23.07.2013

ŞAH

Kim nağıllarda, rəvayətlərdə, dastanlarda, kitablarda şahlar haqqında eşitməyib, oxumayıb? Kim quşun qərib bir adamın başına qonmaqla onu şah etdiyini bilmir? Ancaq real həyatda belə şey mümkün
 deyil. Şahlıq irsi keçən bir vəzifədir.Şah və ya padşah bir termin kimi ilk dəfə İranda Sasanilər dövründə işlədilməyə başlayıb. Şah titulu İranda şahlıq rejimi devrilənədək qalmaqda idi. Bir sıra Yaxın və Orta Şərq ölkələrində şah üsul-idarəsi mövcud olmuşdur. Şərqdə şah nə idisə, Qərbdə kral, çar, imperator o idi.


Bir sıra təriqət başçıları da şah titulu daşıyırdılar. Məsələn, Xorasanda, İranda, Azərbaycanda geniş yayılmış Şah Nemətullah təriqətinin dərvişləri bir-birinə şah deyə müraciət edirdilər. Anadolu türk təriqətlərində
də şah ünvanına rast gəlinir. Bunlar mənəvi
 aləmin, haqq yolçularının şahları idilər. Təriqət dərvişləri padşah dedikdə Allahı nəzərdə tuturdular.
Bizə məlum olan türk dövlətlərinin böyük əksəriyyətində
 şah sözü işlədilməyib. Qədim türklər hökmdarı “xaqan” adlandırırdılar. Hun dövründə türklər hökmdara “şünyuy”, Göytürk (uyğur, qırğız, Qaraxanilər)
 dövründə “kaqan”, oğuz dövlətində “yabqu”, Qəznəvilər və Osmanlı dövrləridnə “sultan” və s. deyirdilər. Azərbaycanın Səfəvi, Qacar, Əfşar hökmdarları sasani ənənəsinə sadiq qalaraq özlərinə “şah” titulu götürmüşdülər.