30.05.2014

Kürdəmir Şəhər 1 saylı məktəbdə Son zəng.


Doğma məktəbdən, sevimli müəllimlərdən və sinif yoldaşlarından ayrılığın kədərli notlarını, eləcə də böyük həyata çağırışın sədalarını özündə əks etdirən ənənəvi “Son zəng” mərasimi mayın 30-da Kürdəmir rayonunda da təntənə ilə qeyd olunmuşdur.
Rayonun ən qocaman və nümunəvi təhsil ocaqlarından biri, öz uğurları ilə sayılıb seçilən Tofiq İsmayılov adına Kürdəmir şəhər 1 saylı tam orta məktəbdə də həmin gün xüsusi canlanma, çal-çağır sədaları diqqəti cəlb edirdi. Müəllimlər və şagirdlər, valideynlər, rayon ictimaiyyətinin nümayəndələri “Son zəng” mərasiminə toplaşmışdılar. Əllərində əlvan gül-çiçək dəstələri tutmuş, təmiz və səliqəli geyinmiş onbirincilər və eləcə də onları təbrikə gəlmiş birincilər və onların valideynləri daha həyacanlı görünürdülər. Ümumiyyətlə, sevinc dolu həyəcan qəlblərə, duyğulara hakim kəsilmişdir.
“Son zəng” mərasimini giriş sözü ilə açan məktəbin direktoru Vüqar Nəsirov əlamətdar gün münasibətilə tədbirə gələnləri, o cümlədən orta məktəbi bitirib böyük

həyata qədəm qoyacaq şagirdləri salamlayıb təbrik etdi, onlara uğurlar arzuladı.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Müəllimlərdən Rəhilə Abbasova, Rəfail Məmmədov, valideynlər adından Məzahir Qasımov, məzunlar adından Məhbubə Ağayeva çıxış edərək öz ürək sözlərini və arzularını bildirdilər.
Mərasimdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov “Son zəng” münasibətilə müəllim və şagird kollektivlərini, valideynləri təbrik etdi, onlara uğurlar arzuladı.
Dərin razılıq və minnətdarlıq hissi ilə qeyd olundu ki, ölkəmizdə təhsilin sürətlə və hərtərəfli inkişafı ilə əlaqədar əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş diqqət və qayğılar, misilsiz əməli işlər ulu öndərin siyasi davamçısı Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən uğurla, daha genuş vüsətlə davam etdirilir.
“Son zəng” şagirdlərin ifa etdiyi mahnılarla, söylədikləri şeirlərlə davam etdi.