07.08.2013

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Kürdəmir rayonuna səfərə gəlmişdir


Dövlət Başçısı əvvəlcə Kürdəmir şəhərinin mərkəzindəki Heydər Parkında xalqımızın Ümummilli Liderinin abidəsi önünə gül dəstəsi qoydu.

Rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev Azərbaycan Prezidentinə Heydər Parkında və Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.


Bildirildi ki, parkda iki fəvvarə kompleksi yaradılmış, şəlalə inşa olunmuş, 300 yerlik yay kinoteatrı, avtokartinq, uşaq əyləncə mərkəzi, mağaza, ana və uşaq kafesi tikilmiş, karusel quraşdırılmışdır. Burada Gənclər Mərkəzi də fəaliyyət göstərir.




Parkın 5,6 hektarlıq ərazisi yaşıllaşdırılmış, dekorativ ağac və gül kolları əkilmiş, suvarma sistemi qurulmuşdur. Rayon sakinlərinin, o cümlədən gənclərin səmərəli istirahəti üçün burada hər cür şərait yaradılmışdır.


Prezident İlham Əliyev parkda yaradılmış şəraitdən razılığını bildirdi.
Prezident İlham Əliyev Kürdəmirə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur.
Dövlət başçısına məlumat verildi ki, Mərkəzin yerləşdiyi Heydər Parkı Kürdəmir şəhər sakinlərinin üz tutduqları ən sevimli məkanlardan biridir. Burada yerli əhalinin və qonaqların istirahəti üçün hər cür şərait yaradılmışdır. Ərazidə aparılan kompleks yenidənqurma, abadlaşdırma və yaşıllaşdırma işləri bu məkanı Kürdəmirin ən gözəl yerlərindən birinə çevirmişdir.



Azərbaycan Prezidenti Mərkəzin binasının birinci mərtəbəsindəki fotoguşələrə və virtual sinfə baxdı.
Mərkəzdə ulu öndər Heydər Əliyevin möhtəşəm portreti diqqəti cəlb edir. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin Kürdəmir rayonuna müxtəlif dövrlərdə səfərlərini əks etdirən fotoguşələr xüsusi zövqlə tərtib olunmuşdur. Nümayiş etdirilən fotolarda Ulu Öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik dövrü, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi, Azərbaycan Kommunist Partiyasının birinci katibi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu dövrləri, 1990-1992-ci illərdə Naxçıvandakı fəaliyyətini və sonradan Azərbaycan Respublikasının Prezidenti olduğu dövrlərin ayrı–ayrı məqamları geniş işıqlandırılmışdır. Dahi rəhbər Heydər Əliyev bütün mənalı və şərəfli ömrünü, özünün də dediyi kimi, Azərbaycan xalqına bağışlamışdır. Buradakı eksponatlar və fotolardan da aydın görünür ki, müasir Azərbaycan tarixinin çox mühüm və taleyüklü səhifələri məhz dünya şöhrətli siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. İkinci mərtəbədə ekspozisiya zalı və müxtəlif tədbirlərin keçirilməsi üçün 300 nəfərlik akt zalı vardır. Burada, həmçinin Ümummilli Liderin zəngin irsini təbliğ etmək üçün tədris otağı yaradılmışdır.
Dövlət başçısına məlumat verildi ki, Heydər Əliyev Mərkəzinin inşasına ötən ilin iyulunda başlanılmış, bu ilin iyulunda başa çatdırılmışdır. Ümumi sahəsi 2524 kvadratmetr olan Mərkəzin üçmərtəbəli binasında ulu öndər Heydər Əliyevə aid kitablar və müxtəlif tarixi sənədlər də sərgilənir. Mərkəzin elektron kitabxana, tədris, poeziya otaqları, 300 nəfərlik konfrans zalı, xarici dil kursları da ən müasir səviyyədə tərtib olunmuşdur. Burada rəqs, heykəltəraşlıq, xalçaçılıq dərnəkləri, rəsm studiyası, 3D kinozalı, internet kafe və fotostudiya fəaliyyət göstərir. Bir sözlə, Mərkəzdə ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinin hərtərəfli təbliği üçün geniş şərait yaradılmışdır.
Prezident İlham Əliyev Külüllü su mənbəyindən Kürdəmir şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir.
Dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Kürdəmirlilər adından çıxış edən Rayon Ziyalılar Cəmiyyətinin sədri Sabir Novruzov respublikamızın, o cümlədən Kürdəmirin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə ən xoş arzularını çatdırdı.
Sonra dövlətimizin başçısı “Kürdəmir şəhərinin su təchizatının planı”nı, “Külüllü-Kürdəmir-Ucar-Zərdab su kəmərinin planı”nı və Külüllüsu mənbəyində görülən işləri əks etdirən stendlərə baxdı.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov “Kürdəmir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi və Külüllü su mənbəyi haqqında Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, 2011-ci ilin oktyabrında icrasına başlanılan “Kürdəmir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinə uyğun olaraq əhalini fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək üçün Ağsu rayonu ərazisində yerləşən Külüllü su mənbəyindən istifadə olunur. Bu məqsədlə Girdmançayın yatağında məhsuldarlığı saniyədə 450 litr olan drenaj tipli suqəbuledici qurğu tikilmişdir. Külüllü mənbəyindən Kürdəmir şəhərinə saniyədə 120 litr təmiz və keyfiyyətli içməli suyun verilməsi nəzərdə tutulmuşdur. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Kürdəmir şəhərində 22,3 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin, həmçinin Kürdəmir rayonunun 14, Ağsu rayonunun 13 kəndində 48 min nəfərin su təchizatının yaxşılaşdırılmasına hesablanmışdır.
Qeyd olundu ki, Külüllüdən Kürdəmir şəhərinə və ətraf kəndlərə suyun özaxımlı rejimdə verilməsi məqsədi ilə 27 kilometr uzunluğunda magistral xətt çəkilmiş, tutumu 7,5 min kubmetr olan anbar tikilmişdir. Layihə çərçivəsində tikintisi nəzərdə tutulan 131,5 kilometrlik su şəbəkəsinin 110 kilometrlik hissəsində işlər yekunlaşmışdır.
Diqqətə çatdırıldı ki, 6 min abunəçinin 1550-si xəttə qoşulmuş, smartkart tipli ön ödənişli sayğac quraşdırılmışdır.
Kürdəmir şəhərində inşası nəzərdə tutulan 114,6 kilometrlik kanalizasiya şəbəkəsinin 22 kilometrlik hissəsi tikilmişdir.
Eyni zamanda, şəhərdə toplanacaq tullantı sularının çirkab sutəmizləyici qurğuya özaxımlı rejimdə ötürülməsini təmin etmək üçün 6,3 kilometr uzunluğunda mikrotunel tipli kollektorun inşası və sutkalıq məhsuldarlığı 30 min kubmetr olacaq çirkab sutəmizləyici qurğunun tikintisi davam etdirilir. Dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən layihənin icrasının 2014-cü ildə başa çatdırılması planlaşdırılır.
Məlumat verildi ki, Külüllü mənbəyi Kürdəmir şəhəri ilə yanaşı, Zərdab və Ucar şəhərlərini, həmçinin ətraf kəndləri də içməli su ilə təmin edəcəkdir. Layihəyə uyğun olaraq Külüllüdən Kürdəmir şəhərinə 27, Zərdab şəhərinə 72, Ucar şəhərinə isə 57 kilometr uzunluğunda magistral su kəmərləri çəkilmişdir. Layihə tam yekunlaşdıqdan sonra Ucar rayonunun 22, Kürdəmir rayonunun 14, Zərdab rayonunun 15, Ağsu rayonunun 13 və Göyçay rayonunun 3 kəndi də su ilə təmin olunacaqdır. Ümumilikdə layihədən 170 mindən artıq insan faydalanacaqdır. Külüllü mənbəyindən 2 kilometr cənubda yerləşən suqəbuledici və paylayıcı anbarların SCADA sistemi ilə idarə edilməsi də nəzərdə tutulur.
Sxemlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev mərasim iştirakçıları ilə söhbət etdi.
Sonra dövlətimizin başçısı Kürdəmir şəhərinə suyun rəmzi olaraq verilməsini bildirən düyməni basdı.
Azərbaycan Prezidenti işlərin uğurla başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlarını verdi.
Sonda xatirə şəkilləri çəkdirildi.
Kürdəmir Rayon İcra Hakimiyyətinin yeni inzibati binası istifadəyə verilmişdir.
Prezident İlham Əliyev binada yaradılmış şəraitlə tanış olmuşdur.
Məlumat verildi ki, binanın inşasına 2011-ci ilin sentyabrında başlanılmış, bu ilin iyulunda sona çatdırılmışdır. Müasir memarlıq üslubunda inşa olunan bina həm də rayonun görkəminə xüsusi gözəllik verir. Sahəsi 4 min kvadratmetr olan ikimərtəbəli bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilmişdir. Binanın interyeri yüksək zövqlə tərtib olunmuş, otaqların hamısı müasir tələblər səviyyəsində qurulmuşdur. Burada ümumilikdə 30 iş otağı vardır.
Foyedə ölkəmizin inkişafında əvəzsiz xidmətləri olmuş ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada, həmçinin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətlərini əks etdirən fotoguşə yaradılmışdır. Fotoguşələrdə Ümummilli Liderin və dövlətimizin başçısı İlham Əliyevin Kürdəmir rayonunda müxtəlif illərdə keçirilən tədbirlərdə iştiraklarını əks etdirən şəkillər böyük maraq doğurur.
Prezident İlham Əliyev otaqlarda yaradılan şəraitlə tanış oldu. Otaqların hamısında işçilərin normal fəaliyyəti üçün hərtərəfli imkan yaradılmışdır. Vətəndaşların qəbulu otağında da hər cür şərait vardır.
Dövlət başçısı akt zalına da baxdı. Ən müasir standartlar səviyyəsində qurulan 250 yerlik zal akustika sistemi ilə təchiz olunmuşdur. Burada müxtəlif tədbirlər keçiriləcəkdir.
Prezident İlham Əliyev yeni inzibati binanın operativ idarəetmə mərkəzi ilə tanış oldu. Mərkəzdə kənd icra nümayəndəlikləri ilə birbaşa canlı bağlantı yaratmaq mümkündür.
Konfrans zalı ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, bu zal da bütün lazımi inventar və avadanlıqla təchiz edilmişdir. İcra hakimiyyətinin yeni inzibati binası həm də rayonun simasına yeni görkəm verir. Binanın ətrafında geniş yenidənqurma işləri aparılmış, ətraf abadlaşdırılmışdır.
Prezident İlham Əliyev yaradılmış şəraitdən razılığını bildirdi, əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıqlarını verdi.
Prezident İlham Əliyev avqustun 7-də Kürdəmirə səfəri çərçivəsində heyvandarlıq və süd kompleksi ilə tanış olmuşdur.
“Azərsun Holdinq”in müşahidə şurasının sədri Abdulbari Gözəl dövlətimizin başçısına məlumat verdi ki, kompleksdə tikinti işlərinin aparılmasına və avadanlıqla təchiz edilməsinə 2011-ci ilin sonunda başlanılmış, bu ilin əvvəlində sona çatdırılmışdır. Kompleks Atakişili kəndində 10 hektar ərazidə ən müasir standartlar səviyyəsində inşa edilmişdir. Müəssisənin tərkibinə süd emalı zavodu və 500 başlıq heyvandarlıq kompleksi daxildir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq istifadəyə verilmiş kompleksin ümumi dəyəri 12,6 milyon manatdır. Kompleksin yaradılmasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumilikdə 3,2 milyon manat güzəştli kredit ayrılmışdır.
Prezident İlham Əliyev kompleksin süd emalı zavodu ilə yaxından tanış oldu.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin “Azərsun Holdinq”ə daxil olan müəssisələrin açılışlarında iştirakını əks etdirən fotoguşə yaradılmışdır.
Sonra Azərbaycan Prezidenti süd emalı prosesini izlədi.
Zavodun laboratoriyasında xammalın və hazır məhsulların keyfiyyətinin dəqiq yoxlanılması üçün ən müasir cihazlar quraşdırılmışdır. Bildirildi ki, gündəlik 50 ton süd emalı gücünə malik olan zavod Avropa ölkələrindən gətirilən avadanlıqla təchiz edilmişdir. Zavodda ən son texnologiyaların tətbiq edilməsi sanitar-gigiyenik normalara uyğun süd və süd məhsullarının istehsalına, saxlanılmasına, istehlakçılara keyfiyyətli şəkildə çatdırılmasına şərait yaradır. Zavodda 10 növdə, 36 çeşiddə “Bizim süd” və “Azəri süd” brendi ilə məhsullar - yağ, xama, ayran, dovğa, kəsmik, kefir, qaymaq, şor, qatıq, yoqurt, pendir və digər məhsullar istehsal edilir. Bu məhsullar qida sahəsində mövcud standartlara cavab verməklə beynəlxalq keyfiyyət sertifikatlarına layiq görülmüşdür.
Prezident İlham Əliyev süd emalı zavodunun fəaliyyəti ilə tanışlıqdan sonra kompleksin yeni qablaşdırma sahəsini işə salan düyməni basdı.
Burada İsveçin dünyanın 170-dən çox ölkəsində fəaliyyət göstərən “Tetra Pak” şirkətinin ən son avadanlığı quraşdırılmışdır. Qablaşdırılan məhsullar uzun müddət təzə və təravətli qalır.
Dövlətimizin başçısı süd zavodunun fəaliyyətini əks etdirən filmə və sxemə baxdı.
Burada Prezident İlham Əliyevə Kürdəmirdə və ölkənin digər rayonlarında heyvandarlığın inkişafı ilə bağlı sxemlər təqdim olundu.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verdi ki, zavodun xammala olan tələbatının tam ödənilməsi məqsədi ilə Şamaxı rayonu ərazisində ümumi dəyəri 14 milyon manat olan 1500 başlıq yeni heyvandarlıq kompleksinin tikintisinə başlanılmışdır. Bu layihənin maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 8 milyon manat güzəştli kredit ayrılmışdır.
Diqqətə çatdırıldı ki, ümumilikdə Aran iqtisadi rayonunda 6 min 270-dək sahibkara 300 milyon manatdan çox, o cümlədən Kürdəmir rayonunda 203 sahibkara 14,2 milyon manat güzəştli kreditlər verilmişdir. Bu kreditlər hesabına 26 min 760-dək yeni iş yeri yaradılmışdır. Eyni zamanda, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq dövlətin güzəştli kreditləri hesabına 19 min 750 başlıq 16 müasir heyvandarlıq kompleksinin yaradılmasına 77 milyon manat və illik emal gücü 175,2 min ton olan 7 süd zavoduna 9,7 milyon manat güzəştli kredit verilmişdir. Maliyyələşdirilən süd emalı müəssisələrinin hamısı, heyvandarlıq komplekslərinin isə 9-u artıq istifadəyə verilmişdir. Yeni fəaliyyətə başlayan Biləsuvar heyvandarlıq kompleksində 500 baş ətlik, 500 baş damazlıq qaramal bəslənəcəkdir. Artıq damazlıq qaramalın bir hissəsi ölkəmizə gətirilmişdir. Əlavə 3 heyvandarlıq kompleksinin maliyyələşdirilməsi məsələsinə baxılır.
Sonra Prezident İlham Əliyev heyvandarlıq ferması və buzovların saxlanma şəraiti ilə tanış oldu.
Zavodun xammal bazasının təmin edilməsi məqsədi ilə süd emalı kompleksinin tərkibində ilkin olaraq yaradılan 500 başlıq iribuynuzlu heyvandarlıq kompleksi Almaniyanın “GEA” şirkətinin ferma avadanlığı, avtomatik yönləndirmə və yemləmə sistemləri, bir dəfəyə 28 baş inək tutumlu “Paralel” tipli sağım avadanlığı, soyutma sistemləri və digər avadanlıqla təchiz edilmişdir. Kompleksə hər biri gündəlik 25 litrdən çox süd vermə qabiliyyətinə malik 500 baş “Holstein Friesian” cinsli inəklər gətirilmişdir. Heyvandarlıq kompleksində il ərzində 3,8 min ton süd istehsalı nəzərdə tutulur. Bu isə süd emalı zavodunun xammala olan tələbatını qismən ödəyir. Bununla yanaşı, Kürdəmir və ətraf rayonlarda fəaliyyət göstərən fermerlərdən gündəlik südün qəbulu təşkil edilir ki, bu da öz növbəsində heyvandarlığın inkişafını stimullaşdırır.
Qeyd olundu ki, kompleksin tərkibində argentinalı mütəxəssislərlə birlikdə müasir anqar tipli yüngül konstruksiyalı tövlə də tikilmişdir. Burada eyni vaxtda 3500 inək bəslənəcəkdir.
Kompleksdə 140 nəfər daimi iş yeri ilə təmin edilmişdir. İnşa olunan yeni heyvandarlıq kompleksinin hesabına işçilərin sayının 200-dək artırılacağı nəzərdə tutulur.
Komplekslə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, tətbiq olunan müasir texnologiyaların istifadəsi, cins heyvanların xüsusiyyətləri, yemlənməsi və bəslənməsi, kənd təsərrüfatı texnikalarından istifadə qaydalarının daha dərindən mənimsənilməsi və dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi məqsədi ilə burada çalışan mütəxəssislərin bir hissəsi Avropa ölkələrində xüsusi kurs keçmişdir. Gələcəkdə digər işçilərin də təcrübələrinin artırılması məqsədi ilə kurs və seminarlara göndərilməsi nəzərdə tutulur.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.




http://kurdemir-ih.gov.az/