı olaraq xəracın məcmusu tədricən 3/4, 2/3 və 1/2 qədər azaldılmışdı. Belə torpağı becərən şəxs mülk hüququnda həmin torpaq sahəsinin sahibinə çevrilirdi. Qazan xan şəhər iqtisadiyyatının inkişafı üçün mühüm əhəmiyyət kəsb edən bir sıra islahatlar da keçirmişdi. Pul tədavülü üzrə, ticarət yollarının qorunması, bac toplanması, tamğa vergisinin yığılması sahələrində təsirli tədbirlər görülmüşdü. Bütün Hülakular dövləti miqyasında sikkə zərb olunması işində vahid qayda bərqərar edildi. 1301-1302-ci illərin islahatı nəticəsində dövlət ərazisində vahid ölçü və çəki sistemi tətbiq olundu. Təbrizdə mövcud olmuş çəki və ölçü vahidlərindən nümunə kimi istifadə edilirdi. Yol keşikçilərinin (rahdarların) sayı artırılırdı. XIV əsrin əvvəllərində rahdarların sayı 10 min nəfərə çatmışdı. Qazan xanın islahatları Azərbaycanda şəhər həyatının müəyyən dirçəlişinə, ticarətin canlanmasına yardım etdi. Lakin bu islahatlar tam şəkildə həyata keçirilmədi. Bunun üçün o dövrdə obyektiv şərait də yox idi. Qazan xanın islahatları ticarət yollarının təhlükəsizliyini təmin edə bilmədi. Dövlət miqyasında tətbiq edilmiş vahid ölçü və çəki sistemi tənəzzülə uğradı. 1303-cü ildə Qazan xan hərbi feodal əyanlarının mənafeyi naminə xüsusi fərman vermişdi. Bu fərmana əsasən dövlət torpaq mülkiyyəti (divani) fondundan onlara iqta hüququnda sahələr verilməyə başlandı. Türk-monqol mənşəli feodallar Muğan, ġirvan və Arranda geniş iqta sahələrinə malik oldular. XI-XII əsrlərdə iqta ömürlük şərti torpaq sahəsi idi. XIV əsrdə isə bu sahələr feodalların irsi istifadəsinə keçdi. İqtadar vergi toxunulmazlığı hüququna malik olub, iqta ərazisindəki əhali üzərində geniş səlahiyyətlərdən istifadə edirdi. 1303-cü il fərmanına əsasən kəndlilərin bir yerdən digər yerə keçməsi qadağan olunmuşdu. Kəndli torpağa təhkim edilmişdi. Lakin qaçmış kəndlilərin əksəriyyəti keçmiş məskənlərinə qayıtmadı. Onları zorla qaytarmaq isə torpaq sahiblərinə müyəssər olmadı. Qazan xanın torpaq islahatı dövlətin mərkəzləşdirilməsi xəttinə zidd idi, obyektiv olan proseslərin qarşısını ala bilmədi və XIV əsrin 30-cu illərində feodal separatçılığının güclənməsi dövlətin tənəzzülü üçün əlverişli zəmin yaratdı.