Azərbaycan
ərazisində yaranmış ilk dövlət Manna dövləti hesab olunur. Manna bir dövlət
kimi e.ə. IX əsrdə formalaşmağa başlasa da onu mərkəzləşmiş dövlətə çevirən İranzu
olmuşdur. Ciddi tədbirlər və keçirdiyi islahatlar nəticəsində İranzu ölkədə
separatçılığın qarşısını almış, daxili sabitliyi təmin etmiş, iqtisadi inkişafa
təkan vermiş, güclü ordu yaratmış və bütün bu tədbirlərin öz dövlətini regionun
ən qüdrətli dövlətlərindən biriinə çevirmişdir. Onu adı Azərbaycan tarixinə mərkəzləşmiş
dövlər tərəfdarı olan siyasi xadim kimi yazılmışdır.
İranzu
Azərbaycan
ərazisində ilk dövlətçilik ənənələri Urmiya gölü ətrafında yerləşən vilayətlərdə
formalaşmağa başlamışdır. Bu vilayətlərə qonşular hələ e.ə. XIV əsrdən yürüşlər
etmişlər. İşğal təhlükəsi ilə üzləşən Urmiyaətrafı vilayətlər - Zamua, Gilzan,
Allabria, Messi, Manna, Parsua, Uişdiş, Qızılbunda, Andiya, Zikertu, Sanqibudu
və Puluadi birləşmək məcburiyyəti qarşısında qalmışlar. Vahid dövlət yaratmaq cəhdini
ilk dəfə Zamua vilayətinin başçıları həyata keçirmişlər. E.ə. 881-ci ildə tayfa
başçısı Nur-Adad Zamua vilayəti daxilində bütün tayfaları birləşdirmişdir.
Vahid dövlət "Manna dövləti" adını almışdır.
Lullubey-kuti
tayfalarının birindən öz adını götürmüş Manna dövləti cənub-qərbdə Assuriya dövləti,
qərbdə Urartu dövləti, cənubda Zaqroelam qurumları və cənub-şərqdə Maday vilayəti
ilə həmsərhəd olmuşdur. Hərbi cəhətdən daha güclü olan Assuriya, Urartu və
Babilistan Manna üçün böyük təhlükə törədirdi. E.ə. IX əsrin 80-ci illərindən
başlayaraq assur qoşunları, demək olar, hər il Mannanın vilayətlərinə yürüşlər
təşkil edir, lakin güclü müqavimətlə üzləşirdi.
E.ə.
IX əsrin sonlarından başlayaraq Manna iki cəbhədə mübarizə aparmağa məcbur
olur: Assuriya qoşunları ilə bərabər, Mannaya Urartu qoşunları da yürüşlər
edir. Mannada güclü mərkəzi hakimiyyətin olmaması, tayfa başçılarının ədavəti
onlara qarşı mübarizəni zəiflədirdi. Müxtəlif xarakterli istehkamları olan
mannalılar düşmənə güclü zərbələr vururdular.
Manna çarları öz müstəqilliyini qorumaq və ərazi
bütövlüyünü təmin etmək məqsədi ilə diplomatik səylərini də davam etdirirdilər.
Təxminən e.ə. VIII əsrin 40-cı illərində Manna dövləti Assuriya ilə müttəfiq
olub Urartuya qarşı müharibəyə başlamışdır. Bu yolla o nəinki öz müstəqilliyini
saxlamış, hətta Urartu qoşunlarını işğal olunmuş torpaqlarından qovmuşdur.
Manna
dövlətinin on qüdrətli dövrü çar İranzunun hakimiyyəti illərinə təsadüf edir. İranzu
hələ gənc yaşlanndan xarici düşmənlərlə toqquşmalarda iştirak etmiş, mahir döyüşçü
və sərkərdə kimi özünü göstərmişdir.
O
həmçinin bir sıra qiyamçı hakimlərin öncə çarına qarşı çıxışlarının şahidi olmuş,
belə çıxışların yatırılmasında iştirak etmişdir. E.ə. 740-cı ildə çar elan edilən
İranzu anlayırdı ki, ölkənin mövcudluğuna ən böyük təhlükə ayrı-ayrı tayfa və
vilayət başçılarının separatçılıq meyilləridir. Ölkədə olan pərakəndəlik nə
iqtisadiyyatı inkişaf etdirməyə, nə də düşmənə qarşı mübarizə aparmağa imkan
verirdi.
İranzu
separatçılığın qarşısını almaq üçün öncə bütün vilayətlərə öz canişinlərini başçı
qoyur. Canişinlər çarın sadiq məmurları sırasından təyin edilir və daim mərkəzi
hakimiyyəti dəstəkləyirdilər. Canişinliklər sisteminin tətbiq edilməsi mərkəzləşmiş
dövlət qurulması yolunda ilk addımlardan hesab olunur.
Ölkədə
sabitliyə nail olduqdan sonra İranzu iqtisadi əlaqələri gücləndirir, əkinçilik,
maldarlıq, sənətkarlıq və ticarəti inkişaf etdirir. O, sadə xalqın həyatı ilə
yaxından tanış idi və odur ki iqtisadi tədbirləri ilə onların güzəranını yaxşılaşdırmağa
çalışır. Təsadüfi deyil ki, Mannada iqtisadiyyatın bütün sahələri sürətlə inkişaf
edir.
Mərkəzləşmiş
dövlət aparatının qurulması savadlı insanlara olan ehtiyacı artırırdı və odur
ki İranzunun hakimiyyəti illərində Manna dövlətində yüzlərcə məmur hazırlanmışdı.
Qonşu ərazilərdə olduğu kimi, Mannada mixi yazılardan, bəzən də heroqliflərdən
istifadə olunurdu.
İqtisadi
inkişaf sayəsində dövlətin gəlirlərini artıran İranzu güclü qoşun yaratmışdı.
Manna çarı İranzu qoşunlarını Assuriya nümunəsi əsasında təşkil etmiş, at
arabaları və piyada dəstələri tərtib etmişdi. Manna dövlətinin qoşunları ayrı-ayrı
vilayətlərdən gətirilən dəstələrdən ibarət idi. Dəstələr silah növünə görə
deyil, hansı vilayətə mənsub olduqlarına görə bölünürdülər; yəni bir dəstədə həm
döyüş arabaları, həm süvarilər, həm də piyadalar olurdu. İranzu piyada dəstələrin
əhəmiyyətini artırmış, onları ağır silahlanmış və yüngül silahlanmış dəstələrə
bölmüşdü. Lakin daimi qoşunların olmaması və dövlətin hərbi qüvvəsinin ərazi yığma
dəstələrindən təşkili müharibələri qısamüddətli edirdi: döyüşçüləri əkin sahələrinə
qaytarmaq vacib idi. Bu amil həm də İranzunun bir sərkərdə kimi böyük insan tələfatına
gətirən irimiqyaslı döyüşlərə girişməməsinin əsas səbəbi idi. İranzu
əsasən sürətli reydlərdən ibarət əməliyyatlar
keçirməyi və dayaq məntəqələri olan qalalar inşa edilməsini üstün tuturdu.
Mərkəzi
hakimiyyətin güclənməsi və iqtisadi inkişaf ölkə ərazisində şəhər və qalaların
sayının artmasına səbəb olurdu. Dövlətin paytaxtı İzirtu şəhəri regionun ən iri
sənət və ticarət mərkəzlərindən sayılırdı və Mannanın hərbi-inzibati və siyasi
mərkəzi idi. Hər belə yaşayış məntəqəsi çarın ayrı-ayrı vilayətlərdə dayaq məntəqəsi
olmaqla yerli hakimləri nəzarət altında saxlamağa və xarici düşmənə qarşı mübarizə
aparmağa imkan verirdi. Artıq bu dövrdə od siqnalizasiyası sistemi yaradılmışdı:
düşmənin yaxınlaşdığını görən sərhəd qalasının döyüşçüləri hündür yerdə tonqal
qalayır və ölkənin dərinliklərində olan şəhər və qalaları xəbərdar edirdilər.
Qalalarda iri ərzaq və silah anbarları yaradılmışdı.
Ölkənin
hərbi və iqtisadi qüdrətinin artması İranzuya beynəlxalq siyasətə daha fəal qarışmağa
imkan verirdi. Dövlətlərarası əlaqələri qurarkən İranzu ilk növbədə ölkəsinin
maraqlarını üstün tuturdu. Assuriya dövləti ilə dostluq münasibətləri yaradan İranzu
Mannanı regionun nüfuzlu hərbi-siyasi qüvvəsinə çevirmişdi. Öz hərbi qüvvələri
və Assuriyanın müttəfiqlik köməyinə arxalanan İranzu Urartu ilə müharibəyə başlayır.
Qısa müddət ərzində onun qoşunları əvvəllər Urartu tərəfindən zəbt edilmiş
Urmiya gölündən qərbdə və şimalda yerləşən torpaqları geri qaytarır. İranzunun əmri
ilə burada sərhəd xətti boyunca qalalar inşa olunur. Şimal-şərq istiqamətində
irəliləyən Manna qoşunları Xəzər dənizinə çatır və ona "Günəş batan dəniz"
adını verirlər. Şimal istiqamətində Manna döyüşçüləri Araz çayınadək irəliləyirlər.
Qonşu dövlətlərlə toqquşmalardan qalib çıxan İranzu dövlətinin ərazisini xeyli
genişləndirir. Beləliklə, Mannanın şimal sərhədləri Araz çayı, cənub sərhədləri
Parsua vilayəti, cənub-şərq sərhədləri Midiya vilayəti, şərq sərhədləri Xəzər dənizinə
çatır.
İranzu
e.ə 719-ci ildə vəfat edəndə
varisinə güclü dövlət qoyub gedir. Manna dövləti iqtisadi və mədəni cəhətdən yüksək
inkişaf səviyyəsinə çatmış, hərbi baxımdan möhtəşəm, qüdrətli dövlətə çevrilmişdi.
SƏBUHİ ƏHMƏDOV-AZƏRBAYCAN TARİXİNDƏN YÜZ ŞƏXSİYYƏT