27.04.2014

Qədim Yunanıstan mədəniyyəti Krit - Miken dövrü

Mədəniyyət tarixində hər bir dövr özünə görə qiymətli və təkrarolunmazdır. Tədqiqatçılar bu faktı təsdiqləyərək Qədim Yunan mədəniyyətinə xüsusi əhəmiyyət verirlər. Antik Yunan mədəniyyətinə müasir ədəbiyyat janrları və fəlsəfə sistemi, sütunlu arxitektura və heykəltəraşlıq, astronomiyanın əsasları, riyaziyyat və təbiətşünaslıq daxildir. Qədim Yunan mədəniyyətinin ən başlıca nailiyyəti isə insanın kəşfidir. Allahın yaratdığı insan ən ecazkar, mükəmməl və ali bir varlıqdır. Avropa tarixinə və mədəniyyətinə güclü təsir göstərən antik mədəniyyət, müasir dövrün tarixçilərinə «Yunan möcüzəsi»ndən danışmağa imkan yaradır.

B.e.ə. I minillikdə qədim şərq sivilizasiyası sönməyə başlayır və öz yerini Aralıq dənizində yerləşən regionların mədəniyyət ocağına verir. B.e.ə. VII əsrdən başlayaraq bu bölgənin mədəniyyət mərkəzi Yunanıstan olur. Yunan mədəniyyətinin inkişafında etnik və coğrafi şəraitin rolu böyük idi.



Yunanları kosmosdan gələn ağıllı, ilhamlı, məqsədyönlü və hər bir qarışıqlığa qarşı duran kimi qiymətləndirirdilər. Artıq dünyaya, təbiətə və kainata baxış estetik kateqoriyaların yaranmasına səbəb olur. Bu,Qədim Yunan mədəniyyətinin tərkibinə daxil olub incəsənətdə xüsusi inkişaf – gözəllik, ölçü və harmoniyanı yaradır.
Qədim Yunan bədii mədəniyyəti üç əsas mənbədən qidalanır.
1. Egey dənizinin adasında yerləşən əhalinin qədim krit-miken incəsənəti. Bu özünü zəngin arxitekturaya malik olan Krit, Miken və Tirinf iqamətgahlarında göstərir, həmçinin rəsmlərində, keramika və qızıl əşyalarında büruzə verirdi.
2. Aralıq dənizi sahilindəki Kiçik Asiya və Finikiyalılar tərəfindən daxil olan kompozisiyalı arxitektura, Qədim Misirin incəsənəti də güclü təsir göstərirdi.
3. Dori tayfalarının incəsənəti. Şimaldan gələn Dori tayfalarının incəsənəti və özləri ilə gətirdikləri həndəsi üslubda Yunan mədəniyyətinə təsir göstərir.Öz inkişaf tarixində Qədim Yunan mədəniyyəti bir neçə mərhələdən keçib. Bunlardan birincisi
Krit-Miken mədəniyyətidir. Yunan ərazisindəki qədim sivilizasiya tədqiqatçılar tərəfindən Krit-Miken mədəniyyəti adını almışdır. Bu ad Krit adaları və materik Yunanıstanı ərazisindəki Miken şəhəri ilə əlaqədardır. Müəyyən yüksəliş və tənəzzül mərhələlərini yaşayan bu mədəniyyət təxminən b.e.ə. 2000-ci ildən 1200-cü ilə qədər yaşamışdır.
B.e.ə. III və II minilliklər çərçivəsində Krit həyatı saraylar ətrafında cəmlənmişdi. Arxeoloqlar tərəfindən tapılan bütün saray kompleksləri siyasi, iqtisadi və dini həyatın mahiyyətindən xəbər verir. Belə mərkəzlərdən dördünün – Knoss, Fest, Malliya, Kato Zakropun adını çəkmək olar. Əvvəllər bunlar müstəqil dövlət olsalar da,sonralar Knossun tabeçiliyi altında birləşdilər. Krit saray kompleksləri içərisində Labirint adlı saray tədqiqatçılar tərəfindən daha dərindən öyrənilmişdir. O, Knoss şəhərində yerləşirdi. Sarayın belə adlandırılması,onun daxilindəki müxtəlif təyinatlı otaqların bir neçə (2-4) səviyyələrdə yerləşdirilməsi ilə bağlı idi.
Simmetriyanın olmaması bütün Krit memarlıq nümunələrində olduğu kimi, bu sarayda da təzahür tapmışdır.
Sarayların birinci mərtəbəsində tacqoyma zalı, amfiteatr və digər otaqlar nəzərdə tutulurdu. Daxili pillələr mərtəbələri birləşdirərək böyük eyvanlarla əhatələnirdi. Burada sənətkarlıq emalatxanaları, digər təsərrüfat xarakterli otaqlar yerləşmişdi. Bu cür tikililərdə planlaşdırmanın hər hansı bir sistemini təsəvvür etmək mümkün deyil. Dövrün ən məşhur memarı əfsanəvi Dedal idi.Knoss sarayı divarları gözəl freskalarla bəzədilirdi. Bu təsvirlər bu gün bizlərə qədim kritlilərin həyat və məişəti, mədəniyyəti, dini mərasimləri haqqında zəngin məlumatlar verir. Freska süjetlərindən belə bir nəticə əldə etmək olar ki, kritlilər təbiətə məftun insanlar idi. Peyzaj rəngkarlığının əsas mövzusunu dəniz, balıq ovu,delfin təsvirləri, kolluq və aslan, öküz, keçi rəsmləri təşkil edir. Bütövlükdə götürdükdə Kritin təsviri sənəti son dərəcə dinamik və rəngarəngdir.
Krit rəssamları insan fiqurlarının təsvirinə Misir kanonları ruhunda yanaşırdılar: insanın ayaq və sifəti yandan, gözləri tamaşaçıya zillənmiş şəkildə təsvir olunurdu. Təbiətin təsviri o qədər realist ruhda idi ki, insan təsvirləri bu rəsmlərə bütövlük, dolğunluq bəxş edirdi. Krit həyatında din əhəmiyyətli dərəcədə böyük rol
oynayırdı. Lakin burada xüsusi məbədlər və kahin kastaları yox idi. Əvvəldən Kritdə çar hakimiyyətinin xüsusi forması olan teokratiya mühüm yer tuturdu. Bu hakimiyyətdə kübar və ruhani hakimiyyət bir adamın üzərinə düşürdü. Çar sarayı universal funksiyaları yerinə yetirirdi, o eyni zamanda həm dini, inzibati, həm də təsərrüfat mərkəzi idi. B.e.ə. XVI əsr və XV əsrin I yarısında Knoss (və ya Minoy) mədəniyyətinin çiçəklənmə dövrü b.e.ə. XV əsrin axırlarında tənəzzülə uğramağa başlayır. Bu, b.e.ə. təxminən 1450-ci ilə təsadüf edən vulkan püskürməsi nəticəsində şəhərin gözəl tikililərinin yerlə-yeksan olması, habelə, bu hadisədən istifadə edən Tunan-axey hərbçilərinin Kritə hücum etməsi ilə izah edilirdi. Krit, mədəniyyət mərkəzindən axey Yunanıstanının əyalətinə çevrildi. Bu çağlarda Miken (və ya axey) mədəniyyəti çiçəklənməyə başlayır. Kritdə olduğu kimi, Miken
mədəniyyətində də əsas mərkəzlər saraylar idi. Bunlardan ən əhəmiyyətlilərini arxeoloqlar Miken, Tirinfe,Pilos, Afinada tapmışlar. Krit saraylarından fərqli olaraq Miken tikililərində simmetriya, otaq və zalların yerləşdirilməsinin dəqiq sistemi mövcud idi. Tikilidə mərkəzi hissəni Meqaron – iri mərkəzi zal tuturdu. Bütün axey sarayları möhkəm bərkidilərək, əsil qüllələri xatırladırdı. Məsələn, Tirinfe şəhərindəki sarayın xarici divarlarının hər biri 12 tondan ibarət iri əhəng daşlarından tikilir, divarın eni 4,5 m, hündürlüyü 7,5 m olurdu.Sonralar burada yaşayan yunanlar möhtəşəmliyinə görə bu tikililəri sikloplar adlandırırdılar.Axey saraylarının divarları da freskalarla bəzədilirdi. Lakin bunlarda döyüş səhnələrinin təsvirləri başlıca yer tuturdu. Rəsmlər aslanların ov edilməsi, atları yəhərləyən döyüşçülərin təsvirlərini də əks etdirirdi.Mikenlilər təsviri sənətdə kompozisiyalarda statikliyin nümayişinə başlıca yer verirdilər.Kritin yerini tutan Miken mədəniyyəti öz təsirini Egey ərazisinin hüdudlarından uzaqlarda da göstərə bilmişdir. Onun izlərini Kiçik Asiya, Kipr, İtaliya, hətta Misirdə də tapmaq mümkündür. Egey dənizində Mikenlilərin dominantlığına b.e.ə. XII əsrdə bir çox xalqların, o cümlədən dorilərin buraya gəlməsi son qoydu.Bununla əlaqədar, Miken mədəniyyətinin bir çox mərkəzləri barbarlar tərəfindən zəbt olundu. İqtisadi resurslarla zəngin, yüksək mədəniyyət, hazırlıqlı kadrlar, yaxşı hazırlanmış hərbi maşına xas axey dövlətlərinə vəhşilər qarşısında möhkəm dayanmaq nəsib olmadı. Hər şeydən əvvəl, buna başlıca səbəb bu dövlətlərin daxili zəifliyi, xalqın narazılığı, çoxsaylı hərbi münaqişə və müharibələrdə maddi və insani resurslarının əldən getməsi idi. Ona görə, kiçik bir daxili təkan dövlətin dağılmasına zəmin yaradırdı. Düzdür, Miken mədəniyyəti bizim e. ə. XII əsrin sonlarına qədər Yunanıstan, Kiçik Asiya, daha sonralar ion və eoli mədəniyyətlərinə daxil olaraq yaşamaq hüququ qazandı.