18.02.2013

Luvr muzeyinə ekskursiya.



Əziz oxucular,sizləri dünyanın ən məhşur muzeylərindən biri olan Fransanın Luvr muzeyinə ekskursiyaya dəvət edirəm.Əminəm ki,bu ekskursiya sizin üçün maraqlı olacaq.
Luvr muzeyi (fr. Musée du Louvre) — dünyanın ən məşhur muzeylərindən biri. 1793-cü ildə açılan və sahəsi 60 000 m² olan muzey Parisdə yerləşir. 2007-ci ildə muzeyə 8 300 000 nəfər baş çəkmişdir.

Hazırda yerləşdiyi ərazinin sahəsi 160 106 metr² olmaqla, dünyada böyüklüyünə görə üçüncü yeri tutur. Bu sahənin 58 470 m²-ni ekspozisiyalar tutur. Muzey Parisin mərkəzində, Senanın sağ sahili, Rivoli küçəsi, paytaxtın birinci ətrafında yerləşir.

Muzeyin binası qədim kral sarayının binasıdır (Palais du Louvre). XIV Lüdovikin atlı heykəli meydanın başlanğıcını göstərir, həmçinin bura Parisin ən qədim, yaşlanmış hissəsi hesab olunur.

Muzeydəki rəsm nümunələri öz çəkilmə dövrlərinə görə seçilir və Fransada müxtəlif kolleksiya yığan insanların vaxtı ilə şəxsi pulları vasitəsilə aldıqları çoxsaylı əsərlər də saxlanılır. Bu proses Kapetinqlər sülaləsinin dövründən etibarən formalaşmağa başlamışdır.
Bu muzeydə demək olar ki, hər şey var. Buna görə də muzeyi universal adlandırmaq mümkündür. Onun kolleksiyasına böyük coğrafi və tarixi nümunələr daxildir. Burada Qərbi Avropadan tutmuş İran, Yunanıstan, Misir və Yaxın Şərq incəsənətinədək rast gəlmək olar.

Avropanın müasir mədəniyyət nümunələri, yəni 1848–ci ildən bizim dövrümüzədək olan eksponatlar Orse Muzeyində və Jorj Pompidu Mərkəzində nümayiş olunur. Asiya ənənələrini özündə birləşdirən kolleksiyalar isə Guimet muzeyində gələn qonaqlara baxmaq üçün təklif olunur. Burada hətta Afrika, Amerika və Okeaniyanın da incəsənət nümunələri qorunur ki, onlara da sahilyanı Branli muzeyində tamaşa etmək mümkündür.

Luvrun ən tanınmış eksponatları: Hamurappi qanunları, Miloslu Venera və Samofrakiyalı Nika heykəlləri, Cokonda (Mona Liza) və Leonardo da Vinçinin digər rəsmləri, Rembrant və Tisianın əsərləri, Ejen Delakruanın "Xalqa yol göstərən azadlıq" rəsm əsəri sayılır. Luvr dünyada ən çox ziyarət edilən muzey adlandırılır, 2007–ci ildə burada 8,3 milyon nəfər olmuşdur.
Luvrun əsas hissəsini qala-istehkam tutur. Həmçinin, burada 1190–cı ildə kral Filip Avqust tərəfindən inşa edilmiş Böyük Luvr qalası da var. Bu qalanın tikilməsinin əsas səbəblərindən biri Senanın daim göz altında olması, yəni yoxlanılması idi, vikinqlər dövründən bilindiyi kimi bura onların ənənəvi yolu adlanırdı. 1317–ci ildə Tamplierlər ordeninin mülkiyyətinin Malta ordeninə keçməsindən sonra kral xəzinəsi Luvra köçürülür. V Karl bu qalanı yeni kral iqamətgahına çevirir. Lakin, 1528–ci ildə I Fransiskin əmri ilə Luvr qalasının köhnə Böyük qülləsi dağıdılır və 1546–cı ildən etibarən qalanın möhtəşəm krl sarayına çevrilməsi işləri başlanır.
Bu işlərin aparılması və qalanın tikilməsi Pyer Leskonun başçılığı altında aparılır və II Henrix və IX Karlın dövründə də davam edir. Binaya iki yeni artırma əlavə olunur. 1594–cü ildə II Henrix Luvru Tüilri sarayına birləşdirməyi qərara alır. Bu Yekaterina Mediçinin arzusu nəticəsində həyata keçirilir. Dördbucaq həyətə malik olan bu sarayın memarları isə əvvəlcə Lemerse, daha sonra isə Lui Levo olmuşdur. Bu memarlar XIII və XIV Lüdovikin hakimiyyət dövründə işləmişlər. Bu kralların sayəsində sarayın həyəti əvvəlki böyüklüyündən dörd dəfə də artıq vəziyyətə gətirilərək, tam şəkildə genişləndirilmişdir. Sarayın bəzəklərinin hazırlanması və oradakı işləmələrin edilməsi həmin dövrün görkəmli rəssamları olan Pussen, Romanelli və Lebrenə tapşırılmışdır. 1678–ci ildə sürətlə gedən işlər qəflətən dayandırıldı. Bunun əsas səbəbi XIV Lüdovikin kral iqamətgahı kimi Versal sarayını seçməsi idi.
Bir müddət Luvr diqqətdən kənarda qalır. Yalnız XVIII əsrdə Luvrda yeni layihələr üzərində işləməyə başlanılır. Bu vaxt baş verən əsas hadisələrdən biri isə Luvrun muzeyə çevrilməsi idi. Layihə XV Lüdovikin rəhbərliyi ilə başlasa da, Fransa İnqilabı ilə başa çatır.

Muzeyin qapıları ilk dəfə 8 noyabr 1793–cü ildə adi vətəndaşlar üçün açıq elan edildi. 1989–cu ildə sarayın mərkəzinə şüşədən hazırlanmış piramida qoyuldu, onun memarı amerikalı Yo Minq Peydir.


Əziz uşaqlar,daha ətraflı məlumatı Luvr haqqında sizhttp://www.louvre.fr/saytında  ala bilərsiniz.

Mənbə:http://az.wikipedia.org/wiki/Luvr_muzeyi
http://louvre.historic.ru/virttour.shtml