E.ə. IV - eramızın VIII əsrlərdə
Şimali Azərbaycan ərazisində mövcud olmuş Albaniya dövləti hökmdar Cavanşirin
vaxtında çiçəklənmə dövrünü yaşamışdır. Cənubdan ərəb hücumu təhlükəsi, şimaldan
xəzər tayfalarının həmlələri, qərbdən Bizans dövlətinin təzyiqi - bütün bu
amillər Albaniya dövlətinin mövcudluğu üçün
Böyük təhlükə yaradırdı. Lakin
fikti sərkərdəlik istedadı, gərgin diplomatik fəaliyyəti və vətəninə olan məhəbbəti
Cavanşirə bütün problemləri həll edib ölkəsinin ərazi bütövlüyünü və müstəqilliyini
təmin etməyə imkan vermişdi. Daxili sabitliyə nail olan Cavanşir ölkənin
iqtisadiyyatının və mədəniyyətinin inkişafına böyük diqqət yetirirdi. Nəticədə
erkən orta əsrlər dövründə Albaniya regionun ən inkişaf etmiş dövlətlərarası
birinə çevrilmişdi.
Azərbaycan tarixində Cavanşir görkəmli
dövlət xadimi, diplomat və sərkərdə kimi tanınır.
Sasani zülmü altında olan
Albaniya dövləti daim öz müstəqilliyi uğrunda mübarizə aparırdı. Ardı-arası kəsilməyən
üsyanlar xalqın azadlıq əzmini nümayiş etdirirdi. VI əsrin sonlarında
Albaniyada Mehranilər feodal sülaləsi hakimiyyətə gəlir. Girdiman vilayətini (müasir
Şəmkir-Qazax-Tovuz bölgəsi) özünə dayaq seçən Mehranilər həm yerli əhaliyə, həm
də şimaldan Azərbaycana köçmüş və burada məskunlaşmış sabirlər tayfalarına
arxalanırdı. Mehranilər sülaləsindən olan Varaz Qriqor Sasani hökmdarlarının
Albaniyada zərdüştliyi yaymaq istəyinə qarşı çıxırdı, çünki anlayırdı ki, bu
yolla sasanilər albanları özlərinə tabe etməyə çalışır. Geniş dünyagörüşü ilə
seçilən Varaz Qriqor təkallahlılığı üstün tutur və xristianlığı qəbul edir
(Varaz Qriqor adı onun xristian olmasını göstərir). Sasaniləri ölkədən qovan və
özünü alban çarı elan edən Varaz Qriqor ölkənin dövlətçilik ənənələrini bərpa
edir və öz iqamətgahını Girdiman qalasından Bərdəyə (o zaman alban dilində
Partav
adlanırdı) köçürür. Sasanilərin vassalı hesab edilən Mehranilər müstəqil daxili
siyasət aparır və öz silahlı qüvvələrinə malik idilər. 633-cü ildə Sasani dövlətinə
ərəblərin hücumu başlayır. Sasani şahənşahı III Yezdəgird bütün qüvvələri ərəblərə
qarşı yönəldir. Onun xahişi ilə Varaz Qriqor alban qoşununu köməyə göndərir. Qoşunun
başında onun oğlu Cavanşir dayanırdı. Ölü sular və Kadisi yaxınlığındakı döyüşlərdə
Cavanşirin Albaniya döyüşçüləri mərdliklə vuruşurlar. Salnaməçilər yazırlar ki,
şahənşah şəxsən Cavanşiri fəxri paltar, kəmər, zəfər boruları, "hakimiyyət
rəmzi olan iki qızıl qalxan və iki qızıl nizə, qızıl dəstəyi olan qılınc",
həmçinin bəzək əşyaları ilə təltif etmişdi. Cavanşir öz qoşunu ilə Sasani dövlətinin
paytaxtı Ktesifon (Mədain) şəhərinin müdafiəsində və Nəhavənd döyüşündə iştirak
etmişdir. Bu döyüşlərdə 11 dəfə yaralanan Cavanşir mərdliyi ilə ad qazanmışdır.
Hətta ərəb tarixçiləri də onun sərkərdəlik məharətindən xəbər verirlər. 9 il qürbətdə
olan Cavanşir zəngin döyüş təcrübəsi toplamışdır. Lakin Sasani dövlətinin süquta
uğradığını gördükdə o, vətənə qayıtmışdır. 642-ci ildə Varaz Qriqor vəfat edərkən
Cavanşiri özünə varis elan etmişdir.
Bu zaman Albaniya sərhədlərinə ərəblərlə
toqquşmalarda məğlub olmuş Sasani ordusunun qalıqları yaxınlaşır və Cavanşirdən
sığınacaq istəyir. Cavanşir onlara torpaqlarında məskunlaşmağa icazə verir.
Lakin yaxşılığı qiymətləndirməyən sasanilər yerli əhalini talan etməyə başlayırlar.
Bunu eşidən Cavanşir qoşunları ilə onları məğlub edir və öz ərazilərindən kənara
atır. Belə bir vaxtda Albaniya ərəb qoşunları sərhədlərinə yaxınlaşır.
Ərəbləri güclü rəqib hesab edən
Cavanşir qonşu İberiya hökmdarı Atrnersexlə ittifaq yaradır, daha sonra isə
Bizansa gedib imperator II Konstantinlə danışıqlar aparır. O, ərəblərə qarşı
birgə mübarizə aparmağı təklif edir. Bu zaman ərəb qoşunları artıq Albaniya ərazisindən
keçərək Şimali Qafqaza yollanmışdılar. Lakin ərəblər burada Xəzər xaqanlığının
qoşunları tərəfindən darmadağın edilmişdilər.
İmperatorla danışıqlar zamanı
Cavanşir hiss edir ki, əməli köməklik göstərmək istəməyən Bizans imperatoru müxtəlif
şərtlərlə Albaniyanı özündən asılı vəziyyətə salmaq istəyir. Bu səbəbdən də
Cavanşir danışıqların xeyirsiz olduğunu görüb vətəninə qayıdır.
662-ci ildə Albaniyaya xəzərlər
hücum edir. Onlar Albaniyanın şimal ərazilərini talan etməyə başlayırlar. Lakin
Cavanşir qoşunuyla onlara qarşı çıxış edir və Kür çayı sahilində baş vermiş
qanlı döyüşdə xəzərləri məğlubiyyətə uğradıb ölkədən qovur. 664-cü ildə xəzərlər
yenidən Albaniyaya hücum edir. Bu zaman Albaniyanın cənub sərhədi boyunca ərəb
qoşunu cəmləşmişdi. Ərəblərlə cənubda və xəzərlərlə şimalda müharibə aparmağın
mümkünsüzlüyünü anlayan Cavanşir Xəzər xaqanının görüşünə gedir və danışıqlar
aparır. Cavanşirə bir sərkərdə və dövlət başçısı kimi hörmət bəsləyən xaqan
tezliklə Cavanşirlə razılığa gəlir.
İmzalanmış müttəfiqlik müqaviləsini daha da möhkəmlətmək məqsədi ilə Cavanşir
xaqanın qızı ilə evlənir. Beləliklə, qohumluq əlaqəsi vasitəsilə Cavanşir xəzərlərlə
ittifaq yaradır, öz şimal sərhədlərinin təhlükəsizliyini təmin etməklə bərabər,
özünə güclü müttəfiq qazanır. Xəzərlər alban əsirlərini, ələ keçirdikləri qəniməti
və mal-qaranı da qaytarırlar. Bundan sonra lazım gələrdisə, Cavanşir öz qoşunundan
başqa, xəzər qoşunundan da istifadə edə bilərdi.
O zaman Şimali Afrikadan
Hindistan sərhədlərinədək uzanan Ərəb xilafəti dünyanın on möhtəşəm dövləti
idi. Bunu anlayan və əbəs yerə öz adamlarının qanını axıtmaq istəməyən Cavanşir
ərəblərlə danışıqlara başlamaq qərarına gəlir.
Ərəb xəlifəsi Müaviyə düşmən
hesab etdiyi Cavanşirin cüzi mühafizə dəstəsi ilə Dəməşqə doğru gəldiyini eşidəndə
əvvəlcə buna inanmır. O, 633 - 642-ci illərdə ərəblərə qarşı Cavanşirin
igidliklə vuruşduğunu bilirdi və ona görə də albanlarla müharibə olacağını gözləyirdi.
Cavanşirin gözlənilməz hərəkəti onu çaşbaş salır. Hər halda, mərd insanlara daim
hörmətlə yanaşan xəlifə Müaviyə Cavanşiri hörmətlə qarşılamağı əmr edir. 667-ci
ildə Dəməşqdə aparılan danışıqlarda xəlifə Albaniyanın daxili müstəqilliyini
tanıyır. Bu o demək idi ki, ərəb qoşunları Albaniyaya yeridilməyəcək, Albaniyanın
daxilində heç bir işə qarışmayacaqlar. Əvəzində Cavanşir hər il müəyyən məbləğdə
vergi ödəyəcək. Ölkəsinin müstəqilliyini qoruyub-saxlaya bilmiş Cavanşir
verginin miqdarının da az olmasına razılıq alır. Xəlifə Cavanşirə fəxri silah,
qiymətli hədiyyələr və hətta fil bağışlayaraq onu hörmətlə yola salır.
Vətəninə qayıdan Cavanşir qısa
zaman ərzində ölkənin həyatını normallaşdırmağa nail olur. Albaniya iqtisadi
baxımdan çox inkişaf edir. Onun paytaxtı Bərdə bütün Şərqdə iri ticarət mərkəzi
kimi tanınmağa başlayır. Burada şərq və qərbdən, şimal və cənubdan gələn yollar
kəsişirdi.
670-ci ildə xəlifə Cavanşiri Dəməşqə
dəvət edərək ərəblərlə Bizans arasında gedən danışıqlarda vasitəçi olmasını istəyir.
Bu istək Cavanşirin həm xilafətdə, həm də Bizansda necə böyük nüfuza malik olmasından
xəbər verir. Cavanşir vasitəçilik missiyasının öhdəsindən müvəffəqiyyətlə gəlir
və Albaniyadan ərəblərin xeyrinə yığılan vergilərin 1/3 hissəsinin azaldılmasına
nail olur. Albaniyada olan sabitliyi Arazdan cənubda da görmək istəyən xəlifə
bu ərazilərin də idarə olunmasını Cavanşirə təklif edir. "Artıq tamah baş
yarar" deyən Cavanşir bu təklifdən imtina edir. İri feodalların hakimiyyətini
məhdudlaşdıran Cavanşir ölkəsində sabitlik yaratmağa müvəffəq olur. Ölkədə
yeni-yeni qalalar tikilir (onlardan Cavanşir qalası öz möhtəşəmliyi ilə seçilir),
şəhərlərdə yeni-yeni binalar inşa edilir. Cavanşirin tapşırığı ilə tarixçi
Moisey Kalankatlı, “Ağvanların tarixi" əsərini yazmağa başlayır. Ölkədə mədəniyyət
sürətlə inkişaf edir.
Lakin 681-ci ildə bir neçə alban
feodalı Cavanşirə sui-qəsdi təşkil edərək onu öldürür. Salnaməçilər göstərir
ki, başdan-ayağadək silahlanmış suiqəsdçi saray
əyanları
gecə ikən silahsız Cavanşirə hücum etmişlər. Lakin o, qılıncını sıyırmağa macal
tapmış və güclü müqavimət göstərmişdir. Arxadan vurulan zərbə onu ölümcül
yaralamış və o, üç gün sonra dünyasını dəyişmişdir. Müəyyən edilmişdir ki,
sui-qəsdin təşkilində Bizansın da əli olub: imperator Cavanşirin ərəblərlə yaxınlıq
etməsindən və xəzərlərlə müttəfiqliyindən çox narahat olmuşdur.
Azərbaycan tarixində Cavanşir
özünəməxsus yer tutur. Məharətli döyüşçü, mərd insan olmaqla bərabər, o, peşəkar
sərkərdə, mahir diplomat və ən əsası ölkənin maraqlarını hər şeydən üstün tutan
görkəmli tarixi şəxsiyyət kimi Azərbaycan xalqının tarixində bu gün də yaşayır.SƏBUHİ ƏHMƏDOV "AZƏRBAYCAN TARİXİNDƏN YÜZ ŞƏXSİYYƏT "