21.08.2013

NAXÇIVANIN QƏDIM ŞƏHƏRLƏRI: SUMBATAN-DIZƏ

Naxçıvanin əlverişli təbii-coğrafi şəraiti və geosiyasi mövqeyi bölgədə iqtisadi münasibətlərin erkən inkişafına və sosial differensasiyaya şərait yaratmışdı. Artıq İlk tunc dövründə yaşayış məskənləri genişlənmiş, onların plan quruluşunda müəyyən qanunauyğunluqlar əmələ gəlmişdi. Əlverişli təbii hündürlükdə yerləşən dini mərkəzin – məbədin ətrafında nisbətən varlı yaşayış evləri və sənətkar emalatxanaları yerləşmişdi.


Beləliklə, istehsal sahələrinin cəmləşdiyi və tədricən mübadilə mərkəzlərinə çevrilən, eyni zamanda bölgənin digər yaşayış məskənləri üzərində inzibati hakimiyyəti ələ keçirən ilkin şəhərlər əmələ gəlmişdir. Naxçıvan bölgəsində ilk şəhərlərin əmələ gəlməsini sürətləndirən amillərdən biri də Ön Asiya və Yaxın Şərqin qədim şəhərləri ilə iqtisadi-mədəni əlaqələr və Mesopotamiyadan Naxçıvana miqrasiyalar olmuşdur. Bu zaman iqtisadi-mədəni əlaqələrin kifayət qədər inkişaf etdiyini, arxeoloji qazıntılar zamanı tapılan, Yaxın Şərq ölkələrində istehsal olunmuş bəzək əşyaları və keramika nümunələri də sübut edir. Protoşəhər və ya ilkin şəhər sənətkarlığının əsasını müxtəlif daşlardan hazırlanmış alətlər və silahlar, bəzək əşyaları və toxuculuq məhsulları təşkil etmişdir.
Naxçıvan bölgəsində protoşəhər və ya ilkin şəhər tipli yaşayış yerlərindən biri də Plovdağdır. Plovdağ sənətkarlarının ən çox istehsal etdikləri toxuculuq məhsulları və daş alətlər olmuşdur. Arxeoloji qazıntılar zamanı tonlarla daş alətlərin (xüsusən də əkinçilikdə və məişətdə istifadə olunan) tapılması, həm də onların yaşayış yerinin şimal-şərq və cənub-qərb tərəflərində kompakt şəkildə aşkar olunması buna sübutdur, çünki, bu qədər alət bir yaşayış yerinin ehtiyacı üçün hazırlana bilməzdi.
Naxçıvan bölgəsi şəhərlərinin quruluşunda əsaslı dəyişikliklər e.ə. II minilliyin sonlarında əmələ gəlir. Güclü müdafiə qabliyyətinə malik möhtəşəm qalalar tikilir, köhnə şəhərlərin ətrafına müdafiə divarları çəkilir. Bu proses Manna və Midiya ərazilərində bir neçə əsr davam etmişdir. Bu dəyişikliklərin səbəbi təcavüzkar Assuriya dövlətinin və sonra Urartunun vaxtaşırı işğalçı hücumları olmuşdur. Çox ehtimal ki, möhtəşəm qalalara malik, döyüş qabiliyyəti gücləndirilmiş qədim Naxçıvan qəbilələrinin də ətraf regionlara yürüşləri olmuşdur.
Xarici təcavüz, yaşayış məckənlərinin təbii müdafiə qabliyyətinə malik yüksəkliklərdə salınmasına və möhkəm müdafiə divarları ilə əhatə olunmasını zəruri edirdi. Əsas tikinti materialı kimi istifadə olunan təbii vulkanik daşlarla zəngin Naxçıvan ərazisində qədim qalaların 2-3 m enində olan müdafiə divarları daşla inşa olunmuşdur.
E.ə. II minilliyin sonlarında ətrafı müdafiə divarları ilə möhkəmləndirilmiş şəhərlərdən biri də Sumbatan-Dizə olmuşdur. Bir neçə əsr ərzində şəhər genişlənərək qala divarlarından xeyli kənara çıxmış və 20 hektara qədər ərazini əhatə etmişdir. Sumbatan-Dizə şəhəri bir neçə dəfə dağıntıya məruz qalsa da bərpa edilmiş və sasanilər dövrünə qədər şəhər kimi mövcud olmuşdur. Əhəmənilər dövründən sonra ikinci dəfə sasanilər zamanı güclü dağıntıya məruz qalmış Sumbatan-Dizə, şəhər kimi öz funksiyasını itirmiş və kiçik yaşayış məskəninə çevrilmişdir. Bu qədim şəhər öz adını günümüzə qədər qoruyub saxlamışdır. 1936-cı ildə yaşayış yerinin adı dəyişdirilib Sabir kəndi qoyulsa da ətraf kəndlərin əhalisi onu indiyədək Sumbatan-Dizə adlandırır.
Arxeoloji tədqiqatlar göstərir ki, Sumbatan yaşayış yeri e.ə. II minilliyin sonu – I minilliyin əvvəllərində Sumbatan dağının zirvəsini və yamaclarını əhatə edən, 6-7 hektarlıq əraziyə malik kiçik şəhər olmuşdur. Azərbaycan ərazisində bu tip relyefə uyğunlaşdırılmış şəhərlər çox olmuşdur (1.108). İlk vaxtlarda qəbilə birləşmələrinin mərkəzi kəndi olan bu yaşayış yerləri tədricən müdafiə divarları ilə möhkəmləndirilərək şəhərlərə çevrilmişlər (2.51,191).
Sumbatan-Dizə toponiminin olduqca maraqlı etimologiyası vardır. Bu toponim Gilan çay vadisində ən qədim toponimlərdən biridir. Sumbatan sözü iki hissədən ibarətdir: «Sum» və «bat». «Bat» - sözü «kənd», «şəhər» və ya sadəcə «yaşayış məskəni» deməkdir. Bu söz elam dilindəki, şəhər və kənd adlarının sonuna əlavə edilən «bat» sözü ilə eynidir və o vaxtdan qalmışdır. Fars dilindəki şəhər və kənd adlarının sonuna əlavə edilən «abad» sözü də elam dilindən götürülmüş və bu mənada işlədilmişdir.
Sumbatan abidəsinin yerləşdiyi ərazi 1936-cı ilə qədər Sumbatan-dizə adlanan kəndə aiddir. Burada diqqəti cəlb edən kəndin adına əlavə edilmiş «dizə» sözüdür. Məlumdur ki, bu söz də elam dilindəki «tiz» - qala sözündən götürülmüşdür. Pəhləvi dilindəki «diz» kəlməsi də elam dilindən götürülmüş və qala mənasında işlədilmişdir. Məsələn Naxçıvan qalası Sasanilər dövründə «kuhəndiz» - yəni «dağ qalası» adlandırılmışdır. Qeyd edək ki, Naxçıvan ərazisinin çox yerində və xüsusən də Gilan çayın mənsəbindəki kəndlərin bir neçəsinin adında «diz» kəlməsi işlədilir («Qoşa-dizə», «Baş-dizə», «Kələntər-dizə», «Sabir-dizə»). Göründüyü kimi, arxaik «dizə» sözü kəndin müasir adında da (Sabir-Dizə) saxlanmışdır. Beləliklə, Sumbatan-dizə adındakı «bat» (kənd və ya şəhər) və «dizə» (qala) sözlərinin mənası aydın olur. Burada həllini gözləyən əsas problem adın ön hissəsində işlənən «Sum» sözüdür.
İlk öncə qeyd edək ki, Sumbatan adına ən yaxın ad Assuriya mənbələrində rast gəlinir. Q.A.Melikişvili və N.V.Arutyunyan (3.172) Sumbi adının ən çox Manna ilə yanaşı işlədildiyini göstərirlər. Sumbatan adının mixi yazılarda adı gedən Sun(m)bi ilə lokallaşdırılması ehtimalını irəli sürərkən biz təkcə adların fonetik oxşarlığına deyil, həm toponimlərin coğrafi mövqeyinə, həm də tarixi mənbənin dövrü ilə abidənin dövrünün uyğunluğuna istinad edirik. Assur və Urartu mixi yazılarında Sumbi (və ya Sunbi), Mehri, Aza və s. toponimlərin (etnotoponimlərin) Manna ərazisində və ya ona yaxın göstərilməsi onların bu ərazidə, xüsusən Araz boyunda lokallaşdırılmasına imkan verir. Hər üç toponim Araz çayının sol sahilində indi də qalmaqdadır. Maraqlıdır ki, Arazın orta axarında, xüsusən də Naxçıvan ərazisində, e.ə. II minilliyin sonu və e.ə. I minilliyin birinci yarısına aid çoxlu toponimlər olduğu kimi və ya cüzi dəyişikliklərlə dövrümüzə qədər gəlib çatmışdır. Bunlardan Nüvədi (nou-vedi), Mehri, Ordubad (Arduba), Vənənd (Vanant), Aza, Maraza, Sakkarsu, Ərəzin (Arçini), Sum(n)batan, Didivar, Şərur, Max(z)da, Tumas, Axura, Vedi,Vedibasar adlarını göstərmək olar. Bu toponimlərin çoxuna Avestada rast gəlinir ki, bu fakt da Zərdüştün vətəninin və Avestanın ilk yarandığı yerin harada olması məsələsində yeni ehtimalların irəli sürülməsini zəruri edir. Əgər nəzərə alsaq ki, maq tayfalarının Mərkəzi Asiyadan Azərbaycan ərazisinə gəlməsi (e.ə. II minilliyin sonu – I minilliyin əvvəllərində) və Zərdüştün Azərbaycandan çıxması haqqıbda yazılı mənbələrdə məlumatlar vardır, onda bu problemin ciddi elmi tədqiqata ehtiyacı olduğu aydın olar. Bu ehtimalların həqiqətə çox yaxın olduğunu arxeoloji faktlar da təsdiq edir.
Arxeoloji qazıntılar nəticəsində əldə edilən arxeoloji materiallar Naxçıvan bölgəsinin Urmiya gölü ətrafı və Güney Qafqaz ölkələri ilə sıx mədəni əlaqələrinin olduğunu sübut edir (4.158,191,232,). Hətta Aralıq dənizi ölkələri və Mesapotamiya ilə (Şimali Mesapotamiya ilə əlaqələr ən çox dəfn adətində özünü göstərir) əlaqələrin olduğu da artıq şübhə doğurmur. Bu əlaqələr içərisində Şumerlə olan əlaqələr daha önəmlidir. Burada həmin əlaqələrdən deyil, yalnız «Sum sözünün açılışında «Şumer» sözünün etimologiyasından yararlanmaq istərdik. Buna səbəb «Şumer» sözünün həm də «Şubert», «Suber» şəklində işlədilməsidir. Başqa sözlə desək «Sumbatan» və «Şumer» adlarında «Sum-Şum» sözünün eyni məna daşıdığı və eyni kökdən qaynaqlandığı ehtimalı ağlabatandır. Şumer sözünün etimologiyasında O.Süleymanovun fikirləri diqqətəlayiqdir. Onun fikirlərinin əsas hissələrini olduğu kimi veririk: “ Gültəkin abidəsində belə bir poetik ifadə var: «Türk uduk yeri – Subi». Hərfi tərcüməsi: «Müqəddəs türk Yer-Suyu», poetik tərcüməsi «Müqəddəs türk ölkəsi» deməkdir... «Subyer» - ən qədim ölkənin adının leksik molekulu bəlkə də elə bu atomlardan yaranıb? Yaxud türklərin sonralar məskən saldığı ərazilərdə – Sibirdə, Monqolustanda belə bir yer adı olub? Monqol rəvayətlərində qoşa zirvəli Suber (Sumer, Sumber) dağı barədə danışılır. Bu dağ elə ucaymış ki, Nuh tufanı zamanı da zirvəsini su örtə bilməyibmiş. Rəvayətə görə dünya yarananda hər tərəf su idi və sudan iki Sumer-ula dağı boylanırdı» (5.228-235). Burada Nuhun tufanı haqqında Naxçıvan türklərinin yaratdığı əfsanəni yada salmaq və əfsanənin bölgənin coğrafi mövqeyinə necə uyğunlaşdırıldığını göstərmək kifayətdir. Əfsanənin Naxçıvan variantında tufanın necə başladığı, Nuhun necə gəmi düzəltdiyi haqda söhbət getmir, burada yalnız gəminin Naxçıvan bölgəsində və ona yaxın ərazilərdə yerləşən dağların arası ilə hərəkəti və sonda Gəmiqayada dayandığından danışılır. Maraqlıdır ki, gəminin toxunduğu dağlardan Ağrı dağ (böyük və kiçik Ağrı) və İlanlı dağ (xalq arxasında ona Haça-dağ da deyilir) qoşa zirvəlidir. O.Süleymanovun araşdırmalarında daha maraqlı bir fikir yer (yir) bildirən qədim türk hərf heroqlifinin «kur» - dağ və «kir» - torpaq, ölkə bildirən qədim şumer işarəsindən alınmasıdır. Başqa bir söhbətin mövzusu olsa da burada Sumbatana yaxın antik və orta əsr Kiran şəhərinin yerləşdiyini qeyd etmək yerinə düşərdi. Gilan, Kiran kimi işlədilən bu adın etimologiyası hələlik tam açılmamışdır. Diqqəti cəlb edən adın birinci hissəsi – Kir, Kil, Gil-dir. O.Süleymanov qeyd edir ki, şumerlər öz heroqliflərini kur, kir (dağ-torpaq) «ölkə» mənasında işlətdikləri kimi prototürklər bu işarəni azacıq dəyişərək, ölkə mənasında «sub-yer» (su-yer) adlandırıblar. Sonralar bu işarə ümumxalq gerbinə (tamğa, damğa) çevrilmişdir. Qədim türklər Mesopotamiyanı kütləvi sürətdə tərk etdikdən sonra ona yurd obrazını bu işarədə yaşatmış və sonrakı nəsillərə bu işarə ilə təsvir etmişlər. Yerli sakinlər şimal-şərqi Asiyaya köçmüş prototürkləri çox güman ki, bu ad altında (Subyer, yaxud Sub-yir) tanımışlar. Onların qəbirlərini (kurqanları) suber (sibir) adlandırmışlar və bu ənənə rus köçkünləri zamanına qədər yaşamışdır.
Bu işarənin və adın turk mənşəli olmasına ən tutarlı dəlillərdən biri odur ki, türklərdə Sub-yer termini ilə bağlı heç bir rəvayət yoxdur, çünki onlar heroqlifin əsl mənasına və adına yaxşı bələdmişlər. Bu heroqlif onlara sirr görünmürmüş (onlar bu işarəni müqəddəs saysalar da, onu ilahiləşdirməmişlər: hər bir sitayişin əsasında sirr, möcüzə durur)” (5.228-235). O.Süleymanovun yuxarıda gəldiyi nəticələr həqiqətə daha çox uyğun gəlir və onun qədim türklərin miqrasiyası, məskunlaşması, abidələri və onlarla bağlı toponimlər haqqında dediklərini eynən Naxçıvan ərazisinə də şamil etmək olar.
“D.Y.Yeremeyev suvarların (subarların) ilk orta əsrlərdə Kiçik Asiya və Qafqazdakı siyasi hadisələrdə mühüm rol oynadığını qeyd etmişdir. O, Feofilakt Simokattaya əsaslanaraq VI əsrdə kütləvi şəkildə suvarların Qafqaz Albaniyası ərazisində məskunlaşdığını yazır. Menandrın məlumatına görə Xosrov Ənuşirəvan onların böyük bir hissəsini qılıncdan keçirmiş və qalanlarını Araz və Kür çayları arasındakı ərazidə yerləşdirmişdir” (5.222-223). Subarların bir hissəsinin bu zaman indiki Sumbatan ərazisində məskən saldıqlarını da ehtimal etmək olar.
Beləliklə, Sumbatan sözünün kökündə Şumer və ya Subar etnik adının işləndiyini ehtimal etmək olar. Həmin etnosların Gilan çay vadisində nə vaxt və haradan gəldiyi ayrıca tədqiqat mövzusudur. Tarixi mənbələrdə rast gəlinən məlumatlara və Sumbatan ərazisində aşkar edilmiş maddi mədəniyyət nümunələrinə əsasən məskunlaşmanın tunc dövründə baş verdiyini ehtimal etmək olar. Miqrantların ilk məskunlaşdığı yer Plovdağ və Sumbatan dağları olmuş, e.ə. II minilliyin sonlarında onlar məlum səbəblərdən Sumbatan dağının ətrafını möhkəmləndirərək buraya köçmüşlər. Aparılan arxeoloji tədqiqatlar da bu ehtimalın həqiqətə daha çox uyğun gəldiyini göstərir. Lakin problemin tam həlli üçün arxeoloji materiallar və yazılı mənbələrdəki məlumatlar toplanılmalı, müqayisəli təhlil əsasında etnik miqrasiyanın və ya güclü mədəni təsirin nə vaxt baş verdiyi aydınlaşdırılmalıdır.
Sumbatan-Dizə yaşayış yerində arxeoloji tədqiqat işləri 2008-ci ildə (6.69-74), dağın şimal-şərq tərrəfində aparılmış və abidənin çoxtəbəqəli olduğu, yaşayış yerinin yaxınlığında kurqanların və plitəli qəbirlərin yerləşdiyi müəyyən edilmişdir. Yaşayış yeri 3,5 m enində müdafiə divarı ilə əhatə olunmuşdur.
Məlumdur ki, Azərbaycanın qədim, Antik dövr və hətta, orta əsr şəhərlərinin böyük əkəsəriyyəti əvvəlcədən düşünülmüş plan əsasında deyil, yaşayış yerlərinin inkişafı və genişlənməsi nəticəsində yaranmışdır (7.67). Tədqiqatlar göstərir ki, Sumbatan-Dizə yaşayış yerində qədim sakinlər yaşayış yerinin müxtəlif təyinatlı tikililərində cöğrafi şəraiti və relyefi maksimum nəzərə almışlar. Digər tərəfdən relyef özü tikililərin müəyyən plan əsasında salınmasını şərtləndirmişdir. Bu isə tikililərin necə gəldi salınmasının qarşısını almışdır. Ən azından Sumbatan-Dızə şəhərinin mərkəzi hissəsinin – inzibati binanın və ətraf tikililərin Sumbatan dağının ralyefinə uyğunlaşdırılaraq tikildiyini arxeoloji tədqiqatlar sübut edir (8.138-142).
Müdafiə divarının şimal tərəfində yerləşən giriş qapısından başlanan dəhliz Sumbatan dağının zirvəsinə doğru davam edir. Dağın zirvəsinə yaxın yerləşən ikinci qazıntı sahəsində də bu dəhlizin davamı aşkar edilmişdir. Maraqlıdır ki, ikinci qazıntı sahəsində – 5,8 m2 sahədə dəhlizin daş döşəməsi də salamat qalmışdır. Aydın olur ki, Sumbatan dağının şərq tərəfindən başlayaraq uzanan bu dəhliz dağın zirvəsinə qədər davam edir.
2010-cu ildə dağın zirvəsində, 480 kv.m. sahədə aparılan arxeoloji qazıntılar burada dini-inzibati təyinatlı tikili kompleksinin olduğunu gostərdi. Kompleks, antik dövrdə, orta əsrlərdə və müasir dövrdə dəfələrlə dağıntıya məruz qalmışdır. Hər dəfə dağıntıya məruz qaldıqdan sonra bərpa olunmuşdur ki, bərpa izləri, xüsusilə kompleksin şərq tərəfində daha aydın izlənir. Kompleksin yaşayış yerinə tərəf olan hissəsinə nisbətən, sıldırım qayalığa tərəf olan hissəsindəki divarlarının özülü o dövrdəki yer səthindən 1,8-2,0 m hündürlüyündə (6-8 daş hündürlükdə) salamat qalmışdır. Axırıncı dağıntidan sonra – təqribən eramızın III əsrində tikintinin təyinatı dəyişdirilmişdir.
Tikilinin əsas divarı şimal-cənub istiqamətində olub, eni cənub tərəfdə 3,0 m, şimal tərəfdə isə 2,8 m-dir. Kontforslarla təchiz olunmuş bu divarı, həm tikilinin, həm də şəhərin müdafiə divarı hesab etmək olar. Bu siklopik divarın mərkəzi hissəsində çəkisi 5-8 tona qədər olan qaya parçaları vardır. Qazıntı zamanı müəyyən edildi ki, müdafiə divarı işlənərkən dağın zirvəsindəki qaya parçalarından səmərəli şəkildə istifadə olunmuşdur. Kompleksin divarları da nəhəng qaya parçalarının üzərində işlənmiş, onların tikintisində bərkidici maddə kimi palçıq məhlulundan istifadə olunmuşdur. 2-3 metr eni olan divarların hər iki tərəfinə işlənmiş iri daşların arası müxtəlif həcmli daşlarla və palçıqla doldurulmuşdur. Bu zaman ən iri həcmli daşlar yaşayış yerinə tərəf deyil, divarın əks tərəfinə - təhlükə gözlənilən tərəfə düzülmüşdür. Müdafiə divarının şərq tərəfdən dörd rizaliti (eni 1,5 m, uzunluğu isə 3 m-ə qədər) qismən salamat qalmışdır. Rizalitlərin arası 1,5 m hündürlüyündə əlavə divarlarla bağlanmışdır ki, bu da kompleksin müdafiə qabliyyətini əhəmiyyətli dərəcədə artırmışdır. Əgər nəzərə alsaq ki, Sumbatan dağının bu tərəfi 50 m-ə qədər hündürlüyü olan sərt yamac və yamacın da zirvəyə tərəf olan hissəsi 9-10 m hündürlüyündə sıldırım qayalıqdır, onda kompleksin necə güclü müdafiə qabliyyətinə malik olduğu aydın olar.
Sumbatan dağının şərq tərəfindəki nəhəng qayalıqlar zaman-zaman uçub aşağı yuvarlanmış və buradakı tikililərin üzərini örtmüşdür. 5-10 tonluq bu qaya parçalarının bəziləri zaman-zaman aşınmış torpağın altında qalsa da, çoxu indi də aydın görünür. Dağın bu hissəsi uçub tökülərkən kompleksin burada yerləşən tikililəri də dağılmışdır. Bu səbəbdən də qazıntı zamanı kompleksin şərq tərəfdə necə tamamlandığını müəyyən etmək mümkün olmadı. Kontrforsların quruluşuna və dağın ətəyindəki bir tərəfli müdafiə divarlarının tikilişinə əsaslanaraq ehtimal etmək olar ki, qayalıqların arasındakı boşluqlar və çıxıntıların ətrafı daşla işlənərək möhkəmləndirilmişdi. Umumiyyətlə, Sumbatan qalasının memarlıq üslubu və tkinti texnikasının analoqlarını Midiya qalalarında görürük (1, 64-65, tab.13).
Qeyd etmək lazımdır ki, kompleksin üç yerində iri həcmli təsərrüfat küplərinin fraqmentləri kom halda aşkar edildi ki, onlardan birinin içərisində daş duz parçaları tapıldı. Çox güman ki, qədim zamanlarda daş duz Naxçıvan mədənlərindən gətirilərək buradan ətrafdakı yaşayış məskənlərinə paylanır və ya satılırdı.
Sumbatan dağında aparılan arxeoloji qazıntılar zamanı əldə edilən keramikanın böyük əksəriyyəti yaxşı bişirilmiş çəhrayı gilli qab fraqmentəlrindən ibarətdir. Qablar əsasən çəhrayı və boz anqobla örtülmüşdür. Süfrə qablarnın üzərində qara, qırmızı, qəhvəyi rənglə həndəsi naxışlar, qövs, bucaq və ucları içəriyə qatlanmış dairəvi formada qabarıq yapma bəzəklər vardır. Qulplar ən çox petləvari formadadır. Lüləli qablar çox azdır, ancaq ilk dəmir dövründə geniş yayılmış çaynik tipli qabların lülələrinə rast gəlinir. Qara gilli qabların gövdəsinin ortasından ağzına qədər qoşa paralel xətlərlə üçbucaqlar çəkilmiş və araları çarpaz xətlərlə doldurulmuşdur. Qəhvəyi rəngli daşdan nəfis şəkildə hazırlanmış qabların fraqmentləri diqqəti cəlb edir.
Sumbatan dağının üzərində daş qutu və küp qəbirlər aşkar edilmişdir.
5 N-li qəbir 12-14 yaşında oğlan uşağına məxsus küp qəbridir. Küpün ətrafında iki cərgə müxtəlif dağ daşları ilə işlənmiş kromlexi vardır (çaydaşlarına da rast gəlinir). Kromlexin ortasına tökülən daş və torpağın vəziyyəti qəbrin üstünün təpəcik formasında olduğunu ehtimal etməyə əsas verir. Belə ki, ətrafına səliqə ilə düzülmüş daşlardan fərqli olaraq bu daşlar koma ilə tökülənə oxşayır. Qəbrin üstü kromlex daşları səviyyəsində təmizləndikdən sonra 24-25 sm dərinlikdə təsərrüfat küpünün gövdəsi aşkar olundu. Çəhrayı gilli küpün boğazı şərq tərəfdədir. Lakin ölü küpə ağız tərəfdən yox, oturacaq tərəfdən qoyulmuşdur. Məlumdur ki, bu küplərin oturacaq və ona yaxın hissəsi ayrıca hazırlanırdı. Ona görə də bu hissənin sındırılması o qədər də çətinlik törətməmişdir. Küpün həm ağzı, həm də oturacağının sındırılmış hissəsi sal daşlarla tutulmuşdu. Lakin sındırılmış hissə daşla tutulub, palçıqla suvansa da, sonradan bəzi yerləri rütubətdən ovulmuş (quzulamış) və bundan küpün içərisinə torpaq dolmuşdur. Torpaq yağış suları ilə birlikdə daxil olmuşdur. Qazıntı zamanı küpün ağız hissəsinə yaxın, yağış sularının gətirdiyi lil qat-qat izlənirdi. Küpün gövdə hissəsində iki deşik açılmışdır. Bu deşiklərdən sızıb tökülmüş torpaq təpəcikləri aşkar izlənirdi. Küpün gövdə hissəsi çat-çat olmuşdu. Bu yəqin ki, zəlzələ zamanı baş vermişdir. Üst tərəfdəki sınıqlar götürüldükdən sonra küpün içərisi təmizləndi.
Ölü bükülü vəziyyətdə, sağ yanı üstdə, başı qərb istiqamətində dəfn edilmişdir. Skelet yaxşı saxlanmışdır. Kəlləsinin arxa tərəfində bir ədəd kasa aşkar edildi. Ağız hissəsi şaquli olub, kənarları sivridir. Çəhrayı gilli bu kasalar antik dövr üçün xarakterikdir. Bu bir ədəd gil qabdan başqa ölünün ətrafında heç bir avadanlıq əldə edilmədi.
Sumbatan yaşayış yerində dord qəbir tipi aşkar edilib öyrənilmişdir. İslama qədərki Azərbaycan şəhərlərində müxtəlif qəbir tipləri mövcud olmuşdur ki, onlardan da ən geniş yayılanı küp qəbirlərdir (9.122).
Sumbatan yaşayış yeri və nekropolu Sumbatan dağı, Dəyirman dağının şimal-şərq ətəklərini, Rəsul (10.150-154) və Süleyman dərələrini əhatə edir və sahəsi ümumilikdə 20 ha-dan artıqdır. Burada çox təbəqəli qədim yaşayış yeri ilə həmdövr və onun üzərində yerləşən müxtəlif tipli qəbir abidələri, 3,5 enində siklopik müdafiə divarı və s. əlamətlər bu abidənin e.ə. I minillik ərzində şəhər tipli yaşayış yeri olduğunu göstərir. Eyni zamanda Sumbatan yaşayış yerinə yaxın daha bir qalanın (həmdövr) Dəlmə qalasının mövcudluğu bu ehtimalı daha da möhkəmləndirir. Dəlmə qalası Sumbatan şəhərinin forpostu olmuşdur.
Sumbatan abidəsinin Naxçıvanın qədim şəhərlərindən birinin qalıqları olduğunu Gilançay vadisində aparılan arxeoloji tədqiqatlar bir daha sübut edir. Bu ərazidə şəhər tipli yaşayış məntəqəsinin yaranmasının obyektiv və subyektiv səbəbləri vardır.
Birinci sırada əlverişli coğrafi şərait – təbii müdafiə sistemi və içməli suyun (bulaqların) bolluğu qədimdən insanların diqqətini cəlb etmişdir. Vaxtaşırı hücumlara, dağıntılara baxmayaraq bu amillər bütün tarixi dövrlərdə insanların burada yaşayışı davam etdirməsinə səbəb olmuşdur. İkinci, Kiçik Qafqazın Zəngəzur silsiləsinin minerallarla zəngin olması, qida üçün yararlı yabanı meyvə, giləmeyvə və bitkilərin bolluğu da mühüm rol oynamışdır.
Böyük ehtimalla söyləmək olar ki, iki çay arasından bu ərazilərə miqrasiya olmuş və Mesopotamiyanı metal filizləri ilə təmin edən koloniyalardan biri də Gilançayın mənsəbində yaradılmışdır. Şumerlərlə bağlı Sumbatan adı da məhz həmin dövrlərdə yaranmışdır.
Plovdağ, Sumbatan qədim yaşayış yerlərinin, Xaraba-Gilan, Aza antik və orta əsrlər şəhər yerlərinin kompleks arxeoloji tədqiqi Naxçıvan ərazisində şəhərlərin tunc dövründə formalaşdığını maddi dəlillərlə sübut etməyə imkan verir.

Müəllif:BƏHLUL İBRAHIMLI
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu
Mənbə:http://qedim.nakhchivan.az/index.php?option=com_content&view=article&id=93:bhlul-brahimli-naxcvanin-qdim-hrlri-sumbatan-diz&catid=44:simpozium-mqallr&Itemid=80