07.10.2014

Qobustana virtual səyahət.

                                                 Daxil ol.


Qobustan tarixin daş səhifələri

Qobustan Milli Tarixi-Bədii Qoruğu zəngin qayaüstü təsvirlərə malik olmaqla dünyanın çox az bu tipli abidələri sırasında xüsusi yer tutur. Qeyd edək ki, Qobustan qoruğu beş dağdan- Böyükdaş, Kiçikdaş, Cingirdağ, Şanqardağ, Şıxqayadan ibarətdir. Dağlarda mövcud olan daş dövrünə və sonrakı vaxtlara aid 20 mağara - yaşayış yeri, 40 kurqan, 6000-dən artıq qayaüstü təsvirlər keçmişimizin şahidləridir. 
Ərazidə tapılan insanın ilk əmək alətləri - çaxmaq daşı, vulkan şüşəsi, müxtəlif daş alətlər qoruğun qədim insan məskəni olduğunu sübut etməklə həm də onun arxeoloji landşaftıdır. Elmi məlumatlara görə, Qobustan qayalarında 4000-dən çox petroqlif, yəni daş üzərində rəsm var. Bu rəsmlərdə heyvan və balıq ovu, məişət səhnələri, kollektiv rəqslər, müxtəlif, o cümlədən Günəşi əks etdirən rəmzlər, bürclər, digər fəza cisimləri diqqəti cəlb edir. Qayaüstü rəsmlərdəki kişi və qadın təsvirləri də elmi cəhətdən maraq doğurur. Qobustandakı bəzi qaya parçaları öz keyfiyyətinə görə adi daşlardan çox fərqlənir. Məsələn, burada elə daşlar var ki, üzərinə zərblə vurduqda, əsl qaval səsi çıxarır. «Qavaldaş» adlı qaya parçasına bu adı elə ona görə veriblər.