Babək üsyanı
yatirildiqdan sonra ,IX-XI əsrlərdə Azərbaycanda yaranmaqda olan feodal dövlətləri ərəblərin
hakimiyyətindən imtina edir. Belə dövlətlər sayca çox idilər . Onlardan daha nüfuzluları Şirvanşahlar,Şeddadilər,Sacilər,Salarilər
və Rəvvadilər idi.
Şirvanşahlar dövləti
Şirvanşahlar
dövlətinin qurucusu Məzyədilər sülaləsi
hesab olunur. ərəb mənşəli Məzyədilər Rəbiə tayfasının Şeybanilər nəslinə mənsub
idilər. Məzyədilər sülaləsinin görkəmli nümayəndəsi Yezid İbn Məzyəd Abbasilər
dövründə Cənubi Qafqazın vı Şirvanın hakimi olmuşdu. Abbasilər xilafətinin zəifləməsindən
istifadə edən Yezid İbn Məzyəd paytaxtı Bərdə olan yarımmüstəqil əmirlik qurdu.
O, Aran, Şirvan, Dərbənd və Ermənistan ərazilərinin də idarə edilməsini də öz əlinə
aldı. Yezid İbn Məzyədin varisləri dövründə Məzyədilər öz müstəqilliklərini
daha da qüvvətləndirirlər. 801 – ci ildə Yezid ibn Məzyədin ölümündən sonra
varisləri Xalid, Məhəmməd və Əsəd Cənubi Qafqazın hakiminə çevrildilər. Məzyədilər
sülaləsinə mənsub Məhəmməd ibn Məzyəd;
ü
859
– cu ildə Gəncəni bərpa edərək Məzyədilərin mərkəzini bura köçürdü.
ü
Məzyədilərin
müstəqilliyini artırdı.
ü
Məzyədilərin
Azərbaycanda daha da möhkəmlənməsinə şərait yaratdı.
Heysam
ibn Xalidin dövründə Məzyədilər daha damüstəqilləşdilər. O, 861 – ci ildə
şirvanşşah titulunu qəbul edərək Şirvanın mmüstəqilliyini elan etdi.
Səlcuq türklərinin
hakimiyyəti dövründə də Azərbaycanın dövlətçilik ənənələri aradan qalxmadı. Azərbaycanın
quzeyində Şirvanşahlar dövləti yenidən dirçəlirdi. Şirvanşah I Fəriburz
(1063-1096) səlcuq sultanlarına tabe olsa da, Şirvanşahların hakimiyyətinə
tamamilə son qoyulmamışdı. Böyük Səlcuq hökmdarı Məlikşahın hakimiyyətinin sonuna yaxın Şirvan-şahlar
yenidən qüvvətlənməyə başlamışdılar. Bu zaman I Fəriburz, daha sonra isə onun
oğulları II Mənuçöhr və I Afridun ölkəni müstəqil
idarə edirdilər.
Səlcuq türklərinə
qarşı mübarizədə gürcü çarları Şirvanşahlara yaxınlaşmağa çalışırdılar. Gürcü
çarı Qurucu IV David (1089-1125) bu məqsədlə qızı Tamarı
Şirvanşah I Afridunun oğlu III Mənuçöhrə vermişdi (1111). Şirvanşahlarla
qohumluğun digər bir səbəbi də gürcü taqavorlarının Azərbaycanın qərb
torpaqlarını ələ keçirmək istəyi ilə bağlı idi. Geniş xarici siyasət planlarına
malik olan gürcü çarı başqa bir qızını Bizans imperatoru Aleksey Komninin
oğluna ərə vermişdi. Çar Davidin özü isə Səlcuqlara qarşı güclü müttəfiq
qazanmaq məqsədilə Qıpçaq türklərinin hökmdarı Atrakın qızına evlənmişdi.
O, səlcuq türklərinə qarşı qoymaq üçün Qafqazın şimalında Gürcüstana 45 min ailə
və ya 225 min Qıpçaq türk döyüşçüsü köçürmüşdü. Bütün bundan başqa Bizans
imperiyasının vasitəçiliyi ilə, səlcuq türklərinə qarşı Qərbi Avropa səlibçiləri
ilə də əlaqə yaranmışdı. Bu olduqca məkrli bir siyasət idi: gürcü və erməni
qoşunları Bizans imperiyasına, həmçinin Qərbi Avropa səlibçilərinə arxalanaraq türk-müsəlman əhalisini Qafqazdan sıxışdırıb
çıxarmağa, Azərbaycan torpaqlarını öz aralarında bölüşdürməyə
çalışırdılar. Bununla belə, ehtiyatlı siyasət yeridən Şirvanşahlar daha qüdrətli
rəqib olan səlcuq türkləri ilə münasibətləri
pozmamağı üstün tutdular. Belə olduqda öz qoşunlarını Qıpçaq - türk
döyüşçüləri hesabına gücləndirmiş gürcü çarı, Şirvanşahların səlcuq türkləri əleyhinə
onunla ittifaqa girmədiyini bəhanə edərək Azərbaycanın qərb torpaqlarını işğal
etməyə başladı. 1117-ci ildə IV Davidin oğlu
Demetre Şirvana hücum etdi. O, Şirvan qoşunlarını məğlubiyyətə uğradıb
çoxlu qənimət və əsirlərlə Gürcüstana döndü. 1120-ci ildə isə IV Davidin
özü qüvvətli ordu ilə iki dəfə Şirvana basqın etdi. Şirvanşah qoşunları yenə də
məğlubiyyətə uğradı. Gürcü çarı Qəbələni
və ətraf yerləri talan edərək çoxlu qənimət, qızıl-gümüş ələ keçirib
geri qayıtdı. IV David 1121-ci ildə Tiflis
yaxınlığında Didqori vuruşmasında daha mühüm qələbə qazandı.
Gürcülər, Qıpçaq türkləri, osetinlər və Qərbi Avropa səlibçilərinin birləşmiş
qüvvələri səlcuq qoşunlarına qalib gəldilər. 1122-ci ildə Tiflis müsəlman
əmirliyi aradan
qaldırıldı. Tiflis gürcülərin əlinə keçdi.
Gürcüstanın qüvvətlənməsi
Şirvanşahların mövqeyinə təsir göstərdi. Şirvanşah III Mənuçöhrün (1120-1160)
zamanında Şirvan-Gürcüstan münasibət-lərində dönüş yarandı. Bu dövrdə
Şirvan-Gürcüstan əlaqələrinin yaxşılaşmasında Böyük Səlcuqlu imperatorluğunun zəifləməsi
ilə yanaşı III Mənuçöhrün arvadı Tamar və
onun gürcü əhatəsi də mühüm rol oynamışdı. Gürcü çarı ilə birliyə bel bağlayan
və onun Azərbaycanla əlaqədar siyasətinin mahiyyətini düzgün qiymətləndirməyən
III Mənuçöhr Şirvanşahlar dövlətinin ənənəvi siyasətini pozaraq səlcuq türklərindən
üz dön-dərdi. Nəticədə Şirvanşahlar dövləti Böyük Səlcuqlu imperatorluğuna 40.000 dinar məbləğində illik bacı verməkdən
imtina etdi. Buna cavab olaraq 1123-cü ildə səlcuq sultanı Şirvana hücum
etdi. Lakin Şirvanşahın, IV Davidin və Qıpçaq türklərinin birləşmiş qüvvələrinə
qalib gələ bilməyən Sultan, çox keçmədən Azərbaycanı tərk etdi.
Səlcuq
qoşunlarının geri çəkilməsi və Şirvanşahlarla Böyük Səlcuq imperatorluğu
arasında münasibətlərin pozulması Azərbaycan üçün ağır nəticələr verdi. Qərbi Azərbaycan və Şirvan
torpaqlarını işğal etmək üçün fürsət gözləyən gürcü çarından ötrü əlverişli şərait
yarandı. IV David Şir-van torpaqlarını bütünlüklə Gürcüstana qatmaq qərarına gəldi
və 1123-1124-cü illərdə dəfələrlə Azərbaycana yürüş etdi. Gülüstan və
Buğurd qalalarını, Şamaxını ələ keçirdi. Mühüm şəhərlərdə
və qalalarda güclü qarnizonlar qoyub geri döndü. Lakin gürcü qarnizonları
Şirvanda beş ay-dan artıq qala bilmədilər. IV Davidin ölümündən (1125) sonra
onlar Şirvanı tərk etməyə məcbur oldular.
Gürcü çarının Şirvanı işğal etmək planı baş tutmadı. Şirvanşahlar taxtı
yenidən III Mənuçöhrün əlinə keçdi.
III Mənuçöhr və I
Demetrenin (1125-1155) hakimiyyəti illərində Şirvan-şahlarla Gürcüstan arasında hərbi münaqişə baş vermədi. XII əsrin 30 -
60-cı illərində Şirvanşahlar dövləti özünün güclənmə çağını yaşayırdı.
Azərbaycan Şirvanşahlar dövləti bütün Güney Qafkazda qüdrətli siyasi amilə
çevrilmişdi.
1160-cı ildə III Mənuçöhrün
ölümü ilə Şirvanda vəziyyət yenidən mürəkkəbləşdi. Şirvanşahın oğulları
arasında taxt-tac mübarizəsi başlandı. Hələ
III Mənuçöhrün sağlığında saray çevrilişi etməyə cəhd göstərmiş Şir-van əyanları
yenidən fəallaşdılar. Sarayda yaranmış qarışıqlıqdan istifadə edən Tamar kiçik
oğlu və bir qrup əyanla birlikdə Qıpçaq türklərinə arxalanaraq Şirvanı
Gürcüstana birləşdirməyə cəhd göstərdi. Lakin Azərbaycan Eldənizlər dövlətinin
işə qarışması ilə bu plan pozuldu. Atabəy Şəmsəddin Eldənizin hərbi
qüvvələrinin köməyi ilə III Mənuçöhrün böyük oğlu I Əhsitan (1160-1196)
hakimiyyəti ələ keçirdi. Tamar özünün gürcü əhatəsi ilə birlikdə Azərbaycandan
qaçdı və rahibliyə qapılaraq ömrünü monastırda başa vurdu.
I Əhsitanın
hakimiyyəti illərində Şirvan dövləti daha da gücləndi. O, atası III Mənuçöhrün
səhvini düzəldərək səlcuq türkləri ilə dostluq münasibətlərini bərpa etdi. I
Əhsitan ömrünün sonunadək ona hakimiyyəti ələ keçirməkdə kömək etmiş Azərbaycan
Eldənizlər dövləti ilə dostluq əlaqələri saxladı, ona arxalandı. Eyni zamanda
Gürcüstan çarlığı ilə dostluq münasibətləri davam etdirildi. I Əhsitan
Şirvan-Gürcüstan qohumluq ənənələrini davam etdirərək gürcü çarı III Georginin bacısı
qızına evləndi. 1173-cü ildə Şirvanşahın hərbi
qüvvələri Şəki ərazisindən keçərək Gürcüstana hücum etdi və mərkəzi
hakimiyyətə qarşı qalxmış qiyamı yatırmaqda
III Georgiya köməklik göstərdi. Bundan başqa I Əhsitanın hakimiyyəti illərində
Dərbənd hakimliyi yenidən Şirvanşahlardan asılı vəziyyətə salındı. Atası III Mənuçöhr kimi, I Əhsitan və
onun varisləri də Şirvan dövlətinin müdafiə qüdrətini artırdılar. Ölkənin
ərazisində çoxlu müdafiə qurğuları - qalalar, qüllələr, sədlər tikildi və bərpa
edildi.
1175-ci ildə
Şirvanşahlar dövləti yenidən xarici təcavüzə məruz qaldı: 73 gəmidən ibarət
rusların donanması Azərbaycana basqın etdi. Yadellilər Kürün mənsəbinə daxil
olaraq Lənbərana qədər hərəkət
etdilər. Elə bu zaman quzeydən Qıpçaq türkləri Dərbəndi və Şabranı ələ keçirdilər.
Şirvanşahın hərbi qüvvələri rus donanmasını məhv etdi. Şabran və Dər-bəndi qıpçaqlardan geri aldı. Hər iki qələbədə
çar III Georginin başçılıq etdiyi gürcü qoşunları Şirvanşaha kömək göstərdilər.
Yeri gəlmişkən, Bizans şahzadəsi Andronik Komin də Azərbaycana köməyə gələn
gürcü qoşun-larının ordugahında idi.
I
Əhsitanın hakimiyyətinin sonuna yaxın güclü zəlzələ (1192) nəticəsində Şamaxı
dağıldı. Şəhər əhalisinin xeyli hissəsi (o sıradan şahın ailə üzvləri) tələf oldu. Bu hadisədən sonra Şirvanşahlar
dövlətinin paytaxtı Bakı-ya köçürüldü.
Şirvanşah I
Əhsitan və onun varislərinin hakimiyyəti illərində Azərbaycanın quzey torpaqlarında yaranmış siyasi
sabitlik, Şirvanşahların Azərbaycan Eldənizlər dövləti və səlcuq türkləri
ilə dostluq siyasəti, Gürcüstanla qonşuluq
münasibətləri, Dərbənd keçidinin möhkəmləndirilməsi iqtisadi inkişafa və
mədəniyyətin tərəqqisinə müsbət təsir göstərdi.
Şirvanşah III Fəriburzun siyasəti
İbn əl-Əsirin "yaramaz
davranışlı pozğun və ədalətsiz
adlandırdığı Şirvanşah I Güştasp 1225-ci ildə devrildi. Taxta onun oğlu III Fəriburz (1225-1243) çıxdı.
O, ilk öncə Gürcüstana qaçıb oradan üç minlik qoşunla öz torpağına savaşa gələn
atası ilə qarşılaşmalı oldu. Fəriburz qoşun başçılarını yığıb söylədi:
"Gürcülər bizi mühasirəyə alsalar, ola
bilsin qalib gələcəklər; onda mənim atam bizlərdən kimsəni sağ
buraxmayacaq, gürcülərin isə (belə olduqda) ölkəni yarısını, bəlkə də hamısını
tutub ələ keçirmələri fəlakət olardı. Yaxşı olar bir həmlə ilə onlara qarşı
çıxıb vuruşaq. Biz onlara üstün gəlsək, Allaha şükür olsun, onlar üstün gəldikdə isə mühasirə onsuz da bizimlə
olacaq.”
Qoşun
başçıları razı oldular. Fəriburz min döyüşçüsü olan atlı alayının başında yağıları əzib dağıtdı.
Qaynaqlarda Şirvanşah Fəriburzun bu uğurda sonra qoşun və təbəələri ilə yaxşı davranması,
qanunsuz yollarla xalqın əlindən alınmış torpaqları və pulları ona qaytarması
yazılmışdır.
Cəlaləddinin və
Çormağun Noyonun yürüşlərinin ağır zərbələri Şirvan dövlətini sarsıtmış, fəqət yoxluğa endirə bilməmişdi. 1225-ci ildə
Şirvanşahın adından kəsilən pulların üzərində yalnız onun öz ləqəbi:
"Əl-Malik əl-müəzzəm Fəriburz ibn
Gerşasb", 1226-1242-ci illərdə kəsilən pulların üzərində isə "əl-Malik
əl-müəzzəm Əla'əd-Dünya və-d-Din Fəriburz ibn Gerşasb" və Bağdad xəlifəsinin
adı bildirilmişdir. Onun oğlu II Əhsitanın də ilk hakimiyyət
illərini Zəkəriyyə əl-Qəzvini belə qiymətləndirir: "Şirvan
müstəqil, asılı olmayan bir vilayətdir. Onun sahibi Əhsitan adlanır".
ŞİRVANŞAH I İBRAHİM
Bu
zaman – XIV yüzilliyin 80-90-cı illərində Azərbaycanın
siyasi həyatında böyük dəyişikliklər baş verirdi. 80-ci illərin başlanğıcında
Şirvanşah Kəsrani evi büsbütün nüfuzdan
düşmüşdü. Elxanilər çağında olduğu kimi, Çobanilər və Cəlayirlər çəkişmələri
illərində də bu sülalə xalqın dinc yaşayışını təmin edə bilmir, yeni hərbi-siyasi
çəkişmə oyunçularının əllərində oyuncaq olurdu. Buna görə 1382-ci ildə Şirvan
dövlətini narazılıq bürüdü. Kiçik feodallar və kəndlilər üsyana qalxdılar.
Şirvanşah Huşəng öldürüldü, Şirvanşahlar sülaləsinin Dərbəndi qolundan olan İbrahim Şamaxıya dəvət edilərək
Şirvanşah taxtına çıxarıldı. O, Huşəngin əmisi oğlu idi, bir neçə il atası ilə
Şirvanşahın təqibindən qaçıb Şəki kəndlərindən birində gizlənməli olmuşdu.
Münəccimbaşı xalq
çıxışları və ara çəkişmələrindən sonra yerli əyanlar tərəfindən I İbrahimin taxta çıxarılması barədə
aşağıdakı rəvayəti söyləyir: "Onlar hökmdarlıq nişanəsi sayılan dövlət
atları və elçiləri ilə İbrahimin yanına yola
düşərək, onu əkin işindən sonra yorğun düşüb şumlanmış torpaq şırımı
yaxınlığında bir ağac altında uyumuş gördülər. Onlar hökmdar qulluqçuları kimi
davranaraq onun üzərinə çətir çəkdilər, kənarda dayanıb ayılmasını gözlədilər.
Ayılarkən alqışlayıb qarşısında sədaqət andı içdilər. Onu şəhərə (Şamaxıya) gətirib
taxtda oturtdular, o da ölkələr fəth edib öz
təbəələri içərisində ədalətlə hökm edərək, onların ürəklərini ələ aldı,
səxavət göstərdi. 0, güclü mövqe tutaraq ad çıxarıb şöhrət qazandı".
Tezliklə bütün Azərbaycan
Teymurilər ilə Qızıl Orda arasında barışmaz çəkişmələrin meydanına çevrildi.
1386-cı ildə Teymurun yürüşünü qabaqlamaq istəyən Toxtamış xan 90 minlik ordu
ilə Dərbəndi keçərək Şirvan dövlətini
dağıntılara uğratdı, Təbrizə yaxınlaşıb onu mühasirəyə aldı. Səkkiz
günlük mühasirədən sonra Təbriz əhalisindən 250 qızıl tümən bac aldı. Ancaq
andını pozaraq açılmış şəhər qapılarından qoşunla içəri soxuldu, minlərlə adamı
qılıncdan keçirdi. Marağa, Mərənd və Naxçıvanın da aqibəti belə oldu. 200 minə
kimi adam əsir aparıldı. Toxtamışın tələsik ölkədən çıxması Teymurun hərbi fəallığı
ilə bağlıdır. Hələ 1385-ci ildə Cəlayir
qoşunu ilə toqquşub onu əzən Teymur bir il ötdükdən sonra Azərbaycana
dönərək yenidən onları əzdi. Təbriz yeni dağıntıya uğradı. Yenə də bir çox
günahsız adamlar öldürüldü, sənətkarlar, ustalar ailələri ilə birlikdə Səmərqəndin
tikilib bəzədilməsi üçün əsir aparıldı.
Əlincə Qala müdafiəsi
Naxçıvan
yaxınlığında, özü ilə bir ad daşıyan çay üzərindəki sıldırım dağ başında yerləşən
Əlincə qalası alınmaz sayılırdı. Hülakü,
Çobanı və Cəlayir basqınları sayəsində ələ keçirilən saysız xəzinələrin
zaman-zaman Əlincə qalada saxlanılması bununla bağlı idi. Teymuri sərkərdəsi İlyas Xoca 1387-ci ildə Naxçıvanı tutsa da, bu qalanı həmlə ilə
ala bilmədi. Ayrıca bir qoşunla qalanı
mühasirəyə alıb qalan gücü ilə Ermənistan və Gürcüstana yürüdü.
Cəlayirli
Sultan Əhməd Əlincə qalanın müdafiəsinə başçılıq etməyi oğlu Məlik
Tahirə və sərkərdə Əmir Altuna
tapşırmışdı. Çünki Cəlayir sultanlığının xəzinəsini buraya gətirtmişdi.
Qalada yalnız üç yüzə yaxın qorçu var idi. Əlincə qalanın başlıca müdafiəçisi
xalq özü idi. Bu müdafiə getdikcə bütün Azərbaycan üçün bir yenilməzlik rəmzinə
çevrilmədə idi. Hürufi başçısı Fəzlullah Nəiminin burada öldürülməsi xalqın
nifrətini daha da artırmışdı. Teymuri qoşunlarının irəliləməsinə yol verməmək
üçün Əlincənin müdafiəsində hətta gürcü döyüşçüləri də iştirak edirdilər.
1397-1398-ci ilin qışında Şəki hakimi Sidi Əli Orlat gürcü qoşunu ilə
birlikdə qalanın köməyinə gəldi. O biri yandan vəziyyətin kəskinləşməsi ilə
bağlı Teymurun oğlu Miranşah Əlincə qala üzərinə Xorasandan yeni qoşun göndərdi.
Şərəfəddin Əli Yəzdi, Əbdürrəzzaq Səmərqəndi kimi orta çağ müəlliflərinin
yazdığına görə, Əlincə qala qarşısında qanlı döyüşlər oldu. Şəki hakimi Əli savaşda şəhid düşdü. Bununla belə Teymurilər
qoşunu üstünlük qazana bilmədi, ağır itki verib geriyə çəkilməli oldu.
Yalnız o biri ildə onlar müdafiəçiləri yenərək,
qalaya soxula bildilər. Beləliklə, Əlincə qalanın qəhrəman müdafiəsi bəzi
illər ara verməklə 1387-ci ildən 1399-cu ilədək, yəni 12 il davam etmişdir.
Şirvanşah dövləti böyük təhlükə qarşısında
qalmışdı. Belə bir şəraitdə Şirvanşah I İbrahim öz qorxunc düşmənləri ilə
silahlı mübarizəyə girməyi mümkün saymırdı. O, Teymur və Toxtamış arasındakı
barışmaz rəqabətdən istifadə etmək siyasətinə üstünlük verirdi. O,
böyük hədiyyələrlə Teymurun görüşünə gəlmiş, ona sədaqət bildirmişdir.
Bu
zaman Qarabağda olan Teymur Dərbənddən keçib Qıpçaq çölünə, Qızıl Orda üzərinə yürüşə hazırlaşırdı (1386).
Şeyx İbrahim ilk öncə Şamaxıda
Teymurun adına xütbə oxutdu. Onun adına sikkə kəsdirdi, sonra böyük bəxşişlə
hüzuruna gəldi. Moğol xanlarının adəti üzrə bağışlanan hər pay 9 dənə
qul isə səkkiz idi. Səbəbi sorulduqda, "doqquzuncu mən özüməm" söyləmişdi. Bu cavabdan məmnun qalan Teymur, onu
Şirvan hakimi kimi tanıdı, bəzi yeni
torpaqları ixtiyarına verib ayrıca bir fərmanla öz varislərinə Şirvanşahın
övladlarını da qorumağı buyurdu. Teymurun yeddiillik (1399-1405) savaşı zamanı Osmanlı Sultan Bayezid üzərinə Kiçik Asiya yürüşlərində
Şirvanşah İbrahimin iştirak etməsi, söz yox, Azərbaycanın dövlət mənafeyinə uyğun gəlmirdi. Ancaq bu yolla o öz məmləkətini
yağma və dağıntılardan xilas edir,
başqa vassallar kimi Teymurilərə bac verməyərək, öz ölkəsini gerçəkdən idarə edən bir hökmdar durumu
qazanırdı. Bunun sayə-sində Teymur ordusu Şirvan dövlətinə toxunmamış, təsərrüfata
və dinc əhaliyə nisbətən az xəsarət
yetirmişdi. Teymurun vassalı olmaqla Şirvanşah İbrahim onun Toxtamışa qarşı sonrakı yürüşündə fəal iştirak etmişdir.
1395-ci ildə Terek çayı üzərində baş verən bu döyüşdə Teymur ordusu Toxtamış üzərində
qələbə çaldı. Bu həm də Şirvanşah İbrahimin qələbəsi sayıla bilərdi, çünki
bununla Azərbaycanı iki yandan məngənə kimi sıxan qorxunc yağılardan birisi o birinin gücü ilə aradan
götürülmüşdü.
Savaşdan sonra Şirvanşah İbrahimin siyasi çəki və
nüfuzu artdı. Teymur ilə "xüsusi" münasibətlərdən o, Şirvan
dövlətinin güclənməsi üçün ustalıqla istifadə edirdi.
"Arran Qarabağı", yəni bütün düzənlik və Dağlıq Qarabağ tezliklə
Şirvan dövlətinə qatıldı. Şəki əyaləti də bu dövlətə tabe idi. Şəki ha-kimi Sidi Əlinin Teymur qoşunlarına qarşı Əlincə
qalasının mühasirəsində iştirak etməsinə və orada qəhrəmancasına həlak olmasına
baxmayaraq, Şirvanşah İbrahimin təklifi ilə
onun oğlu Sidi Əhməd Şəki əyalətinə hakim qoyuldu.
Beləliklə Şəki əyalətinin Şirvanşah dövlətindən vassal asılılığı güclənmiş oldu. Şirvanşah I İbrahimin vasitəçiliyi
ilə gürcü çarı VII Georgi də Əlincə qalası müdafiəsində azərbaycanlıların tərəfində iştirak etməsinə
baxmayaraq Teymurun vassalı kimi
tanındı. Bu, Gürcüstanda siyasi sabitləşmə üçün çox dəyərli bir iş idi.
Sacilər dövləti ( 879 – 941 )
Azərbaycan
Sacilər dövlətini türk sülaləsi olan Sacilər (879-941) yaratmışdılar. Bu
sülalənin nümayəndələri bir qayda olaraq, Afşin ləqəbi daşıyırdılar.
Sacoğulları kökcə Orta Asiyanın Əşrusən (Usruşana) vilayətinin qədim türk
nəsillərindən idilər. Ərəb ordusunun bir çox məşhur sərkərdələri, о sıradan
Afşin Heydər ibn Kavus bu nəsildən çıxmışdılar. Azərbaycan Sacilər dövlətinin
meydana gəlməsi real etnik-siyasi zəminə əsaslanırdı. Kiçik Asiyanın gündoğar
bölgələri, İran və Güney Qafqaz Xilafətin əlinə keçdikdən sonra bu yerlərdə
islam dinini qəbul etmiş türk tayfalarının mövqeyi daha da möhkəmləndi.
Xilafətlə Bizans arasında uzun sürən müharibələr, ərəb xəlifələri Mehdi
(775-785), Harun ər-Rəşid (786-809), Məmun (813-833), Mötəsim (833-842),
xüsusilə, Mütəvəkkilin (847-861) hakimiyyəti illərində Xilafət-Bizans
sərhədlərini möhkəmləndirmək məqsədilə Orta Asiyadan Azərbaycana və Şərqi
Anadoluya yeni türk tayfaları köçürüldü. Türk alpları Xilafət ordusunda mühüm
qüvvəyə çevrildi. Ərəb xilafətinin zəifləməsi nəticəsində fəallaşan Bizans
imperiyası və onunla əlbir hərəkət edərək Azərbaycan torpaqlarını ələ keçirməyə
çalışan erməni və gürcü hakimlərindən ibarət vahid xristian blokuna qarşı
mübarizədə islam-türk birliyi, о cümlədən Azərbaycan türkləri mühüm rol oynadı.[5]
Sacilər sülaləsinin banisi Əbu Sac
Divdad da Xilafət qoşunlarında xidmət edən məşhur türk sərkərdələrindən biri
idi. O, dəfələrlə ərəb qoşunlarının hərbi əməliyyatlarına başçılıq etmiş,
Xilafətdə bir sıra mühüm vəzifələr tutmuşdu. Dövlət qarşısındakı xidmətlərinə
görə Xilafətin böyük və ən zəngin əyalətlərindən biri olan Azərbaycan iqta
olaraq Sacilərə verilmişdi. Azərbaycanı müstəqil idarə edən Sacilər Xilafət
xəzinəsinə ildə 120 min dinar bac göndərirdilər. Əbu Sac Divdadın oğulları
Məhəmməd ibn Əbu Sac və Yusuf ibn Əbu Sac da Xilafətin görkəmli
sərkərdələrindən idilər.Sacoğullarının hakimiyyəti dövründə (879-941)
Azərbaycanın Güney bölgələri müstəqil dövlətə çevrildi. Xilafətin tabeliyindən
çıxmış Sacilərin öz pulları vardı. IX əsrin sonlarında (898, 900) Məhəmməd ibn
Əbu Sacın adından pul kəsilməsinə başlanmışdı.
Məhəmməd ibn Əbu Sacın ölümündən sonra
onun qardaşı Yusuf ibn Əbu Sacın dövründə Sacilər dövləti daha da qüvvətləndi.
912-ci ildən etibarən Xilafət xəzinəsinə ilbəil bac göndərilməsi tamamilə
dayandırıldı. Yusuf ibn Əbu Sac erməni və gürcü hakimlərinin qoşunlarını ağır
məğlubiyyətə uğratdı. Ermənistan ərazisini, Tiflis və Kaxeti ələ keçirdi.
Azərbaycan torpaqları hesabına genişlənməyə çalışan erməni və gürcü hakimləri
özləri Azərbaycan Sacilər dövlətindən asılı vəziyyətə düşdülər.
Sacoğulları Şirvanşahlar dövlətini də
özlərinə tabe etdilər. Beləliklə, Azərbaycan Sacilər dövləti X əsrin əvvəlləri
üçün Zəncandan Dərbəndə qədər bütün Azərbaycan torpaqlarını əhatə edirdi.
Sacilər dövlətinin şərq sərhədləri Xəzər dənizi sahillərindən başlanır, qərb
sərhədləri Ani və Dəbil (Dvin) şəhərlərinə qədər uzanıb gedirdi. Yusuf ibn Əbu
Sac dövlətin şimal sərhədlərini möhkəmləndirmək üçün Dərbənd səddini təmir
etdirdi: səddin dənizin içərisində olan, uçub dağılmış hissəsini yenidən qurdurdu. Yusuf ibn Əbu
Sacın adından Bərdə, Marağa və Ərdəbildə pullar kəsilməsi о zaman Azərbaycanın
müstəqil bir dövlət kimi Abbasilər xilafətindən asılı olmadığını göstərir.
Azərbaycan Sacilər dövlətinin paytaxtı əvvəl Marağa, sonra isə Ərdəbil şəhəri
idi.
IX əsrin 80-ci illərindən X əsrin 40-cı
illərinədək, yəni yarım əsrdən çox bir tarixi dövr ərzində bütün Azərbaycan
torpaqlarının Azərbaycan türk dövlətinin - Sacilər dövlətinin tərkibində olması
bütün ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsinə
Azərbaycan türk xalqının etnik özülünün güclənməsinə müsbət təsir göstərdi.
Mərzban İbn Məhəmməd 941-ci ildə sonuncu
Saci hökmdarı Deysəmi taxtdan saldı və Salarilər dövlətini yaratdı.
Sacilər
dövlətinin süqutu
Sacilər
dövləti Deysəmin dövründə sürətlə zəifləməyə
başladı. Bundan istifadə edən Sacilərin Deyləm vilayətinin hakimi Mərzban ibn Məhəmməd
941 – ci ildə dövlətə qarşı qiyam qaldırdı. Qiyam nəticəsində sacilər dövləti
süqut etdi.
Sacilər
dövlətinin yaranmasının tarixi əhəmiyyəti
ü
Bütün
azərbaycan torpaqları vahid şəkildə birləşdirildi;
ü
Azərbaycan
əyalətləri arasında iqtisadi və mədəni əlaqələr gücləndi;
ü
Azərbaycan
türk xalqının formalaşması prosesi gücləndi;
ü
Azərbaycan
ərazisində etnik fərqlər qradan qalxmağa başladı.
Salarilər dövləti
( 941 – 981 )
Yaxın və
Orta Şərqdə yaranmış siyasi hərcmərclik şəraıtındə Sacilər dövləti də uzun zaman davam gətirə bilmədi. Azərbaycanda
çəkişmələrdən istifadə edən Deyləm (Gilan) hakimi Mərzban ibn Məhəmməd axırıncı
Saci hökmdarı Deysəmə (Sacilər dövlətində hakimiyyəti ələ keçirən qulam) 941-ci
ildə qalib gəlib ölkənin paytaxtı Ərdəbili ələ keçirdi. Mərzban ibn Məhəmməd
(941-957) Salarilər (941-981) sülaləsindən olduğu üçün bu dövlət Azərbaycän
tarixində Salarilər dövləti kimi tanınır. Salarilər dövlətinin də paytaxtı
Ərdəbil şəhəri idi.Salarilər, çox keçmədən, Azərbaycanın şimal-qərb
torpaqlarını və Şirvanşahlar dövlətini də özlərindən asılı hala saldılar,
Dərbəndi ələ keçirdilər. Bundan başqa Mərzban ibn Məhəmməd Ermənistan ərazisini
də öz dövlətinə qatdı, Şərqi Gürcüstanı tabe etdi.
Beləliklə, Salarilər dövləti quzeydə Dərbənd
keçidindən başlayaraq, güneydə Dəclə və Fərat çaylarının yuxarılarına qədər,
şərqdə Gilan da daxil olmaqla Xəzər sahillərindən, qərbdə Ermənistan və Şərqi
Gürcüstan da daxil olmaqla geniş əraziləri əhatə edən bir dövlətə çevrildi.
Bununla, sacilərdən sonra Salarilər
sülaləsinin hakimiyyəti illərində yenidən bütün Azərbaycan torpaqları vahid dövlət
daxilində birləşdi. Bu da obyektiv olaraq, bütün ölkə miqyasında iqtisadi
əlaqələrin inkişafına, sənətkarlıq və ticarətin tərəqqisinə, xarici ticarət
əlaqələrinin genişlənməsinə müsbət təsir göstərdi. Salarilərin hakimiyyəti
illərində Xəzər dənizində Azərbaycanın ticarət gəmiləri üzməyə başladı. Azərbaycanın
bütün Yaxın və Orta Şərqdə iqtisadi və hərbi-siyasi rolu daha da artdı.
Müxtəlif etnik boyların Azərbaycan xalqı ilə qaynayıb-qarışması sürətləndi.
Bununla belə, Mərzban ibn Mə-həmmədin ölümündən sonra (957) onun oğulları ilə
qardaşı Vəhsudan arasında hakimiyyət üstündə gedən ara savaşları mərkəzi
hakimiyyətin zəifləməsinə səbəb oldu. Xəzərsahili Azərbaycan vilayətlərinin
tez-tez rusların basqınlarına məruz qalması, 944-cü ildə Bərdənin qarət olunması
və şəhər əhalisinə dəhşətli divan tutulması Salarilər dövlətinin süqutunu daha
da sürətləndirdi.
Şəddadilər dövləti (971
– 1054 )
X
əsrin 70-ci illərində Azərbaycanın quzeyində Şəddadilər dovləti meydana gəldi.
Şəddadilər, əvvəllər Salarilər dövlətinin tərkibində olan Dəbil (Dvin) yörələrində
yaşayırdılar. Salarilər dövlətinin zəifləməsindən istifadə edən Məhəmməd ibn Şəddad
951-ci ildə Dəbili ələ keçirlb müstəqil Dəbil (Dvin) əmirliyini yaratmışdı. Soykökünə görə kürd olan Мəhəmməd ibn Şəddad və onun
varislərinin idarə etdiyi bu Azərbaycan əmirliyi tarixdə Şəddadllər dövləti adı
ilə tanınır. Sonralar Şəddadilər Salarilər dövlətinin zəifləməsindən
istifadə edib 971-ci ildə Gəncəni ələ keçirdilər və Azərbaycan Şəddadilər dövlətinin
əsasını qoydular. Çox keçmədən Şəddadilər Gəncə ətrafında olan Bərdə, Şəmkir və
b. torqlarda möhkəmləndilər. Ermənistanın şərq hissəsini ələ keçirdilər.
Fəzl ibn Məhəmmədin (985-1030) hakimiyyəti dövründə Şəddadilər
dövləti qüvvətləndi.O , Gəncə ətrafındakı bütün xırda mülkləri aradan qaldırıb mərkəzi
hakimiyyəti gücləndirdi, Şəddadilərin ata-baba mülkləri olan Dəbili də öz
dövlətinə birləşdirdi. Erməni hakimi Şəddadilər dövlətinə bac verməyə məcbur oldu. Bundan başqa Fəzl ibn Məhəmməd gürcülər və
xəzərlərə qarşı uğurlu savaş apardı. Onun hakimlyyəti illərində hərbi məqsədlə Araz
çayı üzərində salınan Xudafərin körpüsü (1027) Azərbaycanın quzey və Güney bölgələri
arasında iqtisadi və mədəni əlaqələrin genişlənməsində mühüm rol oynadı. Fəzl ibn Məhəmmədin hakimiyyəti illərində
Şəddadilərlə Şirvanşahlar arasında da sıx əlaqə yaranmışdı.Hər iki
sülalə arasında qohumluq münasibətləri vardı. Şəddadilər digər Azərbaycan hakimləri ilə Güneydə
hökmdarlıq edən Rəvvadilərlə və Tiflis əmiri Əbülfəzl Cəfər ibn Əli ilə də
dostluq münasibətləri saxlayırdılar. XI əsrin 30-cu illərində Arazdan
quzeydəki Azərbaycan torpaqlarında yeni-yeni Oğuz boylarının məskən salması
Şəddadilərin hərbi qüdrətini daha da artırdı.Dəbili ələ
keçirməyə çalışan Bizans-erməni qoşunlarına ağır zərbə vuruldu (1037). Bizans
və Gürcüstanın birləşmiş qüvvələrinin Tiflis müsəlman əmirliyini aradan
qaldırmaq cəhdi də baş tutmadı (1038). Bütün bu qovğalarda oğuz döyüşçüləri
fəal iştirak etdilər.
Şəddadilər dövləti Əbu-I-Əsvar Şavurun (1049-1067)
dövründə Gürcüstanla və onun müttəfiqi olan Şirvanşahlar dövləti ilə
müharibələr apardı. Şəddadilər
dövlətinin qüvvətlənməsindən qorxuya düşən və bu zaman Cəfərilər
sülaləsinin idarə etdiyi Tiflis əmirliyini tutmağa çalışan gürcü çarı IV Baqrat
alanlarla ittifaq bağladı, 1062-ci ildə alanların Dəryal keçidini aşıb
Gürcüstan vasitəsilə Azərbaycana hücum etməsinə şərait yaratdı. Bu zaman Şavur Gəncənin yadellilərə qarşı
müdafiəsini möhkəmləndirdi. Bu məqsədlə onun ətrafına hasar və xəndəklər
çəkdirdi, şəhərə möhkəm qala qapıları düzəltdirdi (1063). Şəddadilər bu zaman Dəbili əldən verməmək, habelə
onlardan asılı olan Ani əmirliyini müdafiə etmək üçün ermənilərə və onlara
kömək edən Bizans
imperiyasına qarşı da uğurla mübarizə
apardılar. Kiçik Asiyanın şərqində Bizansa qarşı vuruşan Şəddadi qoşunlarının
vurucu qüvvəsi oğuz türkləri idi. Bu mübarizədə Şəddadilərin daha qüdrətli
müttəfiqi sonralar Səlcuq türkləri oldu.
Rəvvadilər dövləti
( 981 – 1054 )
Salarilər
hakimiyyətinin zəiflədiyi dövrdə qüvvətlənən Təbriz, Marağa və Əhər hakimi
Əbülhica 981-ci ildə axırıncı salari hökmdarı İbrahim ibn Mərzbanı (962-981)
taxtdan salıb Rəvvadilər dövlətinin əsasını qoydu.Bu sülalənin soykökü qədim ərəb
nəsillərindən birinə bağlanırdı. Xilafət işğalları zamanı Azərbaycanın Güney
bölgələrinə də çoxlu ərəb köçürülmüşdü. Ərdəbil, Təbriz, Marağa, Qaradağ və Əhər
bölgələrində müxtəlif ərəb nəsilləri yurd saimışdılar. Onlardan biri də əzdilər
nəsli idi. Bu nəslin banisi əslən Yəmənli olan ər-Rəvvad əl-Əzdi idi. Azərbaycanda
məskən salmış başqa ərəb nəsilləri kimi rəvvadilər də yerli əhali ilə
qaynayıb-qarışmışdılar. Hələ VIII yüzilin sonlarında yarımmüstəqil dövlətə
çevrilmiş Rəvvadi əmirliyi zaman-zaman tamamilə müstəqilləşir, az qala Azərbaycanın
bütün Güney torpaqlarını öz nəzarəti altında saxlayırdı. Salariləri məğlubiyyətə
uğratdıqdan sonra Rəvvadilər Azərbaycanın Güney torqaqlarını qəti olaraq öz
hakimiyyətləri altında birləşdirdilər. Bundan başqa Rəvvadilər Muğan hakimi Sipəhbudu
məğlub edib özlərindən asılı vəziyyətə saldılar. Rəvadilərin hakimiyyəti dövründə Azərbaycanda Oğuz türklərinin mövqeyi daha da möhkəmləndi.
1028-ci ildə Mahmud Qəznəvinin Xorasan oğuzlarına vurduğu ağır zərbədən sonra təqribən
2000 oğuz ailəsi Azərbaycana köçdü və rəvvadi hökmdarı Vəhsudanın (1020-1059)
icazəsi ilə burada məskən saldı. Onlar öz soydaşları olan Azərbaycan türklərinə
qovuşdular. Bundan çox keçməmiş oğuz boylarının Azərbaycana yeni-yeni axınları
baş verdi. Azərbaycan türklərinin mövqeyi qüvvətləndi. Rəvvadilər ölkənin paytaxtını Ərdəbildən
Təbrizə köçürdülər. Bu , mütərəqqi bir
addım idi.Təbriz bütün Azərbaycan torpaqlarının iqtisadi, siyasi və mədəni
baxımdan birləşdirilməsi üçün çox əlverişli mövqedə yerləşmişdi. Müxtəlif Şərq
ölkələrini Aralıq dənizi və Qara dəniz sahilləri ilə, həmçinin Dərbənd keçidi
vasitəsi ilə Volqaboyu və Şərqi Avropa ilə birləşdirən beynəlxalq karvan
yollarının qovşağında yerləşən Təbriz Rəvvadilərin hakimiyyəti illərində
böyüyüb abadlaşdı.
IX-XI
əsrlərdə Azərbaycanda meydana gələn feodal dövlətlərdən ŞirvanşahMəzyədilər ,
Sacilər ,Salarilər ,Şəddadilər və Rəvvadiləri yaradan sülalələr mənşəcə müxtəlif olsalar da, onların təşkil etdiyi dövlətlər
Azərbaycan ərazisini əhatə edirdi. Bunlardan Sacilər və Salarilər ara müharibələri
və daxili mübarizə nəticəsində,Rəvvadilər və Şəddadilər isə səlcuqların hücum və
təzyiqləri nəticəsində fəaliyyətlərini dayandirmağa məcbur oldular .
IX-XI əsrlərdə isə gərgin mübarizə şəraitində Azərbaycanda
müstəqil feodal dövlətlərin yaranması müstəsna əhəmiyyəti olan hadisə idi.Həmin
dövlətləri yaradan sülalələrin mənşəyindən və mənsubiyyətindən asılı olmayaraq
bu dövlətlər Azərbaycan torpağında milli zəmində təşəkkül tapırdılar.Onlar
xilafətə tabe olmaqdan imtina etməklə öz istiqlaliyyət bayraqlarını
qaldırırdılar.Bu dövətlərin mövcud olduğu on illər ərzində yaranmış qismən əmin-amanlıq
zəminində təsərrüfatın bütün sahələri dirçəlir,əhali artır və məhsuldar qüvvələr
inkişaf edirdi.
Ədəbiyyat
1. Azərbaycan
tarixi.Uzaq keçmişdən 1870-ci ilə qədər.Red.Süleyman Əliyarlı.Baki 1996
2. Z.Bünyadov
"Azərbaycan Tarixi" Baki, 2005, səh 297
3. Azərbaycan
tarixi (III-XIII əsrin I rübü) Yeddi cilddə II cild.Bakı-Elm-2007
4. Ziya
Bünyadov. Azərbaycan VII-IX əsrlərdə.Bakı, "Şərq-Qərb", 2007