09.04.2014

Fransa burjua inqilabı

Böyük Fransa burjua inqilabı - burjua inqilabı. Bir sıra tarixçilər həmin inqilabı 1789 - 94-cü illərlə, digərləri isə 1789 -1804-cü illərlə məhdudlaşdırırlar.
Əsas səbəbi: inkişaf etməkdə olan kapitalist istehsal münasibətləri ilə feodalizm qalıqları (mütləqiyyət, feodalların və ruhanilərin imtiyazları,kəndlilərin feodallardan asılılığı) arasında ziddiyyətlərin olmasıdır.

Dövlətin müflisləşməsi,
ticarət-sənaye böhranı və qıtlıq illəri ilə ölkənin daha da kəskinləşən ağır vəziyyəti 1788 - 89-cu illərdə inqilabi şəraitin yetişməsinə səbəb oldu. Kral XVI Lüdovik 1789-cu ilin
mayında Baş Ştatları çağırdı. 1789-cu il iyunun 17-də 3-cü silkin deputatları
özlərini əvvəlcə Milli, iyulun 9-da isə Müəssislər Məclisi elan etdilər. Kralın
məclisi qovmaq cəhdləri xalq üsyanına - 1789-cu il iyulun 14-də hücumla
Bastiliyanın alınmasına səbəb oldu; bu isə inqilabın başlanğıcı idi. Mütləqiyyətə və
feodallara qarşı mübarizədə burjuaziya, şəhər yoxsulları və kəndlilər birləşdilər.
İnqilabın birinci mərhələsində (1789-cu il iyulun 14-dən 1792-ci il avqustun 10-
dək) hakimiyyət iri burjuaziya və liberal zadəganlar tərəfindən ələ keçirildi.




Xalqın təzyiqi ilə Müəssislər Məclisi “İnsan və vətəndaş hüquqları bəyannaməsi”ni qəbul etdi. 1792-ci il avqustun 10-da Parisdə xalq üsyanı nəticəsində mütləqiyyətin
devrilməsindən sonra - inqilabın ikinci mərhələsində (1792-ci il avqustun 10-dan
1793-cü il iyunun 2-dək) siyasi rəhbərlik Konventdə çoxluq təşkil edən jirondistlərin əlinə keçdi. 1792-ci il sentyabrın 22-də Konvent Fransada respublika hakimiyyəti elan etdi və bu, "Birinci respublika" adlandırıldı. Konventdə inqilabın dərinləşməsinə cəhd göstərən Robespyer, Marat, Danton və Sen-Jüstün başçılıq etdikləri yakobinlər jirondistlərə qarşı çıxırdılar. Jirondistlərin inqilabın sonrakı inkişafının qarşısını almaq cəhdləri 1793-cü il mayın 31-dən iyunun 2-dək xalq üsyanına səbəb oldu və yakobin diktaturasının qurulması - inqilabın üçüncü mərhələsinə (1793-cü il iyunun 2-dən 1994-cü il iyulun 27-dək) keçməsi ilə nəticələndi. Xalqı səfərbərliyə alan yakobinlər hökuməti Prussiya və Avstriya müdaxiləçiləri üzərində qələbə çalınmasını təmin etdi, ölkə daxilindəki əksinqilabi qiyamları yatırdı, torpaq məsələsini kəskinliklə həll etdi (feodal imtiyazlarını ləğv etdi, icma torpaqlarını, eləcə də mühacirət edənlərin müsadirə olunmuş torpaqlarını kəndlilərə payladı); bu da kəndliləri azad xırda torpaq sahiblərinə çevirdi.


Monarxiyanın bərpası təhlükəsinin sovuşduğu zaman yakobin diktaturasının
"plebey metodları"ndan və terrorçuluğundan narazı qalan burjuaziya əksinqilab
tərəfə keçməyə başladı və kəndlilərin də xeyli hissəsini öz ardınca apardı. İyulun
27-də (termidorun 9-da) termidor çevrilişi nəticəsində yakobin diktaturası devrildi
və Direktoriya rejimi quruldu.