26.06.2013

Azərbaycan Respublikası Silahlı Qüvvələri günü.






Ulu öndərin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ümummilli lider Heydər Əliyev bu fərmanı ilə tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı.


Heydər Əliyev görkəmli dövlət xadimi, böyük siyasətçi, həm də peşəkar hərbçi idi. Elə buna görə ulu öndərin hakimiyyətə gəlişindən sonra əsası qoyulan ordu quruculuğunun diqqət çəkən əsas tərəfi yüksək peşəkarlıqla həyata keçirilməsi idi. Bu dahi insanın vaxtilə ayrı-ayrı şəxslərin, bəzi siyasi partiyaların konyunktur maraqlarına, dövlət çevrilişi məqsədlərinə xidmət edən silahlı dəstələri buraxmaqla, onların fəaliyyətini qanundankənar elan etməklə başladığı ordu quruculuğunun effektiv nəticələri artıq 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində özünü göstərməyə başlamışdı.

1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.

Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsi tək hərbi texnika ilə deyil, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması ordu quruculuğunda vacib və tarixi əhəmiyyətli bir mərhələ oldu.


Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir.

Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezideni, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.

Bu gün qarşıda dayanan əsas vəzifələrdən biri silahlı qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsidir. Son illər keçirilən möhtəşəm hərbi paradlar Azərbaycan Silahlı Qüvvələrinin həm güc və qüdrətini, həm də modernləşdiyini nümayiş etdirdi. Bu paradllar həm də xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramın təntənəsi və gözəl nümunəsi idi. Çünki Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsi və işğal olunmuş ərazilərimizi istənilən an azad etməyə qadir mükəmməl bir orduya çevrilməsi yönündə Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək əzmkarlıq Heydər Əliyev ideyalarının davam etdirilməsi deməkdir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə xalqın öz torpaqlarını azad etmək üçün silaha sarılacağını gizlətmir və Silahlı Qüvvələrin buna tam qadir olduğunu bəyan edir: "... Bizim ordumuz istənilən vaxtda torpaqlarımızı düşməndən azad etməyə qadirdir".

Ermənistanın təcavüzü ilə üzləşmiş Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərtərəfli təchiz olunmuş ordunun formalaşdırılması istiqamətində atılan addımlar son illərdə daha da intensivləşmişdir. Həyata keçirilən uğurlu islahatlar nəticəsində respublikamızın iqtisadi qüdrətinin ildən-ilə güclənməsi Prezident İlham Əliyevə bu sahədə ardıcıl tədbirlər həyata keçirməyə, hərbi xərcləri durmadan artırmağa imkan vermişdir. "Sülh istəyirsənsə, müharibəyə hazırlaş" tezisindən çıxış edən dövlət başçısı ölkəmizdə hərbi potensialın daha da gücləndirilməsi, bu prosesdə qabaqcıl dövlətlərin təcrübəsinə istinad olunması kimi mühüm məsələləri diqqət mərkəzində saxlamışdır.

Ordumuzun qüdrətlənməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin müharibə yolu ilə həll ediləcəyi təqdirdə sözsüz ki, ölkəmizin üstünlüyünü artırır. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan heç vaxt - nə bu gün, nə on ildən sonra, nə də yüz ildən sonra Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək razılaşmaya getməyəcəkdir. "Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe barədə dəfələrlə rəsmi bəyanatlar da verilibdir. Mən də öz çıxışlarımda bəyan etmişəm - Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bu başlıca şərtdir. Bunun kənarında heç bir razılaşma, heç bir saziş mümkün deyildir. İşğalçı qüvvələr zəbt olunmuş torpaqlardan çıxmalıdır", - deyə dövlətimizin başçısı bəyan etmişdir.