17.02.2013

“Şirvanşahlar dövləti ”


IX yüzillikdə Ərəb xilafətinin hərbi-siyasi qüdrəti xeyli zəifləmişdi. Əyalət hakimlərinin müstəqilliyi artmış, işğal olunmuş torpaqlarda xalq azadlıq hərəkatları geniş vüsət almışdı. Getdikcə artmaqda olan ara çəkişmələri mərkəzi hakimiyyəti sarsıtmaqda idi. İmperiyanın ucqarlarında xırda dövlətlər - əmirliklər yaranırdı. Bu dövlətləri ayrı-ayrı sərkərdələr - keçmiş ərəb canişinləri idarə edirdilər. Onların əsasını qoyan nəsillər zaman keç-dikcə yerli xalqlara qarışırdılar. Abbasilər xilafətinin dağılması yaxınlaşırdı.
Abbasilər imperiyasına qarşı xalq azadlıq hərəkatlarının başlıca mərkəzlərindən biri olan Azərbaycanda müstəqillik meyli daha güclü idi. Ərəb əsarətinə qarşı mübarizənin gedişində geniş torpaq mülkləri, habelə müxtəlif imtiyazlar ələ keçirmiş iri torpaq sahibləri əslində müstəqil yerli hakimlərə çevrilmişdilər. Onların Abbasilər xilafətindən asılılığı formal şəkil almışdı. Azərbaycanın ayrı-ayrı vilayətlərini əslində müxtəlif sülalələr idarə edirdilər. Təbriz, Mərənd, Miyana, Urmiya, Muğan, Aran, Şirvan, Beyləqan, Şəki, Sənariyə, Qəbələ, Dərbənd ayrı-ayrı nəsillər tərəfindən idarə olunurdu. Bu sülalələrin bəziləri ərəb mənşəli olsalar da, onlar artıq yerli əhali ilə qaynayıb qarışmışdılar .


                                 



Abbasilər xilafətinin dağılması gedişində yaranan müstəqil dövlətlərdən biri Şirvanşahlar dövləti idi. Şirvan əvvəllər Azərbaycanın quzeyində kiçik bir vilayət idi. Dərbənddən Kür çayına doğru Xəzər dənizi sahillərindəki Azərbaycan torpaqlarını əhatə edirdi. Həmin vilayətin mərkəzi Xəzər sahilində - Şamaxı-Dərbənd ticarət yolunun üstündə yerləşən Şirvan şəhəri idi. Sonralar Şirvanşahların özlərinə tabe etdiyi geniş ərazilər də "Şirvan" adlanmağa başladı. Bu dövləti Məzyədilər sülalə-si idarə edirdi. Şirvanşah Məzyədilər sülaləsi tarix ədəbiyyatında bəzən Şeybanilər və ya Yezidilər sülaləsi də adlanır.

Məzyədilər kökcə Rəbiə adlı ərəb tayfasından idilər. Hələ xəlifə Osmanın (644-656) zamanında Aranı işğal edən Salman ibn Rəbiə bu tayfanın nümayəndəsi idi. Rəbiə tayfasının Şeybanilər nəslindən olan Məzyədilər Azərbaycanda hələ o zamandan yerləşməyə başlamışdılar. Məzyədilərin görkəmli nümayəndəsi olan Yezid ibn Məzyəd xəlifə Harun ər-Rəşid zamanı Güney Qafqaz vilayətlərinin, o cümlədən Şirvanın hakimi idi. Yezid ibn Məzyəd ərəblərin Azərbaycanda möhkəmlənməsində mühüm rol oynamış, bu yerlərdə gedən döyüşlərdə görkəmli bir sərkərdə kimi ad çıxarmışdı. O, Azərbaycanda Xilafətə dayaq yaratmaq məqsədilə buraya Rəbiə tayfasından, həmçinin Misirdən və Suriyadan çoxlu ərəb köçürmüşdü. Ərəblər, əsasən, Aran, Şirvan və Dərbənddə yurd salmışdılar. Yezid ibn Məzyədin özü də burada çoxlu torpaq mülkləri ələ keçirmişdi.

Məzyədilər ilk dəfə Aranda paytaxtı Bərdə olan yarımmüstəqil əmirlik yaratmışdılar. O zaman Bərdə bütün Güney Qafkazda ərəb idarəçiliyinin mərkəzi idi. Azərbaycan torpaqlarını, o cümlədən Aran, Şirvan, Dərbənd, həmçinin Ermənistan ərazisini idarə edən ərəb canişini Yezid ibn Məzyədin iqamətgahı da Bərdədə idi. Bütün bu torpaqları o, Şirvan valisi kimi idarə edirdi. Ömrünün sonunadək Azərbaycanda yaşayan Yezid ibn Məzyəd 801-ci ildə Bərdədə ölmüş və burada da dəfn olunmuşdu. Yezid ibn Məzyədin ölümündən sonra onun oğulları Əsəd, Xalid Məhəmməd Güney Qafkaz valisi təyin edildilər. 859-cu ildə Məhəmməd ibn Yezid Gəncəni bərpa etdirib öz iqamətgahını bura köçürdü. Məzyədilərin müstəqilliyi artdı, onlar Azərbaycanda daha da möhkəmləndilər.

Zaman keçdikcə ərəb məzyədilər soyu yerli əhali ilə qaynayıb qarışdı. IX əsrin sonlarında Aran, o cümlədən Bərdə Sacilərin əlinə keçdiyindən məzyədilərin buradakı nümayəndələri də Şirvana köçdülər; türkləşməkdə olan ərəb nəsilləri, əsasən, Şirvan torpaqlarında cəmləşdilər.

861-ci ildə Məzyədilər sülaləsindən olan Heysam ibn Xalid Şirvanı müstəqil elan edərək "Şirvanşah" titulu götürdü. 917-ci ildə qonşu Lahicanşahlıq Şirvanşahlar dövlətinə birləşdirildi. Bununla bağlı olaraq Şirvanşah Əbu Tahir (917-948) 918-ci ildə hərbi-strateji baxımdan çox əlverişli mövqedə yerləşən qədim Şamaxını bərpa etdirib paytaxtı Xəzər sahilindəki Şirvan şəhərindən bura köçürdü. Bundan sonra Şirvanşahlar dövlətinin paytaxtı Yezidiyə adlanmağa başladı. Şirvanşahlar dövlətinin müstəqilliyi daha da artdı, ərazisi genişləndi.

"Əbu Tahirin və sülalənİn sonrakı nümayəndələrinin hakimiyyəti illərin-də Azərbaycanın şimalındakı xırda mülklərin Şirvan ətrafında birləşdiril-məsi davam etdirildi. Şirvanşahın qoşunları Qəbələ (981-982), Bərdə (982) və Şabranı (983) ələ keçirdi. Xilafətin zəiflədiyi dövrdə Azərbaycan ərazisinin çox əhəmiyyətli bir strateji məntəqəsində - Qafkaz dağları ilə Xəzər dənizi arasındakı keçiddə yaranmış və ərəb mənşəli Haşimilər tərəfindən idarə olunan Dərbənd əmirliyinin Şirvanşahlar dövlətinə birləşdirilməsinin (988) böyük əhəmiyyəti oldu. Azərbaycan türklərinin elliklə yaşadığı və buna görə də əski qaynaqlarda "Dəmir qapı" adlandırılan Dərbənd Azərbaycanın qədim vilayətlərindən biri idi. Şirvanşahlar Dərbəndi ələ keçirdikdən sonra Dərbənd səddini və şəhərin qala divarlarını təmir etdirib möhkəmləndirdilər. Dərbənddən başqa Xursan Təbərsaran da Şirvanşahlar dövlətinə qatıldı. Ayrı-ayrı vaxtlarda Şəki və Sənariyə hakimləri də Şirvanşahlardan asılı vəziyyətə salınmışdılar.

Abbasilər xilafətinin zəiflədiyi dövrdə Azərbaycanın quzey torpaqların-da müstəqil Şirvanşahlar dövlətinin meydana gəlməsi mütərəqqi tarixi hadisə idi. Bu dövlətin yaranması Azərbaycanın başqa yerlərində də qədim dövlət ənənələrinin dirçəlməsinə təsir göstərdi. Bundan başqa, Şirvan-şahlar dövlətinin güclənməsi və Dərbənd keçidinin bərkidilməsi quzeydən Azərbaycan torpaqlarına hücum edən alanlar, sərirlər, ruslar və başqa yadellilərin basqınlarına qarşı mübarizəni də asanlaşdırdı.