21.06.2014

Şeyx Şaban türbəsi

Savalan Fərəcov

Abşeron yarımadasında müxtəlif dövrlərə aid çoxlu tarixi-memarlıq abidəsi var. Bu tarix yadigarlarının bir çoxu haqqında müfəssəl məlumat azdır.

Bakının Sabunçu rayonu ərazisində, Maştağa və Nardaran kəndlərinin yolayrıcında yerləşən Şeyx Şaban türbəsi də belə nümunələrdəndir. Abidə haqqında məlumat almaq üçün AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin kiçik elmi işçisi Aygün Quliyeva ilə görüşdük. Həmsöhbətimiz əvvəlcə Şeyx Şaban türbəsinin yerləşdiyi ərazi haqqında məlumat verdi:

- Abşeron yarımadasında qədim və zəngin tarixi-mədəni irsi ilə seçilən yaşayış məskənlərindən biri də Maştağa kəndidir. Şeyx Şaban qəbirüstü türbəsi bu kəndin ərazisindədir. Qaynaqlarda bildirilir ki, Maştağa kəndi ərazisində dövrümüzə qədər gəlib çatmayan xeyli memarlıq abidəsi olub. Ancaq dövrümüzə gəlib çatanlar da var. XVII əsrə aid olan Şeyx Şaban türbəsinin yerləşdiyi ərazilər vaxtilə qəbiristanlıq olub. Türbə də xeyli vaxt torpaq altında qalıb, təqribən 1960-cı ildə aşkar edilib. Sonra yerli sakinlər tərəfindən ziyarətgaha çevrilib. Türbə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən XIX əsr abidəsi kimi qeydə alınıb.
- Onun tarixi, memarı barədə mənbələrdə məlumat varmı?
- Türbə sementlə suvandığına görə nə vaxt və kim tərəfindən inşa edildiyini təsdiq edən kitabəsi qalmayıb. Ancaq görkəmli epiqrafist alim, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətovanın tədqiqatlarında türbənin bərpadan əvvəlki fotosurəti, türbəyə məxsus qəbir daşlarındakı yazıların tərcüməsi var. Alimin fikrincə, abidədəki kitabənin mətninə görə, o, XVII əsrdə inşa olunub.
Türbənin giriş hissəsi çox kiçik və tağabənzərdir. Yalnız əyilərək, iki pillə enərək içəriyə keçmək mümkündür. İnteryerdən türbənin yuxarı hissəsi çatma tağ formalı və yonulmuş əhəngdaşından hörülüb. Qapının üst hissəsində üzbəüz divarda biri digərindən hündür iki mehrab tikilib. Sol tərəfdə divara bitişik təqribən 60-70 sm hündürlükdə iki qəbir var. Daha maraqlısı odur ki, fərziyyələrə görə, türbədə üç şəxsin məzarı olub. Ancaq türbədə üç sinədaşı olduğu halda, bir məzar var. Digər məzarlar üçün türbədə yer belə yoxdur.
Sinədaşının üstü çətinliklə də olsa, AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı Arif Ramazanov tərəfindən oxundu. Məzar daşında belə bir qeyd var: “Bu Gövhər Əbazər (Əbuzər) qızının qəbridir, hicri-1077” (miladi-1666). Yuxarı hissədə isə “Allah və Məhəmməd” sözləri yazılıb. İkinci məzar daşına “Bu Əli ibn Nəzərin qəbridir” cümləsi həkk edilib və fars dilində bir rübai yazılıb:

Təəssüf ki, var-dövlət əldən çıxdı,
Əcəl əlindən çoxların ciyəri parçalandı.
O dünyadan gələn olmadı ki, soruşam,
Oraya gedənlərin vəziyyəti necədir.

- Yerli sakinlər arasında türbə ilə bağlı nə kimi məlumatlar var?
- Kənd camaatı arasında türbə ilə bağlı müxtəlif rəvayətlər və fərziyyələr var. Maştağa kənd sakini Tutuxanım Abasova bildirdi ki, Şeyx Şaban türbə-piri onların bağında aşkar olunub. Atası Əlihüseyn Abasov və əmisi uşaq ikən türbənin ucaldığı yerdə oynayarkən aşkar ediblər. Türbə torpağın altından çıxarılarkən üstü sementlə suvaqlı və ətrafı daşla hörülü olub. Qapısının üstündə yazılı kitabə-lövhə də varmış. Türbə təmizlənərkən üç qəbir - 3 pir aşkar edilib. Belə nəql edirlər ki, onlardan biri başağrısını götürmək, ikincisi, ruh tutmaq, üçüncüsü isə çibanlı yaraları müalicə etmək gücündə olub.
Başqa rəvayətə görə, türbədə uyuyanlar həm dindar, həm də böyük təbib olublar. Ona görə də türbə şəfa verən pir hesab olunub. Hacı Səkinə xanımın sözlərinə görə, kəndin yaşlı ağsaqqalları danışarmış ki, Maştağanın ən böyük məhəlləsi “Seyidlər” adlanıb. Çünki XI əsrdə Səudiyyə Ərəbistanından (Mədinədən), İraqdan Maştağaya seyidlərin axını olub. Şah İsmayıl və Şah Abbasın hakimiyyət illərində də Maştağaya seyidlər köçüb. Bu türbə də bir şeyxə məxsus olub.
Hacı Səkinə xanımın dediyinə görə, pir nicat qapısı idi. Xoş niyyətlə gələn hər kəsin nəziri qəbul olunardı. Həyətdə seyidlər yaşayardı. Ətraf bölgələrdən, xüsusilə Şamaxıdan ziyarətə gələnlərə təmənnasız yardım edərdilər. Pir sahibi kişi olub və türbə də onun qəbrinin üzərində ucaldılıb. Tarixən belə türbələrin ətrafında məscidlər, karvansaralar tikilib.
Şeyx Şaban türbəsinin məzar daşının memarlıq üslubu Bilgəh, Hövsan, Buzovna və Şüvəlanda tapılan məzar daşları ilə eynidir. Ona görə də belə qənaətə gəlmək olur ki, bütün bunlar Abşeron memarlıq məktəbinə məxsus abidələrdir.

http://medeniyyet.az/new/?name=content&content=21854