18.12.2012

ƏCƏMİ NAXÇIVANİ


XI-XII əsrlər Azərbaycan intibahının çiçəklənməsi dövrüdür. Həmin dövrdə şəhərlər böyüyür, bir-birinin ardınca yeni saraylar, məscid və mədrəsələr inşa edilir, müdafiə və xatirə tikililəri qurulurdu.Sənətkarlıq, elm, incəsənət və poeziya sürətlə inkişaf edirdi. Bu əsrlərdə neçə-neçə görkəmli sənətkarın və alimin yetişməsi də adamı heyrətə salır. Qətran Təbrizi,Bəhmənyar,Xətib Təb-rizi, Nizami Gəncəvi, Xaqani
Şirvani, Ömər Kafiəddin, Əbubəkr Gəncəvi, Məhsəti Gəncəvi və başqaları həmin dövrdə Azərbaycanın nəinki türk-islam aləminə, həm də dünyaya bəxş etdiyi böyük şəxsiyyətlərdir.
Yalnız Şərqdə deyil, eyni zamanda Qərb dünyasında da yaxşı tanınan bu insanlardan biri, Əcəmi Əbubəkr oğlu Naxçıvanidir.O, orta əsrlərdə Azərbaycanda yetişmiş və dünya şöhrəti qazanmış memardır. Əcəmi irsi Azərbaycan və Yaxın Şərq ölkələri memarlığına böyük təsir göstərmişdir.




Belə ki,
Marağadakı Göy günbəzdə (1196-cı il), Naxçıvan yaxınlığındakı Gülüstan türbəsində(XIII əsr), Qarabağlar, Bərdə və Salmas türbələrində (XIV əsr), türk memarı Sinanın(XVI əsr) İstanbulda ucaltdığı türbələrdə Əcəmi sənətinin ənənələri yaşayır.Əcəmi Naxçıvaninin adı Azərbaycan memarlığının ən görkəmli nümayəndəsi və Naxçıvan memarlıq məktəbinin banisi kimi mədəniyyət tariximizə əbədi həkk olunmuşdur. O, sənət dühası ilə orta əsrlər Azərbaycan memarlığına yeni təkan vermiş, Səlcuqlular dövrü memarlığının sərt üslubuna incəlik və dinamizm bəxş etmiş, Yaxın Şərq memarlığına güclü təsir göstərmişdir. Əcəminin adı həm də Azərbaycan ictimai fikir tarixində şərəfli yer tutur. Əcəmi eyni zamanda dövrünün memarları arasında daha çox fəaliyyətlərinin elmə bəlli olması ilə seçilir. Yüksək sənət əsərləri üzərindəki kitabələrdə özünü "Əbubəkr oğlu Əcəmi, Naxçıvanlı memar" adlandıran sənətkar gözəl memarlıq nümunələrində təsviri sənəti və mühəndisliyi memarlıqla ahəngdar və elmi şəkildə birləşdirmişdir.Əcəmi Naxçıvani irsi XII əsr Azərbaycan mədəniyyəti və ictimai fikrindəki intibahın parlaq təzahürlərindəndir. Onun əsərlərindəki zəriflik, əsərlərin həndəsi quruluşu, ornamentlər bədii təfəkkürün ən yüksək məhsuludur. Əcəminin ornamentlərdən ibarət kompozisiyaları bədiiliklə riyazi təfəkkürün üzvi birləşməsinə əsaslanır. "Əcəmi Naxçıvani memarlıq sənətinin başlıca problemlərindən olan tektonikliyin (arxitektonika) dünya memarlığında az təsadüf edilən parlaq həllini tapmış mühəndis və sənətkar olmuşdur.Onun yüksək mühəndislik qabiliyyəti Qərbi Avropa memarlarından bir əsr əvvəl Mömünə xatun türbəsinin sərdabəsində qurduğu nervürlü tağlar sistemində və
onun oturacağındakı mürəkkəb ornamentlərin əvvəlcədən hazırlanmış tavalar şəklində tərtibində, Cümə məscidinin nəhəng günbəzində və qoşa minarələrdə özünü göstərir"("Azərbaycan Sovet Ensiklopediyası", IV cild, səh.260).
Tanınmış sənətşünas Əbdulvahab Salamzadə onun sənəti haqqında yazır:"Yaxın Şərqin bir çox irsində onun təsirini izləmək çətin deyil. Onun meydana gətirdiyi nadir arxitektura əsərləri əsrlər keçməsinə baxmayaraq, böyük estetik həzz mənbəyi kimi sənətkar dühasının gücünü əks etdirir. Bu əsərlər sübut edir ki, Əcəminin ölməz irsi, haqlı olaraq, memarlıq sənətinin əbədi nümunələrindən sayılır.
Yenidən doğulmuş bu sənət abidələri belə bir fikrə gəlməyə əsas verir ki,Əcəmi Naxçıvani öz dövründə tayı-bərabəri olmayan sənətkarlardandır. Təsadüfi deyil ki, XIII əsr mənbələri onun "şeyxül-mühəndis" (mühəndislərin başçısı) rütbəsi daşıdığından xəbər verir. Hələ Qərb dünyasında arxitektura sənəti anonim səciyyə daşıyan bir dövrdə Əcəmi bir çox memarlıq incilərinin müəllifi kimi bizim qarşımızda parlaq və təkrarolunmaz qurucu simaya malik böyük sənətkar, bədii və mühəndis təfəkkürünün nəhəngi kimi canlanır".Əcəminin həyat və fəaliyyəti Azərbaycanda Atabəylər dövlətinin hakimiyyəti dövrünə təsadüf edir. Bu dövlətin böyük şəhərlərindən biri də Naxçıvan idi. Atabəylər dövləti Böyük Atabəy Şəmsəddin Eldənizin dövründə formalaşmış, onun oğlu Nüsrəddin Məhəmməd Cahan Pəhləvanın hakimiyyəti illərində çiçəklənmişdir.Əcəminin irsi Naxçıvanla bağlı olmuşdur. Onun müəllifi olduğu ilk abidə Yusif ibn Küseyir türbəsidir.
Naxçıvanda yerləşən və el arasında "Ata baba günbəzi" adı ilə tanınan bu türbə 1162-ci ildə ucaldılmışdır. Türbənin giriş qapısından soldakı kitabədə memarın adı belə yazılmışdır: "Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməli".
Təkcə Azərbaycanda deyil, bütün İslam aləmində ən hündür və incə kompozisiyalı sənət əsərlərindən sayılan Mömünə xatun türbəsi Əcəminin layihəsi əsasında 1186-cı ildə Naxçıvan şəhərinin qərbində ucaldılmışdır. Elin yaddaşında "Atabəy günbəzi" adı ilə qalan bu türbə Atabəy Şəmsəddin Eldənizin arvadı,Məhəmməd Cahan Pəhləvanın anası Mömünə xatunun şərəfinə tikilmişdir. Türbə özünün iri ölçüləri, monumental biçimləri və dinamik silueti ilə böyük memarlıq kompleksidir. Memarlıq prinsiplərinin təkmilləşdirilməsi əsasında ucaldılmış on guşəli Mömünə xatun türbəsi monumental abidədir.
Tarix öz qoynunda Əcəminin həyatı haqqında, onun ölməz əsərlərindən başqa heç nə saxlamayıb. Görünür, dahi memar bunu qabaqcadan gördüyündən öz şah əsəri Mömünə xatun türbəsi üzərində belə yazmışdır: "Biz gedəriyik. Dünya əbədi qalandır. Biz gedəcəyik, dünya qalacaq. Biz ölərik bu bizdən xatirə qalar. İlahi, bədnəzərdən uzaq elə". Bəli, o ölməz sənət abidəsi bu gün də yaşayır.Müsəlman Şərqində bir neçə memarlıq abidəsi çox məşhurdur. Onlardan Səmərqəndin və İsfahanın memarlıq komplekslərini, eləcə də, Hindistandakı TacMahalı misal göstərmək olar. Həmin memarlıq komplekslərinin meydana çıxmasından çox-çox qabaqlar dünyanın ən qədim şəhərlərindən olan Naxçıvanda (Bibliyadakı
rəvayətlərə görə, bu şəhərin əsası Nuh Peyğəmbər tərəfindən qoyulub) Əcəmi Naxçıvaninin layihəsi əsasında, möhtəşəmlikdə onlardan heç də geri qalmayan arxitektura kompleksi ucaldılmışdır. Ehtimal ki, nəhəng bir ərazidə Eldənizlərin sarayı, Cümə məscidi, xatirə abidələri, mədrəsə, karvansara və digər hökumət tikililəri də inşa edilmişdir.
Həmin tikililərdən dövrümüzə yalnız iki məqbərə gəlib çatsa da, Naxçıvanda saray kompleksinin mövcudluğu XIII əsrdə anonim bir müəllif tərəfindən farsca yazılmış "Əcaib əd-dünya" adlı əsərdə də müəyyən dərəcədə təsdiq edilir. Həmin əsərdə bu cümlələri oxumaq olar: "Naxçıvan Azərbaycanda yüksək bir yerdə salınmış və möhkəmləndirilmiş, əhalisi gur olan iri şəhərdir. Burada çoxlu saraylar, şəhər ətrafı qalalar, malikanələr (köşk) və parad təyinatlı tikililər qurulmuşdur. Şəhərin yaxınlığında daşdan qalalar, qalanın içində isə mədrəsə və məscidlər tikilib. Qalanın içində, həmçinin, gözəl bir bulaq var. Deyilənə görə, dünyada bundan çox məskunlaşmış şəhər yoxdur. Bütün inşaat kirəcdən və bişmiş kərpicdən aparılırdı. Üç və dörd mərtəbəli köşklərin əksər qismi əslində qalalardır. Şəhərin ətrafındakı kəndlər olduqca gözəldir və axar suları var. Çoxlu bağ-bağat salınıb, göz oxşayan çəmənliklər var. Araz çayı şəhərin içindən keçir... Eldənizin mübarək zamanında Naxçıvan
tamamilə əzəmətli bir görkəm aldı. Burada şah iqamətgahı ("darül-mülk") və hökumət binaları (dövlətxanalar) tikildi..."
Yazılı mənbələrə əsaslansaq, Əcəmi dövründə Naxçıvanda 250 min nəfər əhali yaşayırdı. O vaxtdan dövrümüzə qədər gəlib çıxmış tikililər arasında ən qədimi Yusif ibn Küseyr türbəsidir. Türbənin məzar hissəsi yerin altındadır. Yerüstü qülləvari hissə
piramida formalıdır və səkkizgüşəli işlənmişdir. Türbənin çölə baxan tərəfi kərpic bloklarla hörülmüş, naxışlarla bəzədilmişdir. Abidənin giriş hissəsində kufi xətti ilə belə yazılıb: "Bu, şərəfli dinimizin məşhur rəisi, İslamın gözəlliyi, şeyxlər başçısı Hacı Yusif ibn Küseyrin məqbərəsidir. Şəvval ayı yeddinci, əllinci və beş yüzüncü il(557/1162-ci il)". Türbənin üzərində kufi xətti ilə Qurandan ayələr dekorativ forma ilə
yazılmışdır. Girişin sol tərəfində memarın adı həkk olunmuşdur: Əcəmi ibn Əbubəkr Naxçıvani".Azərbaycanda daha gözəl və daha möhtəşəm bir türbə isə Mömünə xatunun şərəfinə salınmış məşhur xatirə abidəsidir. Qeyd edək ki, Mömünə xatun Atabəy Şəmsəddin Eldənizin birinci xanımı olmuşdur və o, Azərbaycan Atabəylər dövlətinin yaranması və möhkəmləndirilməsi üçün çox böyük işlər görmüşdür. O, dünyasını 1175-ci ildə dəyişmişdir. Atabəy Şəmsəddin Eldəniz xəstələnərək vəfat etdiyindən türbənin inşasını başa çatdırmaq ona nəsib olmur. Yarımçıq qalmış türbənin tikintisini onun oğlu Məhəmməd Cahan Pəhləvan davam etdirir. Yaxın Şərqin ən nadir incilərindən olan Mömünə xatun türbəsinin tikintisi 1186-cı ildə başa çatır. Abidəni digər analoji tikililərdən fərqləndirən əsas xüsusiyyət onun yeraltı və yerüstü hissələrdən ibarətolmasıdır. Türbədə Mömünə xatunun məzarı və xatirə abidəsi vardır. Tikili formasına görə kəsik onbucaqlını xatırladır, içərisindəki naxışlar çox gözəldir və olduqca incə işlənmişdir. Orta əsr Şərq memarlığında formalaşmış ənənələrə uyğun olaraq,abidənin divarlarındakı kitabədə Qurandan götürülmüş ayələr həkk olunub.Günümüzdə tanınmış sənətşünasların, demək olar ki, hamısı Mömünə xatun türbəsini Tac-Mahalla müqayisə edirlər. Xatırladaq ki, gözəlliyi ilə hər bir insanı heyrətə gətirən Tac-Mahal sarayını inşa etdirən də Cahan adlı türk hökmdarı, türk oğlu olmuşdur. Tac-Mahal da dövrünün tanınmış hökmdarının xanımının şərəfinə ucaldılmışdır. Bir sözlə, Mömünə xatun türbəsi özündən sonra yeni ölməz sənət əsərlərinin ucaldılması üçün bir ilham mənbəyi olmuşdur.
Məhz bu amilə diqqət yetirən tanınmış sənətşünas V. M. Alpatov özünün"Ümumi incəsənət tarixi" kitabında Mömünə xatun türbəsi haqqında belə yazır: "Bu cür inkişaf tapmış forma hissiyyatına, bu cür klassik kompozisiya bitkinliyinə və
kompozisiyanın gerçəkləşdirilməsindəki belə kamilliyə orta əsrlər Avropa arxitekturasında rast gəlinmir. Klassik Şərq ədəbiyyatının ən gözəl nümunələrindən olan Firdovsinin (X-XI əsrlər) "Şahnaməsi", Nizami Gəncəvinin (XII əsr) "Leyli və
Məcnun"u kimi ölməz poemalarında olduğu kimi, Naxçıvandakı bu məqbərə də bəşəri mahiyyəti ilə fərqlənir".
Onu da deyək ki, İslam dini dünyagörüşünə görə insanların heykəlini qoymaq düzgün hesab edilmir. Buna görə də, o dövrün Şərq memarları heykəli əvəzləmək üçün inşa etdikləri abidələrin möhtəşəmliyini, daxili və xarici gözəlliyini önə
çəkirdilər. Memarlar bu baxımdan abidənin hündür olmasına xüsusi diqqət yetirirdilər.Yəni abidə nə qədər hündür olurdusa, onu inşa edən memarı bir o qədər şöhrətləndirir və abidə sahibini daha qüdrətli göstərirdi. Mömünə xatun türbəsinin hündür olması da məhz bu amillə bağlıdır. Naxçıvanda memar Əcəmidən yadigar qalan abidələrdən biri də qoşa minarəli piştağıdır. Abidə günümüzə dağılmış halda gəlib çatıb. Amma onun üstündəki incə naxışlar, qismən də olsa, ilkin şəkildədir. Təəssüf ki, abidənin üzərinə həkk olunan "Memar Əcəmi ibn Əbubəkr Naxçıvaninin əsəridir" sözləri müxtəlif təsirlərdən pozulub. Bu abidə Mömünə xatun türbəsi ilə yaşıd hesab edilir və ondan bir il sonra inşa edilib. Tikilini fərqləndirən əsas xüsusiyyətlərdən biri, onun qoşa minarəli portal kompozisiya şəklində inşa edilməsidir. Yeri gəlmişkən deyək ki, qoşa minarəli portal formalı abidə ilk dəfə Şərqdə memar Əcəmi tərəfindən inşa edilib. Sonralar Şərqdə memarlar bu formadan geniş istifadə etməklə, bu sənətə yeni nəfəs, yeni istiqamət və yeni ruh gətiriblər. Əcəminin müəllifi olduğu digər ölməz sənət incisi nəhəng Cümə məscidi hesab edilir. Bu məscid onun sənət fantaziyasının ən parlaq nümunələrindəndir. Məşhur sənətşünas V. Engelqart XIX əsrin ortalarında Cümə məscidi haqqında "Qafqaz"qəzetində yazıb: "Bu, yonulmuş daşlardan tikilmiş və tağları olan nəhəng bir binadır. İçəridə hələ də gözəl relyefli oymaların izləri qalmaqdadır. Məscidin bir hissəsi artıq dağılıb, o biri hissəsi isə dağılmaq üzrədir. Məsciddən 50 sajın aralıda hündürlüyü 20sajına çatan qoşa minarəli darvaza yerləşir. Darvaza da həmin kompleksə daxildir.
Əvvəllər məscidlə darvazanın arasındakı yerdə müxtəlif tikililər olub, ancaq indi onlar yoxdur və adama elə gəlir ki, darvaza bir qədər yaxındakı tənha qalaya aiddir".Güman edilir ki, Cümə məscidi də o dövrün memarlıq ənənələrinə uyğun gələn mədrəsələr və karvansaralardan ibarət vahid bir kompleks olub.Əcəminin irsində şah əsərlərdən biri də Yusif ibn Küseyr türbəsidir. Bu abidə yuxarıda qeyd edildiyi kimi, xalq arasında "Atababa günbəzi" adı ilə tanınır.Günümüzə yarı dağılmış vəziyyətdə gəlib çatan bu sənət əsəri ötən əsrin ortalarında
yenidən bərpa edilib. Yusif ibn Küseyr abidəsi də Mömünə xatun türbəsində olduğu kimi, yeraltı və yerüstü hissələrdən ibarətdir. Divarlarının qalınlığı 80 santimetrdir. Türbənin
səkkizbucaqlı gövdəsi daxildən və xaricdən günbəzlər şəklindədir. Qeyd edək ki, Şərq memarlıq tarixində ikiqat günbəzli memarlıq abidələrinə az hallarda təsadüf edilir.
Xaricdəki günbəz piramida formalı kərpiclə qurulub. Daxildəki günbəz isə çatmatağ formasındadır. Ümumiyyətlə, belə bir inşa üslubu Əcəmi irsinə xas olan cəhətdir.
Türbənin naxışları da özünəməxsus şəkildə işlənib. Belə ki, naxışlar bir-birini tamamlayan həndəsi ornamentlərdən ibarətdir. Kiçik kərpiclərdən hazırlanan ornamentlər o dövrdə tikintidə istifadə edilən xüsusi inşaat məhlulu ilə tavalar şəklində birləşdirilib. Amma türbənin digər tərəfi, xüsusilə, qərbə baxan üzü fərqli formada quraşdırılıb. Girişindəki qapı çatmatağ formasındadır. Giriş qapısının ətrafı haşiyələr şəklində olan çıxıntılarla birləşdirilərək baştağ portal şəkli almışdır. Türbənin Əcəmiyə verilən xüsusi sifarişlə inşa edildiyi şübhə doğurmur.Abidənin xarici görkəmi insanda olduqca xoş təəssürat oyadır. Türbəyə xaricdən baxanda adama elə gəlir ki, türbə günümüz üçün də xarakterik olan xüsusi karkaslardan və dekorativ materiallardan inşa edilib. Tikiliyə dekorativ forma
verilməsi məqsədilə müxtəlif şəkilli (üçbucaqlı, altıbucaqlı, rombşəkilli) kiçik kərpiclərdən istifadə edilib.
Yusif ibn Küseyr türbəsi o dövr üçün bir elə də böyük və möhtəşəm sayılmayıb. Onun həcmi kiçikdir. Buna səbəb, ola bilsin ki, abidənin Əcəminin irsinin ilk illərində inşa edilməsi ilə bağlıdır. Türbənin bəzəkləri də digər abidələrlə müqayisədə sadədir. Bununla belə, abidə o qədər incə üslubda inşa edilib ki, ona baxanda istər-istəməz orta əsr memarlığının səviyyəsindən heyrətə gəlirsən. Bu baxımdan, türbə çox qiymətli sənət incilərindən biri hesab edilir və incəsənət tariximizdə seçilən abidələrdəndir.


"Tariximizdə iz qoyanlar " kitabından.