12.10.2013

Hindistan mədəniyyəti


Dünyanın ən qədim ölkələrindən biri olan Hindistan ən qədim sivilizasiyaların önündə gedərək zəngin tarixi-
mədəni irsə malikdir. Qədim sivilizasiya ərzində əldə etdiyi zəngin mədəni irs ərəb və iran xalqlarına, sonra
isə Avropaya əhəmiyyətli şəkildə təsir göstərib. Qədim hind alimlərinin dünya elmində çox böyük bəşəri
əhəmiyyət kəsb edən kəşf və nailiyyətləri olmuşdur. "Sıfır" anlayışı və 10-luq say sisteminin müəllifi hesab olunan hind alimləri çox da böyük olmayan xətalarla Yerin Ay və Günəşlə olan məsafəsini, Yerin radiusunu və
digər astronomik, elmi kəşflər etmişlər. Artıq hind sivilizasiyası dövründə (b.e.ə. III minillikdə) onlar şəhərlərin planlaşdırılması, monumental tikililərin qurulmasında uğurlar əldə etmiş, uzunluq ölçüsü və çəki sistemindən istifadə etmişlər.




Hindistanda ilk dövlətlərin təşəkkülü, formalaşması bir sıra imperiyaların – Mauri, Quptların hökmranlığı
zamanı bəşəriyyət tarixində sivilizasiyanın inkişafı ilə müşahidə edilirdi. Məhz həmin dövrdə elm, incəsənət, din öz çiçəklənmə prosesini keçirmişdi. Bu ölkənin tərəqqisi dünya fatehlərinin - Makedoniyalı İskəndərdən tutmuş əfqan və türk xanlarının ciddi marağına səbəb olmuşdur. İslam hakimlərinin XI əsrdən başlayan Əfqanıstan və İrana olan hücumları bir əsrdən sonra hind raclarının (ölkənin şimalında) məğlubiyyəti ilə nəticələndi ki, sonralar bu, cənubdan başqa, demək olar ki, bütün ölkənin müsəlmanların əsarətinə keçməsilə nəticələndi. Sözsüz ki,bu əsarət və müstəmləkəçilik hind mədəniyyət və incəsənətinə də öz güclü təsirini göstərdi.
Hindistanda dünyanın bütün dinləri – induizm, islam, xristianlıq, buddizm, zərdüştlük mövcud olmuşdur.
Lakin Qədim Hindistanın «öz» dinləri də mövcud olmuşdu ki, bunlara çaynizm və sikhizm aiddir. Bunlar hind mədəniyyətinin rəngarəngliyinə ciddi təsir göstərmişdi. Hazırda Hindistanda əhalinin 80%-i induizmə etiqad edir ki, bu da ölkənin ən qədim dinlərindən biri hesab olunur. O ilk dəfə vedlərin dini kimi (vedizm) təzahür tapmışdır.

Bu din, ilk müstəqil fəlsəfi sistem kimi b.e.ə. I minillikdə təşəkkül tapmışdı. Onun gələcəkdə dini istiqamətlərin müəyyənləşməsində böyük rolu oldu. Vedizm üçün politeizm (çoxallahlılıq) xarakterik idi. Onun əsas allahları günəş allahı Surya, səhər şəfəqi Uşas, dünyanın sahmançısı Varuna, od allahı Aqni, ildırım allahı
İndra, külək allahı Vayu, qasırğa allahı Rudra və s. idi.
Vedanın son dövrünə üç əsas allah – Brahma, Vişna, İşva aiddir. Sonralar bunlar trimurti vahid triadasına çevrildi.Bu dinin əsas etiqadlarından birinə qurbanvermə ayini aid edilir. Bu isə, sonralar kahinlərin (brahman)
yaranmasına səbəb oldu. Kahinlər qurbankəsmə ritualını həyata keçirənlərdir. Beləliklə, induizmin dini əqidəsi vedizm və brahmanizm ehramlarının təkamülü nəticəsində inkişaf etmişdi. İnduizm özündə veda inanclarına geniş yer verərək müqəddəs heyvan, təbiət, əcdadların ruhuna sitayişə başlıca yer verirdi. İnduizm ruhun əbədiliyi və ölməzliyinə inanır.

Qədim Hindistan mədəniyyəti ( b.e.ə. IV minilliyin ortaları- b.e.-nın VI əsri) dünyanın ən ünikal və
nəhəng sənət məbədlərindən biri hesab edilir.
Qədim Hindistan tarixi yazılı və arxeoloji mənbələr əsasında öyrənilir. Bu dövrün tarixini əks etdirən
yazılı mənbələr çox məhduddur. Bu qədim ölkə və dövlətin tarixini öyrədən mənbələr Hindistanın həmin tarixi ərzində mədəniyyətinin bir neçə səviyyədə olmasını göstərir. Məsələn, qədim Hindistanda Harappa mədəniyyəti kimi böyük bir mədəni sivlizasiyanın olduğu sübuta yetirilir. XX əsrin 20-ci illərində ingilis alimlərinin arxeoloji tapıntıları Harappa rayonunda e.ə. IV minillik və II minilliyin ortalarına təsadüf edən mədəniyyəti, Mohenco-Daro və s. aşkar etmişlər. Şəhər tipli tapıntılar ibtidai sivilizasiya tarixinin b.e.ə. III-II minilliyə aid olduğunu göstərir.Şəhərtipli məskunlaşma sivil qaydalara tam cavab verir: düz küçələrdə ciddi perpendikulyar formada planlaşdırılan 2 mərtəbəli kərpic evlər; evlərin künclərinin dövrəyə alınması (güman edilir ki, insan və yüklərin daşınmasına mane olmamaq şərtinə əməl etmək üçün) kanalizasiya sistemi üçün keramik boruların tətbiqi və s.yüksək mədəni tərəqqidən xəbər verir.Çoxsaylı arxeoloji tapıntılar Harappa mədəniyyətinin b.e.ə. III-II minilliyin ortalarına aid olduğunu sübut edir. Bu dövrdə metalların aşılanması, torpaq işi təkmilləşdirilir, bir çox peşələr haqqında biliklər inkişaf etdirilir.Bunların içərisində daş, mis, bürünc alətlər və silahlar (bıçaq, balta, oraq, mişar və s.), zərgərlik nümunələri(bəzək əşyaları, ilahə fiqurları, amuletlər və s.) xüsusi yer tutur. Oyun komplektləri - şahmat, dama, dulusçuluq sənətkarlığı nümunələri və onların hazırlanması üçün xüsusi sobalar və s. arxeloji qazıntılar zamanı əldə olunub.Harappa və Mohenco-Daroda 400-ə yaxın piktoqrafiya (təsvirli yazı) yazı nümunələri tapılmışdır. Mağara təsvirləri, ov səhnələrini əks etdirən rəsmlər də bu dövrün sənət nümunələridir. İlahə və allahların təsvirlərini əks etdirən rəsmlər də aşkar edilmişdir.B.e.ə. II minilliyin I yarısında Harappa mədəniyyətinin tədricən süqutu özünü göstərir və minilliyin ortalarında bu tamamilə itir. Geoloji tədqiqatların nəticəsi belə bir məhv olmanın səbəblərini təbii fəlakətlərlə –dəhşətli zəlzələ, Hind çayının öz məcrasını dəyişməsi və s. ilə izah etməyə imkan verir. Digər fərziyyələr də özünü doğrultmağa çalışır: bəzi tayfaların hakimiyyətdə olması və mədəniyyətin aşağı səviyyədə inkişafına şərait yaratması. Lakin bütün bu fərziyyələrə baxmayaraq, belə bir fikir özünü doğruldur ki, Harappa mədəniyyəti ölkənin sonrakı mədəni inkişafı üçün əsas baza oldu.Fərziyyələrin birini b.e.ə. II minilliyin ortalarında şimaldan Hindistanın şərq və cənub istiqamətlərinə doğru hind- avropa dillərində danışan arilərin gəlməsi fikri təşkil edir. Heyvandarlıqla məşğul olan bu tərəkəmələr uzun müddət öz ənənələrini qoruyub saxlamışlar. Sonralar öz əmək fəaliyyətlərində arilərin torpaqla məşğuliyyəti başlıca yer tutur. Bu əhali, ilk növbədə kənd sakinləri idi. Böyük mərkəzi şəhərlər yox dərəcəsində idi. Dülgərlik, toxuculuq, dəmirçilik, dulusçuluq geniş yayılmış peşə sahələri idi. Pul funksiyası heyvanlar (inəklər) vasitəsilə yerinə yetirilirdi.
Din, fəlsəfə, dünyanı dərketmə və öyrənmə sahəsi üzrə aparıcı istiqamətlərdən birini mənəvi mədəniyyət
abidələri təşkil edirdi. Vedalar deyilən (hərfi mənası - bilik) mənbələrdə dini təsəvvür və görüşlər öz əksini
tapmışdır. Vedalar b.e.ə. II minilliyin sonu - I minilliyin əvvəlinə aid edilir. Bunlar san-skritlə yazılmış hərbi,
hakimiyyət uğrunda mübarizə, yaradıcı əmək mövzularına həsr edilmişdir.

«Müqəddəs bilik» sistemi kimi Vedalar induizmin əsas müqəddəs kitabı hesab edilməklə Qədim hind
mədəniyyətinə yeni bir cığır - veda mədəniyyəti kimi daxil olmuşdur. Onun əsasını 4 toplu təşkil edir: Riq-Veda(himnlər kitabı), Sama-Veda (ritual və mahnı toplusu), Yadcur-Veda (qurbanvermə zamanı dua formulları),Atharva-Veda (mahnı və nəğmə, qarğışlar). Dini aspektləri ilə yanaşı Vedalarda təmsil, nağıl, satiralar da mövcuddur. Erkən vaxtlarda Vedalar şifahi yolla nəsildən-nəsilə ötürülür, sonralar kahinlər onları qeydə
almışdı. Bu zaman hər bir Veda ənənəvi təfsirə - Brahmana mənsub olmuşdu.
Daha sonralar veda ədəbiyyatının dini-fəlsəfi təfsiri – Upanişad və Aranyaki formasında əks olunur. Bunlar
veda teologiyasının müxtəlif sahələrinə həsr olunmuşdur. Upanişada bir qayda olaraq öyüd-nəsihətlər daxil idi ki, onu da müxtəlif filosoflar yazmışlar. Aranyaklar - Brahman və Upanişadlar arasında əlaqəni möhkəmləndirən mənbə rolunu oynayır. Beləliklə, veda ədəbiyyatını vedalar (samhitlər) tərtib etmiş, izahını isə brahman, upanişad, aranyaklar aparmışlar.

Qədim hind-veda mədəniyyətində epik poemalar – «Mahabharata» («Bharat nəslinin böyük müharibəsi»)
və «Ramayana» («Ramanın qəhrəmanlıqları haqqında hekayələr») mühüm yer tutur. Poemaların mətnləri b.e.ə.
I minilliyin II yarısında reallaşdırılmışdır. Hər iki poema müqəddəs kitablar hesab edilərək hər hansı bir
münaqişədə, dini, fəlsəfi və əxlaqi məsələlərin həllində istifadə edilirdi. Buradakı fantastik səhnələr bir-birini
qədim hindlilərin həyat tərzindən olan səhnələrlə əvəz edir. Bu əsərlərin qəhrəmanları Krişna və Rama hind dini
panteonuna Vişna allahının təcəssümü kimi daxil olmuşdur. Sonralar Konfutsi, Aristotel, Kant və d. əsərlərində səslənən «Özünə məsləhət bilmədiyini başqasına da bilmə» fikri ilk dəfə bu poemalarda səslənmişdi. Həqiqətən də Veda, Mahabharata və Ramayana hind xalq müdrikliyinin əsil ensiklopediyası hesab edilməlidir.
Veda ədəbiyyatı dövrün bir sıra elm sahələri haqqında zəngin məlumat verir. Bunlara torpaqşünaslıq
(gübrə, toxumsəpmə, ipəkçilik, bitki zərərvericiləri və s.), tibb (xəstəliklərin siyahısı, onların əlamətləri, 760-a
yaxın müalicə qaydaları, anatomiya, patologiya, terapiya və s.), həndəsə, peşə, hərbi texnika, astronomiya və s.
aiddir.
Veda tədqiqatçıları veda allahlarının bir-birilə əlaqəsi, qarşılıqlı vəhdəti sistemini əks etdirən mənzərə yarada
bilməmişlər. Buradakı allahlar təkrarlanmış allahların əlamət və xüsusiyyətlərini özündə əks etdirir.
Vedalarda dünyanın yaranması haqqında fikir çox dumanlıdır. Burada onun yaradılması bəzən heçdən,
bəzən də mingözlü, minayaqlı, minbaşlı ilk insan Puruşa (allah tərəfindən hissələrə ayrılmış) tərəfindən
yaranması söylənilir. Ölümün ardınca, arilərin ölüm dünyasının allahı hesab etdikləri Yama hakimlik edir.
Hindlilərin ən qədim ibtidai dini adətlərindən birini pirlərdə qurbanvermə mərasimləri təşkil edir.
Artıq b.e.ə. I minilliyin əvvəllərində Hindli arilər oturaq həyat tərzinə keçdilər. Çoxsaylı knyazlıqların öz
aralarındakı didişmələri adi hala çevrildi. Veda dinindəki ayinlərin mürəkkəbləşməsi kahin-brahmanların nüfuz
və rolunu gücləndirdi. Allahlar panteonunun tərkib və xarakteri dəyişdi. Bu zaman yeni bir dini cərəyan – brahmanizm formalaşmağa başlayırdı.
Həmin dinin nəzəriyyəsinə görə Brahma geniş okeanda üzən qızıl yumurtadan yaranmışdır. Onun düşüncə
gücü yumurtanı iki hissəyə – Səma və Yerə bölür. Həyatın yaranma prosesində bəzi məqamlar (su, od, torpaq,hava, efir), allah, ulduz, zaman, relyef və s. yaranır. İnsanlar kişi və qadın başlanğıclarında formalaşır və onların əksi olan bitki və heyvan aləmi yaranmağa başlayır.
Brahmanizmə keçid hələ də allahların vahid iyerarxiyasını üzə çıxara bilməmişdi. Şiva Allahı müxtəlif
xarakterli dini əqidələri birləşdirir. Vişna Allahı yer üzərində olanların mühafizəçisi kimi qəbul edilir. Brahmanizmin başlıca elementlərindən birini sansara (ruhun insan bədənində təcəssümü) yenidəndoğulma nəzəriyyəsitəşkil edir; bu təlimə görə ölüm nəticəsində insanın ruhu başqa bir yeni cismə köçür (insana, heyvana, bitkiyə,Allaha). Bu təcəssüm zənciri sonsuz olub, insan taleyindən-karmadan (davranış) asılıdır.İlk quldarlıq dövlətlərinin formalaşması insanların hüquq, vəzifə, ictimai vəziyyətlərinə görə ayrı-ayrı
qruplara – varnalara (keyfiyyət, rəng) bölünməsinə səbəb oldu. İki mühüm imtiyazlı varna mövcud idi – brahman
(kahin) və kşatri (hərbi zümrə, şah, knyaz). Kənd təsərrüfatı, peşə, ticarət ilə məşğul olan digər kütlə xarakterli varna isə vayşilər, lap aşağı səviyyəli varna-şudrlar idi. Bura tabe olan kütlə aid idi.
Cəmiyyətin varnalara bölünməsi «Manu Qanunu»nun yaranmasına səbəb oldu ki, burada hər bir varna
nümayəndələrinin hüquq və vəzifələri əks olunurdu.
Mahadha-Mauri dövrü
Qədim hind mədəniyyətində Mahadha-Mauri dövrünün də çox böyük mədəni əhəmiyyəti olmuşdur. Bu
dövr b.e.ə. IV-II əsrləri əks etdirən tarixdir ki, bu zaman Qanq çayı ətrafında mövcud olan quldar dövlətlərindən
biri Mahadhaya Mauri sülaləsi hakimlik etmiş və böyük mədəni tərəqqisi ilə nəinki Hindistanda, bütün Şərq
aləmində tanınmışdır. Çaynizm tərəfdarları dərvişlik edərək buna hər cür karmalardan azad olmanın və nirvanaya çatmanın yolu kimi yanaşırdılar. Çaynizm brahman allahlarının panteonunu rədd edirdi. Çaynizm ruhun əbədiliyini qəbul edir və nirvananı əbədi həzz kimi təzahür etdirir. Bu dini cərəyanda şər-axmaq həyat, dərvişlik– həqiqi dini qəhrəmanlıq kimi dərk edilir.
Maurilərin görkəmli şahı olan Aşoka (b.e.ə. 273-232) buddizmi dövlət dini elan etmişdir. Həmin dinə
sitayişlə əlaqədar bir çox kilsə, çoxsaylı məbəd, monarx birlikləri yaradılmışdı.
Bir çox ədəbi və təsviri mənbələr həmin dövrün yüksək memarlıq və təsviri sənətindən xəbər verir.
Xüsusilə, dini memarlıqda türbə, monastır, məbədlər özünəməxsus yer tutmuşdur. Təkcə Aşokanın hakimiyyəti dövründə 80 min türbə inşa edilmişdir. Bu dövrdə tikilən yarımdairəvi türbələrin yuxarısında dəfn üçün yer  ayrılıb.
Memarlıq və digər sənət elementlərinə görə Aşokanın sarayı da məftunedici idi. Həmin saray ağac
memarlığı ilə özünün yüksək səviyyəsini nümayiş etdirib.
Kuşan-Qupt dövrü.
Maurilərin ardınca Kuşanlar sülaləsi (b.e-nın I-III əsrləri) qədim Hindistanın tərəqqisini yüksəklərə
qaldırdı. Xüsusilə, Kanişkinin hakimiyyəti dövrü (b.e. 78-123) buraya aid edilir. B.e-nın I-III əsrlərində handhar
incəsənət məktəbi mühüm yer tutdu. Bu məktəbdə Şimali Hindistan, Orta Asiya, Yunan-Roma məktəbinin
ənənələri üstünlük təşkil edirdi. Bu məktəbin özüməxsusluğu Buddanın ideallaşdırılmış gözəl insan obrazında antropomorf təsvirdə verilməsi ilə izah edilir.
Kuşan hökmranlığından sonra Quptlar sülaləsinin hakimiyyəti dövrü başladı ki, onun da əsasını rac Çandraqupt(b.e-nın 320-330) qoydu. Bu dövrdə maddi mədəniyyət yüksək inkişaf əldə etdi. Torpaq təsərrüfatı inkişaf edir:toxumların yeni təsnifat yaranır, kübrələrin geniş tətbiqinə yer verilir, ipəkçilik tərəqqi edir.
İpək və pambıq parçaların əldə edilməsi və onların bəzədilməsinə xüsusi diqqət yetirilir. Misdən (tondan
artıq) hazırlanmış Buddanın heykəlinin uzunluğu 2 metrə yaxın idi.
Binaların daşdan tikilməsində irəliləyiş əldə edilir. Mürəkkəb ölçmə işləri aparılan mağara məbədləri diqqəti
cəlb edir. Bu cür tikililər çoxlu sayda insan əməyini tələb edirdi. Həmin tikililərin bir cəhəti də onunla izah edilirdi ki,burada ayrı-ayrı sənətkarlar – daş yonanlar, cilalayanların ustalığı tikililərin gözəlliyini artırırdı.
Qupt incəsənətinin zənginliyi və əlvanlığını heykəltəraşlıqdakı müxtəliflik, mağara və Açant
məbədləririndəki fasad və divarlardakı təsvirlərdən görmək mümkündür. 30-a yaxın mağarada monumental
rəngkarlıq nümayiş etdirilmişdir. Bu təsvirlərdə xalq həyatının səhnləri, Budda həyatından müxtəlif süjetlər,
rəngarəng bəzəklər, təbiət gözəllikləri üstünlük təşkil edir.
Quptların dövründə inkişaf etmiş sahələrdən biri də elm idi. Xüsusilə astronomiyanın inkişafı bir sıra
məqamlarda özünü təzahır etdirirdi. Yerin kürə şəklində olması haqqında ideyalar səslənməkdə idi. Səma ekvatoruna görə göy cisimlərinin hərəkəti haqqında cədvəllərin tərtibinə geniş yer verilirdi.
Qədim hind riyaziyyatçıları dünya elminə əsaslı tövhələr vermişlər. Məhz Qədim Hindistanda rəqəmlərin
sıfırdan başlamaqla 10-luq say sistemi tərtib olunmuşdu.
Kimya və tibb ilə məşğul olma dini-praktiki xarakter daşıyırdı. Qədim hindlilərə metalların termik
aşılanması üsulu məlum idi. Dini səciyyəyə əsasən xəstəliklərin mənbəyi günahla izah edilirdi, lakin diaqnostika,müalicə üsulları haqqında qədim hindli həkimlər bəşəri irəliləyişlər etmişlər. Görkəmli həkimlər Çavaka(b.e.ə. V-IV əsr), Çaraka (e.ə-nın I əsr) cərrahiyyə əməliyyatları zamanı keyləşdirmə üsulunu tətbiq etmiş, 200-dən artıq tibbi alətdən istifadə etmişlər.
Bu qısa məlumatlardan bir daha aydın olur ki, qədim Hindistan ilk sivilizasiyaların beşiklərindən biri
olmuşdur.
Buddizm induizmin müxalifət qolunu təşkil edərək cəmiyyətin varnalara bölünməsinə qarşı çıxış edir. Bu
din b.e.ə. VI-V əsrlərdə təşəkkül tapmışdır. Onun banisi xırda knyazlığın hakimi, real şəxs kimi tanınan
Siddşartha Qautamadır. Bu din insanların anadan olandan bərabərliyinə tərəfdar olduğuna görə öz ətrafında aşağı təbəqənin nümayəndələrini toalaya bilmişdi. Buddizmin mərkəzində " 4 xeyirxah əməl-həqiqət" başlıca yer tutur: əzab, əzabın səbəbi, əzabdan qurtuluş, qurtuluşun əsas yolları.
Əvvəldən buddizm yekcins din deyildir. Onun tərkibində sekta və cərəyanların mübarizəsi başlıca yer tuturdu.
Bu dində əsas istiqamətləri Hinayana ("dar yol") və Mohayana ("geniş yol") təşkil edir. Bunların başlıca
fərqi ondan ibarət idi ki, əgər Hinayanada xoşbəxtliyə çatmanın (nirvana) əsas yolu fərdi cəhdlərdirsə, mahayanada xoşbəxtliyə çatma dini ənənələrə riayət edilməklə görülür. Bir çox səbəblərə görə buddizm Hindistanda tam möhkəmlənmədiyinə görə öz yerini induizmə verdi. Hazırda bu ölkədə 6 milyon buddaçı var.
Çaynizm buddizmdən öncə təşəkkül tapmışdır. Bu dinin tərəfdarları özlərini çaynlar, ardıcılları isə Çinlər
adlandırır. Çaynizmdə mərkəzi yeri ədəbi ruh ideyası təşkil edir ki, bu da müxtəlif maddi məkanlarda (substansiya)qərar tuta bilər. Ruh törədilən hadisələrə məsuldur. O kəs həzzə çata bilər ki, o ilahi həyata malikdir. Bütün formalarda həyata hörmətlə yanaşmaq, zorakılığa nifrət bu dinin başlıca qayəsidir. Məhz bu prinsiplərə sadiqlik bütün çaynları veqetarianlığa (ətyeməzlik), hətta həşəratlara xələl gətirəcək hərəkətlərə yol verməməyə sövq edir.
Bizim eranın VII əsrində yayılmağa başlayan islamın burada kütləvi şəkildə vüsəti Dehli sultanlığı
dövrünə təsadüf edir. Sultan və padşahların 600 illik hökmranlığı Hindistanda islam icmalarının yaranamısna və ətrafında 100 milyon insanı birləşdirməsinə səbəb oldu.
İslam hind mədəniyyətinə güclü təsir göstərdi. Burada memarlıq və rəngkarlığı xüsusi qeyd etmək
lazımdır. Monqol imperiyasının hər bir hakimi adının əbədiləşdirilməsi üçün qala-sarayların, sərdabə və
məscidlərin tikintisinə xüsusi diqqət verirdilər. Hind memarlıq abidələrinin bir çoxuna müsəlman üslubu xasdır.
Dehlidəki Qütbminarə kompleksi, Tac-Mahal saray-qəsri, Dehli və Aqradakı Qırmızı Forit, Fatehnun-Sikradakı,
Çaypurdakı saray tikililəri belələrindəndir. Müsəlman üslubunun xarakterik xüsusiyyəti onunla təzahür olunurdu ki, bu tikililər sökülmüş tikililər üzərində qurulurdu.
İnduizm dininə zidd olan sikhizm dini Hindistanda XIV əsrdə təşəkkül tapmışdı. İnduizmdən fərqli olaraq
bu din insanların bir allah qarşısında bərabərliyi ideyasını irəli sürürdü. Bunun üçün sikxlər «5 Ka» prinsipinə əməl etməlidirdər: saçların kəsilməsinə yol verməmək (keş), onları xüsusi daraqla daramaq (kaçha), polad qolbaq taxmaq (kara) və xəncər gəzdirmək (kirhan). Hazırda ortodoksal sikxlər bu prinsipə əməl edir.
Xristianlığı Hindistana b.e.ə. 52-ci ildə Qərb sahilindən gəlib çıxmış müqəddəs Foma gətirmişdi. O, Hindistanda
pravoslavçılığın banisi hesab edilir. XVI əsrdə portuqaliyalılar bu ölkədə katolizmi yaymağa başladı.
XVII əsrdə isə protestantizm yayılmağa başladı. Xristianlığın bu üç təriqəti Hindistanda bu günədək
yaşamaqdadır.
Zərdüştlik Hindistana b.e-nın VIII əsrində parslar tərəfindən gətirilmişdir. Bu din Öz adını onun əsasını
qoyan Zərdüştdən götürmüşdür. Bu din onun sələflərinin rəyinə görə unikal olub, bəzi cəhətlərinə görə
yüksəkdir. Zərdüştlik üçün həqiqət, ədalət, sədaqət, qüvvətli olmaq, intizamlı, xeyirxah olmaq ən vacib
anlayışlardır. Zərdüştlükdə əsas dini ayinlər özünü dörd elementdə – su, od, torpaq və havada təzahür etdirir.
Baş allah olan Əhrimənə səcdə oda səcdə ilə ifadə olunduğundan məbədlərin tikintisinə böyük ehtiyac vardı ki,bu da parslar tərəfindən tikilirdi. Ona görə də zərdüştçüləri – atəşpərəstlər adlandırırdılar. Təmizliyə, saflığa riayət zərdüştçülərdə o qədər güclü idi ki, bu çox zaman qəddarlıqla da müşahidə olunurdu. Məsələn, torpağı günaha batırmamaq şərtilə ölüləri xüsusi qüllələrdə (dakma) saxlamaq və quşlara yem etdirmək qədim hindlilərə atəşpərəstlərdən keçən adət idi.
Hindistanda dinlərin çoxluğu ölkənin mədəniyyətinə əhəmiyyətli dərəcədə təsir etmişdir.
Dairəvi heykəltəraşlıqda Aşokanın hakimliyi dövrünə aid olan Şirli kapitel mühüm yer tutur. Sonralar bu
təsvir Hindistanın dövlət gerbinin başlıca elementinə çevrildi. Aşokanın dövründə mağara məbədlərinin tikintisi təşəkkül tapmağa başladı. Onlar çox da böyük olmurdu. Xeyli sonralar, b.e.ə. I əsrdə Karlidə (Bombey
yaxınlığında) böyük mağara yaradıldı. Bu budda məbədi olan çaytyanın uzunluğu 38 m-ə çatır. Bu tikilinin kapitel
sütunları kişi və qadın formalarındadır. Bütün bunlar bütöv qaya parçalarından yonulmuşdur.
Hindistanın şimal-qərbi olan qədim Qonxarda b.e.ə. I əsrdə yaradılmağa başlayan gözəl heykəllər
tapılmışdır. Bunlar Buddanın təsvirləridir. Bu heykəllər ölkənin digər ərazilərindəki heykəllərdən fərqlənirdi.
Burada yunan-roma incəsənətinin təsiri hiss edilməkdə idi. Buddanın duruş forması roma imperatorları, yunan
filosofları, yunan Apollonunun təsvirlərinə çox bənzəyir.
IV-VI əsrlər qədim hind incəsənətinin çiçəklənmə dövrüdür. Acanta mağara məbədləri və
monastrlarındakı təsvirlər məhz bu dövrə aid olan rəngkarlıq nümunələridir. B.e.ə. II əsrdən başlayaraq 9 əsr ərzində burada 29 mağara, divar və tavanlardakı müxtəlif rəngarəng təsvirlər göz oxşayırdı.
Acanta təkcə budda dininin deyil, həm də elm və incəsənət mərkəzlərindən biri idi. İndi bu şəhər qədim
Hindistanın sənət rəmzidir. Buradakı təsvirlər qədim Hindistanın əyani ensiklopediyasıdır. Bunlar yüksək bədii poetik formada yaradılıb. Buradakı təsvirlər Hind ictimai həyatının müxtəlif pillələrini – varlıdan tutmuş
kasıbadək qədəri əks etdirir. Həyatın şən təəssüratı, təbiətə, insana sevgi, bütün canlıları hiss etmək – Açanta
sənətinin əsas fərqləndirici xüsusiyyətləridir.
Kahin-brahmanlar kastasının hakimiyyətinin gücləndiyi VII-VIII əsrlərdə din öz mövqeyini məhz sənət
vasitəsilə möhkəmlətməyə çalışırdı. Ona görə də Hindistanın məbəd heykəltəraşlığı və plastikasında güclü
dəyişiklik hiss olunur.
Orta əsrlər dövrü– induist mədəniyyətinin intibah dövrü kimi qəbul edilir. Brahma, Vişna, Şivanı
birləşdirən Trimurti üçlüyünün heykəlləri mövcuddur. Heykəl allahlara simvolik sima verən qədim hindli induslar ona etiqad edirdilər.
Hind mədəniyyətində özünəməxsus yer tutan musiqi öz mahiyyətinə görə Avropa sənətindən çox uzaqdır.
Qədim Hind dini musiqisi heç vaxt nota köçürülməyib. Ona görə də onu ifa edənlərdə heç vaxt bir-birinə
bənzərlik olmamışdır. Çünki hər bir ifaçı, həm də improvizasiyaçı idi. Klassik hind musiqisi xalis hind
alətlərində ifa olunurdu. Bunlara ilk növbədə vina və sitara, müxtəlif növlü barabanlar aiddir. Vina aləti simli
olub, taxta korpusdan ibarətdir. Müxtəlif növlü vina mövcuddur. Sitara da simli alətdir. Onun 7 simi mövcuddur.
Hindistanda buddizmin vüsəti ilə əlaqədar e.ə. III-I əsrlərdə paliy ədəbiyyatı da çiçəklənməyə başlayır.
Buddizmin ehkamları xalqa yaxın dillərdə olduğuna görə ədəbiyyat da bu dildə yaradılırdı ki, bu dillərdən biri
pali idi. Bu ədəbiyyatın ən məşhur abidələrindən «Tipitaka»da («Üç səbət») buddanın əsas ehkamları, mətnləri öz əksini tapmışdır. Məs., «İntizam qaydaları toplusu» («Vinaya pitaka»), «Öyüd səbəti» («Sutta pitaka»), «Ali müdriklik səbəti» («Abhidhamma pitaka») və s.. «Tipitaka»da erkən buddizmin tədqiqi baxımından çox dəyərli məlumatlar vardır.
Paliy ədəbiyyatının digər məşhur nümunəsi Çatakidir. Bu, qədim folkloru əks etdirən sənət nümunəsidir.
Ümumədəbi inkişaf prosesinin növbəti mərhələsini klassik sanskrit ədəbiyyatı təşkil edir. Ona kavya
ədəbiyyatı da deyilir. Buraya həm nəsr, həm də poeziya daxildir. Bu ədəbiyyatın ən məşhur nümayəndəsi
Aşvaqhoşa (b.e.ə. II əsr)-dır. Onun «Buddanın həyatı» əsəri («Buddaxaçarita») sankrist nəsrinin məşhur
əsəridir.
Sankritst nəsrinin əhəmiyyət kəsb edən abidələrindən biri də «Pançatantra»-(«Beşlik»)dır. Əsərdə
heyvanların dili ilə insan keyfiyyətləri ilə rəmzləşdirilmiş təmsil və nağıllar verilir. Bu nəsrin görkəmli dramaturqu
və şairi Kalidasa (b.e. IV əsr)dır. Onun əsərləri hind mədəniyyətinin qızıl fonduna daxildir: «Şakuntala
üzüyündən tanıma» («Abhidcnyanaşa-kuntalan»), «Raqxanım ağzı» epik poema («Raqxuvanşa») və b.
Hind incəsənətinin qədim sahələrindən biri də teatrdır. Onun nəzəri və praktik xüsusiyyətləri hələ b.e.ə. II
əsrdə təşəkkül tapmışdır. Bu teatrı klassik sanskritsk dramına, xalq teatrına və Avropa nümunəli teatr növlərinə bölmək olar. Belə bir mülahizə vardır ki, klassik sanskritsk dramı yunan incəsənəti ilə çox yaxındır.
B.e.ə. II əsrə Bharatanın teatr haqqında fundamental əsər olan «Teatr sənəti haqqında traktat»
(«Natyaşastra»), mərasim, səhnə tamaşaları, mahnıoxuma, musiqili müşayiət və rəqs haqqında, onların bədiiifadə vasitələri haqqında məsələlərə diqqət yetirilir.
Kitabda klassik dram (nataka) 10-a qədər Kanon rəngarəngliyini əhatə edir.
1) populyar nağıllar süjetindən ibarət olan nataka;
2) müəllif tərəfindən düşünülmüş və yazılmış süjeti - prokarana;
3) allah və iblislər süjetindən ibarət samvakara;
4) öz sevgilisinə çatmağa cəhd edən qəhrəmanlıq süjeti - ixmrita;
5) müxtəlif mifoloji varlıqlar süjeti - dima;
6) erotik və ya komik süjet - vyayoqa;
7) patetik və ya öyüd verici süjet - anka;
8) gündəlik həyatla bağlı süjet – biraktlı, pyes-fars praxasana;
9) bir aktyor tərəfindən qəhrəman və ya erotik məzmunlu biraktlı, pyes – bhana;
10) ifaçılarının sayına görə (2-3) fərqlənən biraktlı pyes-vitxi.
İlk hind dramaturqu Aşvaqxoşu (b.e-nın II əsri) hesab edilir. Klassik dramın çiçəklənmə dövrü Kalidasa
(b.e-nın IV əsri) aid edilir. Ondan başqa məşhur dramaturqlardan Şudraku, Xarşu, Vişakhadattu, Bhasa və Bhavabhutinin adını çəkmək olar.
Klassik dramın təşəkkülü eramızın IV-V əsrlərinə təsadüf edir. Onun tənəzzülü isə VIII əsrə aiddir.

Mənbə:MƏDƏNİYYƏT TARİXİ NƏZƏRİYYƏSİ 
M.J.MANAFOVA, N.T.ƏFƏNDİYEVA və S.A.ŞAHHÜSEYNOVANIN