13.06.2013

Azərbaycan tarixi təliminin təşkilinə verilən əsas tələblər

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu humanistlik, demokratiklik, bərabərlik, millilik və dünyəvilik, keyfiyyətlilik, səmərəlilik, fasiləsizlik, vəhdətlik, daimilik, varislik, liberallaşma və inteqrasiya prinsiplərinin təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri olduğunu bəyan etmiş, öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratik prinsiplərinə, insan hüquq və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməyin təhsilin əsas məqsədi olduğunu qərarlaşdırmışdır. Qanun həmçinin təhsilin məzmununa və təşkilinə dair ümumi tələbləri müəyyən etmişdir.

Azərbaycanda təlim prosesi daima ardıcıl olaraq inkişaf edir və müxtəlif zamanlarda özünəməxsus xarakter kəsb edir. Şəxsiyyətyönümlü təhsil sistemində pedaqoji prosesin mərkəzində duran müəllim və şagirdlərin funksiyaları dəyişir. Onların fəaliyyəti əvvəlcədən müəyyən olunmuş nəticələrə əsasən qurulur. Müəllim kurikulumlara uyğun inteqrasiya olunmuş planlarla yanaşı yeni texnologiyalar hazırlayır, yaxud mövcud olanların içərisindən ən münasiblərini seçir. Bu texnologiyaların müəyyən olunmasında müəllim və şagird şəxsiyyəti təlimin aparıcı subyekti kimi çıxış edir. Münasibətlər «subyekt + subyekt» formasına uyğun üfiqi istiqamətdə qurulur. Bu zaman şagirdlər öz təfəkkürünün,düşüncəsinin, müəllimlər isə şagirdin inkişafı üçün şəraitin təşkilatçısı olur. Müəllimlərin rəhbərlik funksiyası dəyişir, informasiya vermək sahəsindəki fəaliyyətini məhdudlaşdırır. O, daha çox sinif şəraitində təlim fəaliyyətini əlaqələndirən, istiqamətləndirən məsləhətçi kimi şagirdlərin müstəqil idrak fəaliyyətini, fəal yaradıcılığını təşkil edən subyektə çevrilir. Pedaqoji prosesin düzgün qurulmasında mühüm didaktik prinsiplərə istinad olunur.
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş «Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)» haqqında sənəddə ümumi təhsil sistemində pedaqoji prosesin təşkilində aşağıdakı prinsiplərin əsas götürülməsi nəzərə alınmışdır:
- pedaqoji prosesin tamlığı–pedaqoji prosesdə təlimin məqsədləri kompleks şəkildə (inkişafetdirici, öyrədici, tərbiyəedici) həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir;
- təlimdə bərabər imkanların yaradılması – bütün şəgirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir;
- şagirdyönümlülük – şagird pedaqoji prosesin mərkəzində dayanır. Bütün tədris və təlim işi şagirdlərin maraq və tələbatının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir;
- inkişafyönümlülük – şagirdlərin əqli fəallığı izlənilir, nailiyyətləri təhlil edilir, bilik, bacarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir;
- fəaliyyətin stimullaşdırılması – pedaqoji prosesin səmərəli və effektiv qurulması, şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir, nəticə etibarı ilə şagirdlərin daha uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur;
- dəstəkləyici mühitin yaradılması – pedaqoji prosesin münasib maddi-texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilməsi keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz təlim şəraiti yaradır.Azərbaycan tarixi fənninin tədrisində bu prinsiplərlə yanaşı xüsusi metodik prinsiplərin də müəyyən olunması didaktik cəhətdən əhəmiyyətli hesab edilir.
Tarix təlimi şagirdlərə cəmiyyətin inkişafı , xalqların tarixi haqqında bol-bol informasiya verməkdən daha çox onları həmin informasiyalardan baş açmaq, zehni və əməli fəaliyyətlərini məntiqi-elmi əsaslarla təşkil etmək, cəmiyyətdə öz yerini tutmaq bacarığı ilə silahlandırmalıdır. Tarixin təlimi prosesində şagirdlər cəmiyyətin həyatında və ölkənin idarə olunmasında fəal iştirak etməyə hazırlanmalıdırlar. Tarix fənni məktəblilərə müxtəlif rəylər, baxışlar və konsepsiyaları təhlil etməyi öyrətməli, öz baxışına zidd olan rəylərə hörmətlə yanaşmağa qabil olan şəxsiyyət tərbiyə etməlidir. Bu cür vəzifələrin həll edilməsi tarix təlimi metodikasının üzərinə düşür.
Yeni vəzifələrin yerinə yetirilməsinə kömək edən vasitə və üsulların tapılması müasir dövrün tarix təlimi metodikasının ən mühüm problemlərindəndir. Hazırkı şəraitdə köhnə baxışlarla, ənənəvi təlim üsullarına əsaslanmaqla bu vəzifələri yerinə yetirmək mümkün deyil.
Müasir didaktikada şübhəsiz elə bir vahid metod yoxdur ki, onu həmişə və hər yerdə tətbiq etmək mümkün olsun. Buna görə də müxtəlif dərs formaları və üsullarının seçilməsi müəllimin təcrübəsi və arzusundan asılı olaraq məhz onun ixtiyarına buraxılır. Müəllim gələcək dərsin məntiqini özü müəyyən etməlidir. Tarixin təlimi yaradıcı işdir, müəllim şagirdlərin qəlbinə və şüuruna öz yolunu tapmalıdır.
Təlimin təşkili formaları və metodları təlim prosesinin qanunauyğunluqları əsasında müəyyən edilir. Bu qanunauyğunluqlar təlim prosesinin aşağıdakı komponentləri arasında – ümumi, sabit və təkrarlanan əlaqələrdə təzahür edir.
1. Təlimin məqsədləri.
2. Təlimin məzmunu.
3. Şagirdlərin dərketmə imkanları.
4. Müəllimin öyrətmə və şagirdlərin öyrənmə fəaliyyəti, onun təşkili formaları,
üsulları və vasitələri.
5. Təlimin nəticələri.

Təlim prosesinin idarə edilməsi müəllimdən bu komponentlərin, amillərin mühüm əlamətlərini, onların hər birinin tərkib hissəsini və bir-biri ilə əlaqələrini bilməsini tələb edir.
Hər bir tarix dərsində şagirdlər tarix təhsilinə daxil olan biliklər sisteminin müəyyən elementlərini qavrayır, başa düşür, yadda saxlamaq üçün müəyyən təmrinlər edir və ya tətbiq edirlər. Tarix təliminin əsasında faktlar durur. Tarixi faktları öyrətmədən şagirdlərin təsəvvüründə keçmişin canlı mənzərəsini yaratmaq, keçmişin və ya müasir dövrün ictimai həyat hadisəlrinin elmi izahını vermək mümkün deyil. Tarixin elmi izahını verə bilmək üçün isə şagirdlər faktları, onların əlaqə və münasibətlərini təhlil etməli, materialdan mühüm cəhətlərini ayırmalı və ümumiləşdirməli, tarixi anlayışlar sistemi, ictimai inkişafın qanunları və dünyagörüşü ideyaları haqqında biliklərlə silahlanmalıdırlar. Hər bir tarix dərsinin məqsədi hansı tarixi təsəvvürlər, obrazlar yaradılmalı, hansı tarixi anlayışlar və ya onların əlamətlərini, hansı qanunlar və ya onların konkret təzahürünü, hansı dünyagörüşü ideyalarını öyrənilməli və mənimsənilməlidir kimi suallara konkret cavablardan ibarətdir.
Tarix təlimi prosesində şagirdlərdə öyrədilən hadisə və təzahürlərə müəyyən münasibətlər formalaşır, mənimsənilmiş biliklər vasitəsilə gerçək aləmi qiymətlən-dirmək bacarığı yaranır, elmi dünyagörüşünün əsasında duran yanaşmalar, qiymətlər, fərdi baxışlar sistemi əmələ gəlir və s.
Tarix təlimi prosesində müəyyən şəxsiyyətin formalaşması sahəsində tərbiyə işi biri-biri ilə sıx surətdə bağlı olan üç istiqamətdə aparılır: ümumbəşəri, milli və sosial dəyərlərə yiyələnmək. Odur ki, təlim məqsədlərində təhsil vəzifələri ilə yanaşı şəxsiyyətin formalaşması istiqamətində qarşıda duran vəzifələr də konkret göstərilməlidir.
Təlimin həm təhsil, həm də tərbiyə məqsədlərinin reallaşması inkişafetdirici məqsədin düzgün müəyyənləşdirilməsindən və dərsdə həyata keçirilməsindən asılıdır. Bu da şagirdlərin təlimi, tərbiyəsi və inkişafının vəhdətindən irəli gəlir.
İnkişafetdirici məqsəd dedikdə şagirdlərin inkişafı sahəsində dərsdə əldə ediləcək nəticənin konkret olaraq göstərilməsi başa düşülür.
Azərbaycan tarixinin təlimi prosesində şagirdin bir şəxsiyyət kimi aşağıdakı cəhətləri inkişaf etdirilməlidir:
1) tarix materialının öyrənilməsi üçün şagirdlərdə diqqətin inkişaf etdirilməsi;
2) tarixin təlimi prosesində şagirdlərin qavrayış, hafizə, təxəyyül, təfəkkür, məntiq və nitqinin inkişaf etdirilməsi;
3) şagirdlərin zehni fəaliyyət çevikliyinin, müxtəlif çətinlik səviyyəsində olan təlim məsələlərinin nəzəri bilikləri tətbiq etməklə həll etmək qabiliyyətinin inkişaf etdirilməsi, müxtəlif bacarıq və vərdişlərin formalaşdırılması.
Təlimin həm tərbiyə, həm də təhsil məqsədlərinin həyata keçirilməsi inkişafetdirici məqsədlərin nə dərəcədə düzgün qiymətləndirilməsindən və reallaşdırılmasından asılıdır. Təhsilsiz tərbiyə olmadığı kimi inkişafsız da nə təhsil, nə də tərbiyə mümkündür.
Təlimin məqsədi onun məzmunu ilə qırılmaz əlaqədədir. Təsadüfi deyil ki, cəmiyyətdə müəyyən dəyişikliklər baş verdikdə təlimin məzmununda müvafiq dəyişikliklər edilir. Hər bir müəllim dərsə hazırlaşarkən təlim məqsədlərini müəyyənləşdirdikdən sonra məzmunda müvafiq dəyişikliklər edir, məqsədəuyğun olaraq məzmunu müəyyən edir.
Hər bir dərsin məqsədləri, onun məzmunu müəyyənləşdirilərkən sinifdəki şagirdlərin dərketmə imkanları nəzərə alınmalıdır. Dərsin məqsəd və məzmunu şagirdlərin dərketmə imkanlarına nə qədər uyğun olarsa, təlimin nəticəsi də bir o qədər uğurlu olacaq, qarşıya qoyulan məqsəd reallaşdırılacaq, sinfin zəif, orta və qüvvəli şagirdləri yeni materialın məzmununu asanlıqla dərk edəcəklər. Təlimin düzgün müəyyən edilmiş, məqsədəuyğun təşkil edildiyi şəraitdə fənnin məzmunu dərsdən-dərsə şagirdlərin dərketmə imkanlarını inkişaf etdirir.
Şagirdlərin dərketmə imkanları təkcə dərsin və məzmunun müəyyənləşmə-sinə təsir göstərmir. Məlumdur ki, növbəti dərsin məzmunu işlənib hazırlanarkən müəllim onun öyrədilmə və öyrədilməsi metodlarını da müəyyənləşdirir. Müəllimin öyrətmə, şagirdin öyrənmə üsulları məktəblilərin dərketmə imkanlarına müvafiq olaraq seçilir. Deməli, şagirdlərin dərketmə imkanları təlimin komponenti ilə sıx bağlıdır. Təlimin nəticəsi dərsin reallaşdırılmış məqsədləri kimi başa düşülür. O, dərsin sonunda şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnməsi, habelə tərbiyə edilməsi sahəsində müəllimin nailiyyətlərini göstərir.
Hər bir dərsin məzmununun məqsədəuyğun istiqamətdə işlənilməsinə nail olmaq üçün müəllim məktəbdə tarix təhsilinin məzmununun ümumi mənzərəsi ilə tanış olmalıdır. Məktəb tarix kursunun məzmununu təşkil edən tarix materialları iki əsas qrupa bölünür:
1. Faktik material.
2. Nəzəri material.
Bunlar biri-biri ilə sıx, dialektik əlaqədədir: faktlar olmadan nəzəri materialın başa düşülməsi, mənimsənilməsi mümkün deyildir. Təkcə onu qeyd etmək kifayətdir ki, nəzəri material əsasında tarixi faktlar qruplaşdırılmasaydı, şagirdlərin tarixi bilikləri dərk olunmamış, emosionallığına, cazibədarlığına və s. cəhətlərinə görə yadda qalmış faktlar yığınından ibarət olardı.
Tarix təhsilinin məzmunundakı faktlar iki qrupa bölünür.
1. Əsas faktlar.
2. Qeyri-əsas faktlar.
Əsas tarixi faktlar məktəblinin tarixi biliklərinin bünövrəsini təşkil edir. Təlimdə əsas tarixi faktların yerini, bunlarla iş üsullarını düzgün müəyyənləşdir-mək üçün onları da iki qrupa bölürlər.
1. Fakt- hadisə.
2. Fakt- təzahür.
Bu və ya digər xalqın, ölkənin tarixində konkret yerdə baş vermiş təkrar olunmayan faktlar metodik ədəbiyyatda hadisə adlandırılır. Məsələn, Babəkin başçılığı ilə xalqın azadlıq hərəkatı, Bakıda 1904-cü il dekabr tətili.
Tarix kurslarının məzmunundakı bəzi faktlar isə müxtəlif xalqların, ölkələrin tarixində təkrarlanırlar. Bunlar tipik faktlar hesab olunur və metodik ədəbiyyatda təzahürlər adlanırlar. Məsələn, ibtidai insanların od əldə etməsi, qul alveri, feodal malikanəsində və s.Tarixi-coğrafiya, xronologiya, statistika və s. materiallar qeyri-əsas faktlar qrupuna aid edilir. Bu faktlar da təhsil-tərbiyə və inkişaf cəhətdən mühüm əhəmiyyətə malikdir.
Tarix kurslarındakı nəzəri materiallar isə dörd qrupa bölünür:
1) müxtəlif ümumiləşdirmə dərəcəsinə malik anlayışlar;
2) mühüm səbəb-nəticə əlaqələri;
3) ictimai inkişafın qanunauyğunluqları;
4) nəzəri nəticələr.
Nəzəri materialların bu elementləri, qrupları arasında sıx əlaqə vardır. Tarixi anlayışların formalaşmasına nail olmadan hər hansı tarixi prosesi təşkil edən hadisə və təzahürlər arasındakı səbəb-nəticə əlaqələrini aşkara çıxarmaq, aydınlaşdırmaq mümkün deyildir. Səbəb-nəticə əlaqələrinin başa düşülməsi hadisə, təzahür və proseslərin qanunauyğunluğunun mənimsənilməsinə kömək edir. Qanunauyğun-luqların mənimsənilməsi ilə nəzəri nəticələrin başa düşülməsini, tarixi faktların qiymətləndirilməsində, mühüm əlaqələrin, səbəblərin, nəticələrin səciyyələndirilməsində şagirdlərin fəal iştirakını təmin edir.
Təlim məqsədlərinin kompleks şəkildə yerinə yetirilməsi üçün nəzəri material elə işlənilməlidir ki, müxtəlif inkişaf səviyyəsinə malik şagirdlər onu dəqiq, aydın tarixi anlayışlar, qanunlar və dünyagörüşü ideyaları şəklində mənimsəyə bilsinlər.
Bu zaman müəllim sinifdə şagirdlərin dərketmə imkanlarını nəzərə almalıdır. Şagirdlərin dərketmə imkanları təlim prosesinin mühüm komponentlərindən biridir. Hər hansı təlim materialının öyrədilməsi sahəsində müəllimin gördüyü işin nəticəsi şagirdlərin dərketmə imkanlarının nəzərə alınıb-alınmamasından asılıdır.
Şagirdlərin dərketmə imkanları bir tərəfdən məktəblinin yaş dövründən asılıdırsa, digər tərəfdən şagirdlərdə tarixi biliklərin, tarixi təfəkkürün, öyrənmə üsullarının və tarixi biliklərlə əməliyyat aparmaq bacarığının inkişaf səviyyəsi ilə müəyyən olunur. Şagirdlərin dərketmə imkanları nə qədər yüksəkdirsə, təlim bir o qədər səmərəli olur. Təlimin təşkili formaları, müəllimin öyrətmə, şagirdlərin isə öyrənmə üsul və vasitələri təlimin məqsədinə, məzmununa və şagirdlərin dərketmə imkanlarına uyğun olaraq seçilir. Bu uyğunluq nə qədər çox olarsa, təlimin nəticəsi də bir o qədər uğurlu olar. Təlimin nəticəsi dərsin reallaşdırılmış məqsədləri kimi başa düşülür. O dərsin sonunda şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmək sahəsində müəllimin nailiyyətlərini göstərir.
Mənbə:http://www.kurikulum.az/files/7_6_AZerbaycan%20tarixi_%20çap.pdf