Məqalə "Azərbaycan müəllimi" qəzetinin 2015 il 21 №-sindən götürülüb.
Fəranə ƏLİYEVA,
Qərb Universiteti nəzdində orta məktəbin tarix fənn müəllimi, edu.mimio.az saytının tarix və coğrafiya fənləri üzrə eksperti
Ülviyyə ƏHMƏDOVA,
"Smart Technologies" şirkətinin direktoru
Ötən məqaləmizdə müasir dərsin və interaktiv resursların vacib mərhələləri olan motivasiya və tədqiqat sualının qoyulması məsələləri şərh olunmuşdu. Bu yazımızda isə interaktiv tapşırıqların hazırlanmasına və dərsin digər mərhələlərinə dair qeydlərimizi təqdim edirik.
Rəqəmsal interaktiv tədris resurslarında interaktivlik amili vacib rol oynayır. İnteraktiv tapşırıqları hazırlayarkən müəllim unutmamalıdır ki, bu tapşırıqlar müasir təlimə uyğun hazırlanmalı, dərsin məqsədlərinə, eyni zamanda dərsin nəticəsinin alınmasına xidmət etməlidir.
Bəzən müəllim tapşırıqları köhnə ənənəvi formatda qurur: interaktiv alətlərin funksiyaları tətbiq olunmur, tapşırıqlar sadəcə sual-cavab şəklində verilir, tapşırıqların həlli asan - şifahi üsul ilə nəzərdə tutulur, düzgün (gizli şəkildə) cavabın verilməsi unudulur. Şagirdə verilən sual və ya tapşırıq slaydda aydın və dəqiq öz əksini tapmalıdır. Rəqəmsal dərsin məzmununa tapşırığın həlledilmə üsulları və lazım olduqda həll üçün ayrılmış sahə, ehtiyac varsa, müəllimin qeydləri (əlavə sahədə), cavab variantı daxil edilməlidir. Beləliklə, şagird və ya qrup tapşırığı həll etdikdən sonra düzgün cavab dərhal yoxlanıla bilir, bu da qiymətləndirmənin şəffaf aparılmasına imkan yaradır. Məsələn, nümunə üçün təqdim olunan slaydda düzgün və səhv cavablar qeyd olunub.