09.07.2015

Təhsildə yeniliklər 2

Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli
Fərmanının 1.24-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:


1. Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normaları aşağıdakı kimi
müəyyən edilsin:
məktəbəqədər tərbiyə müəssisələrində tərbiyəçilərin həftəlik iş vaxtı - 30 saat;
bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə
məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin,
məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 (bir) stavka dərs
yükü - 12 saat (bu zaman həftəlik dərs yükü 3 (üç) stavkanı aşmamalıdır);[1]
ümumtəhsil məktəblərində, internatlarda, lisey, gimnaziyalar və peşə təhsili
məktəblərində tərbiyəçi-müəllimlərin həftəlik iş vaxtı - 24 saat;
ali və orta ixtisas təhsili müəssisələrində professor-müəllim heyətinin və
konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü - 500 saatdan az olmamaqla (bu
zaman ali təhsil müəssisələrində mühazirə, seminar, laborator və praktiki məşğələlərə,
eləcə də mədəniyyət, musiqi, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan
vaxtın həcmi illik dərs yükünün 60 faizindən, orta ixtisas təhsili müəssisələrində nəzəri,
laborator və praktiki məşğələlərə, eləcə də mədəniyyət, musiqi, incəsənət təmayüllü
ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi isə illik dərs yükünün 80 faizindən az
olmamalıdır).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 24 noyabr 2010-cu il
№ 215
1. 27 dekabr 2013-cü il tarixli 356 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan” qəzeti, 08 yanvar 2014-cü il, № 1, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1646)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 27 dekabr 2013-cü il tarixli 356 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan” qəzeti, 08 yanvar 2014-cü il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2013-cü il, № 12, maddə 1646) ilə 1-ci hissəsinin üçüncü abzasında "2 (iki)" rəqəm və sözü "3
(üç)" rəqəm və sözü ilə əvəz edilmişdir.