31.07.2013

Misir mədəniyyəti


Qədim Misir mədəniyyəti təşəkkül tapmış ən ilkin mədəniyyət mərkəzlərindəndir. O təxminən b.e.ə. IV minilliyin sonundan b.e.ə. 332-ci ilədək yaşamışdır. Misirin dövlət kimi formalaşması b.e.ə. IV minillikdə başlamışdır. Artıq yeni minilliyin əvvəl-lərində Nil çayının şimal və cənubunda 40-dan artıq şəhər yaranmağa başlayır. Minilliyin II yarısında iki iri dövlət birliyi: mərkəzi Buto olan Şimali (Aşağı) şahlıq və Cənubi (Yuxarı) şahlıq mövcud olur.Bir çox əsrlər ərzində Misir dövlətində insanlar müxtəlif allahlara sitayiş etmiş və dini ayinlər icra etmişdir. Müxtəlif sayda allahlar təbiət qüvvələri və ictimai hadisələri tərənnüm edirdi. Ay – qadın, torpaq və hava isə kişi allahları kimi təcəssüm tapmışdır. Baş Allah - Günəş allahı Hepri və ya Heprer adlandırılırdı.Qədim misirlilərin allahlarının sayını söyləmək çətindir. Əsas allahlar su, torpaq, dünya ruhunu təcəssüm etdirən Ptax hesab edilirdi. Öküz Misirdə səcdə edilən heyvanlardan biri hesab edillərək güc və məhsuldarlıq rəmzi kimi təsəvvür edilirdi. Öküzlərə etiqad ən zəngin və əlamətdar ayinlərdən biri hesab edilirdi. Apis öküzü «ülvi təcəssüm» hesab edilərək Ptaxa xidmət edir və məhsuldarlıq rəmzi kimi tanınırdı.



Qədim misirlilər, həm də ağac və bitktlərə sitayiş edirdilər. Bunların içərisində şanagüllə (lotos) bitkisi

xüsusilə seçilirdi. Qədim misirlilər fərz edirdilər ki, şanagüllə hələ ibtidai dövrdə mövcud olmuşdu. Onlar
torpağın özünü də Allah hesab edir və onun təbii qüvvəsinə inanırdılar.
Misir çoxallahlığının mövcudluğu ayrı-ayrı qəbilə və icmaların vahid mərkəzləşmiş Dövlət ətrafında
birləşməsinə ciddi əngəl idi. B.e.ə. XIV əsrdə yaşamış firon IV Amenxotep təkallahlılıq ideyası ilə dini islahatlar
aparmaq cəhdi göstərməyə çalışdı. O, yeni dövlət ayinini elan etdi ki, bu da Aton allahının (Günəş allahı)
varlığını nəzərdə tuturdu. Dövlətin paytaxtını isə, Axetanon (müasir Əl-Əmər), elan edərək öz adını Exnaton qoydu.
Qədim misirlilər ruhun ölməzliyinə inanır və bu onların dini dünyagörüşlərinin doktrinasını təşkil edirdi.
Ölməzliyə cəhd ölümdən sonrakı dini ayinlərin təşəkkülünə əsaslı zəmin yaratdı. Bu dini ayinlər Qədim Misir tarixində heyrətamiz rol oynamağa başladı. Bu nəinki dini və mədəni həyatda, o cümlədən ölkənin siyasi, iqtisadi və hərbi tarixində başlıca amilə çevrildi. Məhz bu doktrinanın əsasında qədim misirlilərdə belə bir dini əqidə formalaşmağa başladı ki, ölüm məqbuldur, lakin gözəl həyat əbədi ola bilər, çünki insanın dirilməsi baş verir.Misirlilərin dini təsəvvürlərinə görə insan müxtəlif keyfiyyətlərə xasdır və bunlar belə adlandırılır – insan vücudu,- Sax, onun kölgəsi Şunt, adı Ren və s. Bunların içərisində insanın ruhu olan Ka başlıca yer tutur. Məhz Ka ölmüş cəsədə qovuşaraq insanın dirilməsinə kömək edir.Ölümdən sonrakı həyatın başlıca şərti, misirlilərə görə cəsədin saxlanması hesab edilirdi. Bu qayğı mumiya hazırlanması sənətinin təşəkkülü üçün başlıca şərt oldu. Ölümdən sonrakı dövrdə insan bədəninin uzun müddət saxlanması üçün xüsusi sərdabələrin tikilməsi vacib hesab edildi. Misirlilər belə qənaətdə idilər ki,ölməz və incə ruhun yenidən əvvəlki, öz doğma yerinə – bədəninə gəlişi digər nəzərlərdən yayınmaq və qorunmaq üçün piramidalar daha əlverişlidir.Məşhur piramidalar Qədim Misir mədəniyyətinin möhtəşəm abidələri hesab edilir. B.e.ə. III-II minillikdə piramida və allahlar üçün ehramlar daşdan tikilirdi. Piramidalar firon və tanınmış adamlar üçün tikilir, kasıblar üçün bu ayin yerinə yetirilmirdi. Firon və ya digər varlı insanın bədəni Misirin isti və quru iqlimində mumiyalaşdırılaraq bir neçə yüzillik ərzində qorunurdu. Belə faktlar Misir cəmiyyətində insanların qeyribərabərliyini sübuta yetirirdi.
Arxeoloqlar yüzə qədər piramida aşkar etmiş olsalar da, onların heç də hamısı dövrümüzədək gəlib
çatmamışdır. Piramidaların bir qismi hələ qədim dövrdə dağılıb itmişdir. Ən erkən çağlarda inşa edilən piramida firon Coserin adı ilə bağlı olub, 5 min il bundan qabaqkı dövrə aid edilir. O pilləli olub, aya qalxan pilləkəni xatırladır. Onu İmxotep adlı memar düşünüb hazırlamışdır.Öz ölçüsünə və şöhrətinə görə tanınmış piramidalardan biri Gizədəki firon Xeopsun şərəfinə ucaldılandır.Bu piramida 20 il ərzində yüz minlərlə insan əməyi nəticəsində ərsəyə çatmışdır. Piramidanın daxili ölçüsü hər hansı bir Avropa kilsəsinin yerləşə biləcəyi həcmdə olub, hündürlüyü 146,6 m, sahəsi 55 min.kv.m əhatə edir.
Xeops ehramı hər birinin çəkisi təxminən 2-3 ton olan iri əhəng daşlarından ibarətdir. Alimlər belə bir tikintiyə
təxminən 2 300 000 daşın sərf olunmasını hesablamışlar. Gizədəki Xeops ehramı ilə yanaşı Xefren və Migerin
piramidaları öz möhtəşəmliyi ilə yer kürəsinin 7 möcüzəsindən biri hesab edilir.
E.ə. II minillikdə ehramlar artıq daşdan deyil, kərpicdən tikilməyə başladı. E.ə. I minilliyin əvvəllərinə
yaxın fironların sərdabələri yad insanlardan gizlədilsə də bütün bunlar oğurluğun qarşısını ala bilmədi. Belə ki,
sərdabələrin oğurlanması Qədim Misir tarixinin bütün dövrlərində baş verirdi.
Misirin təsviri və monumental sənəti bütövlukdə bu ölkənin mədəniyyətini əhatə etmiş oldu.
Əzəmətli tikinti sayılan Xatşepsutun xeyrat məbədi (Dey əl-Bəhridə) 200 heykəltəraşın sənətkarlığını
təzahur etdirirdi. Misirlilər ehram, məbəd və sarayların qarşısında sütunların tikilişinə xüsusi fikir verirdilər. Ra
allahının şərəfinə ucaldılan və yuxarı hissəsi mislə örtülmüş yüksək daş sütun belələrindəndir. Belə sütunlar çox vaxt heroqliflərlə də bəzədilirdi. Dini məbədlərin yanında və ya önündə sfinkslərin yerləşdirilməsi də özüməxsus səciyyə kəsb edirdi: insan başlı bu şirlər daşdan yonulurdu. Sfinksin başı fironu təmsil edərək,bütövlükdə müdriklikdən, Misir hökmdarının sirli aləmindən xəbər verirdi.Qədim Misir tarixində ən böyük sfinks b.e.ə. III minilliyin I yarısında tikilərək bu günədək cəsarətlə Hefren ehramını qoruyur. Bu sfinksi tədqiq edən müasir mütəxəssislər müəyyən ediblər ki, bu əzəmətli heykəl bütöv bir qayadan yonulmuşdur. Heykəlin başı insan başından 30 dəfə çox olub, bədəninin hündürlüyü, 57 m-ə çatır. E.ə. XVI əsrdə, şirin ön caynaqları arasında məbəd inşa edilmişdir. Bu sfinks həm də fövqəltəbii gücü ilə insanlarda qorxu hissi də yaradır.
Qədim Misir mədəniyyətinin digər gözəl və tanınmış, möhtəşəm abidələrindən biri də firon III Amenemxetin
heykəli, firon III Senusertin başı, ağa Xunenin heykəlləridir. E.ə. II minillikdə yaradılan «Firon Tutanxamon gənc arvadı ilə bağda» səhnəsi sənətşünasların fikrincə dövrün və ümumiyyətlə, dünya təsviri sənətinin nadir nümunələrindəndir.Qədim Misir sənətinin möhtəşəm nümunələrindən biri b.e.ə. I minilliyə (b.e.ə. XIV əsr) aid olan IV Amenxotepin arvadı – Nefertitinin heykəl portretidir. Bu sənət əsəri dünya təsviri sənət tarixində ən unikal qadın təsviri hesab edilir.
Qədim Misir təsviri sənəti parlaq və təmiz rəngləri ilə fərqlənirdi. Memarlıq tikililəri, sfinkslər, heykəllər,
relyeflər xüsusi rənglərlə boyanırdı. Boyalar əsərlərə xüsusi ahəngdarlıq bəxş edirdi. Qədim Misir sənətkarları –rəssamlar, heykəltəraşlar, memarlar təbiət və həyatı incə şəkildə qavramağa və dərk etməyə qadir idilər. Məhz
buna görə Misirdə dekorativ-tətbiqi sənət də yüksək səviyyəyə çatmışdır. Bu sənət sahəsinin əsas aparıcı
nümunələri - alebastr, büllur, taxta və fil sümüyündən hazırlanmış istər məişət və zərgərlik abidələridir. Qablar,
dolçalar, qızıl qolbaq, sinə boyunbağıları və üzüklər ən bahalı və zəngin daş-qaşla bəzədilirdi. Bütün bunlarla
yanaşı, Qədim Misir təsviri və monumental sənət tarixində bir-neçə kanon özünü göstərmişdir. Bunlardan ən başlıcası insan bədənlərinin səth təsviri, çiyinlərin fırlanması, ayaq və qurşağın obrazlılığıdır. Həndəsi dekorativlik bəzəklərin simmetrik paylanması ilə kompozisiyada ciddi nizam yaradırdı. Bütün insan fiqurları sükunətdədir. Buradakı pozalar, həddən artıq şərti səciyyə kəsb edir, bu şərtilik rənglərdə də özünü göstərir: qadın fiqurları – sarı-çəhrayı, saçlar qara, geyim isə ağ olduğu halda, kişi təsvirlərində qırmızı-qəhvəyi rəng daha üstünlük təşkil edir. Bütün bunlar sübut edir ki, rəssamın ixtiyarı və sərbəstliyi xeyli məhdud idi. Bu qanunauyğunluqlar özünü heykəl nümunələrində də aşkar təzahür etdirir.
Bütün bu kanonlara baxmayaraq Qədim Misir təsviri və monumental sənəti bəşər tarixində yeni bir hadisə
idi. Bunun içərisində musiqi, ədəbiyat, yazı və elm də var idi. Qədim Misir yazı mənbələri içərisində dövrümüzə
qədər gəlib çatanları allahlara dualar, təsərrüfat xarakterli mənbələrdir. Bədii ədəbiyyat nümunələrinə b.e.ə. II
minilliyə aid olan qədim mətnləri göstərmək olar. Bunlar müxtəlif janrlarda təzahür tapırdı: hakim və müdriklərin oğul və şagirdlərinə nəsihətləri, cadugərlər və tilsimlər haqqında müxtəlif çoxsaylı nağıllar,mahnılar, qarğışlar, povestlər, əyanların həyatlarını əks etdirən yazılar – belələrinə aiddir.Misirin musiqi mədəniyyətinin tarixi dünyada daha qədimdir. Musiqi qədim misirlilərin bütün həyat və məişətini – dini mərasimlərini, kütləvi bayramlarını müşayiət edirdi. Buraya rəqs, pantomima, dramatik səhnə və ədəbi nümunələr daxil idi.
Qədim Misirdə musiqi «xi» - yəni zövq, ləzzət alma mənasında işlədilirdi. Musiqi həm də sirli, tilsimli, magik
xüsusiyyətlər kəsb etdiyindən musiqi alətləri tembrə görə deyil, məhz mistik əlamətlərinə görə seçilirdi. İnsanları, xəstələri musiqi ilə sağaltmağın mümkünlüyü haqqındakı ideyalar da məhz misirlilərə aid idi.
Bütün bunlarla yanaşı, qədim misirlilər elmə də xüsusi diqqət yetirirdilər. Elmi biliklərin formalaşması və
təbliğində bu qədim xalqın dünya tarixində çox böyük xidməti olmuşdu. Elm ona görə vacib və zəruri idi ki,
onsuz nə təsərrüfatı, nə inşaatı, nə hərbi, nə ölkəni, nə də ailəni və məişəti idarə etmək mümkün deyildi.
Məsələn, riyaziyyatın geniş vüsət tapması ilk növbədə praktik tələbatlardan irəli gəlirdi: çünki bu
sahədəki elmi biliklərin sayəsində yerölçənlərin, inşaatçıların işinə xeyli dərəcədə köməklik göstərilirdi. Nil çayının te-tez daşması sərhədlərin ölçülməsini, onların dəqiqləşdirilməsini zəruri etdiyindən riyazi biliklərin inkişaf və təkmilləşdirilməsi aktuallıq kəsb edirdi. Riyaziyyat elmində ən böyük nailiyyət onluq hesablama sisteminin yaradılması idi.
Qədim misirlilər təsərrüfat işlərinin düzgün və fəsillərə uyğun aparılması üçün dəqiq təqvim tərtib etdilər
ki, bu da dünya miqyasında ən böyük nailiyyətlərdən biri hesab olunur. Təqvim səma cisimlərinin hərəkətinə müvafiq tərtib olunaraq ilin başlanmasını ən parlaq ulduz olan Siriusun çıxışı ilə əlaqələndirirdi. Bütün il 365 günü əhatə edən 3 mövsümə və hər mövsüm 4 aya bölünürdü. Misirlilər həm də ilk dəfə ulduz kataloqu, ulduzlu ayın xəritəsini tərtib etmişlər. Su saatının icadı da qədim misirlilərə məxsus idi.
Başlıca və mühüm nailiyyətlər təbabətdə də əldə edilmişdi. Meyidlərin mumiyalaşdırılması sahəsindəki
uğurlar insan anatomiyası, daxili orqanların hərtərəfli öyrənilməsi üçün ən başlıca səbəb oldu. Misir təbabətinin ən böyük uğuru, həm də qan dövranı və ürək haqqında nəzəri biliklərin yayılmasındadır. Diş, göz həkimləri kimi dar ixtisaslar formalaşmağa başladı.
Coğrafi xəritələrin tərtibi sahəsində də qədim misirlilərin xüsusi xidməti olmuşdur.
Beləliklə, Qədim Misir tarixində və mədəniyyətdə əldə olunan nailiyyətlər ümumbəşəri xarakter daşıyaraq
dünya sivilizasiyasının inkişafına xidmət etmiş oldu.
Mənbə:http://ebooks.preslib.az/pdfbooks/azbooks/medntarve.pdf
Müəllif:Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik
M.J.MANAFOVA, N.T.ƏFƏNDİYEVA və S.A.ŞAHHÜSEYNOVANIN ümumi
redaktəsilə.