28.07.2013

Antik Albaniyanın incəsənəti.



Arxeoloji tədqiqatlar nəticəsində qədim zamanların çoxlu ictimai binaları və başqa memarlıq abidələri, habelə sıravi tikililəri aşkar edilmişdir. Tikinti qalıqları binaların çaydaşından qoyulmuş bünövrələrindən, qismən salamat qalmış çiy kərpic divarlardan, bir çox sütunların müxtəlif tipli daş təməllərindən ibarətdir. Bunlar yəqin ki, monumental binaların memarlıq üslubu ilə bağlı yeganə məlum ünsürdür və təkcə əməli deyil, həm də estetik əhəmiyyətə malikdir. Albaniya ərazisində divar rəsmləri, mozaika və binaların başqa bəzək-düzəkləri təəssüf ki, hələ aşkar edilməmişdir.Azərbaycan xalqının folklor ənənəsində hifz edilib saxlanılmış məlumat binaların içərisinin naxışlı boyalarla, ipək parçalarla, xalı-xalça ilə bəzədildiyinə, bir çox musiqi alətləri olduğuna və musiqi sənətinin yüksək inkişafına dəlalət edir.Qədim yerli ənənələrə əsaslanan Albaniya incəsənəti antik dövrdə müəyyən dərəcədə tənəzzülə uğrayır, daha erkən inkişaf dövrlərini səciyyələndirən rəngkarlıq sənəti qeyb olur; keramikaya vurulan əlvan naxışlar başlıca olaraq daha bəsit xarakter daşıyır.Bununla birlikdə Albaniya bədii keramikasının istehsalında özünü xüsusilə parlaq şəkildə büruzə verən dekorativ-tətbiqi sənətin daha da inkişaf etdiyini qeyd etmək lazımdır. Məhz antik dövrdə dulus çarxının demək
olar ki, tamamilə istifadədən çıxmasına və alban keramikasının böyük bir qisminin əllə hazırlanmasına baxmayaraq, keramika öz formalarının simmetrikliyi və zərifliyi ilə fərqlənir.Keramikanın ən səciyyəvi tiplərindən biri olan "süddanlar" xüsusilə maraqlıdır.Bunlar yumru gövdəli, birqulplu, azacıq yuxarı qalxmış uzunsov novçalı qablardır, novçanın başlandığı yerdə adətən çox vaxt "süzgəc" düzəldilirdi. Bunlar bişirilməmişdən qabaq ağımtıl və ya qırmızımtıl şirə ilə örtülürdü. Qabların boğazı və qulpu bir çox hallarda batıq və ya çökək ornamentlə, gövdəsi isə simmetrik şəkildə yerləşdirilən yapışdırma düyməvari naxışlarla bəzədilirdi. Səciyyəvi novçanın hər iki tərəfinə vurulan bu cür yapışdırma naxışlar həmin qablara zoomorf görkəm verir.
Kürədə bişirilən məşhur birayaqlı və üçayaqlı qırmızı və qara vazalar kimi, təsvir edilən qabların da yerli xalq ənənəsində dərin kökləri vardır və bu ənənənin ünsürləri
hellinizm dövrünün alban incəsənəti üçün xüsusilə səciyyəvidir. Eyni zamanda inkar etmək olmaz ki, Yaxın Şərq və Aralıq dənizi ölkələri xalqlarının mədəniyyəti də alban mədəniyyətinə müəyyən təsir göstərmişdir. Eramızdan əvvəl IV-III əsrlərdə geniş yayılmış olan bədii keramikaya əməli əhəmiyyətini də saxlayan ən müxtəlif zoomorf və antropomorf qablar daxildir.
Ümumiyyətlə, mücərrəd ornamentlə bəzədilmiş qablara xüsusi düzəlmiş qulpların, qapaqların və digər lazımlı ünsürlərin köməyi ilə zoomorf və ya antropomorf görkəm verilir. Bir çox saxsı qablarda heyvanların, quşların, insanın yapışdırma və basma ornamentlə, boya ilə yaradılmış sxematik təsvirləri vardır ki,bunlar alban incəsənəti haqqında müəyyən təsəvvür yaradır.
Bununla əlaqədar olaraq İsmayıllı rayonunun Hacıhatəmli yaşayış yerindən tapılmış dabanlı oturacağı olan boz rəngli vazanı xüsusilə qeyd etmək lazımdır;
Gövdəsi yapışdırma naxışla bəzədilmiş qabın kiçik şaquli qulpları vardır, ağzı dəyirmidir. Şaquli qulpların hər iki tərəfinə çiçək şəklində kiçik naxışlar yapışdırılmışdır; qulpun dibində də buna bənzər yapışdırma naxış vardır. Yapışdırma naxışların köməyi ilə qaşlar, gözlər, qulaqlar və üzün hər iki tərəfindən sallanan iki hörük, batıq cızıqların köməyilə kirpiklər bildirilmişdir. Qadın çöhrəsinin zəngin təxəyyülü naməlum usta tərəfindən məharətlə yaradılmış təsviri əsrləri arxada qoyaraq bizə gəlib çatmışdır. Buna oxşar antropomorf saxsı qablar qədim Şamaxı qazıntılarından məlumdur. Qabın gövdəsinin yuxarı hissəsi adam başı formasındadır; qulaqlar, burun, gözlər və bel realist görkəmdə verilmişdir. Təsvir edilmiş keramikaya
bənzəyən, maral, keçi, öküz, xoruz, göyərçin, tısbağa və i.a. formasında hazırlanan, realist alban incəsənəti üçün səciyyəvi olan antropomorf saxsı qab Türkiyə ərazisində
olan hett abidələrindən də məlumdur. Eramızdan əvvəl IV-III əsrlərdən başlayaraq Albaniyanın dekorativ-tətbiqi sənətində kiçik formalar plastikası, məişət süjetlərinə və
mifoloji süjetlərə dair səhnələrin batıq xətlərlə təsvir edildiyi daş heykəllər xüsusi yer tutur. Albaniya terrakotları hər şeydən əvvəl qadın heykəlcikləri, az-az hallarda kişi heykəlcikləri, zoomorf fiqurlar, o cümlədən yüyənli at təsvirləri ilə təmsil olunmuşdur. Alban incəsənətinin bu abidələri olduqca çoxdur: təkcə İsmayıllı rayonunun ərazisində, Mollaisaqlı-Hacıhatəmli yaylasında 60-dan artıq heykəlcik aşkara çıxarılmışdır. Bunlar Mingəçevir, Qəbələ və Şamaxı qazıntılarından da
məlumdur. Albaniyanın kiçik gil heykəlyapma(koroplastika) sənəti arxaik formaları xeyli dərəcədə hifz edib saxlamış və o, Şərq incəsənəti üçün səciyyəvi olan üslubda yaradılmışdır.Çox ehtimal ki, terrakotlar ən qədim zamanlardan məhsuldarlıq rəmzi sayılan Ana İlahəsinin təsviri ilə bağlı olmuşdur.Albaniya koroplastikasının müəyyən hissəsi Azərbaycanın qədim əhalisinin etiqadlarını və təsəvvürlərini əks etdirən, qonşu ölkələrin incəsənəti ilə ümumi cəhətləri olan zoomorf təsvirlərlə təmsil edilmişdir. Arxaik cizgiləri saxlayan terrakot heykəlciklər antik dövrdə Ön Asiya və Yaxın Şərq incəsənətinin lokal məktəblərindən birini təmsil edir.Albaniyanın monumental heykəltəraşlığı arxeoloji tədqiqatların gedişində əsasən Şirvanda və Qarabağda üzə çıxarılmış antropomorf daş heykəllərlə təmsil olunmuşdur. Onların böyük bir qismi əhəngdaşından hazırlanmışdır və adamı boyaboy və ya hətta daha iri ölçüdə təqdim edir. Heykəllərin başları bir qayda olaraq qopuqdur. Sağ əl sol döşə, sol əl qarın üstünə və ya sağ əldən aşağıya qoyulmuşdur.
Şamaxı rayonunun Çıraqlı kəndində tapılmış daş heykəllər qrupunda üzün cizgiləri(gözlər, burun, qulaqlar) aydın təsvir olunmuş, sakitlik, müdriklik, mərdlik kimi xassələrin realistcəsinə ifadə edilməsinə cəhd göstərilmişdir.Daş heykəllər əsasən yerli bütpərəst əhalinin səcdə etdiyi kişi bütləri idi. Bu ənənə antik dövrdən ta ilk orta əsrlərə qədər yaşamışdır.Daşdan yalnız monumental heykəllər deyil, həm də kiçik fiqurlar yonulur və onların üzərində müxtəlif təsvirlər həkk edilirdi. Şamaxıda alban tətbiqi sənətinin maraqlı abidəsi tapılmışdır. Bu abidə ağ əhəngdaşından hazırlanan, qədəhə oxşayan zəngşəkilli bir qabdır. Onun içi boş olan gövdəsi bayır tərəfdən çökək ornamentlə örtülmüşdür. Çəpəki və sınıq xətlərlə haşiyələnmiş kompozisiyanın mərkəzində birbirinin dalınca sıra ilə gedən beş heyvan - təkə, donuz, bəbir və aydın nəzərə çarpan iki maral fiquru yerləşdirilmişdir. Qədəhin yuxarısı üç qabarıq başcıqla - kişi, qadın və it başcıqları ilə qurtarır. İsmayıllı rayonu ərazisində Uzunboylar məskənində də
üzərində zoomorf təsvirlər olan daş piyalə tapılmışdır. Həm də buradakı maral təsvirləri, ornament motivləri qədim Şamaxıda tapılmış qədəhdə olan maral
təsvirlərinə və ornament motivlərinə bənzəyir. Haqqında danışılan qabların hər ikisi eyni məktəbin məhsulu olub mədəniyyət dairəsinə mənsubdur.Demək lazımdır ki, plastik materialda, torevtika əsərlərində, qliptikada
çoxsaylı maral təsvirlərinin motivi məhz alban dekorativ tətbiqi sənəti üçün səciyyəvidir.
Din. Strabonun məlumatına görə, albanlar yunanca Helios, Zevs və Selena adlandırılan üç allaha sitayiş edirdilər. Antik müəllifin dediyinə görə, albanlar
Selenaya üstünlük verirlər. "Onun məbədi İberiyanın yaxınlığındadır. Kahin vəzifəsini basilevsdən sonra ən böyük hörmət sahibi olan, yaxşı məskunlaşmış geniş
hiyera xoranın başında, onun (hiyera xoranın) və hiyerodulların başında duran kişi icra edir, hiyerodulların bir çoxu dini vəcd vəziyyətindədirlər və gələcəyi xəbər
verirlər". Başqa bir məbəd vilayəti Kür çayının sahilində idi. Dion Kassinin yazdığına görə, Pompey albanlara qarşı yürüşü zamanı "qış düşərgəsini Anait vilayətində Kür sahilində salmışdı". Həm Strabon, həm də Dion Kassi Qərbi Albaniyanın məbəd vilayətlərindən danışırlar. Maraqlıdır ki, Şərqi Albaniyada Kaspi dənizinin adalarında da müqəddəs vilayətlər olmuşdur. Bu barədə Mela məlumat verir: "Kaspi dənizində
Talqa (torpağa xüsusi) qulluq edilmədən də məhsuldardır; (Talqada) yerdə və ağacda bitən hər cür meyvələr çoxdur, lakin qonşu xalqlar (Talqada) hasilə gələn bəhrəyə toxunmağı yolverilməz və küfr hesab edirlər; onların inamına görə, bütün bunlar allahlar ucun hazırlanmış və allahlar üçün saxlanılmalıdır". Antik müəllif ibadətgahın özü haqqında heç nə demir, nə hiyereveslərin, nə də hiyerodulların adını çəkir. Belə
bir cəhət diqqəti cəlb edir ki, Talqada meyvələr çoxdur, lakin onlara toxunmaq "yolverilməz və küfr sayılır", çünki burada hər şey allahlar üçündür. Mela müqəddəs
ağacları olan müqəddəs ərazilərdən bəhs edir, bu isə Albaniyanın şərqində, məsələn,Selena ibadətgahının hiyera xorasında işlərin nisbətən bir qədər başqa cür olduğunu göstərir. Çox ola bilər ki, Kaspi Talqasında daha primitiv xarakterli bir ibadətgah və ya bir növ qədim pir varmış. Məlumat kasadlığı ölkənin baş ibadətgahını xarakterizə etməyə imkan vermir, lakin güman etmək olar ki, məhz geniş əraziyə və çoxsaylı əhaliyə malik olan Selena məbədi ictimai və dini həyatda mühüm rol oynamışdır. Bu,xüsusilə ona görə düzgündür ki, Kiçik Asiyanın bəzi ibadətgahlarında olduğu kimi, bu
məbəddə də hiyerevs basilevsden sonra ikinci şəxs olmuşdur.Qədim Albaniya panteonunun bir allahının Strabon tərəfindən antik dünyanın məşhur baş allahı Zevslə eyniləşdirilməsi ilə əlaqədar olaraq iri daş bütlər maraq doğurur. Bunların ən səciyyəvi olanları Xınıslıda, Dağkolanıda və Çıraqlıda aşkara çıxarılmışdır. Bütlər yerli məsaməli daşdan yonulmuşdur. Çoxunun əl-ayağı və ya başı yoxdur. Bütlərin böyük bir qisminin boyu adam boyuna çatır. Bunlar xronoloji cəhətdən eramızdan əvvəl son əsrlərə - eramızın ilk əsrlərinə aiddir. Bütün bu bütlər yonulma texnikasına görə nisbətən aşağı səviyyədə durur, qədim Yunanıstan və Roma
heykəltəraşlarının heykəlləri ilə müqayisəyə gəlmir.
Maraqlıdır ki, mərhumla birlikdə qəbrə qoyulmuş keramika məmulatının və başqa əşyaların bir qismi ayparanı təsvir edən ornamentlə örtülmüşdür. Ay ilahəsinin rəmzləri bununla məhdudlaşmır. Rəmzlər sırasına ilahə təsvirinin digər şərti işarələri
də aiddir. İlahəyə sitayiş maddi mədəniyyət abidələrində tez-tez şəkli verilən müqəddəs ağacla bağlıdır. Müqəddəs ağaclara (dağdağan, saqqız ağacı, dəmirağacı,çinar, qarağac və s.) sitayişin izləri bizim günlərdə də qalmışdır. Ay rəmzlərindən biri
də görünür, ilan təsviridir. Ornamentdə ilan təsviri Qafqaza məxsus bir rəmz sayılır.Bir çox qəbirlərdən xeyli bilərzik tapılmışdır ki, onların bir qisminin başı ilan şəklindədir. İlan şəkli bir sıra qablar üstündə də vardır. Sırğalara, üzüklərə və digər bəzək şeylərinə geydirilən rəngbərəng qaş-daş da, ehtimal ki, Ayın həyat bəxş edən
qüvvəsi ilə bağlıdır. Bir çox hallarda "üç", "yeddi", "on bir" miqdar nisbətini ifadə edən ornamentlə bəzədilmiş xeyli miqdarda keramika məmulatının mövcud olması
güman etməyə əsas verir ki, Albaniyanın qədim əhalisi qəməri təqviminin güclü təsiri altında imiş. "Üç" ədədi ehtimal ki, təzə ay fazasının yunanlarda Selena adlanan ilk üç günü ilə bağlı idi. Ay altıncı gün Artemida, on birinci gün hekata olur. Başqa bir rəvayətə görə, Ay Yerin üzərində olanda Selena, Yerin daxilində olanda Artemida, əks tərəfdə olanda isə hekatadır. Beləliklə, "üç" ədədi ayın dəyişilmə fazalarının və onlardan asılı olan qüvvələrin rəmzidir. Ay albanların dini təsəvvürlərində fövqəladə rol oynayırdı, güman ki, məbəd hiyerodullarının vəcd və ya divanəliyi allahın vergisi
sayılırdı, yəni Selena ilahəsinə sitayiş ilə bağlı idi. Selenaya sitayişin müxtəlif formaları sonralar da yaşamaqda davam edirdi. Yaxın vaxtlarda Azərbaycanda və Şərqi Gürcüstanda qədim etiqadların ünsürləri tapılmışdır. Mollaisaqlıda, Mingəçevirdə, Xınıslıda aşkar edilmiş terrakot heykəlciklər bu baxımdan maraqlıdır. Heykəlciklər kiçikdir (20 santimetrə qədər), bəzi fiqurlarda boyunbağıların və bilərziklərin qabarıq təsvirləri, həmçinin geyimin sxematik cizgiləri gözə dəyir, bir çox hallarda baş və əl-ayaq qopuqdur. Ola bilsin ki,bu, dəfn adəti ilə əlaqədardır. Terrakot heykəlciklər eramızdan əvvəl son əsrlərə -eramızın ilk əsrlərinə aid edilir. Qədim alban heykəlciklərini Qobustan qaya rəsmləri ilə tutuşduraraq belə bir fərziyyə söyləyirlər: qadın heykəlcikləri də, qadın rəsmləri də
mənşə etibarı ilə Bərəkət ilahəsinin obrazından götürülmüşdür. İosif Flaviyə görə,parfiyalı bir qadın ərinin vəfatından sonra zorla yəhudi Anileyin evinə aparılmış, lakin oraya "özünün də, ərinin də sitayiş etdikləri allahların təsvirlərini gətirmişdir. Bu yerlərin sakinlərində bir adət vardı: evdə bütlər saxlayır, səyahətə çıxanda yanlarında aparırdılar; buna görə də o qadın öz ölkəsinin adəti üzrə bütləri özü ilə gətirmişdi. İlk
vaxtlar onlara gizlində ibadət edirdi. Bütlərə birinci ərinin evində necə sitayiş etmişdisə, Anileyin arvadı olandan sonra da eləcə sitayiş eləməyə başlamışdı".Sitatdan göründüyü kimi, bütlər çoxlu və portativ idilər. Burada parfiyalıların evdə büt saxlamaq adəti xatırladılır, bu adət bir çox səbəblərə görə albanlara da aid ola bilərdi. Gətirilən parçada söhbət, görünür, məhz Azərbaycanda aşkar edilən fiqurlara bənzər terrakot heykəlciklərdən gedir. Qədim alban terrakot heykəlcikləri Selena
ilahəsini, digər müxtəlif allahları təmsil edə bilərdi. Helios, Zevs və Selena allahlarının adları qədim dövrün başqa xalqlarında da çəkilir. Məsələn, Strabon Parfiya dövrü haqqında belə bir məlumat verir ki, "farslar heykəllər və ya qurbangahlar ucaltmırlar, Zevsə səcdə edirmiş kimi səmaya səcdə edərək hündür bir yerdə qurban kəsirlər. Onlar Heliosu Mitra adlandıraraq ona, habelə Selenaya və Afroditaya səcdə edirlər; sonra od, torpaq, külək və suya sitayiş edirlər, boynuna
çələng keçirilmiş qurbanlıq heyvanı müəyyən qaydada pak edilmiş yerə gətirərək ibadətdən sonra qurban kəsirlər. Müqəddəs mərasimi icra edən kahin qurbanlıq əti doğrayır, dindarlar paylarını götürüb gedirlər, allahlara heç nə saxlamırlar; onların dediklərinə görə allaha qurbanın ruhundan savayı heç nə lazım deyildir. Lakin bəzilərinin dediklərinə görə, onlar piyliyin kiçik bir tikəsini oda atırlar". Gətirilən parça göstərir ki, Zevs, Helios və Selena farsların və albanların eyni allahları sayılır.Helios ilə Mitranın, Strabon dediyi kimi, eyni allah olması diqqəti cəlb edir. Yunanlar və romalılar məbədlərdə qurbangahlardan istifadə etdikləri halda, farslar istifadə etmirdilər. Qurbanvermə mərasimi məbədin yaxınlığında məxsusi ayrılan "pak edilmiş" yerdə icra olunurdu. Qurbankəsmə və ətpaylama adəti Azərbaycanın hər yerində əhali arasında indi də yayılmışdır.Dəfn adəti din ilə bağlıdır. Strabon yazır ki, "albanlar yalnız valideynlərinin deyil, başqa [adamların] da qocalığına hədsiz hörmət bəsləyirlər. Nə ölənlər haqqında fikirləşmək, nə də onları xatırlamaq lazım bilinmir. Lakin (onlar) ölənlərlə birlikdə var-dövləti də basdırırlar. Buna görə də albanlar kasıb dolanırlar, atadanqalma heç nələri olmur". Sonralar aparılan və albanların dəfn adətlərini bütün rəngarəngliyi ilə
aşkara çıxaran arxeoloji qazıntılar Strabonun bu təsvirini tamamlayır. Nisbətən kiçik ərazidə başlıca olaraq həm torpaq qəbirlər, həm də üfüqi vəziyyətdə qoyulan
küplərdən ibarət qəbirlər vardı. O dövrün digər qəbir növləri katakomba qəbirləri,taxta qəbirlər, təknə və çiy kərpic qəbirlərdir. Əksər hallarda mərhumu geyimdə,
bəzək şeyləri ilə birlikdə dəfn edirdilər. Qazıntılar zamanı kauri çanaqları, üstündə dairəcik şəkilləri və sxematik göz təsviri olan cürbəcür muncuqlar, paltarın altından
taxılan bir sıra bəzək şeyləri tapılmışdır. Belə bəzək şeyləri qonşu Gürcüstanın,Ermənistanın və Dağıstanın antik dövr təbəqələrində də çoxlu miqdarda aşkar
edilmişdir. Bu həmaillərin köməyi ilə uşaqlardan və böyüklərdən azar-bezar, dərdbəla guya uzaqlaşdırılır, həmçinin onları sehr-cadudan hifz edirdilər.Bədnəzərdən qorunmaq üçün gözmuncuğu və ya həmaillər taxmaq ənənəsi Azərbaycanda və onun hüdudlarından uzaqlarda indi də vardır. Qəbirə mərhumla birlikdə əmək alətləri və bəzən silah qoyurdular. Ayrı-ayrı qəbirlərdə qırxılıqlar aşkar edilmişdir. Demək olar ki, həmişə qəbirə heyvan və quş əti ilə, həmçinin meyvə, süd və məstedici içki ilə
dolu gil qablar qoyulurdu. Yaşlılar basdırılanda ənənəvi dəfn adətləri gözlənilirdi;uşaqlar basdırılanda ənənə pozulurdu. Təsəvvürlərə görə, mərhum axirətdə həyatını
davam etdirir, işıqlı dünyadakı həyatını xatırladan bir həyat sürürdü. Ehtimal ki, buna görə mərhumun paltara, ərzağa ehtiyacı vardı, axirətdə ona sikkələr də lazım ola bilərdi.Güman etmək olar ki, dəfn məqamında küplərdə açılan kiçik deşiklər mərhumun ruhunun qəbirdən sərbəst çıxmasına imkan yaratmaq üçün imiş.Qəbirdə ölünün başının hansı tərəfə qoyulması dini xüsusiyyətlər məsələsinin həllində müəyyən əhəmiyyət kəsb edir. Məlumdur ki, torpaq qəbirlər mədəniyyətinin daşıyıcıları qadınları sol, kişiləri sağ böyürləri üstdə dəfn edirdilər, qadınların başlarını qərbə, ayaqlarını şərqə tərəf, kişilərin başlarını cənub-şərqə, ayaqlarını şimal-qərbə tərəf qoyurdular, həm də bütün hallarda ölünün üzünü günəşin ən gur işıq saldığı səmtə çevirirdilər. Ölünün əsasən baş tərəfində çoxlu gil qablar olması mərasimin
mürəkkəbliyini göstərir. Yarıbayarı doldurulmuş quyuda çox vaxt tonqal qalayır, qurbanlıq heyvanın şaqqalanmış ətini və kəsilmiş başını oraya atırdılar. Beləliklə, bəzi əlamətlər sübut edir ki, torpaq qəbirlər mədəniyyətinin daşıyıcıları günəşə ibadət edir, oda tapınırdılar. Başqa bir böyük mədəniyyətin nümayəndələri ölüləri iri gil küplərdə dəfn edir, mərhumu küpə sağ və ya sol böyrü üstə, bükülü vəziyyətdə qoyurdular. Bəzən belə izah edirlər ki, skeletin bükülü halda qoyulması mərhuma ana bətnindəki vəziyyəti vermək arzusundan irəli gəlmişdir. Əgər küp qəbirlərdə ayaqları uzadılmış skeletlərə
rast gəlinməsəydi, bu yozum inandırıcı olardı. Görünür, ənənə ölənin şəxsi əşyalarından faydalanmağı yasaq edirdi: qəbirdə mərhumun geyimi əynində qalırdı. İri
dəfn küpünün ətrafında çox vaxt qida və içki ilə dolu kiçik keramik qablar düzülürdü.İnanırdılar ki, ruh kip bağlanmış küpün içindən çıxa bilməz. Buna görə də böyrü üstə qoyulmuş dəfn küpünün yuxarı tərəfində kiçik deşik açır və onu keramika qəlpəsi ilə qapayırdılar. Kömür və kül qalıqlarından göründüyü kimi, tonqal adətən dəfn küplərinin ağzına yaxın yerdə qalanırdı. Çiy kərpic qəbirlər məhəlli səciyyəli din haqqında müəyyən məlumat verir. Meyiti torpaqdan seçmək üçün çox vaxt qəbirin yerinə ağ əhəng çəkilir, habelə çiy kərpic və ya taxta döşənirdi. Mərhumun geyimi əynində
qalırdı; qabların sayı lap azaldılmışdı; qablar demək olar həmişə mərhumun ayaq tərəfinə qoyulurdu. Bunlar əksər hallarda səhəng və cam idi. Biz hər dəfə qədim əhalinin səcdəgahlarından danışanda səmtin müəyyən edilməsində sistemsizliklə üzüzə gəlirik, lakin bəzən sabitlik də görmək olur. Məsələn, Mingəçevir və Torpaqqala qəbirlərinin istiqaməti qədim alban ibadətgahının yeri haqqında fərziyyə söyləməyə
imkan vermişdir. Çiy kərpic türbələrin istiqaməti qərbdən şərqədir (başı şərqə tərəfdir).Bu, sübut edir ki, səmt Şərqə götürülürmüş. Güman etmək olar ki, həmin sabit səmt gündoğan tərəfdir.Dinin parlaq əlamətlərindən biri ornamentdir. Torpaq qəbirlərdən tapılmış keramik əşyalar üçün çökək, qismən də qabarıq ornament səciyyəvidir, bu ornament paralel üfüqi və ya şaquli çökək xətlərdən, bir sıra kərtiklərdən, qabarıq düymələrdən və ya ayabənzər təsvirlərdən ibarətdir. Demək olar bütün hallarda qabın yuxarı hissəsi
paralel xətlərlə, həmçinin sağa və ya sola meylli kərtiklərlə haşiyələnir, üçdən on birə qədər çökək xətlərə toxunan paralel qanovcuqlar halqa əmələ gətirir. Torpaq qəbirdən tapılmış qabın gövdəsində düz və dalğavari xətdən əlavə, çökək çevrələrdən və onların ətrafında, yaxud içərisində yerləşdirilən çökək nöqtələrdən ibarət ornament vurulmuşdur. Nöqtələrin sayı əsasən ya yeddi, ya da doqquzdur. Nöqtələrdən ibarət batıq ornamenti olan dairəciklər üç-üç yerləşdirilir və on birə qədər kompozisiya ünsürü əmələ gətirir; ornament bir çox hallarda əhalinin dünyagörüşünü kifayət qədər dəqiq
əks etdirir. Məsələn, qablarda ay ayininin mövcudluğunu təsdiqləyən ayabənzər qabarıq təsvirə rast gəlinir. Qabların qulpunda və ağzında çəkilmiş xətlər aydın sübut edir ki, "üç" və "yeddi" ədədləri kimi, "on bir" ədədinin də xüsusi dini mənası varmış.Ornamentin tədqiqi göstərir ki, torpaq qəbirlərdən çıxarılmış qablarda qırmızı boyalı rəsmlər yoxdur. Torpaq qəbirlər mədəniyyətinə Kürdən şimaldakı ərazilərdə (buraya
küp qəbirləri mədəniyyətinin nüfuz etməsinə qədər) yayılmış ornament elementləri xasdır. Küp qəbirlər mədəniyyəti üçün həm çökək və qabarıq ornament, həm də qabın üst yarısını tutan qırmızı boyalı rəsmlər səciyyəvidir. Hər rəsm bir neçə paralel xətdən,
rənglənmiş və rənglənməmiş üçbucaqlardan, sınıq, dalğavarı xətlərdən ibarət olan ayrıayrı ünsürlərə parçalanır. Məsələn, gil ağızlı və iki qulplu (cizgilər bir qulpda doqquz, o biri qulpda yeddidir) qabın üzərində üç cərgə qırmızı boyalı ornament vardır:əvvəlcə bir cərgə çəpəki cizgilər, sonra üçbucaq mötərizələr düzülmüşdür - bunlar səkkiz tağı saxlayır. Qabın ağzına yoğun bir dairə çəkilmişdir. Gen ağızlı digər iki qulplu qabın üzərində açıq qırmızı boya ilə işlənmiş dördlaylı kompozisiya öz semantikası ilə diqqəti cəlb edir. Birinci cərgə qabın ağız hissəsinin dövrəsinə çəkilmiş xətlərdən və şaquli kərtiklərdən, ikinci cərgə şaquli sınıq xətlərdən ibarətdir.Əsas semantik yük üçüncü cərgəyə düşür: təsvirin mərkəzində parlaq səma cismi və ətrafa saçılan on bir şüa görünür, sağda bir budaq, solda iki budaq gözə dəyir. Bütün bunlar üç sütuna söykənir. Ağcabədidən tapılmış ikiqulplu bir qaba üç cərgə qəhvəyi ornament vurulmuşdur. Üst və alt cərgələr tağlardır. Onların arasında meandrı xatırladan təsvir
verilmişdir. Qabın hər qulpunda yeddi çökək cızıq vardır. K.V.Treverin fikrincə, qabda daha qədim qabların formaları və naxışları yeni tərzdə təkrar olunur. Birqulplu
qabların birinə qırmızı boya ilə üçcərgəli ornament çəkilmişdir: birinci cərgə çəpəki cızıqlardan, ikinci cərgə şaquli sınıq xətlərdən ibarətdir. Üçüncü cərgədə tağlar təsvir edilmişdir. Qabın qulpunda qırmızı boya ilə on çəpəki cızıq (lüləsinin ucunda qırmızı boya ilə dairəcik) çəkilmişdir. Lüləsi və bir qulpu olan başqa qaba dörd cərgə ornament vurulmuşdur. Alt və üst ornament tağların şəklini təkrar edir (hər cərgədə on tağ). İki
orta cərgəni şaquli sınıq xətlər (təqribən qırx dəfə) ornamenti nöqtələrlə işlənmiş zəncir təsviri tutur. Qabın ağzı qırmızı boya ilə rənglənmiş lüləsində üç xətt, qulpunda xaç işarələrindən ibarət ornament vardır. Maraqlıdır ki, Mil düzünün küp qəbirlərindəki
qablarda da torpaq qəbirlərdən tapılmış qablardakı "üç", "yeddi" və "on bir" ədədi semantikası bu və ya digər formada təkrar olunur. Mil düzündə aşkar edilmiş
keramikanın ornamenti Albaniyanın qalan hissəsində tapılmış qabların rəsmlərindən öz zənginliyi ilə fərqlənir. Mingəçevir keramikasının çökək və qabarıq rəsmləri öz
spesifik xüsusiyyətlərinə malik olmaqla bərabər, bəzən Yaloylutəpə tipli torpaq qəbirlərdən tapılmış gil qabların ornamentinə bənzəyir. Mingəçevir qablarında olan
ornamentin bir nümunəsi maraqlı ritondur: ritonun bütün gövdəsi boyunca şaquli çökək xəttlər sınıq xətlərlə növbələşir. Belə sadə ornament eyni biçimli, lakin maral barelyefi olmayan başqa bir qabda da vardır. Yük heyvanları ilə daşınan böyük və yanda gəzdirilən kiçik mehtərələrin çökək, bəzi hallarda qabarıq ornamenti Mingəçevir üçün səciyyəvidir. Rəsmlərin xeyli hissəsi ya ideologiyanı əks etdirir, ya da keramika
rəssamın təxəyyülünün bəhrəsidir. Eyni sözlər birqulplu və lüləli qabların çökək və qabarıq ornamentinə də aiddir. Mehtərələrin və birqulplu qabların ornamentində ədədi semantika mühüm rol oynayır. Mingəçevir üçün zəngin boyalı keramika səciyyəvidir.Boyanın keyfiyyəti Mil düzündən tapılmış qablara vurulan boyanın keyfiyyəti kimidir, lakin rəngi bir qədər açıqdır. Birqulplu səhənglərin birində dimdiklərini sərv ağacına tərəf tutmuş quşlar və ağacdan yuxarıda qabarıq yarımdairə təsvir edilmişdir.Quşlar ilə ağacın arasında, bir tərəfdən, şüasaçan cisim və rənglənmiş üçbucaq, o biri tərəfdən, eynilə o cür səma cismi vardır. Quşların arxasında ağacların sxematik təsvirləri və üçbucaqlar görünür. Güman ki, rəsm nəqli-mifoloji əhəmiyyətə malikdir.
Birqulplu, novçalı başqa bir səhəngdə fauna və flora daha canlı bir şəkildə əks etdirilmişdir. Rəsmdə yenə də qarşı-qarşıya dayanmış müqəddəs quşlar təsvir
olunmuşdur, onların arasında həyat ağacı yoxdur, lakin bir tərəfdən, rənglənmiş üçbucaqlar, dama-dama üçbucaqlar, şaxələnmiş buynuzları olan maral və şüasaçan göy cismi, onların arxasında yenə maral və rənglənmiş üçbucaq, digər tərəfdən isə rənglənmiş
üçbucaq, qollu-budaqlı ağac və şüasaçan səma cismi vardır. İki şaquli qulpu olan enliboğaz keramik qab maraq doğurur. Bir qabda qırmızı boya ilə bizə əvvəlki
rəsmlərdən tanış olan üçbucaqlar çəkilmiş və onların üzəri ilə yeriyən iki quş təsvir edilmişdir. Başqa qablarda da eyni üçbucaqlar və müqəddəs quşlar rəsm olunmuşdur.Rəsmlər güman ki, rəmzi məna daşıyır. Qabların birində deşiyi iki tərəfə çıxan iki qabarıq məməcik vardır. Sərv təsvirli səhəngi xatırladan başqa bir qulplu keramik qabda qarşı-qarşıya hərəkət edən quşlar və bəzisi rənglənmiş üçbucaqlar nəzərə çarpır.
Quşların arasında budaqlı ağac görünür. Çiy kərpic türbələrdə aşkar edilmiş keramikada qırmızı boyalı rəsmə bir dəfə rast gəlinir; çökək xətlərə vurulan ornament simmetrik deyildir, o, qabın qıraqlarına çəkilmiş üç qeyri-paralel xətdən, sağa və sola meyil edən bir neçə cərgə çökək cızıqlardan ibarətdir. Ornament bəsitdir. Strabonun yunan adları ilə adlandırdığı eyni allahlara sitayiş olunması, görünür, onu sübut edir ki, farsların,
madalıların, ermənilərin və albanların oxşar panteonu varmış, lakin hər bir ayrıca halda üstünlük allahlardan birinə verilirdi. Bir tərəfdən, farsların, madalıların və ermənilərin,digər tərəfdən, qədim Qafqaz albanlarının panteonları arasında müqayisəni davam etdirsək,
o nəticəyə gələrik ki, Strabonun yunanca adlandırdığı alban allahları Helios, Zevs və Selena İran allahları Mitraya, Ahura-Mazdaya və Anahitaya tamamilə və ya qismən uyğun gələ bilər. Arşakilər dövrünün sonu qədim dini təsəvvürlərin tənəzzülə uğraması, sonra isə xristianlığın yayılması ilə səciyyəvi idi. Yeni təlimin qələbəsi heç də köhnə, xristianlıqdan əvvəlki dini baxışların məhv olub getməsi demək deyildi.
Qədim ayinlərin qalıqları geniş xalq kütlələri arasında yaşamaqda davam edirdi.Moisey Kalankatlı məlumat verir ki, çar Vaçaqan qədim ayinin nümayəndələrini "ya
suda batırır, ya da qovurdu; başqa bir qismini qul edirdi". Onun yazdığına görə,Qambeçdə və Alvankda "sərt tədbirlər görülürdü". Repressiyalar üzündən təriqətlər xəlvətə çəkilir, xristianlığa müqavimət göstərirdilər. Yeni tədbirlər həyata keçirmək
lazım idi. Orta əsrlər Albaniyasının tarixçisi danışır ki, Vaçaqan "əmr verdi ki, cadugərlərin, sehrbazların, kahinlərin, barmaqkəsənlərin və türkəçarəçilərin
övladlarını yığıb məktəbə versinlər, ilahi elmə yiyələndirsinlər və səriştəli etsinlər...".Xristianlıq ideyaları yayıldığı kimi, hakim yuxarı təbəqənin iqtisadi və siyasi hökmranlığı da yayılırdı. Xristianlıq tez-tez ciddi məğlubiyyətlərə düçar olurdu.Məsələn, Kalankatlıya görə, "Alban katolikosu Qriqorisin ölümündən sonra barbar Şərq xalqları yenə bütpərəstliyə qurşandılar və çoxlu atəşgahlar quraraq xristianlığa qarşı təqiblərə başladılar". Antik dövrün və orta əsrlərin yazıçıları tərəfindən xatırladılan etiqadlar Albaniyada hələ uzun müddət yaşadı. 

http://www.anl.az/el/Kitab/254453.pdf