01.06.2013

Xəzər xaqanlığı

Xəzər xaqanlığı - xəzərlər tərəfindən yaradılmış erkən feodal türk dövləti;VII əsrin ortalarından 965-ci ilə qədər mövcud olmuşdur. Xəzər xaqanlığının tərkibinə bulqarlar, sabirlər, barsillər və alanların bir hissəsi daxil idi. Xəzər xaqanlığına xaqan başçılıq edirdi. Xaqanlığın paytaxtı əvvəlcə Səməndər şəhəri,
VIII əsrin əvvəllərindən isə İtil şəhəri olmuşdur. 651-ci ildən etibarən xəzərlər və sabirlər Qafqaz Albaniyasının sərhəd ərazilərinə daim yürüşlər etməyə başladılar.

Xəzərlərin 681-ci ildə etdikləri yürüş xüsusilə dağıdıcı olmuş, bundan sonra Qafqaz Albaniyası 25 il ərzində Xəzər xaqanlığına xərac ödəmişdir. 682-ci ildə alban hökmdarı yepiskop İsrailin başçılığı ilə sabirlərin yanına elçi göndərmişdir.O da bunların arasında xristianlığı yaymağa başlamışdır ki, sonralar dinin köməkliyi ilə Qafqaz Albaniyası onu tez-tez narahat edən qonşusuna təsir edə bilsin. Bu hadisələr Moisey Kalankatlının “Alban tarix”ində təsvir edilib.
Xəzər xaqanlığının əraziləri VIII əsrin əvvəllərində Cənubi Volqaboyunu, Şimali Qafqazı, Azovətrafını, Krımın çox hissəsini və Dneprədək olan çöl və meşə-çölləri
əhatə edirdi. Qüdrətli dövlətə çevrilən Xəzər xaqanlığı Bizans imperiyası və Ərəb xilafəti üçün təhlükəli rəqib oldu. Bizans xəzərlərdən öz rəqibləri olan ərəblərə
qarşı mübarizədə istifadə etməyə çalışırdı. 731-ci ildə Bizans imperatorunun oğlu xəzər xaqanının qızı ilə evləndi. Elə həmin il xəzərlər artıq ərəblər tərəfindən zəbt
olunmuş Qafqaz Albaniyasına yürüş etdilər. Ərəb sərkərdələrindən Məsləmə və Mərvanın yürüşü 737-ci ildə xəzərlərin paytaxtı Səməndər şəhərinin tutulması ilə
başa çatdı. Ərəblərlə bağlanmış müqavilənin şərtlərinə əsasən, "kafir" xəzərlər islamı qəbul etməli idilər. Xəzər xaqanlığının paytaxtı İtilə köçürüldü və o, qısa
müddət ərzində iri beynəlxalq ticarət şəhərinə çevrildi. Xəzər xaqanlığı Şərqi Avropa və Cənubi Qafqazla, habelə digər ölkə və xalqlarla ticarət edirdi. Bu dövrdə xaqanlıqda əsasını Orxon-Yenisey runa yazısı təşkil edən kitabələr aşkaredilmişdir. VIII əsrin ikinci yarısında xaqanlıqdakı güclü iqtisadi yüksəliş yenidən
onu Ərəb xilafəti üçün təhlükəli qüvvəyə çevirdi.
Xəzərlərin Cənubi Qafqaza
yürüşləri yenidən başlandı, çoxsaylı kəndlər, Dərbənd və Tiflis kimi ən iri alalar
talan edildi. Xəlifənin Cənubi Qafqazdakı canişinləri iki dəfə Xəzər xaqanının
qızları ilə evləndilər və dəfələrlə xəzərlərə xərac verdilər. Bizans imperiyası
xristianlığı yaymaq məqsədi ilə Krıma və Şimali Qafqaza öz yepiskoplarını
göndərirdi. Görünür, bununla əlaqədar xəzər xaqanı və feodal hakim dairələri hələ VII əsrin əvvəllərində Bizansda təqib və məhv edilməkdən yaxa qurtarmaq üçün Xəzər xaqanlığının bir sıra ərazilərində - Qafqaz, Krım və Taman yarımadasında məskunlaşmış yəhudilərdən əxz etdikləri iudaizmə üstünlük verməyə başladılar.
Buraya köçmüş yəhudilər Xəzər dövlətində ticarətin inkişafında, şübhəsiz, böyük rol oynamış və şəhərlərdə əhalinin xeyli hissəsini təşkil etməklə xaqanın siyasətinə təsir etmişlər. Lakin yeni din geniş yayılmamışdır, onu yalnız xaqan və feodal hakim dairələri qəbul etmişlər. Xalqın əksəriyyəti isə əvvəlki kimi bütpərəstlikdə qalmışdır. Xəzərlər ölkəsində xristianlıq da öz əhəmiyyətini itirməmişdi, şəhərlərdə isə hətta saraya daxil ola bilmiş müsəlmanlar daha çox üstünlük əldə etmişdilər, belə ki, xaqanın daimi ikiminlik qvardiyası məhz müsəlmanlardan ibarət idi. IX əsrin əvvəllərində Xəzər xaqanlığı feodal pərakəndəliyi dövrünə keçdi, burada ara müharibələri başlandı. Macarlar (madyarlar), ruslar və digər tayfalar xaqanlığa yürüşlər etməyə başladılar. IX əsrin sonlarından etibarən xaqanlığa şərqdən -Volqanın o biri tayından peçeneqlər hücum etməyə başladılar.
X əsrin əvvəllərində
peçeneqlər Xəzər xaqanlığının bütün şimal və qərb torpaqlarını darmadağın etdilər,
iri ticarət şəhərlərini talan edib yandırdılar. Bu məğlubiyyətdən sonra xaqanlıq bir daha özünə gələ bilmədi. Zəifləmiş Xəzər xaqanlığı 964 - 965-ci illərdə Kiyev knyazı Svyatoslav tərəfindən darmadağın edildi