29.07.2012

Qədim Misir.




Qədim Misir – Afrikanın şimal-şərqində, Nil çayının aşağı axarında qədim dövlət.

Tarixi

Dövlətin tarixi 6 dövrə bölünür:

1. Erkən padşahlıq (e.ə. təqr. 3000 – e.ə. təqr. 2800)

2. Qədim padşahlıq (e.ə. təqr. 2800 – e.ə. təqr. 2250)

3. Orta padşahlıq (e.ə. təqr. 2050 – e.ə. təqr. 1750)

4. Yeni padşahlıq (e.ə. təqr. 1580 – e.ə. təqr. 1070)

5. Liviya-Sais və İran dövrü (e.ə. təqr. 1070 – e.ə. təqr. 332)

6. Yunan Roma dövrü (e.ə. 332 – e. 395).





Misirin həyat damarı olan Nil çayı Mərkəzi Afrikada yerləşən böyük göllərdən başlayır. Çay 700 km məsafədə dərin vadi ilə axaraq Aralıq dənizinə tökülür. Dənizə töküldüyü yerdə Nil qollara ayrılaraq delta əmələ gətirir. Yuxarı hissələrdən başlayaraq dənizədək Nil vadisində və deltasında qədim Misir yerləşirdi. E.ə. V-IV-cü minilliklərdə, ibtidai icma quruluşunun dağılmasından sonra, Misirdə tədricən kiçik dövlət qurumları yaranmışdır. Sümerdə olduğu kimi, hər bir vilayət müstəqil ərazi olmuşdur. Onların baş şəhərləri, idarə etmə sistemləri, orduları və tanrıları olmuşdur. Bu vilayətlər bir-birləri ilə ittifaq qururdurlar və ya savaşırdırlar. Lakin sonra birləşmə meylləri artmış və olkə ikiyə - yuxarı (şimal) və aşağı (cənub) hissəyə bölünmüşdür. Bu hissələrin çarları savaşlar aparmış və ölkənin birləşdirilməsi üçün cəhdlər etmişdirlər. Bu dövrə Misirin “sülalələr öncəsi dövrü” deyilir. E.ə. III-cü minilliyə aid olan bir daş lövhəsində qədim Misirin şimal çarlarının siyahısı verilmişdir. Lakin ola bilsin ki, onlar çarlar deyil, tayfa və ya şəhər başçıları olmuşdurlar. Ümumiyyətlə o dövrlər haqqında bilgilər çox azdır və “sülalələr öncəsi dövrü” nə vaxta qədər davam edib, demək çətindir. Hər halda artıq e.ə. III minillikdə vahid dövlət mövcud olmuşdur və burada 2 çar sülaləsi olmuşdur və bu tarixdən Misir dövlətinin tarixi başlanır. Misir çarlarıni “firon”lar adlandırırlar. Hesab olunur ki Misirin 30-a yaxın çar sülalələri olmuşdur.

Vahid dövlətin yaranması


Misirin şimal və cənubu birləşəndən sonra, birləşmiş ölkə fironlar tərəfindən idarə olunurdu. Onlar çox vaxt tanrılaşdırılmış və Horus tanrısının təcəssümü kimi təsəvvür edilirdilər. Fironların ölkənin hər iki hissəsini simvolizə edən aq və qırmızı rəngli iki tacı olmuşdur. Onların çoxlu sayda məmurları, canişinləri, xidmətçiləri də var idi. Onlar dövlət işlərini aparmışdırlar. Rəvayətlərə görə, ola bilsin ki, vahid Misirin birinci hökmdarı Menes olmuşdur. O cənublu idi və şimal çarlığa qalib gəlib, ölkəni birləşdirə bilmişdir. Bəlkə də o 1-ci sülalənin yaradıcısı olmuşdur. Lakin başqa rəvayətlərə görə, hələ 1-ci sulalə bərqərar olmamışdan öncə, Misir artıq birləşmişdi. Ola bilsin ki, 1-ci sülalədən öncə ölkədə birləşmə prosesləri başlanmış, və birinci fironlar dövründə başa çatmışdır. Yenə rəvayətə görə Menes birləşmiş Misirin baş şəhəri olmuş Memfisi inşa etmişdir. Lakin qədim bir abidənin üzərində şimali Misirə qalib gələn və ölkəni birləşdirən adamın adı Narmerdir. Bəlkə də Menesi həm də Narmer çağırırdılar. Hər halda bu məsələ aydın deyil.


II-ci sülalənin fironları özlərini Horusun deyil, Set tanrısının təcəssümü kimi ifadə edirdilər. Bu sülalənin sonuncu fironları isə hər iki Tanrını öz himayədarları kimi qəbul etmişdirlər. Misirdə vahid dövlət yaranandan sonra, fironlar öz hakimiyyətlərini genişləndirməyə, nüfuzlarını artırmağa çalışmışdırlar. Bunlara nail olmaq üçün onlar qonşuları ilə savaşlar aparmışdırlar. III-cü sülalədən olan firon Zoserin (e.ə. 2635—2611) dövrundə Misir çox güclənmişdir. O mis və filizi ilə zəngin olan Sinay yarımadası uğrunda oradakı köçəri tayfalarla uğurlu savaşlar apararaq o əraziləri öz ölkəsinə qatmış və oranı idarə etmək üçün canişinini təyin etmişdir. Cənubda isə o həbəşləri məğlub edə bilmişdir. Rəvayətlərə görə Zoser müxtəlif tanrıların kahinlərini razı salaraq, onlara böyük ərazilər və əmlak hədiyyə etmişdir. Zoserin yardımçısı məşhur vəziri İmhotep olmuşdur. O həmdə Misirin baş kahini olaraq, ölümündən sonra tanrılaşdırılmışdır. Məhz İmhotep fironların dəfn olunan yeri kimi məşhur Misir piramidalarının inşa edilməsi təşəbüsü ilə çıxış etmiş və onların layihəsini təklif etmişdir. İlk piramida firon Zoser üçün inşa edilmiş və bu gün də Qahirənin yaxınlığında yerləşən Saqqara kəndində tarixi abidə kimi qalmaqdadır. Bu cür nəhəng tikililərin qurulması üçün savaşlar zamanı kölələrin əməyindən istifadə olunurdu. Minlərlə kölələr bu ağır və əzablı işə cəlb olunmuşdur və onların canları bahasına piramidalar ucaldırılmışdır. Onlar tikinti üşun lazım olan nəhəng daşları və başqa materialları uzaqlardan gətirirdilər. Herodot (Tarix II, 124-125) hətta yüz minlərlə qulların bu işdə iştirak etməsi və gecə-gündüz işləməsi haqqında məlumat vermişdir.


İqtisadiyyat

Bir çox dillərdə işlənən "Eqipet" sözü Misir dövlətinin qədim paytaxtı Xikupta şəhərinin (Xet-Ka-Ptax — "Ka-Ptaxın evi", yun. — Memfis) adından götürülmüşdür. Yunan dilinə bu söz "Ayqyuptos" kimi daxil olmuş, oradan isə digər Avropa dillərinə keçmişdir. Misirlilər özləri ölkələrini "Ta Kemet" – "Qara torpaq" adlandırırdılar. Herodota görə, "Misir Nilin töhfəsidir". Çünki Nilsiz Misiri təsəvvür etmək qeyri-mümkündür. Nil vadisini əhatə edən dağlar da müxtəlif daş növləri ilə zəngin idi. Misirin özündə metal yox idi. Metal qonşu vilayətlərdən gətirilirdi; Sinay yarımadasından mis, Nillə Qırmızı dəniz arasındakı səhradan qızıl, Qırmızı dənizin sahillərindən sink və qurğuşun əldə edilirdi. Gümüş və dəmir isə Kiçik Asiyadan gətirilirdi. Əsrlər boyu yayın başlanğıcında yağan yağışların hesabına Nilə tökülən sular artdığından daşqınlar başlayır. Daşqından sonra vadidə torpaq həm çox rütubətli olur, həm də qalın lay halında qara və çox məhsuldar lillə ötürülürdü. Təsadüfi deyildir ki, bütün bunlara görə Qədim Misiri Qara torpaq adlandırırdılar.

Qədim misirlilər qumluq və bataqlıqlarla həmişə mübarizə aparmışlar. Misirlilərin başlıca məşğuliyyəti əkinçilik olmuşdur. Bunlardan əlavə arıçılıq, maldarlıq və digər sənət sahələri də inkişaf etmişdir. Ümumiyyətlə, insanların əməyi Nil vadisinin simasını köklü surətdə dəyişdirmişdir. Misir yaşayış üçün, demək olar yararlı olmayan bir yerdən, artıq b.e. əvvəl IV minillikdə əhalisi sıx olan bir ölkəyə çevrilmişdir. Elə həmin dövrdən başlayaraq Misirdə quldarlıq, onun ardınca da quldarlıq dövləti yaranmışdır. Misir fironların – padşahların hakimiyyəti altına düşdü. Padşahlardan biri Misirin şimalını – bütün deltanı, digəri isə ölkənin cənubunu – Nil çayının vadisini özünə tabe etmişdi.

Misirdə həndəsə, astronomiya, təbabət inkişaf etmişdir. Onlar təqvim yaratmışdılar. Bir daşqından o biri daşqına qədər olan vaxt il hesab olunurdu ki, onu da on iki aya bölürdülər. Onların hesablamasına görə, il 365 gündən ibarət idi. Gündüzü və gecəni onlar 12 saata bölürdülər. Misirdə günəş və su saatı ixtira edilmişdir.

Ümumiyyətlə, elmi biliklər kənd təsərrüfatının, sənətkarlığın, tikinti işinin, gəmiçiliyin, ticarətin yüksəlməsinə böyük kömək etmişdir. Yazı biliklərin, bədii əsərlərin qorunub saxlanmasına, onların nəsillərdən nəsillərə, bir xalqdan başqa xalqlara keçməsinə imkan vermişdir.

Erkən padşahlıq

Bu dövründə ilk iki sülalə hökmranlıq etmişdir. Misirin birinci fironu Narmer (Qədim Misir tarixçisi Manefonun məlumatına görə Mina) Aşağı Misir üzərində qələbə çalaraq ölkəni vahid dövlətdə birləşdirdi. Birinci Misir sülaləsinin hakimiyyəti dövründə Misirdə süni suvarma əkinçiliyi inkişaf etmiş, daş və mis alətlər təkmilləşdirilmiş, Memfis şəhərinin əsası qoyulmuş, mərkəzləşdirilmiş dövlət yaradılmış və işğalçılıq müharibələrinə başlanılmışdı.

Təqribən b.e.ə. 3000-ci ildə cənub padşahlığının padşahı Şimal padşahlığını məğlub etdi və deltanı tutdu. Beləliklə, qüdrətli Misir dövləti yarandı. Dövlətin paytaxtı Memfis şəhəri oldu. Bundan sonra işğalçı yürüşlər başlandı. Şimali Afrikanın xeyli hissəsini tutan Misir padşahları ehramlar – sərdabələr tikməyə başladılar. Bu və ya digər padşahın böyüklüyünü ehramların böyüklüyü təcəssüm etdirirdi. Ən böyük ehram b.e.ə. 2600-cü ildə firon Xeops üçün Memfis yaxınlığında tikilmişdir. Ehramın hündürlüyü 150 m-dir. Onun ətrafına fırlanmaq üçün 1 km yol getmək lazımdır. Tikintidə 2300 daş işlənmişdir ki, onlardan da ən kiçiyinin çəkisi 2,5 tondur. 1889-cu ildə Eyfel qülləsi istifadəyə verilənədək Xeops ehramı yer üzündə insan əli ilə yaradılmış ən böyük tikili olaraq qalmaqda idi.

Ehramların yaxınlığında boyük bir qayadan sfinks – insan başlı nəhəng aslan heykəli yonulmuşdur. Sfinksin hündürlüyü 20 m-dən çoxdur. Fironlardan biri sfinks şəklində əks olunmuşdur. Bu daş heykəl böyük vahimə yaratdığından yunan tarixçisi Herodot onu "dəhşətlər atası" adlandırmışdı. Ehramlar və sfinks misirlilərə fironun adi adamlar yox, qüdrətli allahlar olması fikrini aşılayır. Bundan əlavə, ehramlar və sfinks Misir fironlarının amansız hakimiyyətinin dilsiz şahidləri kimi indi də səhranın ortasında ucalmaqdadır.

Üç min il bundan əvvəl Finikiya şəhərinin hakimi demişdir: "Amon bütün torpaqları yaratmışdır. Lakin Misir torpağını onların hamısından əvvəl yaratmışdır. Həmin yerdə ilk incəsənət və təlimlər meydana gəlmişdir".

Fiva Misir padşahlığının yeni paytaxtı olarkən, artıq Misir öz inkişafının zirvəsinə çatmışdı. Qüdrətli hökmranlığı dövründə Misirdə elm və mədəniyyət inkişaf etməyə başlamışdı. İşarə-şəkillər – heroqliflər yaranmış, papiruslarda – yazılar yazılırdı.