05.06.2013

İntibah

     İntibah (ər. "Oyanma", fr. "Renessans" - "Dirçəliş") - Mərkəzi və Qərbi Avropa ölkələrində ideya, mədəni və elmi inkişaf dövrü, orta əsrlər mədəniyyət və elmindən yeni dövr mədəniyyət və elminə keçid. İntibah mədəniyyətinin fərqləndirici xüsusiyyətləri bunlardır: dünyəvi xarakter daşıyır, dindarlıq əleyhinədir, humanist dünyagörüşlüdür, antik mədəni irsə müraciətlə onu sanki "dirçəldir" (dövrün adı elə buradan götürülmüşdür). İntibah XIII - XIV əsrlərin dönəmində  İtaliyada meydana gəlmiş və burada daha parlaq təzahür etmişdir (şair Dante, rəssam Cotto və b.). İntibah dövrü xadimlərinin yaradıcılığı insanın intəhasız imkanlara, onun iradə və ağıla, tərki-dünyalığı inkar etməyə malik olması inamı ilə zəngindir.


Bütün bunlar İntibah mədəniyyətinə ideya dəyəri və
qəhrəmanlıq meydanı verir. Memarlıqda əzəmətli aydınlıq, harmoniya və insana münasib olan ictimai tikililər aparıcı rol oynamağa başladı. Rəssamlar İtaliyada -Donatello, Leonardo da Vinçi Rafael, Mikelancelo, Tisian, Veroneze, Niderlandda- Yan van Eyk, Almaniyada - Dürer, Fransada - Fuke və bir çox başqaları) insan
fiquru təsvirinin (o cümlədən çılpaq) interyer arasında və ya real peyzajda həcm, məkan, işıq gerçəkliyini verməyə çalışırdılar. İntibah ədəbiyyatı sahəsində
Rablenin "Qarqantüa və Pantaqruel", Şekspirin dramları, Servantesin "Don Kixot"u, Petrarkanın sonetləri, Bokkaççonun novellaları və s. kimi ölməz əsərlər
yaradıldı. Musiqidə vokal polifoniya inkişaf edir, dünyəvi vokal və instrumental musiqidə yeni janrlar meydana gəlir. İntibah dövründə coğrafiya (Böyük coğrafi kəşflər), astronomiya (Kopernik tərəfindən dünyanın heliosentrik sisteminin işlənib hazırlanması), anatomiya sahəsində əhəmiyyətli elmi kəşflər (Vezali) edilmişdir.
İntibah ideyaları orta əsrlər dini təsəvvürlərinin məhv edilməsinə imkan yaradır və əsasən yenicə yaranan burjuaziyanın maraqlarına cavab verirdi.