15.07.2014

Daşsalahlı mağarası



Mənsur Mansurov,
AMEA Arxeologiya və Etnoqrafiya
İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

Əhliman Dadaşzadə,
Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantı




Qədim insanlar yemək ehtiyatlarını nəinki saxlamağı bacarmışlar, hətta mağaranın qaranlıq yerlərini anbar kimi istifadə edib qorumuşlar


Daşsalahlı mağarası Avey dağının cənub-qərb ətəklərində, “Qızılqaya” deyilən vulkanik sütunun 1,5 kilometrliyində yerləşir. Mağara dar və 200 metr uzunluğunda olan bir dərənin başında az nəzərə çarpan qayalıqdadır. Qeyd edilən dar dərənin başlanğıcı elə mağara olan nöqtədə qurtarır.
Mağaranın qabaq tərəfi və ağzı qədimlərdən uçub töküldüyündən giriş yolu demək olar ki, tutulmuş vəziyyətdə olmuşdur. Hazırda mağaranın ağız hissəsində böyürtkən kolu, göyəm, cır alça və s. ağaclar bitdiyindən mağara tamamilə gözdən kənarda qalmışdır. Qeyd edilənlərin nəticəsində mağara XX əsrin II yarısına qədər demək olar ki, yerli əhaliyə də məlum deyildi.
Mağaraya ancaq cənubdan yaxınlaşmaq olur. Qalan tərəflər uçurumlu dərin çala-çuxurdan ibarətdir. Xüsusilə şimaldan çox dərin və sıldırım qaya ilə əhatə edilmişdir. Dərənin dibi bitki, ağac, ot örtüyündən ibarətdir. Sıldırımın hündürlüyü 3-5 metrdir. Mağaranın qabağı da uçurumdur. Mağaradan baxdıqda dağın ətəyi, geniş və gözəl dağlıq təpəliklərin döşləri, enli dərələr diqqəti cəlb edir.
Qeyd etmək lazımdır ki, mağaranın yerləşdiyi sahənin belə qapalı dərə ilə əlaqəli olması vaxtilə ibtidai insanlar tərəfindən vəhşi heyvanların buraya doldurulması üçün çox əlverişli şərait yaratmışdır. Ümumiyyətlə, Avey dağı, xüsusilə mağaraları və onları əhatə edən qapalı yerlər qədimlərdə nəinki ovçuluq, hətta yaşayış üçün də əlverişli olmuşdur. Hazırda mağaranın yaxınlıqlarında bulaqlar var. Ola bilsin ki, çox-çox qədimlərdə mağara dərəsində bulaq suyu mövcud imiş, bu da insanın buraya gəlməsi üçün əsas olmuşdur. Bəlkə də qədim insanlar Avey dağında və onun ətəklərində olan sulardan istifadə etmişlər.
Mağaranın hazırkı planına əsasən, o çox da böyük deyil. Uzunluğu dar dalan ilə birlikdə 17 metr, qabaq tərəfin eni 5, dalanın eni 2, dalanın ayrılıqda uzunluğu isə 7 metrdir. Mağaranın hündürlüyü qaya dibindən 3,5, dalanınkı isə 2 metrdən azdır.
Qazıntı nəticəsində məlum olmuşdur ki, mağara qədimlərdə (xüsusilə qabaq hissə) daha geniş olmuş, lakin sonralar mağaranın ön tərəfi uçmuş, ona görə də onun həqiqi sahəsi kiçilmişdir. Hazırda mağaranın qabağını tutan 4 metrlik qaya həmin uçqundan qalmışdır. Qayanın müəyyən hissəsi daxilindəki torpaq çöküntüsünün üstünə yatmışdır.
Mağaranın ölçüsü göstərir ki, burada böyük dəstə yaşaya bilməzdi. Arxeoloji qazıntı nəticəsində məlum olmuşdur ki, burada ancaq bir mədəni təbəqə vardır. Bu da əsasən mağaranın qaya döşəməsində olub, 30 sm qalınlığındadır. Mədəni təbəqənin üstü isə 1,15-1,30 metr qalınğında gilli təbəqə vasitəsilə örtülmüşdür. Burada aşkar olunan paleolit materialları məhz mağaranın dibindəki mədəni təbəqələrdəndir. Ona görə də mağaranın içərisindəki gilli çöküntü 2 yerə ayrılır. Üstdən birinci - narın-açıq sarımtıl gilli təbəqə, ikinci - sarı gilli təbəqə.
Üst təbəqə çox açıq sarımtıl rəngli, xalis gilli torpaqdan ibarətdir. Lakin bunun lap üstündə tozla qarışmış olan tunc və orta əsrlərə aid saxsı qab qırıntılarına təsadüf edilmişdir.
Qeyd etmək lazımdır ki, mağaranın ağız hissəsində, üst təbəqənin qurtaracağından bir neçə ədəd dəvəgözündən alət qırıqları və iki ədəd lülə sümüyündən biz qırığı aşkar edilmişdir. Bunların heç biri paleolit materialı sırasına daxil deyil. Öz forma və hazırlanma texnikalarına görə ola bilsin ki, eneolitə aiddir.
İkinci təbəqə tünd sarı gildən ibarətdir. Bu axırıncı təbəqənin əhatə etdiyi bütün sahədə paleolit materialları geniş yayılmışdır. Hətta bu təbəqədə ocaq qalıqları aşkar edilmişdir.
Arxeoloji qazıntı nəticəsində aşkara çıxarılmış ikinci təbəqədən tapılan daş alətlər əsasən itiuclardan, qaşov, bıçaq, qəlpə, nukleus və sairdən ibarətdir. Həmin alətlərlə yanaşı, çoxlu heyvan sümüklərinin qırıntıları üzə çıxarılmışdır. Çox maraqlıdır ki, mağaranın önündə olan sümüklər qırıntı və yandırılmış vəziyyətdə olduğu halda, mağaranın dalanındakı sümüklərin çoxu bütöv və yanmamış haldadır. Güman etmək olar ki, bu dar və kiçik mağara dalanı paleolit adamlarının ehtiyatlarının saxlanc yeri olmuşdur. Bu fərziyyəyə belə bir fakt da əsas verir ki, dalan kiçik və qapalı vəziyyətdə olduğundan oraya bayırın hərarəti daxil ola bilmir, ona görə də dalanın içərisi sərin olur. Orada ərzağı həm isti havadan, həm də başqa qorxulu heyvanlardan qoruya bilərdilər. Güman etmək olar ki, ümumiyyətlə, paleolit adamları yemək ehtiyatlarını nəinki saxlamağı bacarmışlar, hətta onlar mağaranın qaranlıq, xəlvəti yerlərini anbar kimi istifadə edib qorumuşlar. Əks təqdirdə yığdıqları yemək şeyləri tez xarab ola bilərdi. Mağaranın qabaq hissəsində ocaq qalamış, alət hazırlamış və burada da yaşamışlar. Əmək alətləri müxtəlif, xüsusilə qəlpə verə bilən daşlardan ibarətdir. Onların yığdıqları elə daş nümunələridir ki, istehsal zamanı ondan istənilən ölçüdə qəlpə almaq mümkündür. Daşların içərisində bir dənə də ovxalana bilən daş yoxdur.
Tədqiqat zamanı mağaradan tapılmış daşlardan bazalt, çaxmaq və s. daş nümunələri Avey dağı ətəklərində indi də yer üstündə daha çox yayılmışdır. Mağarada əldə edilən daş məmulatının əksəriyyəti yerli materialdır, yalnız dəvəgözü məsələsi bir qədər qaranlıqdır. Bizə elə gəlir ki, dəvəgözü bu rayonlara Kiçik Qafqaz dağlarından dağ çayları vasitəsilə axıdılıb gətirilmiş, sonra da onu insanlar yığıb düşərgələrinə aparmışlar.


Mənbə:http://medeniyyet.az/new/?name=content&content=22998