18.02.2014

İNŞAAT MƏDƏNİYYƏTİ: YAŞAYIŞ MƏSKƏNLƏRİ VƏ EVLƏR

 Məskənlər
Məskən insanların uzun müddət yurd salıb məişət və təsərrüfat həyatı qurduğu, yaşayış
evləri və yardımçı binalar, su təchizatı, əlaqə yolları və s. ilə təchiz olunmuş, zaman keçdikcə
abadlaşdırılıb müvafiq görkəmə salınmış insan düşərgəsi olmaq etibarı ilə çox böyük təkamül
yolu keçmişdir. Yaşayış evləri, təsərrüfat tikililəri və fərdi həyətlər daimi məskənlərin başlıca
məişət göstəriciləri sayılır. Bütün bunlardan əlavə yollar, küçə və döngələr, meydanlar, sənət və
ticarət dükanları, ictimai və dini binalar iri məskənlərin mühüm nişanəsi idi.
Qədim zamanlardan başlayaraq məhsuldar qüvvələr inkişaf edib təkmilləşdikcə
məskənlərin tipoloji cəhətdən bir-birindən fərqlənən müxtəlif növləri və formaları yaranmışdır.
Məskən tipləri cəmiyyətin sosial-iqtisadi inkişaf səviyyəsi, istehsal münasibətləri və təbii-coğrafi
şəraitlə üzvi sürətdə bağlı olduğundan hər bir tarixi dövrün və məhəlli məskunlaşma bölgəsinin
özünəməxsus məskən növləri təşəkkül tapmışdır.
Məişət həyatının səciyyəsinə görə insan məskənləri müvəqqəti və daimi olmaqla iki
qismə bölünür. Bu bölgü Azərbaycanın tarixən təşəkkül tapmış yaşayış məskənləri üçün də
səciyyəvi idi.



Qədim daş dövrünə aid arxeoloji qazıntılardan bəlli olduğu kimi, ölkəmizin ərazisində ilk
məskən növləri çox vaxt mövsümi və müvəqqəti səciyyə daşıyan açıq düşərgə, təbii mağara,
qayaaltı və qayaarası sığınacaqlar olmuşdur. Daş dövrü insanları uzun müddət bu tip bəsit
məskənlərdə yaşamışlar. Elmi ədəbiyyatda belə məskənlər daha çox «düşərgə», yaxud «insan
düşərgəsi» adı ilə tanınır.
Yurdumuzun ibtidai sakinləri ilk vaxtlar məhz belə açıq düşərgə və təbii mağaraları
özlərinə məskən, yurd yeri seçmişlər. Arxeoloqlar Azərbaycan ərazisindən qədim insanların
məskunlaşdığı bu tip arxaik məskən növlərinə aid çoxlu abidə aşkar etmişlər.
Azərbaycan ərazisində Paleolit və Mezolit dövrlərinə aid xeyli ibtidai insan məskəni
(Azıx, Tağlar, Buzeyir, Daşsalahlı, Damcılı düşərgələri) aşkar olunmuşdur.1 Bunların arasında
təkcə ölkəmizdə deyil, Avroasiyada da ən qədim maddi mədəniyyət izlərini özündə əks etdirən
Azıx mağarası müstəsna yer tutur. Mədəni təbəqələrin xronoloji diapozonu, başqa sözlə, məişət
həyatının uzun müddət davam etməsi baxımından Azıx düşərgəsi dünyanın ən qədim insan
məskənləri arasında özünəməxsus yer tutur. Azığın ilk sakinləri «homo habilis», yəni «bacarıqlı
insan» tipinə mənsub olmuşlar.
Təbii mağara məskənlərinin mühüm bir xüsusiyyəti də öz sakinlərini tez-tez dəyişmələri
olmuşdur. Mağara məskənləri sonralar, hətta feodalizm dövründə də özlərinin əməli
əhəmiyyətini itirməmişdi. Lakin qədim dövrün mağara məskənlərindən fərqli olaraq,
təhlükəsizlik məqsədi ilə salınmış mağara tipli orta əsr kəndləri, əsasən, daimi səciyyə daşıyır və
yalnız yaylaq mövsümündə sakinləri onu qismən tərk edirdilər.
Azərbaycanda mağara məskənlərinin tarixən iki növü-uca dağların sıldırım yamaclarında
yaranmış təbii mağara və dağətəyi (yayla) ərazilərdə salınmış süni kühül tipli məskən növləri
təşəkkül tapmışdır. Ölkəmizin ərazisində belə məskənlərin bəzi nümunələri zəmanəmizədək
gəlib çatmışdır. Süni mağara düşərgələri başlıca olaraq Laçın və Zəngəzur dağlarında,2
kühüllərdən ibarət elat məskənləri isə Qobustanda3 qeydə alınmışdır. Mağara və ya kühül tipli
məskənlərin üstünlüyü bundan ibarət idi ki, əvvala, onların inşa olunmasında əlavə tikinti materialları
sərf edilmirdi. Bu səbəbdən də onlar ucuz başa gəlirdi. İkincisi, bu tip məskənlərdə qışda
isti, yayda isə sərin olduğundan atmosfer və hava şəraiti baxımından yaşayış üçün olduqca sərfəli
sayılırdı. Elə bu səbəbdən də sosial-iqtisadi inkişafın aşağı səviyyədə olduğu bölgələrdə mağara
(kühül) tipli məskənlər zəmanəmizədək gəlib çatmışdır.
Azərbaycanın Mustye dövrü (100 min-35 min il bundan əvvəl) mağara və açıq tipli
düşərgələri Daşsalahlı, Tağlar, Köçəsgər, Qədirdərə ilə təmsil olunur. Mustye dövründə daş
alətlər xeyli təkmilləşmiş və tipoloji cəhətdən yeniləri ilə əvəz olunmuşdur. Bu dövrdən etibarən
yurdumuzun qədim sakinləri ilk dəfə sümük alətlərdən istifadə etməyə başlamış və od əldə
etməyi öyrənmişlər Yer kürəsində buzlaşma dövrünün başlanması və iqlim şəraitinin dəyişməsi ilə əlaqədar
olaraq, insanlar açıq tipli düşərgələri tərk edib yenidən təbii mağaralarda məskən salmışlar.
İnsanlar arasında erkən əmək bölgüsü, ibtidai icma və nəsli qəbilə quruluşunun ilk
mərhələsi Mustye dövrü ilə bağlanır. Bu dövrün ibtidai insanları antropoloji cəhətdən neandertal
tipinə məxsus olmuşdur. Arxeoloqlar tərəfindən ölkəmizin ərazisində Mustye dövrünə aid xeyli
abidə aşkar edilib öyrənilmişdir.
Son Paleolit (35 min – 12 min il bundan əvvəl) məskənləri Qazax rayonu ərazisində
Damcılı mağarası, Şıxlı kəndi yaxınlığındakı Yataq düşərgəsi, habelə Qobustan düşərgələri
(Firuz, Ana zağa, Ovçular zağası) ilə təmsil olunur.5
Zaman keçdikcə məhsuldar qüvvələr inkişaf edir, əmək alətləri təkmilləşir, məşğuliyyət
növlərində, tədricən də olsa, dəyişiklik baş verirdi.
Bu dövrün insanları ovçuluq məşğuliyyəti ilə əlaqədar olan gəzərgi məişət tərzindən
oturaq həyata keçməyə başlamışlar. Bununla əlaqədar olaraq təbii mağaralarla yanaşı, qazma və
daxma («daqura») tipli evlərdən ibarət ilk süni məskənlər yaranmağa başlamışdır. Bu hal ov
heyvanları tükənmiş ovlaq sahələrini dəyişmək, yeni qida mənbələri axtarmaq zərurətindən irəli
gəlmişdir. Süni tikililərdən ibarət yerüstü düşərgə məskənlərinin meydana gəlməsində qədim
kökləri hələ Azıx mağarasının aşel dövrü təbəqəsində izlənilən daşqura hörgü texnikasının
mühüm rolu olmuşdur. Yerüstü daxmalar ya bəsit «daşqura» texnikası ilə, ya da «pərdi – basma»
üsulu ilə tikilirdi. Hər iki ev tipinin etnoqrafik paralelləri Azərbaycanda yaxın keçmişədək qalmaqda
idi. Onların sonrakı təkamülü daimi səciyyəli qəbilə məskənlərinin yaranması ilə
nəticələnmişdir.
Son Paleolit dövründə matriarxat (nəsli qəbilə quruluşu) özünün ən yüksək inkişaf
mərhələsinə çatmışdır. O zamankı nəsli məskənlərin əsasını ana ətrafında cəmləşmiş qəbilə
icmaları təşkil edirdi.
Müvəqqəti sığınacaq kimi istifadə olunan və öz sakinlərini tez-tez dəyişən təbii mağara,
qayaaltı oyuq və açıq tipli düşərgələrdən fərqli olaraq, süni tikililərdən (qazma, kühül, daxma)
ibarət qəbilə məskənlərində məişət həyatı qismən də olsa, daimi səciyyə daşıyırdı. Əvvəllər
olduğu kimi, bu məskənlərin sakinlərinin başlıca məşğuliyyəti yenə də yığıcılıq, ovçuluq və
balıqçılıq olaraq qalırdı. O zamankı insanların təsərrüfat və ev məişəti də məhz bu məşğuliyyət
növlərinə uyğun idi. Ovlaq sahəsinin qida ehtiyatı tükəndikdə onlar tərk etmək məcburiyyətində
qalırdılar.
Mezolit dövründə (12-9 min əvvəl) buzlaqların əriməsi iqlim şəraitinin dəyişməsinə
səbəb olmuş, heyvan və bitki aləminin artıb, təxminən müasir vəziyyətə düşməsi ilə
nəticələnmişdir. Azərbaycanda Mezolit dövrü məskənləri başlıca olaraq Damcılı və Qobustan
düşərgələri ilə təmsil olunur. Bu dövrün daş alətləri mikrolit (trapesiya, seqment, üçbucaq formalı)
lövhəciklərdən düzəldilməklə, sümük və ya ağac dəstəyə malik olmuşdur.
Ovetmə vasitələrinin təkamülü tarixində sıçrayış sayılan kaman və ox bu dövrdən
etibarən yaranmağa başlanmışdır. Qazax rayonundakı Damcılı yaşayış yerindən tapılmış çaxmaqdaşı
və «obsidian» adlanan dəvəgözü daşından hazırlanmış ox ucluqları artıq Mezolit
dövründə ox və kamanın ixtira edildiyini göstərir.
Mezolit dövrünün əmək prosesində baş verən sosial-texniki irəliləyişlər nəticəsində ibtidai
insanlar dəstə halında yaşayış tərzindən ana nəslindən ibarət qəbilə icmasına qədər inkişaf
edərək, müasir antropoloji əlamətlərini kəsb etmiş, zəkalı, düşünən insana (homosapiensə)
çevrilmişdir. Fərdi ovetməyə imkan verən kaman kollektiv əməyin məzmununa təsir
göstərməkdən əlavə, həm də məhsuldar qüvvələrin sonrakı inkişafına güclü təkan vermişdir. İbtidai
icma tarixində baş verən bütün bu irəliləyişlər yeni bir inkişaf mərhələsinə keçid üçün
zəmin hazırlamışdır.
Neolit dövrünün ən mühüm tarixi nailiyyəti qədim insanların təbiətdəki hazır məhsulları
mənimsəmə məşğuliyyətindən (yığıcılıq, ovçuluq, balıqçılıq) istehsal təsərrüfatına keçmələri
olmuşdur. Cəmiyyət tarixində irəliyə doğru çox böyük sıçrayış olan bu dövrdə bir sıra dənli
bitkilər becərilməyə başlamış, toxa əkinçiliyi meydana gəlmişdir. Neolit dövrü insanları
tərəfindən heyvanların əhliləşdirilməsi tədricən maldarlıq təsərrüfatının yaranması ilə
nəticələnmişdir. Beləliklə, qədim insanların azuqə və xammal təminatında ciddi dönüş baş vermiş, saxsı qab istehsalı, bəsit toxuculuq məşğulliyəti yaranmış, cilalı daş baltalar meydana çıxmışdır.
Əkinçilik və maldarlıq məşğuliyyətinin yaranması ilə bağlı olaraq, Neolit dövründə
oturaq məişət tərzi getdikcə güclənirdi. Beləliklə, süni tikililərdən ibarət daimi yaşayış
məskənləri – kənd tipli məskənlərin ilk prototipi yaranırdı. Bunlar patriarxal qəbilə
məskənlərindən ibarət idi. Süni tikililərdən ibarət ilk qəbilə məskənlərinin meydana gəlməsi
məhz Neolit dövrünə təsadüf edir. Azərbaycanda Neolit məskənləri Qobustan, Gillikdağ, Xanlar
düşərgəsi, Damcılı, Yanıqtəpə və Həsənlinin alt təbəqəsində aşkar olunmuşdur. 6
Azərbaycan qəbilələrinin sosial-iqtisadi həyatında baş verən mütərəqqi irəliləyişlər
əhalinin təsərrüfat məşğuliyyəti və məişət tərzində ciddi dəyişikliklərin yaranmasına gətirib çıxarmışdır.
İstehsal təsərrüfatının, xüsusilə əkinçilik və maldarlığın yaranması ilə əlaqədar olaraq
oturaq məişət həyatının bərqərar olması daimi məskənlərin meydana gəlməsini labüd etmiş, onun
iqtisadi əsasını təşkil etmişdir.
Azərbaycanda Eneolit dövrünün oturaq yaşayış məskənləri, əsasən, Urmiya gölü
ətrafında, Naxçıvan ərazisində (Kültəpə), Mil-Muğan (Kamiltəpə, Əlikömək təpəsi) və Gəncə-
Qazax düzənliyində (Şomutəpə, Töyrətəpə, Qarğalar təpəsi, Cinni təpə, Babadərviş) aşkar
edilmişdir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, Eneolit dövründə
Azərbaycanın əkinçi-maldar tayfaları daha çox düzənlik ərazilərdə, başlıca olaraq, Kür çayından
cənubda yığcam halda məskunlaşmışlar. Erkən əkinçi məskənlərinin yaranması üçün o zaman
bu ərazilər olduqca əlverişli təbii şəraitə malik olmuşdur. E.ə. VI minilliyin II yarısından IV
minilliyin ortalarınadək bu yerlər başdan-başa «yaşayış təpələri»ndən ibarət Eneolit məskənləri
ilə örtülmüşdür. Oturaq həyat tərzinin möhkəmlənməsi ilə əlaqədar olaraq, bəzi məskənlər iri
yaşayış məntəqələrinə çevrilmişdir. E.ə. IV minilliyin ortalarında Azərbaycan düzənliklərində
təbiətin dəyişməsi, xüsusilə quraqlıq başlaması ilə əlaqədar olaraq, qədim əkinçi məskənləri tərk
edilərək burada həyat dayanmışdır.7 Lakin bir müddət keçəndən sonra, düzənliklərdə iqlim
şəraiti dəyişib məskunlaşma üçün əlverişli hala düşmüşdür.
Azərbaycanın Eneolit məskənlərində iki inşaat-memarlıq üslubu – düzbucaqlı və dairəvi
plana malik kərpic hörgülü tikililər təşəkkül tapmışdır. Yastı damlı, düzbucaqlı evlərə malik
məskənlər daha çox Urmiya ətrafı üçün, ikinci tip kəndlər isə Kür vadisi, xüsusilə, onun orta axını
ətrafındakı ərazilər üçün səciyyəvi olmuşdur.8
Tuncun kəşfi ilə bəşəriyyət tarixində yeni mədəni-tarixi mərhələ başlanmışdır. Tunc
alətlərin istehsalı Azərbaycanın oturaq əkinçi-maldar tayfalarının tarixi təkamülündə əhəmiyyətli
rol oynamışdır. Bu irəliləyiş yaşayış məskənlərinin səciyyəsinə də öz təsirini göstərmişdir.
İlk tunc dövründə əkinçi-maldar tayfalara məxsus Kür-Araz mədəniyyəti təşəkkül tapmışdır.
Bu mədəniyyətin Azərbaycan ərazisində başlıca məskənləri Göytəpə, Yanıqtəpə, Kültəpə,
Mingəçevir, Babadərviş, Günəştəpə, Qaraköpəktəpə, Mişarçay, Dairə, Sərkərtəpə, Qəflətəpə olmuşdur.
Arxeoloji qazıntılar zamanı bu abidələrdən dairəvi və düzbucaqlı formada, hörgülü bina
qalıqları, ocaq yerləri, tunc əmək aləti və s. əşyalar tapılmışdır.
Azərbaycan ərazisində orta tunc dövrünə aid Üzərliktəpə, I və II Kültəpə, Qaraköpəktəpə
yaşayış yerləri aşkar olunmuşdur. Bu mədəniyyət əkinçi-maldar tayfaların yeni təsərrüfat formalarına
(yarımköçəri maldarlıq) keçmələri ilə səciyyələnir. Bol çəmənliklərdən ibarət geniş otlaqlara
malik olan dağlıq ərazilərin məskunlaşılması yarımköçəri maldarlıq təsərrüfatının yaranmasına,
ayrı-ayrı tayfaların əlində heyvan sürülərinin toplanmasına, tayfa üzvləri arasında əmlak
bərabərsizliyinin meydana çıxmasına səbəb olmuşdur. Bu sərvətlərin qorunması zərurəti yaşayış
məskənlərinin möhkəmləndirilməsinə tələbatı artırmışdı. Bütün bu amillər öz növbəsində,
yaşayış məskənlərinin yeni tipoloji növlərinin yaranması ilə nəticələnmişdir.
Siklop tikililərdən ibarət möhkəmləndirilmiş istehkamlı yaşayış yerləri ilk dəfə məhz bu
dövrdə yaranmağa başlamışdır.9
Tunc dövrünün son mərhələsinə aid Azərbaycan ərazisində Xocalı, Gədəbəy, Mingəçevir,
Naxçıvan, Qazax rayonu ərazilərində çoxlu yaşayış məskəni aşkar edilmişdir.
Dəmirin kəşfi ilə əlaqədar olaraq, məhsuldar qüvvələrin sonrakı inkişafı ibtidai icma quruluşunun
dağılmasına və ilk sinifli cəmiyyətin yaranmasına səbəb oldu. Dəmir alətlər meşə
sahələrini əkin üçün yararlı hala salmaq və suvarma sistemlərini genişləndirmək üçün geniş imkanlar açdı, ağacişləmə, evtikmə, nəqliyyat vasitələrinin (qayıq, araba, kirşə) inkişafına, hərbi
texnikanın təkmilləşməsinə səbəb oldu. Dəmir alətlərdən istifadənin genişlənməsi nəticəsində
məhsuldar qüvvələrin inkişafı ibtidai icma quruluşunda köklü təbəddülat yaratdı. Əmək
məhsuldarlığının yüksəlməsi nəticəsində izafi məhsul istehsalı artmış, insanın insan tərəfindən
istismarına şərait yaranmış, tayfa quruluşu sürətlə dağılmağa başlamışdı. Cəmiyyətdə ictimai
təbəqələşmə dərinləşdikcə tayfa zadəganları zəhmətkeş xalq kütləsindən ayrılır, istehsal
vasitələri hakim azlığın mülkiyyətinə çevrilirdi. Tayfaların və tayfa ittifaqlarının yaranması ilə
nəticələnən bu proses getdikcə dərinləşir, ilk dövlət qurumlarının rüşeymləri yaranırdı. Belə
şəraitdə artmaqda olan münaqişə və hücumların qarşısını almaq üçün yaşayış məskənləri təbii
istehkam və müdafiə divarları ilə əhatə olunurdu. Azərbaycanın dağlıq rayonlarında qalıqları
hələ də durmaqda olan siklop tikililəri bu ərazilərdə yarımoturaq həyat tərzi keçirən o zamanki
maldar tayfalara məxsus olmuşdu10.
Azərbaycan ərazisində qala tipli yaşayış məskənləri də məhz bu dövrdə yaranmışdır.
Azərbaycanın bir sıra bölgələrində həmin qalaların qalıqları zəmanəmizədək gəlib çatmışdır.
Sənət və ticarətin inkişafına təkan verən ilk sinifli cəmiyyətin meydana gəlməsi yaşayış
məskəninin yeni tipinin – şəhər və qəsəbə tipli məskənlərin yaranmasına əlverişli zəmin hazırlamışdır.
Azərbaycanda şəhər tipli ilk yaşayış məskənləri hələ e.ə. I minilliyin əvvəllərində meydana
gəlmişdir. Assur və Urartu mixi yazılarında e.ə. I minillikdə Mannada çoxlu şəhərlər,
habelə istehkamlı və saraylı «şah şəhərləri» olduğu barədə xəbər verilir.11
İlk dəmir dövründə Azərbaycanda kənd tipli çoxsaylı yaşayış məskənləri ilə yanaşı, birbirindən
fərqlənən müxtəlif şəhərlər: şəhər-qala, onların ətrafında əmələ gələn şəhər tipli qəsəbə
və «şah şəhərlər» (yəni paytaxt) mövcud olmuşdur. II Sarqonun (e.ə. 714-cü il) kitabələrində
Manna ərazisində İzurtu, Uşkay, Aniaştaniya, Ulxu, Tarun, Tarmagis (Təbriz) şəhər-qalaların
olduğu xəbər verilir.12
Sosial-iqtisadi inkişaf etibarı ilə öz dövrünə görə nisbətən irəlidə olan Atropatenada
şəhərsalma təcrübəsi xeyli inkişaf etmişdi. Tarixi mənbələr Qazaka, Fraaspa, Fanaspa, Anqazana
kimi bir sıra şəhərlərin adını zəmanəmizə çatdırmışdır.13 Arxeoloji tədqiqalar nəticəsində Urmiya
ətrafında bir sıra şəhər-qalaların qalıqları tapılmışdır. Həsənli və Həftəvan təpələri, Mərlikdə
aparılmış qazıntılar nəticəsində şəhər mədəniyyəti üçün səciyyəvi olan çoxlu maddi mədəniyyət
nümunəsi aşkar edilmişdir. E.ə.I minillikdə Azərbaycanın cənub əyalətlərində Ərdəbil, Qandzak,
Fraaspa (Marağa), Salmas, Nəriz, Xoy, Naksuana (Naxçıvan) şəhərləri yaranmışdır.14
E.ə. I minilliyin ikinci yarısında Azərbaycanın şimal əyalətlərində Alban dövlətinin meydana
gəlməsilə Arran və Şirvan əyalətlərində bir sıra şəhərlər yaranmışdı. Plini (I əsr) və
Ptolomey (II əsr) Albaniyanın baş şəhəri Qəbələnin (Kabalaka, Xabala) adını çəkirlər. Ptolomey
o zaman Albaniyada 29 şəhər və yaşayış məntəqəsinin olduğunu xəbər verirdi.15 Bunların arasında
Qəbələ ilə yanaşı, Kamaxiya (Şamaxı), Paytakaran (Beyləqan), Şəki, Xunan, Dərbənd və
adları xüsusi vurğulanırdı.16
Orta əsrlərdə Azərbaycanın feodal şəhərlərinin sayı daha da artmışdı. Bu şəhərlərin
çoxu sənət və ticarət bazası əsasında yaranmışdı. Azərbaycanın ilk orta əsr şəhərlərinin bir qismi
siyasi-inzibati mərkəz, böyük bir qismi isə ticarət və sənət mərkəzi kimi formalaşmışdı.
Orta əsr şəhərləri, bir qayda olaraq, istehkam səciyyəsi daşıyan mazqallı qala divarları ilə
əhatə olunurdu. Bakı, Şabran, Xunan, Bərdə, Xalxal, Gəncə, Şəmkir, Dərbənd və b. şəhərlər
buna misaldır.
İslam dininin yayılmasından sonra Azərbaycan şəhərləri qədim memarlıq xüsusiyyətlərini
saxlamaqla yanaşı, ümumislam şəhərləri görkəmi kəsb etməyə başlayır. Qədim atəşgahların,
məbəd və kilsələrin yerində məscid və minarələr ucaldılır, mədrəsə, təkyə, xanəgahlar meydana
gəlirdi. Bu dövrdə qala divarları ilə əhatə olunmuş Azərbaycan şəhərləri üç hissədən ibarət idi:
İçqala (narınqala), Şəhristan (əsilzadələrin yaşadığı hissə) və rabat (sənətkarlıq və ticarət
məhəllələri).
XI-XII əsr mənbələrində Azərbaycanda 70-dən çox şəhərin adı çəkilir.17 Böyük
şəhərlərdə 200-300 min əhali yaşayırdı. Şamaxı Şirvanşahlar, Təbriz, Naxçıvan Atabəylər,
Gəncə Şəddadilər dövlətinin mərkəzi (paytaxtı) idi.
Monqol yürüşlərinə qədər Azərbaycanın cənub əyalətlərində Təbriz, Ərdəbil, Xalxal,Marağa, Mərənd, Urmiya, Xoy, Salmas, Dəhhərqan, Zəncan, Mianə, Kağızkunan, Əhər, Sərab,
Cabravan, Cənzək, Unar, Şiz, Bəz, Uşniya, Aran, Qazaka, Kiran, Şirvanda Şamaxı, Şabran, Şarvan,
Dərbənd, Bakı, Arranda Bərdə, Gəncə, Varsan, Beyləqan, Bərzənd, Şəmkir, Naxçıvan,
Qəbələ şəhərləri xüsusilə fərqlənirdi.18
XIII əsrdə monqol istilaları nəticəsində Azərbaycan şəhərlərinin çoxu tənəzzülə uğrayır,
şəhər əhalisi xeyli azalır, köçəri təsərrüfat artmağa başlayır. Bu talançı hücumlar nəticəsində
Azərbaycanın bir sıra orta əsr şəhərləri tamamilə süquta uğrayır.
XIV əsrdən etibarən Azərbaycan şəhərləri yenidən dirçəlməyə başlayır. XV-XVI əsrlərdə
Təbriz, Gəncə, Ərəş, Ərdəbil, Culfa, Bərdə, Bakı, Naxçıvan, Marağa, Dərbənd, Şamaxı
şəhərlərində əhali xeyli artmış, sənət və ticarət canlanmışdı.
XVI əsrin sonlarında başlanan ümumi iqtisadi böhranla əlaqədar Azərbaycan şəhərləri
yenidən tənəzzülə uğrayır.
Xanlıqlar dövründə (XVIII əsrin ikinci yarısı) ölkədə hökm sürən pərakəndəlik və regionçuluğun
güclənməsi ilə əlaqədar şəhərlər arasında iqtisadi, siyasi, mədəni əlaqələr zəifləyir.
Feodal çəkişmələri və yadelli basqınlar nəticəsində bir sıra şəhərlər tənəzzülə uğrayıb dağılır.
XIX əsrdə Azərbaycanın şimal torpaqlarının Rusiyaya ilhaq edilməsindən sonra iqtisadi
və ticarət əlaqələrinin güclənməsi nəticəsində burada şəhər həyatı yenidən canlanmağa başlayır.
Xüsusilə kapitalist münasibətlərinin inkişafı Şimali Azərbaycan şəhərlərinin feodal sükunətini
pozub onların iqtisadi həyatına sənaye müəssisələrindən ibarət yeni istehsal ünsürləri daxil etmişdir.
Şəhərləri yağı hücumlarından qoruyan bürclü, mazqallı qala divarları özlərinin əməli
əhəmiyyətini itirmişdi.
Bununla belə, Azərbaycan əhalisinin az bir hissəsi kapitalist inkişafı yoluna düşmüş iri
şəhərlərdə yaşayırdı. Bu dövrdə ölkənin şəhər həyatını hələ də köhnə feodal şəhərləri müəyyən
edirdi. Sənaye istehsalı və sənaye müəssisələrindən məhrum olan, köhnə sənət və ticarət
məşğuliyyətinə malik olan xırda əyalət şəhərləri hələ də qalmaqda idi.
Əhalinin böyük əksəriyyəti kənd təsərrüfatı istehsalı ilə məşğul olmaqla, kənd və oba tipli
məskənlərdə yaşamaqda davam edirdi. Bununla belə, XIX əsrin sonu və XX əsrin əvvəllərində
Azərbaycan kəndlərinin çoxu natural təsərrüfat qapalılığından ayrılıb əmtəə istehsalına başlamışdı.
Ona görə də bu kəndlər əmtəə-pul münasibətlərinə qoşulmuş yeni yaşayış məskənləri
idi. Bu məskənlərdə sosial təbəqələşmə dərinləşdikcə kənd icmaları daxilində qolçomaq və muzdur
təbəqələrinin sayı artır, icma torpaqlarının alınıb-satılması, qolçomaqlar tərəfindən onların
zəbt edilməsi faktları çoxalırdı. Bütün bu proseslər köhə feodal kəndlərinin sosial quruluşuna və
zahiri simasına, evlərin memarlıq görkəminə təsir göstərməmiş deyildi.
Azərbaycan kəndində sosialist istehsal münasibətlərinin bərqərar olması, icma torpaqları
üzərində dövlət mülkiyyətinin yaranması və ictimai təsərrüfatların meydana gəlməsi nəticə
etibarilə torpaqların sahibsizləşməsinə, özünün əsil becərənindən məhrum olmasına gətirib çıxarmışdır.
Sosialist ictimai mülkiyyətinə əsaslanan kolxoz kəndləri və sovxoz qəsəbələrinin
sakinləri sabiq kənd icmalarından fərqli olaraq, torpaq mülkiyyətindən felən məhrum olmaqla,
onun işçi qüvvəsinə, mülkiyyətsiz istehsalçısına çevrilmişdir.
Bütün bunlara baxmayaraq, sosialist kəndinin böyük bir qisminin memarlıq tərkibi bir
sıra yeni istehsal qurğuları və ictimai binalar (kolxoz və ya sovxoz idarəsi, kənd soveti, klub, kitabxana,
qiraətxana, məktəb, uşaq bağçası, dükan, feldşer, həkim-tibb məntəqəsi və s.) ilə
zənginləşmişdir.
Sovet hakimiyyəti illərində kəndlərin simasını müəyyənləşdirən yaşayış evi və fərdi
kəndli həyətlərində ciddi dəyişiklik baş vermiş, yaraşıqlı, memarlıq görkəmi diqqəti cəlb edən
müasir, yaşayış binaları inşa olunmuşdur. Bu baxımdan müasir Azərbaycan kəndi qabaqcıl kapitalist
ölkələrinin kənd tipli yaşayış məskənlərindən az fərqlənirdi. Başlıca fərq kəndli
təsərrüfatlarının xarakterində, məskənlərin plan quruluşunda və abadlığında nəzərə çarpırdı.
Azərbaycanda ənənəvi yaşayış məskənlərinin tarixən təşəkkül tapmış əlahiddə bir qrupunu
mövsümi məskənlər təşkil etmişdir. Müvəqqəti səciyyə daşıyan mövsümi məskənlər tarixi
inkişafın sonrakı mərhələlərində, heyvandarlıq təsərrüfatının inkişaf edib xüsusi forma kəsb
etməsi ilə əlaqədar olaraq meydana gəlmişdir. Azərbaycanda onlar elat məskənləri (oba, binə,
yataq, qışlaq və s.) formasında təzahür etmişdir. Bunlardan əlavə, Azərbaycanda, xüsusilə, Abşeron yarımadasında mövsümi məskənlərin şəhərətrafı bağlar olmaqla xüsusi bir növü də təşəkkül
tapmışdır. Bağ tipli məskənlərin yaranmasında təsərrüfat məşğuliyyətindən daha çox iqlim
amilləri başlıca rol oynamışdır. Bir qayda olaraq, yay mövsümündə kapitalist Bakısının imkanlı
ailələri Abşeron kəndləri yaxınlığındakı bağ evlərinə köçürdülər. Belə evlər geniş yaşayış massivini
təşkil edirdi. Bu mənada Abşeronda bağ evlərinin salındığı yaşayış massivləri tipoloji
cəhətdən müvəqqəti yaşayış məskəni səciyyəsi daşıyırdı. Belə məskən tipləri Böyük və Kiçik
Qafqaz yaylalarında daha geniş yayılmışdı.
İnsan məskənləri ilk növbədə təbii-coğrafi şəraitlə üzvi surətdə bağlı olsa da, zaman
keçdikcə sosial-iqtisadi amillərin təsiri ilə inkişaf edərək, müəyyən tipoloji dəyişmələrə məruz
qalmışdır. Ona görə də hər bir məhəlli məskunlaşma bölgəsinin sosial-iqtisadi inkişaf
səviyyəsindən asılı olaraq məskən növləri təşəkkül tapmışdır.
Mövsümü məskənlərin tipik nümunəsi olan şəhərətrafı bağ kəndlərinə köçmə ənənəsi,
Abşeron bölgəsində Sovet hakimiyyəti illərində də davam etdirilmişdir. Bu xüsusilə, Bakı əhalisi
üçün daha çox səciyyəvi hal almışdır. Ənənə olaraq, yayda Bakının bürkülü havasından qorunmaq
üçün əhalinin xeyli qismi «bağ» adlanan dənizkənarı kəndlərə köçür və isti yay mövsümünü
«bağ evləri»ndə keçirirdi. Havalar sərinləşib soyuqlar başlayanda bağ evlərinin sakinləri onu tərk
edirdilər. Küləkdöyən balaxanıya malik bu mafraq divarlı evlər, daşqura barı ilə əhatələnirdi.
Meynə və meyvə bağlarının kölgəli şəraitində yaşayış üçün əlverişli olan sərinlik yaradırdı. Bağ
mövsümü başa çatandan sonra əhali bağları tərk edib, şəhərə köçürdü.
Müvəqqəti səciyyəli mövsümi məskənlərin Azərbaycanda geniş yayılmış növü maldar
(köçəbə) elat əhalisinə məxsus poligen səciyyəli oba və binə tipli məskənlər olmuşdur. Etnoqrafik
faktlardan göründüyü kimi, yüngül çubuq konstruksiyalı alaçıqlardan ibarət olan oba tipli
elat məskənləri mövsümi səciyyə daşımışdır. Elat (köçəbə) əhalisi qışlaqlardan yaylaqlara doğru
və əksinə hərəkət etdikcə yol boyunca yığma-sökmə inşaat ünsürlərinə malik alaçıqlar tikməklə
köç düşərgələri salırdı. Yazdaq və ya küzdək düşərgəsi kimi səciyyələndirilən bu müvəqqəti
məskənlər köç yolları boyunca tədricən öz yerini dəyişirdi. Bundan fərqli olaraq, qışlaq tipli
məskənlər sabit yaşayış evi (külfət qazması, gəmrə, aradoldurma, çubuq-çitəmə ev) və təsərrüfat
tikililərinə (pəyə, mal gəmrəsi, qoyun qazması, banıstan, küz, samanlıq, anbar, quraqlıq, vana,
kəriskə, təndirxana və s.) malik olurdu.
Adları çəkilən müvəqqəti səciyyəli məskən növləri köçəbə məişət tərzi keçirən maldar
elat əhalisinə məxsus olub, sonralar oturaqlaşma prosesinin güclənməsi nəticəsində onların
əsasında bir sıra törəmə kəndlər yaranmışdır. Həm də törəmə kəndlər bilavasitə qışlaqlardakı
binə, qazma, oba və ya yataqlar əsasında əmələ gəlirdi. Bunun səbəbi isə, hər şeydən öncə, qışlaqlardakı
təsərrüfat üçün yararlı daimi torpaq fonduna – əkin və hənd sahələrinə malik olması
ilə izah edilir.
Şəhər, qəsəbə və kəndlərdən ibarət olan daimi məskən tipləri böyük təkamül yolu
keçmişdir. Bu məskənlər ailə vahidlərinin sayına görə böyük, orta və kiçik olmaqla üç qrupa
bölünürdü. Daimi məskənlər arasında say etibarilə 50-60 ailədən ibarət orta kəndlər çoxluq təşkil
etmişdir.
Coğrafi yerləşmə mövqeyinə görə, əkinçi (rəncbər) və maldar əhaliyə məxsus dağ,
dağətəyi (yayla) və aran (düzən, küdrü) kəndləri bir-birindən fərqlənmişdir. Coğrafi vəziyyətinə
görə, kənd tipli məskənlərin sahilboyu (dəniz, çay, arx kənarı), yamac, meşəiçi (tala), dərəboyu,
vadi, küdrü və s. olmaqla müxtəlif tipoloji növləri yaranmışdır.
Dağ kəndlərinin təsərrüfat həyatında tarixən maldarlıq məşğuliyyəti üstün yer tutmuşdur.
Əsrlər boyu maldarlıq təsərrüfatının ekstensiv səciyyə daşıması üzündən bu kəndlərin əhalisinin
bir qismi kənddən kənara, mövsümü iş dalınca miqrasiya etməli olmuşdur. Daxili miqrasiya,
əsasən, dağ-aran istiqamətində baş verdiyindən dağ kəndlərinin «artıq» əhalisi qışlaqlarda daimi
məskunlaşırdı.
Təsərrüfat məişətinin səciyyəsindən asılı olaraq kənd tipli məskənlər əkinçi-rəncbər, elat
və vətəğə kəndlərinə ayrılırdı. Bununla belə, Azərbaycanda qatışıq səciyyəli əkinçi-maldar
kəndlər bütün tarixi dövrlərdə üstünlük təşkil etmişdir. Qatışıq kəndlərin səciyyəvi bir
xüsusiyyəti də törəmə məskən tipləri olan oba, binə, yataq, qışlaq əmələ gətirmələri olmuşdur.
Zaman keçdikcə, əlverişli şərait yetişdikcə bu müvəqqəti, yaxud mövsümi məskənlərin bir çoxu daimi kəndlərə çevrilirdi. Quba bölgəsində dağ kəndlərinin, xüsusilə Şahdağ ətrafındakı
kəndlərin əhalisi tarixən heyvan sürülərini qış otlaqlarında bəsləmək üçün Müşkür və Şabran
düzlərində «yataq» adlanan çoxsaylı qışlaqlara malik idi. Sonralar bunların bir çoxu müstəqil
kənd icmalarına çevrilmişdi. Alazan vadisindəki muğal, avar, ingiloy, saxurlara məxsus
kəndlərdə binə təsərrüfat formasının geniş yayılması nəticəsində ətraf meşələrdə bir sıra
«törəmə» kəndlərin salınmışdır.
Yeni tip törəmə məskənlər, habelə karvan yolları üzərindəki karvansaralar, XIX əsrin
sonlarından isə poçt və dəmir yolları üzərindəki dayanacaqlar, yaxud dənizboyu vətəgələr
əsasında da yaranırdı.
Beləliklə, Azərbaycanın ənənəvi yaşayış məskənlərinin təkamül yoluna nəzər saldıqda
aydın olur ki, burada hər bir tarixi dövrün sosial-iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq aşağıdakı
məskən tipləri formalaşmışdır: mağara düşərgələri, qayaarası yarıq və qayaaltı oyuqlardan
ibarət sığınacaqlar, açıq düşərgələr, qalalar, qalaçalar (siklop tikililəri), qəsrlər, kəndlər, elat
obaları (binə, yataq, sığırxana, qışlaq), qəsəbə və şəhərlər. Bütün bunlardan əlavə, Abşeronda
«bağlar» adı ilə bəlli olan mövsümi məskən növləri də mövcud olmuşdur.
Bunların bir qismi ibtidai icma quruluşunun ilk mərhələləri üçün səciyyəvi olub genetik
cəhətdən monogen səciyyə daşımışdır. Məskunlaşmanın ilk mərhələsi üçün səciyyəvi olan təbii
mağara, qayaaltı sığınacaq və açıq düşərgələr hələ daimi yaşayış məskəni səciyyəsi daşımırdı.
Mövsümi səciyyə daşıyan bu məskənlərin sakinləri tez-tez dəyişə bilirdi. İbtidai insanların ilk
məşğuliyyət növü olan yığıcılıq və ovçuluq təsərrüfatları mahiyyət etibarı ilə daimi
məskunlaşmanı istisna edirdi. Bu və ya digər ərazidə qida məhsulları tükəndikcə insanlar yeni
«xam ovlaq sahələri» axtarmaq məcburiyyətində qalır və bu səbəbdən də yaşayış yerlərini tez-tez
dəyişməli olurdular. Yığıcılıq və ovçuluq hakim mövqe tutduğu mənimsəmə təsərrüfatı dövründə
ana ətrafında cəmləşmiş nəsli icmalardan ibarət qəbilə məskənləri yeganə məskən tipi olmuşdur.
Süni tikililərdən ibarət oturaq tipli ilk daimi yaşayış məskəni olan qəbilə kəndləri istehsal
təsərrüfatına keçilməsi ilə əlaqədar olaraq, insanların əkinçilik və maldarlıq üçün yararlı olan
müəyyən torpaq sahələrinə bağlanması nəticəsində meydana gəlmişdir. Arxeoloji qazıntılar
nəticəsində Azərbaycan ərazisində aşkar neolit və eneolit məskənləri kiçik qəbilə
məskənlərindən ibarət olub, qan qohumlarından ibarət monogen səciyyə daşımışdır.
Nəsli icmanın zəifləməsi ilə əlaqədar patriarxal qəbilə məskənləri kimi təşəkkül tapan
icma kəndləri tunc və ilk dəmir dövründə özlərinin monogen səciyyəsini hələ də saxlamışdılar.
Bu tip məskənlər yenə də qan qohumluğuna əsaslanırdı. Lakin tunc dövründən etibarən
sənətkarlığın inkişafı ilə əlaqədar olaraq, ictimai əmək bölgüsünün dərinləşməsi, sənətkarlığın
əkinçilik və maldarlıqdan ayrılması qonşuluq icmasının meydana gəlməsinə sosial-iqtisadi zəmin
yaratmışdır. Qonşuluq prinsipi əsasında təşəkkül tapmış, yaxud tədricən özünün monogen
səciyyəsini dəyişib poligen tərkibə malik məskənlərin meydana gəlməsində müxtəlif miqrasiyalar
da mühüm rol oynamışdır.
Sinifli cəmiyyətin və dövlətin yaranması ərəfəsində Azərbaycan ərazisində iri tayfa ittifaqları
meydana çıxmışdı. Tayfalararası mübarizə və çəkişmələr yaşayış məskənlərinin
möhkəmləndirilməsini, çətin keçidli yerlərdə salınmasını, təbii istehkamlardan məharətlə istifadə
olunmasını tələb edirdi. Kiçik Qafqaz dağlarında aşkar olunmuş bir sıra qala və qalaçalar, siklop
tikililəri məhz həmin tarixi şəraitin məhsulu idi. İlk sinifli cəmiyyət dövründə xarici təhlükə amili
sovuşmadığından, basqın və hücumlara məruz qalmaq təhlükəsi hələ də qalırdı. Belə şəraitdə
şəhərlərin, o cümlədən mərkəz və paytaxt əhəmiyyətli şəhərlərin ətrafına istehkam səciyyəli
«qala-barı» adlanan bürclü və mazqallı möhtəşəm müdafiə divarları çəkilirdi. Məskənlərin
istehkamlı qala divarları ilə əhatə olunması ənənəsi sonralar da, xüsusilə bütün orta əsrlər boyu
davam etmişdir.
Orta əsrlərdə Azərbaycanda məskunlaşmanın səciyyəsini təkcə qala divarları ilə əhatə olunmuş
feodal şəhərləri deyil,patriarxal məskənlər, başqa sözlə, qan qohumluğuna əsaslanan çoxsaylı
monogen məskənlər və qonşuluq prinsipi əsasında təşkil olunmuş poligen kəndlər müəyyən
edirdi.
Feodalizm dövründə Azərbaycanın yaşayış məskənlərinin ümumi kütləsində müvəqqəti
səciyyə daşıyan oba tipli monogen məskənlər də xüsusi yer tuturdu.